BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bötöv Azərbaycan Ocaqlarının Nizamnamə və Məramnaməsi

16:41 / 19-12-2014   /   baxış - 4863

Bötöv Azərbaycan Ocaqlarının

Nizamnaməsi

 

I. Ümumi prinsiplər

I.1. Bütöv Azərbaycan Ocaqları (bundan sonra BAO) Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan şəxsləri və ictimai qurumları birləşdirən ictimai birlikdir.

I.2. BAO-nun məqsədi Azərbaycan türklərinin öz tarixi torpaqlarında bütöv, milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulmasıdır. BAO bu yolda əsas maneə olan şovinizmə və imperializmə qarşı mübarizə aparır.

I.3. BAO-nun ideoloji dayağı türk millətçiliyi və onun əsas prinsipləri olan Türklük, Çağdaşlıq və İslamdır. BAO dünyada bütün millətlərinin bərabərliyinin və milli haqların təmin olunmasının tərəfdarıdır.

 

II. BAO-nun fəaliyyət formaları

II.1. BAO öz fəaliyyətini Azərbaycan Respublikası qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun şəkildə qurur, sivil və demokratik bütün mübarizə üsullarından istifadə edir, zorakılığı, terrorizmi və digər qeyri-sivil mübarizə metodlarını rədd edir.

II.2. BAO Azərbaycan türklərini öz milli haqları uğrunda müba­rizəyə cəlb edir, türk milli şüurunu inkişaf etdirmək üçün təbliğat aparır, bu məqsədlə dəyirmi masalar, dərnəklər, konfranslar, mühazirələr, seminarlar, görişlər və b. tədbirlər  və aksiyalar təşkil edir.

II.3. BAO öz məqsəd və prinsipləri ilə bağlı müxtəlif təkliflər və layihələr irəli sürür.

II.4. BAO bütün informasiya vasitələrindən istifadə etməklə Azərbaycan Respublikasında və dünyada baş verən ictimai-siyasi hadisələrə öz münasibətini bildirir.

II.5. BAO Azərbaycan Respublikasında və ondan xaricdə fəaliyyət göstərən digər təşkilatlarla əməkdaşlıq edir.

 

III. BAO-da üzvlük, üzvlərin hüquq və vəzifələri

III.1.BAO-da üzvlük fərdi və kollektivdir. BAO-nun Nizamnamə və Məram­naməsini qəbul edən və onun işində aktiv iştirak etmək istəyən yetkinlik yaşına çatmış hər bir şəxs BAO-ya üzv ola bilər.

III.2. BAO-nun üzvlüyünə qəbul üzv olmaq istəyən şəxsin yazılı müraciəti əsasında yerli ocaqda və ya Mərkəzi Şurada səsvermə yolu ilə həyata keçirilir.

III.3. BAO-nun üzvləri aşağıdakı hüquqlara malikdir:

– Bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada birliyin idarəçiliyində iştirak etmək;

– BAO-nun hər hansı seçkili orqanına seçmək və seçilmək;

– BAO-nun təşkil etdiyi tədbirlərdə və müzakirələrdə iştirak etmək, izahat vermək, şikayət və etiraz bildirmək;

– BAO-nun seçkili orqanlarının və vəzifəli şəxslərinin fəaliyyəti barədə məlumat almaq;

– Öz hüquq və mənafeyinin müdafiəsi üçün BAO-ya müraciət etmək;

III.4. BAO-nun üzvünün aşağıdakı vəzifələri var:

– Bu Nizamnamənin tələblərinə əməl etmək;

– BAO-nun Məramnaməsini təbliğ etmək;

– BAO-nun orqanlarının qərarlarına uyğun fəaliyyət göstərmək və onun tədbir­lərində iştirak etmək;

– Üzvlük haqqı ödəmək;

– Öz fəaliyyətində sivil və etik normalara əməl etmək.

III.5. BAO-da üzvlüyə aşağıdakı hallarda xitam verilir:

– Könüllü olaraq üzvlükdən çıxdıqda;

– Üzvlükdən çıxarıldıqda

III.6. BAO-nun üzvü aşağıdakı hallardan üzvlükdən çıxarıla bilər:

– BAO-nun Nizamnamə və ya Məramnaməsinin tələblərini pozduqda;

– BAO-nun işində mütəmadi olaraq üzrsüz səbəbdən iştirak etmədikdə.

III.7. BAO-nun üzvlüyündən çıxarılma haqqında qərar üzvlüyə qəbulu həyata keçirən yerli orqan və ya Mərkəzi Şura tərəfindən qəbul edilir.

III.6. BAO-nun üzvü eyni vaxtda iki eyni səviyyəli seçkili orqanın üzvü ola bilməz.

