BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Könüllərin fatehi: Şah İsmayıl Xətai (II hissə)

20:25 / 06-10-2017   /   baxış - 1197

Namiq Musalı

tarix üzrə fəlsəfə doktoru,

AMEA Əlyazmalar İnstitutu

 

Şah İsmayıl beynəlxalq münasibətlər sistemində də Uzun Həsənin qanuni varisi kimi çıxış edirdi. O, qonşu dövlətlərlə ərazi mübahisələri zamanı öz mövqeyini əsaslandırmaqdan ötrü bu arqumentdən geniş surətdə faydalanırdı. Məsələn, Şah İsmayıl Sultan Səlimin Çaldıran döyüşündən öncə Ağqoyunluların doğma diyarı və keçmış paytaxtı Diyarbəkrə olan iddialarının əsassızlığını və həmin bölgənin vaxtı ikən Uzun Həsənə məxsus olduğunu irəli sürərək, oraya Sultan Səlimin deyil, məhz özünün haqqı çatdığını bildirir və cavabını bu cür tamamlayır: “Sizin hüququnuz çatmır ki, zati-alilərimizlə Həsən padşahın vilayətinin davasını edəsiniz” [57, s.512; 59, s.473]. Şah İsmayıl hələ 1508-ci ildə II Bayəzidə göndərdiyi bir məktubda özünü “Ağqoyunluların qanuni varisi saydığını” açıqlamışdı [25, s.46]. Həmçinin o da məlumdur ki, Şeybani xanın keçmiş Ağqoyunlu ərazisi olan Kirman bölgəsinə hücumunu pisləyən məktubunda Şah İsmayıl Kirmanın “öz irsi torpaqlarının bir hissəsi olduğunu” qeyd edirdi [62, s.48-49]. Öz növbəsində Şeybani xan məktubunda Şah İsmayılı “tərəkəmə Ağqoyunlularla qohumluq əlaqələrinə arxalanaraq hakimiyyət iddiasına düşməkdə” ittiham edirdi [1, s.5].

Bizim mənbədə göstərilir ki, Səfəvi sarayında xarici dövlətlərin elçilərinin rəsmi qəbulu zamanı Şah İsmayılın Uzun Həsənin padşahlıq taxtına (“təxt-i padişahi-yi Həsən padişah”) əy-ləşərək, əcnəbi qonaqları qəbul etməsi mühüm protokol qaydalarından hesab edilirdi [57, s.146; 60,

v.37b]. Bununla Şah İsmayıl xarici dövlətlərin nəzərinə özünün Uzun Həsənin varisi olduğunu çat-dırmaq istəyirdi. Əsərdən həm də aydın olur ki, bir sıra digər sülalələrin və qonşu dövlətlərin nümayəndələri Şah İsmayılı Ağqoyunlu dövlətinin qanuni varisi kimi qəbul edirdilər. Bu baxımdan zülqədər tayfasının başçısı, Mərəş və Əlbistan hökmdarı Əlaüddövlə Bozqurdun Şah İsmayıla göndərdiyi məktub diqqəti xüsusilə cəlb edir: “Eşitmişik mərdlikdən və mərdanəlikdən bir paya sahibsən və xüruc etmək iradəsi göstərib, İranı Həsən padşahın övladlarından almışsan. Lakin sən biganə (yad) deyilsən və elə həmin sülalədənsən” [57, s.200; 59, s.110].

Beləliklə, mənbədən aşkar olur ki, Şah İsmayıl bütün fəaliyyəti ərzində özünü babası Uzun Həsənin hüquqi varisi hesab etmiş və onun hakimiyyətinin legitimliyinin təmin olunmasında bu faktor heç də az rol oynamamışdı. “Aləmara”nın bu faktları ilə səsləşən informasiyalara Şah İsmayılın sarayında olmuş Venesiya elçisi K.Laskarinin raportunda və digər mənbələrdə də rast gəlmək mümkündür [35, s.124; 32, s.444; 34, s.37; 56, s.96]. Osmanlı tarixçisi Gelibolulu Ali Əfəndi, Şah İsmayılın ata tərəfdən seyid, ana tərəfdən isə Ağqoyunlu sülaləsinə mənsub olduğu üçün həm mürşidlik, həm də şahlıq iddiasına düşdüyünü yazır [54, s.501].

