BÜTÖV AZƏRBAYCAN OCAQLARI
CƏNUBİ AZƏRBAYCANDA ERMƏNİ XƏYANƏTİ

11:12 / 22-08-2015   /   baxış - 1605

Dünyaya özlərini məzlum, zərərçəkən xalq kimi tanıdan ermənilər XX əsrdə qonşu xalqlara qarşı ən böyük cinayətlər törətməklə yadda qaldılar. Onlar qonaq kimi gəlib sığındıqları ərazilərin aborigen xalqlarına qarşı qiyam etməklə günahsız qanlar tökür, ərazi iddialarında özünə dini, missioner tərəfdarlar toplayıb yerli azərbaycanlıların başına olmazın müsibətlər gətirirdilər. Bu, təkcə Şimali Azərbaycanda deyil, Cənubi Azərbaycanda da paralel aksiyalarla müşayiət olunur, regiondakı xristian assurların dağıdıcı qüvvələri bu məkrli oyuna cəlb olunurdu. Şimalda rus provaslav köməyinə arxalanan ermənilər cənubda fars şovinizminə, eləcə də qeyri-türk xristianların birliyinə güvənib dinc azərbaycanlıların soyqırımını təşkil edir, bu zaman qocalara, qadınlara və uşaqlara belə aman vermirdilər. Təəssüflər olsun ki, Şimalda bolşevik-daşnak ittifaqı hakimiyyətə gəlib tökülən bütün qanları özündən əvvəlki quruluşun ayağına yazdığı kimi, İran ərazisində də cənublu, soydaşlarımızın soyqırımı fars şovinizminin antitürk siyasəti nəticəsində zaman-zaman lokallaşdırılıb unutdurulurdu. Nə yaxşı ki, o günlərin canlı şahidləri olan bir çox qələm adamları hadisələrin salnaməsini yaradıb bugünümüzə yaddaş qoya bildilər. Tarixdə analoqu olmayan erməni vəhşilikləri nəticəsində qətlə yetirilmiş minlərlə soydaşımızın faciəli taleyi bu mənbələrdə bizə gəlib çatmış, öz istiqlalı uğrunda daim mübarizə aparan xalqımıza qarşı xəyanət baltası çalan ermənilərin siyasət maskasını yırtan tutarlı ittihama çevrilmişdir. O faciəli günlərin canlı şahidlərindən olan Əli Dehqaninin farsca yazdığı “Zərdüşt peyğəmbərin yurdu Urmiya” əsəri azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımının acı nəticələrindən bəhs edir.

Bu faciəli mövzuya Məhəmməd Taməddünin fars dilində yazdığı “Urmiya tarixi” əsərində də geniş yer ayrılır.
Daha bir farsdilli mənbə - Kaviyanpurun “Urmiya tarixi” bu qanlı hadisələri başqa yöndə diqqətə çatdırır (Böyük Rəsuloğlu, Azərbaycan yolunda (məqalələr toplusu), “Urmudan Şamaxıya mart qırğınları”, “Qartal” nəşriyyatı, Bakı, 2001). Fars şovinizminin qatı təbliğatçısı kimi tanınan Seyid Əhməd Kəsrəvi “On səkkiz illik Azərbaycan tarixi” əsərində xalqımıza qarşı aparılmış bu genosid siyasətindən yan ötə bilməmişdir (Seyid Əhməd Kəsrəvi. Tarixi 18 salaye Azərbaycan, “Əmir Kəbir” nəşriyyatı, Tehran, 1969).
Tarixi həqiqətlərdən xəbərdar olan Ə.Kəsrəvinin şovinist xisləti alim, tarixçi məntiqini burada da üstələmiş, Azərbaycan toponimlərini saxtalaşdırmaq cəhdləri ilə elmi həqiqətdən uzaq fərziyyələr irəli sürməyə çalışmışdır. Əslində, Azərbaycan toponimlərini saxtalaşdırmaq məqsədi ilə yazdığı əsərdə onun faciələrdən yan ötə bilməməsi soyqırımın miqyasından, faciənin böyüklüyündən xəbər verir.