III.7. BAO-nun üzvü yalnız müvafiq orqanlar səlahiyyət verdikdə həmin orqanı təmsil edə və onun adından çıxış edə bilər.

III.8. BAO öz üzvlərinin hüquqlarını müdafiə edir.

 

IV. BAO-nun idarəetmə orqanları

IV.1. BAO-nun yerli orqanları azı 3 nəfər üzvdən təşkil olunmuş yerli ocaqlardır.

IV.2. Bölgələr üzrə azı 3 ocaq başqanından ibarət “Ocaq Başqanları Məclisi” (OBM) yaradılır. Müstəsna hallarda yerli ocaqlar OBM-də təmsil olunmadan əlahiddə fəaliyyət göstərə bilərlər.

IV.3. Yerli ocaqların və “Ocaq Başqanları Məclisi”nin fəaliyyəti “Yerli ocaqlar haqqında Əsasnamə” ilə tənzimlənir.

IV.4. BAO-nun ali orqanı 2 ildən gec olmayaraq çağırılan Qurultaydır. Növbədənkənar Qurultay Mərkəzi Şura (MŞ) tərəfindən və ya yerli ocaqların 2/3-nin təşəbbüsü ilə çağırıla bilər.

IV.5. Qurultayın çağırılması və qurultay nümayəndələrinin seçilməsi qaydalarının müəyyən edilməsi MŞ tərəfindən həyata keçirilir.

IV.6. Qurultay üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.

IV.7. Qurultay:

– BAO-nun fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.

– BAO-nun Nizamnamə və Məramnaməsini qəbul edir, onlara dəyişikliklər və əlavələr edir;

– BAO-nun başqanını, MŞ və Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzlərini seçir;

– BAO-nun başqanının və MNTK-nın hesabatlarını dinləyir və qiymətləndirir;

IV.8. Qurultaylararası dövrdə BAO-nun fəaliyyətinə kollegial rəhbərliyi MŞ həyata keçirir.

IV.9. MŞ tərkibinə qurultay tərəfindən 2 il müddətinə seçilən üzvlər və BAO başqanının təqdimatı ilə MŞ tərəfindən qəbul edilən digər üzvlər daxildir.

IV.10. MŞ, üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.

IV.11. MŞ-nın iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. Növbədənkənar iclaslar BAO-nun başqanı tərəfindən, MNTK-nın təqdimatı ilə, həmçinin MŞ üzvlərinin 1/3-nin təşəbbüsü ilə çağırıla bilər.

IV.12. Mərkəzi Şura:

– Qurultaylararası dövrdə BAO-nun fəaliyyətinə kollegial rəhbərlik edir;

– BAO başqanının təqdimatı ilə öz tərkibinə əlavə üzvlər qəbul edir;

– Öz üzvlərindən özünə sədr, sədr müavini və katib seçir;

– BAO-nun srukturunda müxtəlif icra orqanlarının yaradılması haqqında qərarlar verir və BAO-nun başqanının təqdimatı ilə onların rəhbərlərini təsdiq edir.

– Əsasnamələri təsdiq edir;

– Müxtəlif tədbirlərin keçirilməsi və onlara vəsait ayrılması haqqında qərar qəbul edir;

– BAO-nun məqsəd və məramına uyğun olaraq təkliflər və layihələr irəli sürür;

– Öz səlahiyyətləri daxilində digər qərarları qəbul edir.

IV.13. BAO-nun cari fəaliyyətinə BAO-nun başqanı rəhbərlik edir. BAO-nun başqanı Qurultay tərəfindən 2 il müddətinə seçilir.

IV.14. BAO-nun başqanı:

– BAO-nu təmsil edir və onun adından müqavilələr bağlayır;

– Müxtəlif icra orqanları rəhbərliyinə və MŞ üzvlüyünə nami­zədlər irəli sürür;

–  Mərkəzi icra strukturlarının rəhbərlərindən ibarət İcra Aparatını (İA) təşkil edir və onun fəaliyyətinə rəhbərliyi həyata keçirir;

– BAO-nun cari fəaliyyətinə dair sərəncamlar verir;

– Öz səlahiyyətləri daxilində digər funksiyaları həyata keçirir.

IV.15. MNTK Qurultay tərəfindən 2 il müddətinə seçilir.

IV.16. MNTK-nın fəaliyyəti MNTK haqqında Əsasnamə ilə tənzimlənir.

IV.17. MNTK:

–Seçkili orqanların və vəzifəli şəxslərin fəaliyyətinin nizamnaməyə uyğun olmasına nəzarət edir;

– Maliyyə vəsaitinin BAO-nun məqsəd və vəzifələrinə müvafiq xərclənməsinə nəzarət edir;

– Üzvlərin müraciət və şikayətlərinə baxır və yoxlamalar aparır;

– MŞ-ya təqdimat və rəylər verir.