Bizim anonim müəllifin öz əsərində Səfəviləri Ağqoyunluların varisi kimi təqdim etməsi onu göstərir ki, Səfəvi dövlətinin sıravi təbəələri hətta XVII əsrin ikinci yarısında da bu dövləti Ağqoyunlu dövlətinin bir davamı hesab edirdilər. Bu isə Səfəvilərlə onlardan əvvəlki türk sülalələri arasındakı varislik münasibətlərini inkar edən müasir İran tarixşünaslığındakı konsepsiyanın [bu barədə bax: 41, s.126] kökündən yanlış olduğunu sübut edir. Əslində, Səfəvilərin hakimiyyəti İranda Səlcuqlardan Qacarlaradək sürmüş türk hegemonluğunun mühüm bir parçasını təşkil etmiş-dir. Səfəvilər özlərini Ağqoyunlular vasitəsilə özlərindən əvvəlki türk sülalələrinin varisi hesab edirdilər. “Aləmara”da və digər mənbələrdə Şah İsmayıl dəfələrlə qədim türk hökmdarlarına məxsus olan “xaqan” titulu ilə anılmaqdadır [57, s.76,132; 59, s.3,74; 9, s.13,33,69,70,72].

Böyük fatehlik iddiasında olan Şah İsmayıl Osmanlıların və Şeybanilərin hədələri qarşısında təkcə müdafiə olunmağı düşünmür, özü də geniş işğalçılıq planları qururdu. “Aləmara”da onun öz dilindən “Rum ölkəsi üzərinə yürüşə çıxmaq”, “Toqatdan tutmuş Üsküdaradək” bütün Anadolunu, Mərkəzi Asiyada isə, “Ceyhun çayı kənarından ta Dəşt (Dəşt-i Qıpçaq) və Xətay vilayətlərinə qədər” uzanan geniş əraziləri fəth etmək kimi işğalçılıq planları açıqlanır [57, s.344,471; 59, s.396,510). Hətta qeyd olunur ki, Şah İsmayıl 1510-cu ildə Mərv yaxınlığında özbək hökmdarı Şeybani xanın məğlub edilməsi və öldürülməsi ilə başa çatan məşhur qələbəsindən sonra Çin imperatorunu (“fəğfur-i Çin”) təhdid etmək həvəsinə düşmüşdü [57, s.331; 59, s.374]. Həmçinin həmin qələbədən sonra Səfəvi padşahı özünü “Türküstan təxt-ü tacının varisi” kimi qələmə verməyə başlamışdı (2,s.325). Şah İsmayılın hərbi işğalçılıq planlarının açıqlanması baxımdan mühüm əhəmiyyət kəsb edən bir şeiri “Aləmara”nın bu yöndəki faktlarını təsdiq edir: “Qamu Rum-u Çin-ü Xorasan-u Şam; Açar bir bəy igid bunları tamam”. Yaxud: “Alıb Şam-u Rumi müsəxxər qılıb; Pəs

ondan həva-yi Firəng eylərəm” [48, s.1041a]. Alman tarixçisi H.Braunun təbirincə desək, “onun məqsədi özünün və ardıcıllarının hökmranlığını bütün istiqamətlərdə mümkün olduqca uzağa yaymaq və bu hökmranlığı sərəncamında olan bütün vasitələrdən, o cümlədən də dindən istifadə etməklə qorumaq idi... Onun yaratdığı dövlətin möhkəm təməlli və davamlı olduğu sübuta yetirilib; o, öz potensialını korrekt şəkildə üzə çıxarmaq bacarığına malik idi, özünü qeyri-məhdud fəthlər ambisiyasının şirnikləndiriciliyindən çəkindirə bilmirdi” [52, s.189].

Lakin Çaldıran döyüşündən sonra İsmayıl geniş xarici işğallar və böyük müharibələr haq-qında düşünməyərək, yalnız öz dövlətinin bütövlüyünü təmin etməyə, şərq hüdudlarını özbəklərin basqınlarından qorumağa və Cənubi Qafqazda Səfəvi hakimiyyətini möhkəmləndirməyə səy göstər-di.