1917-1918-ci illərdə Güney Azərbaycanın qərb vilayətlərində baş verən bu qanlı faciələrin kökü xeyli əvvəllərin hərbi planlaşdırılmasına söykənir: “1834-cü ildən başlayaraq buraya missionerlər gəlməyə başlayırlar. Onlar əvvəlcə məktəblər, xəstəxanalar, xeyriyyə cəmiyyətləri tikib təsis etməklə bir növ xalqı aldadırlar. Əslində, onlar 90 il müddətində bölgəni xristianlaşdırmaq, xristian qoşunu vasitəsilə buradakı müsəlman xalqını qırıb xristian dövləti yaratmağı qarşıya məqsəd qoymuşdular. İş o yerə çatdı ki, onlar dini missioner erməni-xristian qoşunu yaratmaq məqsədi ilə pul toplayıb göndərmişdilər”. (“Nəvid Azərbaycan” qəzeti, Urmiya, 2000, N 139).
Məşrutə hərəkatı dövründə ruslar bu qanlı aksiyaları susdurmaq istəyəndə ermənilər xristian birliyi amilindən məharətlə istifadə edirlər. Şahidlərin dediyinə görə, Urmiya və Təbriz ətrafına hərəkət edən rus qoşunları bu vaxt qəribə mənzərə ilə rastlaşırlar. Erməni və assuriyalılar bayram libası geyinib arvad-uşaqları ilə rus qoşunlarının pişvazına çıxır, onlara həmrəyliklərini bildirib canfəşanlıq göstərirlər. Azərbaycan ərazisində yerləşən rus qoşunlarına hər cür qulluq göstərən ermənilər tezliklə xaç qardaşlarının rəğbətini qazandılar, yeni qanlı aksiyalarda rusların da hərbi gücündən istifadə etməyə başladılar. Bu vaxtlar Osmanlı ərazisi sayılan Van gölü ətrafında assuriyalılar Türkiyə kürdlərinə məğlub olub Cənubi Azərbaycan ərazilərinə sığındılar. Yerli camaatın cilə adlandırdığı 25 min assuriyalı rusların xristian təəssübkeşliyi ilə Azərbaycan ərazilərində yerləşdirilir. Sonrakı qanlı faciələrə geniş şərait yaradan bu fakt ermənilərin də əl-qolunu açır, azəri türklərinin amansızcasına soyqırımını sürətləndirir. Xristianların patriarxı Bünyamin Marşimon ac və aqressiv soydaşlarını Salmas, Urmiya ərazilərində yerləşdirir, erməni havadarlarının göndərdiyi pullar hesabına qədim Azərbaycan torpaqlarında məskunlaşma sürətlənir... Onlar bir çox hallarda yerli əhalinin mal-mülkünü zorla əlindən alır, müqavimət göstərənləri isə qətlə yetirirlər. İlk günlər bu işə kənardan yardım edən ermənilər tezliklə fəal mövqeyə çıxır, köməksiz azərbaycanlıları açıq-aşkar məhv edirlər. İş o yerə çatır ki, İran hökuməti Tehranda çıxan qəzetlərdə öz gücsüzlüyünü etiraf edir. Tezliklə erməni və assuriyalı xristianların hərbi himayədarına çevrilən ruslar həm silah-sursatla, həm də canlı qüvvə ilə antiazərbaycan “ittifaqına” yardım edir, yerli camaatın talan və qətlində ermənilərin mənafeyini qoruyur. Təpədən-dırnağa silahlanmış erməni və assuriyalılar bölgədə azərbaycanlıların fəaliyyətini məhdudlaşdırır, yollarda pusqular qurub quldurluq edir, kəndlərə, obalara basqınlarla qətl və qarətləri gündəlik vərdişə çevirirlər.