IV.18. BAO-nun bütün seçkili orqanlarında qərarların qəbulu sadə səs çoxluğu ilə həyata keçirilir.

 

V. BAO-nun rəmlərizi

 

V.1. BAO-nun rəmzləri onun emblemi və bayrağıdır.

V.2. BAO-nun emblemi aşağıdakı kimidir: 

 

V.3. BAO-nun bayrağı aşağıdakı kimidir: 

 

VI. BAO-nun hüquqi statusu, mülkiyyəti və vəsaiti

VI.1. BAO müstəqil balansa, möhürə, ştampa, bank hesabına və digər rekvizitlərə malik hüquqi şəxsdir.

VI.2. BAO-nun mülkiyyəti və digər vəsaitləri könüllü verilən ianə və vəsaitlərdən, qrantlardan və qanunla qadağan olunmamış digər mənbələrdən fotmalaşır.

 

VII. BAO-nun fəaliyyətinə xitam verilməsi

VII.1. BAO-nun fəaliyyətinə Qurultay tərəfindən, məhkəmə qaydasında və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda xitam verilə bilər.

VII.2. BAO-nun fəaliyyətinə xitam verildikdə onun əmlakının sonrakı taleyi Qurultay tərəfindən qanunvericiliyə müvafiq şəkildə müəyyənləşdirilir.

 

 

Bütöv Azərbaycan Ocaqlarının

Məramnaməsi

 

I BÖLMƏ. Giriş

1.1.  Milli hərəkat tariximizə bir baxış

Məlumdur ki, XIX əsrin əvvəllərində baş vermiş I və II Rus-Qacar müharibələrindən sonra Azərbaycan-Qacarlar dövlətinin quzey əraziləri Çar Rusi­yasının tərkibinə keçdi. Bununla da əsrlər boyu vahid Azərbaycan-türk dövlətlərinin sərhədləri daxilində yaşamış Azərbaycan türklərinin bir hissəsi (sonradan Quzey Azərbaycan türkləri adlandırıldı) rus imperiyasının tərkibində qaldı.

Hər bir millətin tərəqqisində, o cümlədən milli hərəkat tarixində çox mühüm bir ilkin mərhələ təşkil edən maarifçilik (yeniləşmə) hərəkatı XIX əsrdə həm Qacarlar dövlətində, həm də Çar Rusiyası tərkibində yaşayan Quzey Azərbaycan türklərində yaranmış və inkişaf etmişdir. Maarifçilik hərəkatı Qacarlar dövlətində milli-demokratik hərəkatın (1905-11-ci illər məşrutə və 1917-20-ci illərXiyabani hərəkatları),Quzey Azərbaycanda isə milli azadlıq hərəkatının formalaşmasında çox mühüm baza rolunu oynamışdır.

1918-ci ildə Quzeydə milli azadlıq hərəkatının məntiqi sonluğu kimi müstəqil Azərbaycan Cümhuriyyəti quruldu. Lakin cəmi 23 ay yaşadıqdan sonra bolşevik Rusiyası tərəfindən işğal edildi. 71 illik sovet hakimiyyəti dövründə həm mühacirətdəki hərəkatçılar, həm də daxildəki gizli hərəkatçılar tərəfindən milli azadlıq ideyaları yaşadılmış və inkişaf etdirilmişdir. 1980-ci illərin axırlarınada isə milli azdlıq ideyaları ilə artıq dərnək xarakterli təşkilatlar (Çənlibel”, “Yurd”, (“Varlıq”, “Birlik” və s.) yaranmağa başladı. Nəhayət 1989-cu ildə milli qüvvələri özündə birləşdirən Azərbaycan Xalq Cəbhəsi (AXC) yarandı, milli zadlıq hərəkatının lideri, milli ideoloq Əbülfəz Elçibəy isə onun sədri seçildi. Azərbaycanda və SSRİ tərkibindəki digər respublikalanda yaranmış milli azadlıq hərəkatlarının yüksəlişi nəticəsində 1991-ci ildə sovet ittifaqı dağıldı və Quzey Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu.

Qacarlar dövlətində isə XX əsrin əvvəllərində məşrutəXiyabani hərəkatları xarici imperialist dövlətlərin silahlı müdaxiləsi ilə məğlubiyyətə uğradıldı və 1921-ci ildə həmin dövlətlər (başda İngiltərə olmaqla) tərəfindən həyata keçirilən hərbi çevriliş nəticəsində Qacarlar dövlətində fars şovinizmi hakimiyyətə gətirildi. 1925-ci ildə isə onsuz da öz iqtidarını itirmiş sonuncu Qacar şahı Əhmad şah formal hakimiyyətdən də uzaqlaşdırıldı və Rza Pəhləvi şah elan edildi. Bununla da türklərin bu ərazidəki minilliklər boyu  davam etmiş hakimiyyətinə son qoyuldu. Bu hadisə türk dövlətçiliyi tarixində ən qara səhifələrdən biridir.Bu dövrdən etibarən hakimiyyətin şovinist siyasəti ilə dövlət farslaşdırılmağa başladı.Türk dilindən yazılı və hətta şifahi istifadə qadağan edildi, türkdilli yazılı materiallar məhv edildi. 1935-ci ildə Rza şah dövlətin “Persiya” (“Farsıstan”) yox, yalnız “İran” adlandırılmasını qəbul etdirdi.