Sərkərdəlik məharəti və şəxsi şücaətləri

“Aləmara” üzərində apardığımız hesablamalara əsasən, mənbədə Şah İsmayıl zamanında qızılbaş ordusunun həyata keçirdiyi irili-xırdalı 100-ə qədər döyüş əməliyyatı haqqında məlumat verilmişdir ki, bunların da təxminən 1/3 hissəsindən çoxu şəxsən İsmayılın komandanlığı altında aparılmış və o, iştirak etdiyi döyüşlərdən yalnız birini – Osmanlılara qarşı keçirdiyi Çaldıran vuruşmasını uduzmuşdu. O, özünün peşəkar süvari ordusuna arxalanaraq, açıq döyüşü üstün tutur və öz rəqiblərini çox vaxt qədim türk savaş ənənələri əsasında məğlub etməyi sevirdi. Şah İsmayılın hərbi taktikasında sürət və çeviklik ən önəmli faktorlar idilər. Onun döyüş taktikasında müdafiə an-layışına yer yox idi. Səhra döyüşlərində o, əsasən düşmənin səflərini qəti hücumla cinahlardan yarmaqla qələbə qazanmağa üstünlük verirdi. Həmçinin geri çəkilməyi imitasiya edərək, düşməni pusquya salmağı nəzərdə tutan “Turan taktikası” və ya “qurd oyunu” adlanan manevri məharətlə tətbiq edirdi. Şirvanşah Fərrux Yəsara qarşı Cəbani (Çobanı) (1500), Ağqoyunlu Əlvəndə qarşı Şərur (1501), Ağqoyunlu Murada qarşı Almabulağı düzündə (1503), Əlaüddövlə Zülqədərə qarşı Ceyhan çayı sahilində (1507), özbək hökmdarı Şeybani xana qarşı Mərv yaxınlığında (1510), Orta Asiya xanlarının birləşmiş qüvvələrinə qarşı Ceyhun çayı sahilində (1513) və Osmanlı Sultan Səli-mə qarşı Çaldıran çölündə (1514) apardığı döyüşlər onun ən böyük meydan müharibələri hesab olu-na bilər. Təkcə meydan müharibələrində deyil, şəhər və dağ döyüşlərində də özünün sərkərdəlik məharətini isbat etməyə nail olmuşdu. İranın mühüm şəhərlərindən olan İsfahan və Yəzdi mühasirə və küçə döyüşləri nəticəsində fəth etməsi, Əmir Hüseyn Kiya Çəlaviyə qarşı Mazandaranın güclü istehkamlara malik dağlıq ərazilərində və lur hökmdarı Məlikşah Rüstəmə qarşı Luristan vilayətinin dağlarında apardığı uğurlu əməliyyatlar buna bariz nümunədir. Çaldıran düzündəki məğlubiyyətə gəldikdə, “Aləmara” müəllifi bunun səbəbini Şah İsmayılın “mənəm-mənəmlik” edərək mümkün qüvvələrin hamısını toplamadan nəhəng Osmanlı ordusuna qarşı həlledici döyüşə atılmasında və

Osmanlıların böyük say çoxluğunda və artilleriyadan istifadə etmələrində görür [57, s.520,523-524; 59, s.477,489-490].

Qüvvələr nisbətinin rəqibin xeyrinə olduğu bir sıra döyüşlərdən qalib çıxması İsmayılın ko-mandanlıq istedadının göstəricisidir. O, müharibədə şərəf və mərdliyi ən mühüm prinsiplər hesab edirdi. 1513-cü ildə Şah İsmayıl Ceyhun çayı kənarında özbəklərin və qazaxların çoxsaylı ordusu ilə üzləşərkən qızılbaş əmirlərindən biri salın ipini kəsmək və gəmiləri sahilə çıxarmaqla çayın o biri sahilində yerləşmiş rəqib qoşunun qızılbaşların mövqe tutduqları digər sahilə keçməsini əngəlləməyi təklif etsə də, İsmayıl bunu özünə ar bilmiş, bədnamlıq əlaməti saymış və rəqibinin sərbəst şəkildə çayı keçib döyüşə başlaması üçün şərait yaratmış, hətta çaydakı bütün gəmiləri onla-ra göndərib, asanlıqla suyu keçmələrini təmin etmişdi [57, s.488; 59, s.437].