Bu qanlı qırğınların təşkilatçısı və iştirakçıları haqqında mənbələrdəki məlumatlar məkrli düşmənin siyasətinin tarixi köklərindən xəbər verir. Seyid Əhməd Kəsrəvi yazır: “12 min cilə (assuriyalı) ailəsi başçıları Marşimonla Osmanlı ərazilərindən gəldilər. 20 min erməni və assuriyalı ailəsi isə Urmi, Salmas, Sulduz ətrafından onlara qoşuldu. üstəlik 5-6 min erməni İrəvan, Van və Naxçıvandan gəlib bunlara birləşdilər. Bunların 20 mini yaxşı döyüşən döyüşçü idi. 800 rus əsgəri isə Rusiyaya getməyib qaldı, 72 fransız sərkərdəsi ilə xristianlara yol göstərdilər. Erməni və assuriyalılardan təşkil olunmuş xristian qoşununun 25 ədəd topu da var idi”.
Böyük canlı qüvvə və hərbi sursat toplamış erməni-assur birləşməsi tezliklə Urmiya şəhəri ətrafında səngər qurub mövqe tutur, şəhər camaatını yersiz yoxlamalarla soyub talan edirdilər. Şəhər rəhbərlərinin və ağsaqqallarının çoxsaylı müraciətlərinə məhəl qoymayan ermənilər gündüz barışığa vəd versələr də, gecələr bu vədi pozaraq qanlı cinayətlər törədir, şəhərin ayrı-ayrı məhəllələrini yandırıb yaxırdılar. Bu açıq hərbi müdaxilələr, sadəcə, tüfənglə deyil, topların dağıdıcı atəşləri ilə müşayiət olunur, yerli əhali arasında böyük tələfata səbəb olurdu. Artıq heç bir yandan kömək görməyən azərbaycanlılar sadə odlu silahlarla müdafiəyə qalxırlar. Xüsusən erməni-assur mövqelərinə yaxın yerləşən Yurdşah, Əskərxan, Məhdəlqədər məhəllələrində yaşayanlar arvad-uşaqları başqa yerə köçürüb döyüşə atılmağı qərara alırlar. Ə.Kəsrəvi bu döyüşü belə təsvir edir: “Müharibə səhər tezdən başlandı. Ermənilər Dialə və Cuhud dağlarından şəhəri top atəşinə tutdular. Əhali xristianların topunun da olduğunu görüb qorxuya düşdü. Hər tərəfdən şəhərə yürüş etdilər, Əskərxan, Məhdəlqədər, Yurdşah və Seyid Hüseyn bağı küçəsi yürüşə məruz qaldı. Evlər talanıb yandırıldı. Həmin gün axşam Qaradağlı silahlıları heç bir iş görmədən Urmiya, Salmas yolu ilə qaçdılar”.
Şəhər küçələrinə soxulan erməni qoşunu dinc əhaliyə divan tutur, talan və dağıntıları davam etdirirdilər. Dini missionerlərin başçısı Mister Şed döyüşləri şəhər tam təslim edilənə qədər davam etdirməyi məsləhət görür. Azərbaycanlıların soyqırımını gözləri ilə görmüş Motemed-Əlvözəra öz qeydlərində belə məlumat verir: “Səhərə kimi atışma kəsilmədi. Səhər hökumət mərkəzinə gəldim. Raportlardan məlum oldu ki, gecə dəhşətli faciələr baş verib. Ciləlar və ermənilər hücum edib təxminən 500 evi odlayıblar, azərbaycanlı əhalini qətlə yetiriblər. Lakin qırğın səhəri gün də davam etdi. Həmin gün qırğında 10 minə yaxın günahsız azərbaycanlı qadın və uşaq qətlə yetirildi. Səhər tezdən başlanan qətl-qarət nahardan sonra Mister Şedin dayanmaq əmrinə məhəl qoymadan davam etdirildi. Xristianlar istədikləri azərbaycanlıları öldürürdülər”.
Həmin günlərin qanlı xronikasını əks etdirən salnamə kimi Əli Dehqaninin “Zərdüşt peyğəmbərin yurdu Urmiya” əsərində axır çərşənbə günü azərbaycanlıların başına gətirilən müsibətlər haqqında oxuyuruq: “Amerikanın Urmiyadakı konsulu Mister Şedin hiyləsi ilə tərk-silah olunmuş azərbaycanlılarla müzakirədən sonra urmiyalılar aldandıqlarını başa düşdülər...”.