Şovinist fars rejimi bu günədək hakimiyyətini sürdürməkdədir. Bu rejimə qarşı S.C.Pişəvərinin başçılığı altında yaranmış 1945-46-cı illər milli azadlıq hərəkatı (“21 Azər”) da xarici imperialist qüvvələrin müdaxiləsi ilə süquta uğradıldı. 1979-cu ildə başda Azərbaycan türkləri olmaqla baş vermiş inqilab nəticəsində Məhəmmədrza şah devrilsə də yenə də xarici imperialist qüvvələrin əksinqilabi müdaxiləsi nəticəsində bu dəfə din pərdəsi altında fars şovinist rejimi hakimiyyətdə saxlanıldı və bu günədək varlığını sürdürməkdədir.

Son bir əsrə yaxın bir dövrdə hakimiyyətdə olan fars şovinizmi assimilyasiya yolu ilə Azərbaycan türklərinin milli varlığına son qoymağı qarşısına məqsəd qoysa da bu məqsədinə nail ola bilməmişdir. Bu gün İran adlanan dövlətdə sayı 40 milyona çatan türk əhali öz dilini və adət-ənənələrini qoruyub saxlamaqdadır.

 

1.2. Bütöv Azərbaycan Ocaqlarının yaranma

zərurəti və məqsədi

1990-cı illərin əvvəllərindən həm güney, həm də quzeydə Güney Azərbaycanın azadlığı və Azərbaycanın bütövlüyü uğrunda fars şovinizminə qarşı mübarizə aparan yeni təşkilatlar yaranıb fəaliyyət göstərməyə başlamışdır. Quzey Azərbaycanda bu təşkilatlardan ən nüfuzlusu 1998-ci ildə milli lider və milli ideoloq Əbülfəz Elçibəyin başçılığı altında yaranmış Bütöv Azərbaycan Birliyi (BAB) olmuşdur. Ə.Elçibəyin vəfatından sonrakı illərdə BAB-ın fəaliyyətinin tədricən zəifləməsi və tamamı ilə dayanması nəticəsində Quzey Azərbaycanda Güney məsələsi ilə bağlı böyük təşkilati boşluq yarandı. Bununla əlaqədar olaraq 2011-ci ilin noyabr ayında dərnək xarakterli Rəsulzadə-Elçibəy Ocağının(bu təşkilat 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) Gənclər Komitəsinin fəalları tərəfindən yaradılmışdı) bazasında Bütöv Azərbay­can Ocaqları (BAO) ictimai birlik kimi yaradılmışdır.

BAO-nun Nizamnaməsində də nəzərdə tutulduğu kimi BAO-nun məqsədi – Azərbaycan türklərinin öz tarixi torpaqlarında milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulmasıdır. BAO bu yolda əsas maneə olan fars şovinizminə qarşı mübarizə aparır.

 

II BÖLMƏ. Əsas ideoloji prinsiplərimiz, anlayışlarımız

və hədəflərimiz

2.1. Əsas ideoloji prinsiplərimiz

BAO-nun ideoloji dayağı türk millətçiliyi və onun bayrağımızda əks olunmuş əsas prinsipləri olan Türklük, Çağdaşlıq və İslamdır.

Türklük – türk milli varlığını qorumaq, yaşatmaq və yüksəltmək, milli şüura və milli dövlətə sahib olmaq prinsipidir.

Çağdaşlıq – elmi-texniki tərəqqi, iqtisadi inkişaf, hüquqi-demokratik və dünyəvi dövlət quruculuğu prinsipidir.

İslam – türk millətinin əsrlərdən bəri qəbul etdiyi və şüurunda yaşatdığı islam dininin dəyərlərini qoruyub-yaşatmaq və yüksəltmək prinsipidir.

 

2.2. Millətçilik anlayışımız

BAO millətçiliyi millətlərin öz varlıqlarını qoruyub-saxlaması və yüksəltməsi haqqının tanınmasına, onların azadlığı və bərabərliyinə əsaslanan ideya kimi qəbul edir və bir millətin digəri (və ya digərləri) üzərində hakimiyyəti və ya üstünlüyünü rədd edir, şovinizmi və assimilyasiyanı bəşəriyyətin ən böyük bəlalarından biri kimi qəbul edir, bütün dünya dövlətlərini və sivil qurumları bu bəlaya qarşı mübarizə aparmağa çağırır.