Almabulağı döyüşü ərəfəsində qızılbaşlar Osmanlıların Ağqoyunlulara verdiyi 20 ədəd artilleriyanı ələ keçirsələr də, döyüş zamanı “Süleyman şanlı xaqan (Şah İsmayıl – N.M.) topxananı işlətməməyi əmr etmişdi” [57, s.76; 60, v.20a]. Çünki o, odlu silahlara, xüsusən də artilleriyaya nifrət edir, “namərdin mərddən ayırd edilməsi və müəyyənləşdirilməsi üçün qılınc sıyırmağın” zəruriliyini vurğulayır, artilleriyadan istifadənin namərd işi olduğunu deyirdi. Onun odlu silahlara mənfi münasibəti Çaldıran vuruşmasından bir gün öncə Sultan Səlimə müraciətindən də aydın görünür. Rəvayətə görə, döyüşdən bir gün öncə Şah İsmayıl Sultan Səlimə xəbər göndərərək, onu “kişi kimi döyüşməyə” və “topxanadan istifadə etməməyə” çağırmış, Səlim bu təklifi qəbul etsə də, döyüşün gedişində artilleriyadan istifadə etməklə vədinə xilaf çıxmış və bu faktor qızılbaşların məğlubiyyətini şərtləndirən əsas amilə çevrilmişdi [57, s.523-524; 59, s.489-490]. O.Əfəndiyev yazır ki, “I Şah İsmayıl zamanında Səfəvilər odlu silahın tətbiq edilməsini insanlığa zidd əməl və qorxaqlıq, cəsarətsizlik əlaməti hesab edirdilər” [40, s.61].

İştirak etdiyi döyüşlərdə təkcə bacarıqlı sərkərdə deyil, həm də məğlubedilməz pəhləvan kimi ad çıxarmışdı. Bizim müəllif yazır ki, döyüşlərdə “özünü hər kimə yetirərdisə, onu bir zərbə ilə yerə sərərdi”, bəzən isə hətta rəqibinin “başına elə zərbə endirərdi ki, qılınc onun kəmərinə qədər işləyib, onu ikiyə bölərdi” [57, s.45,523; 59, s.49,488-489]. Özünün qüvvətli qılınc zərbələri ilə rəqibini “xiyar kimi doğrayardı” [57, s.78; 60, v.20b]. Savaş vaxtı düşmən ordusunun adlı-sanlı bahadırları ilə təkbətək döyüşə girməkdən çəkinmirdi: o, Mustafa paşa, Məlik Fəyyaz, Ərəb Nəim, Pəhləvan Möhsün, Polad Sultan, Əbülxeyr xan, Malqoçoğlu və s. kimi öz zəmanəsinin ən məşhur sərkərdə və pəhləvanlarını məhz ikitərəfli çarpışmalarda məğlub edib, yerə sərmişdi. Həmçinin yaxşı ox atmaq qabiliyyətinə malik idi. Bəzən atdığı oxun ucu düşməninin başının arxasından çıxardı [57, s.478; 59, s.424]. Şah İsmayılın döyüş vaxtı “insanlara dastanlardakı Rüstəmi unutdura biləcək igidliklər göstərdiyini” [57, s.164; 60, v.42b] bildirən “Aləmara” müəllifi yazır ki, “heç kim qılınc vurmaqda, zorda, pəhləvanlıqda və şücaətdə o şəhriyara çata bilməzdi” [57, s.235; 59, s.153].