Əli Dehqani daha sonra yazır: “Bu gün Günəş ili 1226-cı il, İsfənd ayının 26-cı - Axır çərşənbə (17 mart, 1918) Urmiya şəhərində erməni daşnakları və ciləların 10 min nəfərə yaxın azərbaycanlını qırdığının şahidiyəm”.
Azərbaycanlılara qarşı soyqırımı təşkil edən ermənilər təkcə assurlardan deyil, yerli kürdlərin hərbi gücündən də istifadə etmək məqsədi ilə gizli danışıqlar aparırdılar. Bu işdə hiylə işlədib assur başçısı Marşimonu irəli verən ermənilər onun kürd lideri Simetko ilə görüşünü təşkil edirlər. Görüş zamanı sözləri çəp gəldiyindən Simetko Marşimonu vurub öldürür və ermənilərin bu məkrli təklifinə qarşı çıxır. Marşimonun ölümündən sonra hərbi hakimiyyətə erməni Aqa Petros başçılıq edir. Petrosun hücum əmrlərini yerinə yetirən qoşun Urmiyadan sonra Salmas, Deyləcan, Xoy şəhərlərinə, eləcə də yolüstü kəndlərə, qəsəbələrə basqınlar edir, dinc azərbaycanlıları qətlə yetirirdilər. Ə.Kəsrəvi yazır ki, Aqa Petrosun başçılığı ilə keçirilən bu qanlı aksiyalar zamanı Salmasda bircə abad kənd belə qalmadı. Çarəsiz qalan xalq öldürülür, imkanı olan qaçıb gedirdi. O gün olmurdu ki, Urmiyada adam qətlə yetirilməsin...
Cənubi Azərbaycanda ermənilərin törətdiyi qanlı faciələrin az bir qismi haqqında məlumatlar verən bu yazıları ürək ağrısız oxumaq mümkün deyil. Düşdükləri yerdə gözəl təşkilatlanmağı və gizli silahlanmağı, hiylə və məkrlərinə tərəfdar tapıb qanlı qırğınlar törətməyi bacaran ermənilərin zavallı xalqımıza qarşı belə qatı düşmənçiliyinin səbəbini axtarıb tapmaq mümkün deyil. Tarixdə erməni xisləti kimi tanınan bu xəyanət və vəhşilik bəşəriyyətə qarşı təhlükə kimi hər bir düşüncəli insanı daim narahat etməlidir.
İranın “Nəvid Azərbaycan” qəzeti 2000-ci il 139-cu sayında Osmanlı ordusunun bu qırğının qarşısını almaq üçün Cənubi Azərbaycana gəldiyini yazır: “Urmu, Salmas, Xoy şəhərləri və bu şəhərlər arasında olan kəndlərdə Azərbaycan türklərinin soyqırımı və talanının davam etdiyi bir vaxt Osmanlı ordusu onların yardımına gəlir və azərbaycanlıları bəlkə də yox olmaq təhlükəsindən qurtarır. Osmanlı ordusu 1918-ci ilin iyun ayında Xoy şəhərinə çatır. Ordu oradan Salmasa doğru hərəkət edib erməni-assur birləşmələrinə həmlə edir. Petros bu döyüşə Urmiyadan topxana da gətirmişdi. Bir neçə günlük müharibədən sonra erməni ordusu dağıdıldı, onlar ailələrini, mal-qaralarını götürüb qaçmağa başladılar”.
Yaralı ilan xislətini yaşadan ermənilər geri çəkilərkən də Azərbaycan kəndlərini odlara qalayır, dinc insanları qətlə yetirməyi qənimət bilirdilər. Belə ki, geri çəkilən ermənilər Urmiyada yenidən dinc əhaliyə hücum etdilər. Onlar bir tərəfdən Osmanlı qoşununa müqavimət göstərir, bir yandan da məğlubiyyətin acığını dinc urmiyalılardan çıxırdılar.
Seyid Əhməd Kəsrəvi Xoy barədə ermənilərin məqsədlərini açıqlayır: “Həmin il “böyük Ermənistan” yaratmaq fikrində olan daşnak partiyasının başçısı Andronik Xoy şəhərini ələ keçirmək və erməni-assur qoşununa birləşmək üçün 8000 nəfərlik hərbi qüvvə ilə (onların 10.000 nəfərlik ailəsi ilə) Culfa yolundan Xoy şəhərinə tərəf hərəkət etdi. Ermənilər belə qərara gəlmişdilər ki, Xoy şəhərini tutub, onun əhalisini qırandan sonra on min erməni ailəsini burada məskunlaşdırmaqla Azərbaycanın bu hissəsini Ermənistana birləşdirsinlər”.