 

2.3. Milli təsanüd anlayışımız

Qədim türk törələrindən gələn və milli ideologiyamız olan müsavatçılıqda da təsbit olunmuşmilli təsanüd (həmrəylik, barışıq, solidarizm) – cəmiyyəti siniflərə bölməmək, sinfi mübarizəni rədd etmək, fərdiyyətçiliklə kollektivçiliyi uzlaşdıran orta mövqeyi qorumaq prinsipidir. BAO hesab edir ki, milli təsanüd sistemi ən optimal sistem kimi cəmiyyətin həyatının bütün sahələrinə (siyasət, iqtisadiyyat, din və s.) tətbiq olunmalıdır. Bu anlayış tolerantlıq – xoşgörü anlayışını da özündə ehtiva edir. Belə ki, BAO siyasi mövqeyinə, sosial-iqtisadi görüşlərinə (“sağçı” və ya “solçu”), din, məzhəb və təriqət mənsubiyyətinə görə insanlar və ya qruplar arasında düşmənçiliyi qətiyyətlə rədd edir, bu mənasız düşmənçiliyin millətləri, cəmiyyətləri və dövlətləri parçalamaq üçün uydurulmuş bəhanədən başqa bir şey olmadığını qəbul edir. Bütün siyasi qüvvələr azad rəqabət və demokratik mühitdə öz sivil mübarizələrini aparmalıdırlar.

 

2.4. Milli şüur anlayışımız

BAO Milli şüuru – milli ideyalara əsaslanan ictimai şüur forması kimi qəbul edir. İnsanlarda milli kimliyini dərk etmək (milli özünüdərk), öz millətini və vətənini sevmək və təəssübünü çəkmək, uğurlarına sevinmək, uğursuzluqlarına kədərlənmək, milli mənəvi dəyərləri sevmək və qorumaq, öz millətinin tarixi ilə fəxr etmək, milli hədəflərə çatmağı arzulamaq və s. cəmiyyətdə milli şüuru formalaşdıran mühüm amillərdir.

Milli şüur milli mənəvi dəyərlərin və milli dövlətin qorunmasında və cəmiyyətin hər cəhətdən (iqtisadi, hüquqi, siyasi və s.) inkişafında mühüm rol oynayır.Belə ki, milli şüur olan yerdə dövlət qanunlarına hörmət və onlara riayət etmə səviyyəsi, peşə vicdanı, ictimai münasibətlərdə əxlaq normalarının gözlənilməsi və s. yüksək səviyyədə olur, bütün sahələrdə (təhsil, elm, iqtisadiyyat, siyasət, mədəniyyət və s.) əhalinin fəallığı artır, antimilli meyllərə güclü ictimai müqavimət olur ki, bu da hərtərəfli inkişafa böyük stimul verir. Ona görə də Azərbaycan türklərində milli şüuru ikişaf etdirmək BAO-nun əsas vəzifələrindən biridir.

 

2.5. Milli hədəflərimiz və Bütöv Azərbaycan anlayışımız

BAO-nun başlıca hədəfi Bütöv Azərbaycan dövlətinin qurulmasıdır. Bu hədəfə çatana qədər güneyli-quzeyli Azərbaycan türklərində milli şüurun inkişafı, Azərbaycan Respublikasının siyasi, iqtisadi və mədəni cəhətdən inkişafı və Güney Azərbaycanın istiqlaliyyət qazanması aralıq hədəflər kimi müəyyən edilir. Daha sonra  güney və quzeydə olan Azərbaycan dövlətlərinin vahid dövlətdə birləşməsi ilə Bütöv Azərbaycan hədəfinin gerçəkləşməsi nəzərdə tutulur.

Güney Azərbaycan türklərinin İran adlanan dövlətdə milli-mədəni haqlara sahib olması Güney Azərbaycanın istiqlaliyyətinə gedən yolda bir mərhələ kimi qəbul oluna bilər.

BAO Azərbaycan türklərinin etnik və siyasi tarixini, onların hal-hazırda İran adlanan dövlətdə və digər ölkələrdə məskunlaşma arealını nəzərə alaraq Bütöv Azərbaycan dövlətinin aşağıdakı xəritəyə uyğun sərhədlər daxilində qurulmasını məqbul (məqsədəuyğun) hesab edir:

 

 

BAO bütün türk xalqlarının azadlığı və milli dövlətə sahib olması, həmin dövlətlərin siyasi, iqtisadi, hərbi və s. sahələrdə inteqrasiyası nəticəsində dünyada bir güc mərkəzinə çevrilməsini strateji hədəf kimi qəbul edir.