Çətin və çıxılmaz vəziyyətlərdə bütün ordunu arxasınca aparmağa və qalib gəlməyə nail olurdu. Şirvana yürüş zamanı Kür çayının, İraqda əməliyyatlar apararkən Dəclə çayının keçilməsi ilə əlaqədar problem və tərəddüdlər yaranarkən məhz İsmayıl ilk olaraq özünü atla suya vurmuş və əsgərləri arxasınca səsləyərək, ordunu itkisiz çaydan keçirməyə müvəffəq olmuşdu [57, s.53,163; 59, s.58,126]. Almabulağı döyüşündə Sultan Muradın əsgərləri sürətli qızılbaş süvarilərinin həm-ləsinin qarşısını almaqdan ötrü döyüş səfləri önündə od qalasalar da, yenə də məhz İsmayıl çəkinmədən özünü “həmin yandırıcı atəşə” ataraq keçib getmiş və qızılbaşlar da onun ardınca hərə-kət etmişdilər [57, s.76; 60, v.20a]. Süvari qızılbaş ordusu əsasən düzənliklərdə və açıq ərazilərdə əməliyyatlar aparmağa öyrəncəli olduğundan bəzən qalaların alınması və ya dağlarda döyüşlər onlar üçün problem yaradırdı. Belə gərgin anlarda yenə də İsmayıl önə çıxır və şəxsi fədakarlığı sayəsində döyüşün müqəddəratını həll edirdi. Məsələn, dağlıq ərazidə yerləşən Gülxəndan qalasına hücum zamanı özü şəxsən ordunun önündə getmiş, “qılınc zərbi ilə qala darvazasının çərçivəsini sındıraraq”, qalaya birinci daxil olmuşdu [57, s.116; 60, v.30a]. Mazandaran hökmdarlarından Çəlaviyə qarşı müharibə zamanı Marankuh dağı ətrafında çayın axarını dəyişdirərkən Şah İsmayıl əlinə bel alaraq, əsgərlərlə birlikdə çalışmışdı [57, s.130; 60, v.33a].

Mənəvi keyfiyyətləri

Bəzi tədqiqatçılar onu çoxlu qanlar tökməkdə və mərhəmətsizlikdə ittiham edirlər [30, s.278; 33, s.101]. Halbuki o, əksər hallarda, hətta ən zəif rəqibləri ilə müharibədən əvvəl “savaşa və döyüşə ehtiyac olmaması üçün” sülh təklifləri edər, yalnız qəti rədd cavabı aldıqdan sonra hərbi əməliyyatlara başlayardı [57, s.44,67,103,118,161,190,198,356,477,579 və s.]. Heç vaxt məğlub etdiyi qoşunun arxasınca gedib onları təqib etməz və salamatlıqla qaçıb qurtulmalarına imkan yaradardı [57, s.159,393,509 və s.; 59, s.118,133,141,302,341,444,469,504,512]. “Aman vermək imandandır” deyən [57, s.65; 59, s.174] Şah İsmayıl təslim olanları bağışlayır, hətta onları öz mülazimləri cərgəsinə qəbul edirdi [57, s.45,52,79,120,164,187,239,478; 59, s.49,56,69,95,127,135,157,425 və s.]. Lakin ciddi siyasi, ideoloji rəqib hesab etdiyi şəxslərə qarşı amansız davranır, onları diri-diri, yaxud cəsədlərini yandırır, şiəliyin yayılmasına açıq etirazlar olan yerlərdə zorakılıqdan istifadə edilməsini və qətllər törədilməsini məqbul hesab edirdi [57, s.49,132,139,515; 59, s.54,99,103,480-481]. Q.Sərvər Şah İsmayılın “dostları ilə münasibətdə mehriban, düşmənlərinə qarşı isə amansız, rəhmsiz və hətta zalım olduğunu” yazır [61, s.123]. A.Müllerin və İ.Petruşevskinin göstərdikləri kimi, bu cür qəddarlıqlar İsmayılın şəxsiyyətindən deyil, onun yaşadığı zamanın reallıqlarından irəli gəlirdi [37, s.392; 38, s.244]. Uşaq çağlarından atasını, böyük qardaşını itirmiş, həbsə atılmış, anasından ayrı düşmüş, böyük çətinliklərlə üzləşmiş Şah İsmayılın əhval-ruhiyyəsinə bütün bu amillər öz təsirini göstərməyə bilməzdi və o, sonrakı fəa-liyyətində düşmənlərindən qisas almaqdan əl çəkməmişdi. Çünki o, yaxşı bilirdi ki, zəiflikgöstərəcəyi təqdirdə rəqibləri onu da babası, atası, qardaşı kimi məhv edərdilər. Buna baxmayaraq, İsmayıl hərbi əməliyyatlar aparılan ərazilərdə müqavimət göstərməyən dinc əhalinin zərər çəkməsinə razı deyildi. O, Təbəs vilayətinə yürüş edərkən qızılbaşlar tərəfindən əsir alınmış dinc sakinlərin dərhal azad olunmasını əmr etmişdi [57, s.142; 59, s.96].