Erməni məkrindən xəbərsiz olan Xoy sakinləri yaxınlaşan təhlükə haqqında Osmanlı sərkərdələrinin xəbərdarlığına çox da inanmırdılar və ilk erməni həmlələri zamanı böyük itkilər vermiş olurdular. Xoy yaxınlığında hərbi güclər arasındakı qeyri-bərabərlik özünü göstərdi.
“Müsəlmanlar az olduqları üçün məğlub olub Xoya qaçdılar. Əhali bunu görən kimi məscidlərə toplaşıb, müharibə komissiyası təyin etdi. Onlar darvazaları bağlayıb, hazırlıq gördülər. Səhəri gün ermənilər şəhərin 300 metrliyinə çatdılar. Onlar şəhəri top atəşinə tutdular. Müharibədə hətta Xoy qadınları da iştirak edirdilər. Müharibənin sonlarında Osmanlı ordusu özünü Salmas tərəfdən Xoya çatdırdı. Bunu eşidən Xoy əhalisi sevinərək müqaviməti gücləndirdi. Nəhayət, Osmanlı qoşunu yetişərək topları dağ başında qurdu, erməni ordusunu atəşə tutdu. Ermənilər qalib olmağa ümidlərini itirib gəldikləri yolla geri dönüb qaçdılar”.
Lakin bu məğlubiyyət də azərbaycanlıların soyqırımına nəhayət vermədi. Ermənilər yeni planlar cızır, müdafiə həlqəsi zəif olan şəhərlərə lokal hücumlar edib yeni faciələr törədirdilər. Ermənilər öz məkrli planlarında rusların Urmiya gölündəki hərbi gəmisindən istifadəni də nəzərdə tuturdular. O gəmi 180 nəfərlik erməni-assur hərbçisinin əlində idi. Məqsəd bu gəmidə toplar yerləşdirib Şərəfxana limanına çıxmaq, limandakı gəmiləri ələ keçirib yeni hərbi əməliyyata başlamaq idi. Bu niyyətə qovuşmaq üçün onlar hər cür cinayətə əl atır, dinc əhalini, din xadimlərini belə qətlə yetirirdilər.
Erməni-assurların gizli niyyətlərini faş edən Ağa Mirməhəmməd Pişnamaz Xalxalinin qətli də erməni vəhşiliyinin daha bir nümunəsi idi.
Tarix və insanlıq qarşısında məsuliyyətini dərk etməyən ermənilər hərbi, ideoloji cəhətdən tam tərk-silah olunandan sonra da öz heyvani ehtiraslarından, yırtıcı təbiətlərindən əl çəkmir, məğlubiyyətin reallığını görüb Urmiyadan qaçarkən yollarda, kəndlərdə olmazın vəhşiliklər törədirdilər. “...Onlar Osmanlı ordusunun yaxınlaşdığını görüb şəhəri tərk etdilər. Bu dəhşətli hadisədə ermənilər və assurlar 10 min nəfərdən çox azərbaycanlını öldürdülər. Çarəsiz xalq 6 ay çətinlik və faciədən sonra erməni və assurların qaçdığını görüb sevindi. (“Nəvid Azərbaycan” qəzeti, Urmiya, 2000 N 139).
Məmməd Səid Ordubadi baş verən kütləvi qırğınlar barədə “Qanlı sənələr” əsərində (Tehran, 1992) yazır: “Azərbaycanlılar faciənin ağır nəticələrini sonra görüb dərk etdilər. Qısa bir müddətdə Güney Azərbaycanda qətlə yetirilənlərin sayı o qədər böyük idi ki, onun necə acınacaqlı olduğunu qələmə almaq mümkün deyil. Qərb bölgəsinin şəhər və kəndləri yandırılıb, viran edilmiş, 150 min azəri türkü qətlə yetirilmişdi”.