 

III BÖLMƏ. Dövlət və cəmiyyət quruculuğu

3.1. Milli dövlət quruculuğu

BAO Bütöv Azərbaycan dövlətininin ilk növbədə bir milli dövlət kimi formalaşmasını qarşıya məqsəd qoyur. BAO milli dövləti millətin milli mənəvi dəyərlərinə (MMD) söykənən, onun tarixi ərazisində qurulmuş və milli mənafeləri təmsil edən dövlət kimi qəbul edir. Milli dövlət MMD-in qorunması, yaşadılması və yüksəldilməsinin qarantı kimi çıxış edir.Yəni, milli dövlət o dövlətə deyilir ki, orada millətin dilinin mövqeyi (rəsmi statusu, işlənmə səviyyəsi, elm və tədris dili kimi tanınması və s.) kifayət qədər güclü olur, folklor dövlət səviyyəsində qorunur və inkişaf etdirilir, millətin tarixi millətə qürur verəcək şəkildə yazılır və təbliğ olunur. Milli dövlət nəinki ölkədə, hətta ölkədən xaricdə yaşayan millət nümayəndələrinin də milli və digər problemlərinin həlli ilə məşğul olmalıdır. Milli dövlət bütün bunlarla həm də milli şüurun formalaşmasına şərait yaradır.

Milli dövlətin formalaşması son nəticədə cəmiyyətin hərtərəfli (iqtisadi, hüquqi, elmi-texniki və s.) inkişafına, həyat səviyyəsinin yüksəlməsinə, əmin-amanlığa böyük zəmin yaradır. İlk növbədə milli dövlətdə doğma dil və digər milli dəyərlərin yüksək mövqedə olması milli şüuru inkişaf etdirir, ictimai ziddiyyətləri azaldır, insanların yüksək səviyyədə təhsil, peşə, sənət, karyera qazanmaq imkanını və həvəsini artırır, elmi-texniki tərəqqiyə və bunun məhz dövlətə xidmət etməsinə şərait yaradır.

BAO milli dövlət quruculuğunda əsas vəzifələr kimi aşağıdakıları müəyyən edir:

- MMD-imizin başlıca ünsürü kimi Azərbaycan ədəbi türkcəsini daha da inkişaf etdirmək, mövqeyini gücləndirmək, bu dildə elmi, bədii və b. ədəbiyyatların sayını artırmaq, müasir elmi ədəbiyyatların xarici dillərdən kütləvi surətdə tərcüməsini təşkil etmək;

- Azərbaycan tarixinin ümumtürk tarixi kontekstində yeni konsepsiya əsasında yazılması, orta və ali təhsil müəssisələrində tədrisi və təbliği;

- Folklor nümunələrinin toplanması və tədqiqi işlərinin xüsusi dövlət dəstəyi ilə genişləndirilməsi;

- Tarixin sınağından keçmiş milli adət-ənənələrimizin mütərəqqi şəkildə yaşadılmasına, yad və zərərli təsirlərdən qorunmasına şərait yaratmaq.

- Azərbaycanda yaşayan digər xalqların dili və mədəniyyətinin qorunub yaşadılmasına və inkişafına şərait yaratmaq.

 

3.2. Hüquqi və demokratik dövlət quruculuğu

BAO qədim türk dövlətçiliyinin demokratik ənənələrinin davamı olaraq Bütöv Azərbaycan dövlətinin hüquqi və demokratik dövlət kimi qurulmasını qarşıya məqsəd qoyur.

Hüquqi dövlət dedikdə elə dövlət başa düşülür ki, orada dövlət özü də hüquqa tabe olur, yəni dövlət hakimiyyətinin səlahiyyətləri hüquqla məhdudlaşdırılır, hakimiyyət özbaşınalığının qarşısı alınır, insanlar isə hüquqla qadağan olunmayan hər şeyi etməkdə azad olur. Hüquq isə hakim təbəqənin mənafeyini yox, hər bir şəxsin mənafeyini qoruyur və ədalətə söykənir.

BAO hüquqi dövlət quruculuğunda əsas prinsiplər kimi aşağıdakıları qəbul edir:

- Hakimiyyətin bölünməsi;

- Qanunun aliliyi;

- Dövlət və şəxsiyyətin qarşılıqlı məsuliyyəti;

- Şəxsiyyət hüquqlarının reallığı, azad inkişafının təmin edilməsi;

Demokratiya – vətəndaşların dövlət idarəçiliyində bərabərhüquqlu iştirakının təmin edildiyi hakimiyyət formasıdır. Demokratiya məhz hüquqi dövlət bazasında formalaşır. Yəni, hüquqi dövlət olmadan demokratiya formalaşa bilməz.

BAO demokratik  dövlət quruculuğunda əsas prinsiplər kimi aşağıdakıları qəbul edir:

- Xalq hakimiyyətinin təmin edilməsi, hakimiyyət orqanlarının seçki ilə formalaşdırılması və müntəzəm dəyişdirilməsi;

- Çoxpartiyalı rəqabətli sistem və plüralizm;

- Vətəndaş cəmiyyətinin formalaşması;

- Yerli özünüidarəetmənin formalaşması.

Hüquqi dövlət və demokratiya “çağdaşlıq” prinsipinin ayrılmaz tərkib hissəsi kimi milli ideologiyamızda birmənalı olaraq qəbul olunmuş ideyalardır. Bu ideyalar milli azadlıq ideyaları ilə uzlaşır. Məhz hüquqi dövlət və demokratiya şəraitində milli haqlar və azadlıqlar təmin oluna bilər. Tarixi təcrübə göstərir ki, müstəmləkəçilik, milli ayrıseçkilik, assimilyasiya demokratiya ilə bir araya sığmır, imperiyaların demokratikləşməsi onların dağılmasına və xalqların azad olmasına gətirib çıxarır. Diktatura isə imperiyanın və müstəmləkəçiliyin saxlanmasının bir vasitəsinə çevrilir.

Milli dövlətçilik və demokratiya isə qarşılıqlı olaraq biri-birinin inkişafını təmin edir. Başqa sözlə, milli dövlət demokratiyanın, demokratiya isə milli dövlətin inkişafına şərait yaradır.

 

3.3. İqtisadiyyat

BAO Bütöv Azərbaycan dövlətini xarici kapitaldan və hasilatdan asılı olmayan, inkişaf etmiş sənaye dövləti kimi dünya dövlətləri sırasına daxil olmasını hədəfləyir və iqtisadi siyasətin aşağıdakı yönlərini müəyyən edir:

- İqtisadi sistem kimi sosial yönümlü bazar iqtisadi sisteminin qəbul olunması;

- Azad biznes və azad rəqabət mühitinin yaradılması, iqtisadi fəaliyyət sahəsində korrupsiya, rüşvətxorluq və inhisarçılığın qarşısının alınması, korrupsiya, rüşvətxorluq və inhisarçılığa şərait yaradan qanun və qaydaların dəyişdirilməsi.

- Neft gəlirlərinin qeyri-neft sektorunun, ilk növbədə elm tutumlu milli sənayenin inkişafına yönəldilməsi, bu sahənin inkişafına dövlət tərəfindən hər cür şəraitin yaradılması;

- Elm tutumlu sənaye üzrə kadr hazırlığına xüsusi dövlət dəstəyinin verilməsi, bu sahədə inkişaf etmiş dünya dövlətləri ilə elmi-texnoloji əməkdaşlığın genişləndi­rilməsi.

- Alternativ enerji mənbələrindən istifadənin və bu sahədə innovasiyanın maksimim genişləndirilməsi.

 

3.4. Elm və təhsil

Müasir dövrdə güclü və inkişaf etmiş dövlətə sahib olmaq üçün elm və təhsilin inkişafı çox mühüm amildir. BAO hümanitar elm sahələrinin inkişafında milli şüurun, o cümlədən milli tarix şüurunun formalaşmasını, MMD-in qorunub yşadılması, tədqiqi və təbliğini (bu məsələlər Məramnamənin 3.1.-ci paraqrafında əhatə olunmuşdur), dəqiq və texniki elm sahələrinin inkişafında isə elm tutumlu sənayenin inkişafını əsas götürür.

Bu və digər amilləri nəzərə alaraq BAO elm və təhsil sahəsində dövlət siyasətinin əsas yönlərini aşağıdakı kimi müəyyən edir:

- Orta təhsil müəssisələrində pulsuz və icbari, dövlət ali təhsil müəssisələrində isə tam pulsuz təhsilin təmin edilməsi;

- Elm və təhsilə ayrılan vəsaitin artırılması, bu sahədə işləyən işçilərin yüksək əmək haqqı ilə təmin edilməsi;

- Elm və təhsildə ana dilimizin mövqeyinin yetərincə gücləndirilməsi;

- Elm və təhsil sahəsində rüşvətxorluq və korrupsiyanın qarşısının alınması, bu sahədə rüşvətxorluq və korrupsiyaya şərait yaradan qanun və qaydaların dəyişdirilməsi.

- Təhsil müəssisələrində maddi-texniki bazaya, elmi tədqiqatlara, həmçinin fərdi ixtiralara maksimim dövlət qayğısının göstərilməsi və maliyyə dəstəyinin verilməsi;

- Dəqiq və texniki elm sahələri üzrə təhsilin və ixtisasların istehsalata uyğunluğunu və elm tutumlu sənayenin inkişafına xidmət edə bilməsini təmin etmək, istehsalat təcrübələrinin, praktikaların keyfiyyətinə xüsusi diqqətin yetirilməsi.