Dünya xristian birliyinin dəstəyi ilə azəri torpaqlarımızda özünə dövlət yaratmış ermənilər XX əsrin sonlarında da əsrin əvvəllərindəki cinayətləri təkrar etdilər. Bu dəfə Dağlıq Qarabağı, Xocalını, Şuşanı, Xankədini müharibə meydanına çevirib bir milyondan artıq vətəndaşımızı dədə-baba yurdundan didərgin saldılar. Təəssüf doğuran odur ki, dünyanın hər hansı bölgəsində sülh, barış yaratmaq məqsədi ilə sınanıb sınaqdan çıxmış beynəlxalq güclər bu qanlı faciənin günahkarı olan ermənilərə münasibətdə yenə də üz saxlayır. XXI əsrin əvvəllərində belə xristian təəssübkeşliyini göstərir, beynəlxalq terrora qarşı təpkidə xristian-müsəlman faktorlarına ikili standartla yanaşırlar. Elə bu münasibətin nəticəsidir ki, Azərbaycanın tarixən pozulan ərazi haqları bu gün də aşkarcasına pozulur.
İstər Şimali Azərbaycanda, istərsə də Cənubi Azərbaycanda ermənilərin soydaşlarımıza qarşı soyqırımı bu gün dünyanın güclü dövlətləri tərəfindən nədənsə pərdələnir, əksinə, dünya türklərinə qarsı ermənilərin şantajı böyük dəstək qazanır.
İkili standartın mövcudluğu şəraitində üzə çıxarılan və təhlilə cəlb olunan belə yazılar da yaddaş və səmərəli fəaliyyət üçündür. Kökü çox-çox qədimlərə gedib çıxan erməni ərazi iddiasına və düşmənçiliyinə qarşı dayanmaq yalnız adekvat mübarizə formaları işləyib hazırlayan ayıq yaddaş hesabına mümkündür. Zamanın hökmü də xalqın, millətin iradəsinin hökmünə söykənir.

Hüseyn ŞƏRQİ (Soytürk)

 


Muxtar Fatih BEYDİLİ: Suriya türkmənlərini Can Azərbaycanla birləşdirən nədir?
14:22 / 03-04-2021
“İlkin yazılar” mövzusunda növbəti diskussiya keçiriləcək
18:37 / 04-10-2018
“Özbək və Azərbaycan tarixinin ümumi sorunları” mövzusunda növbəti diskussiya keçiriləcək
22:39 / 08-03-2017
Turan İmperiyasının tarixi və mahiyyəti. II yazı
19:11 / 23-02-2017
Turan İmperiyasının tarixi və mahiyyəti. I yazı
19:08 / 23-02-2017
Lozanna konfransı – Türkiyənin dünəni və bu günü
22:26 / 10-01-2017
Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti! II yazı
23:36 / 09-01-2017
ANADOLU'DA VE BALKANLAR'DA ESKİ TÜRK İZLERİ
18:53 / 26-12-2016
Böyük Monqol Xaqanlığının gizli qəhrəmanları – 1 Subutay BahadırBöyük Monqol Xaqanlığının gizli qəhrəmanları – 1 Subutay Bahadır
22:15 / 20-11-2016
ƏNVƏR PAŞANIN SON MÜCADİLƏSİ
11:26 / 17-11-2016
Türkiyədə Cümhuriyyətin qurulduğu ilk dövrlərdə dünyəvilik probleminin ideoloji əsasları
18:50 / 07-11-2016
TÜRK MƏNŞƏLİ NUMİZMATİK MORFEMLƏRİN DİAXRONİK-DİALEKTOLOJİ ASPEKTLƏRİ
22:41 / 28-10-2016
Ələkbər Ələkbərov: Türk tarixinin qapalı səhifələri (2-ci hissə)
13:10 / 05-10-2016
Ələkbər Ələkbərov: Türk tarixinin qapalı səhifələri (1-ci hissə)
20:42 / 04-10-2016
Erməni yalanlarını ifşa edən qədim türk damğaları
21:37 / 11-09-2016
Oğuz xan - Aran əsilli Misir fironu
10:06 / 03-09-2016