- Dünyanın inkişaf etmiş ölkələri ilə elmi-texnoloji əməkdaşlığın genişlən­dirilməsi.

 

3.5. Din

Dinlər insan cəmiyyətində bir tarixi zərurət kimi meydana çıxmışdır. Dinsiz cəmiyyət və millət yoxdur. Türk milləti islam dinini 13 əsrdən çoxdur ki, şüurunda və ənənələrində yaşadır. İslam türk tarixi və folklorunda özünə yer etmişdir. Tarixdə islam dininə söykənən çoxsaylı türk dövlətləri qurulmuşdur. Uzaqgörən milli ideoloqlarımız da türk xalqlarının əsrlər boyu yaşatdığı və yüksəltdiyi islam dinini milli ideologiyamızda türklük və çağdaşlıqla birgə bir prinsip kimi qəbul etmişlər. Lakin, burada hədəf dini təmayüllü dövlət qurmaq deyil. Başqa sözlə, dini ehkamların dövlət qanunları ilə məcburiləşdirilməsi nəzərdə tutulmur. Əslində bu dinin öz mahiyyətinə də ziddir. Belə ki, insanların dövlət cəzasından qorxduğuna görə dini ehkamlara məcburi riayət etməsi həqiqi möminlik sayıla bilməz. Dini ehkamlara riayət etməyin əsasında dövlət cəzasından qorxmaq yox, yalnız və yalnız iman dayanmalıdır. Ona görə də islam dini elmi əsaslarla, xurafatdan, məzhəbçilikdən və təriqətçilikdən kənar öyrənilməli və təbliğ olunmalıdır. 

Cəmiyyətin və dövlətin inkişafında ən mühüm məsələlərdən biri də mürtəce dini cərəyanlardan qorunmaq, dinlər və təriqətlərarası və düşmənçiliyin qarşısını almaqdır. Dini ehkamlar ən müxtəlif mənalarda təfsir oluna bildiyindən, həmçinin, dini ideyaların cəmiyyətdə təsir gücü yüksək olduğundan imperialist qüvvələr tarixən dinlərdən öz imperialist məqsədləri üçün istifadə etmişlər və bu gün də etməkdədirlər. Belə ki, imperialist qüvvələr tərəfindən müxtəlif mürtəce dini təriqətlər uydurulmuşdur ki, bu təriqətlərin fəaliyyəti dövlətlərin inkişafdan qalmasına, onların başqa  dövlətlərin təsiri altına düşməsinə və hətta parçalanmasına xidmət edir. Ona görə də dinin öyrənilməsində və təbliğində ilk növbədə elmi yanaşma olmalıdır.

Bütün bunları nəzərə alaraq BAO Bütöv Azərbaycan dövlətinin dini siyasətinin əsas yönlərini aşağıdakı kimi müəyyən edir:

- Bütün dinlərin, məzhəb və təriqətlərin qanun qarşısında bərabər olduğu dünyəvi (sekulyar) dövlətin bərqərar edilməsi;

- Dinlər, məzhəblər və təriqətlərarası düşmənçiliyin qarşısının alınması;

- İslam dininin təriqətçilikdən, məzhəbçilikdən və xurafatdan kənar elmi əsaslarla öyrənilməsi və təbliği;

- Əhalnin dini biliklərinin artırmaq və onların mürtəce dini cərəyanlrın təsiri altına düşməsinin qarşısını almaq üçün orta məktəblərdə elmi əsaslarla bütün dinləri əhatə edən “Din tarixi” (və ya “Dinşünaslığın əsasları”) fənninin tədrisi.

 

 

M  Ü  N  D  Ə  R  İ  C  A  T

I BÖLMƏ. Giriş

1.1.  Milli hərəkat tariximizə bir baxış

1.2. Bütöv Azərbaycan Ocaqlarının yaranma zərurəti və məqsədi

 

II BÖLMƏ. Əsas ideoloji prinsiplərimiz, anlayışlarımız və

hədəflərimiz

2.1. Əsas ideoloji prinsiplərimiz

2.2. Millətçilik anlayışımız

2.3. Milli təsanüd anlayışımız

2.4. Milli şüur anlayışımız

2.5. Milli hədəflərimiz və Bütöv Azərbaycan anlayışımız

 

III BÖLMƏ. Dövlət və cəmiyyət quruculuğu

3.1. Milli dövlət quruculuğu

3.2. Hüquqi və demokratik dövlət quruculuğu

3.3. İqtisadiyyat

3.4. Elm və təhsil

3.5. Din