Bəzi müəlliflər 1501-ci ildə Təbrizdə Aləmşah bəyimin Ağqoyunlu təəssübkeşliyi etdiyi üçün Şah İsmayıl tərəfindən öldürüldüyünü iddia etsələr də [bax: 23, v.426b], bunun heç bir əsası yoxdur və Şah İsmayılın düşmənləri tərəfindən uydurulub dövriyyəyə buraxılmış şayiədir. Şah İsmayıl daim öz anasına hörmətlə yanaşmış, hətta şeirlərində onu Həzrət Fatiməyə bənzətmişdir [28, s.280; 48, p.1031a]. Səfəvi salnaməçiləri Aləmşah bəyimi təmtəraqlı epitetlərlə, hörmətlə yad edirlər [9, s.65]. Aləmşah bəyim heç zaman Ağqoyunlu xanədanına təəssübkeşlik etməmiş, dövrün siyasi təbəddülatları zamanı daim ərinin və oğullarının tərəfində çıxış etmişdir. Ərdəbildə yaşayan Aləmşah bəyim 1499-cu ildə Gilandan Ərdəbilə hərəkət edən İsmayılı mühüm kəşfiyyat məlumatları ilə təmin etmiş, 1500-cü ilin yazında onunla Ərdəbildə görüşmüşdü. “Aləmara”ya görə, 1503-cü ildə Şah İsmayıl İsfahanı fəth edərkən Aləmşah bəyim sağ idi [59, s.174; 58, v.29b]. Bu xanımın Ərdəbildəki Şeyx Səfi türbəsinin həyətində, Allah-Allah günbəzinin yanında yerləşən məzar daşı üzərindəki epiqrafik kitabə onun h. 929-cu / m. 1522-23-cü ildə vəfat etdiyini göstərir [66, s.263-283]. Bütün bu faktlar Şah İsmayılın anası Aləmşah bəyimi guya 1501-ci ildə öldürməsi ilə bağlı iddiaların tamamilə əsassız olduğunu sübut edir. Əslində, ilkin qaynaqların dəqiq bilgilərinə əsasən, Şah İsmayıl doğma anasını deyil, Şeyx Heydəri öldürən Ağqoyunlu əmirlərindən birinə ərə getdiyi üçün atasının digər bir arvadını, yəni ögey anasını edam etdirmişdi [53, s.52].

İsmayıl orduya qayğıkeşliklə yanaşır, hər bir əsgərin ehtiyacları ilə maraqlanır, “atı zəif olanlara öz şəxsi tövləsindən at bağışlayır, əsləhəsi olmayanlara cəbbəxanadan əsləhə əta edir və hər bir kəsə layiq olduğu qədərincə hörmət göstərirdi” [57, s.76; 60, v.20a]. Çox vaxt ələ keçirilmiş qənimətin əksəriyyətini ordusuna paylayardı. Döyüşlərdə “şəhidlik dərəcəsinə çatmış sufilərin öv-ladlarına əvvəlkindən daha artıq şəfqət göstərir, onları yüksək mərtəbəyə qaldırırdı” [57, s.170; 60, v.44a]. Xüsusi igidliklər göstərmiş şəxslərə qiymətli mükafatlar verərdi [57, s.355; 59, s.298]. Onun ordudakı rütbə və vəzifə təyinatlarında əsil-nəsəb ciddi rol oynamır, igidlik ön planda tutulurdu [57, s.229; 60, v.59b]. Lakin savaşda səhlənkarlıq və qorxaqlıq edənləri, kimliyindən asılı olmayaraq, sərt cəzalandırırdı [57, s.471-472,531-533; 59, s.417-418,498-500]. Əsgərlərini döyüş zamanı zəiflik göstərməməyə çağıraraq, onlara “ey dostlar, mərdliklə namərdliyin arası bir addımdır” deyə xəbərdarlıq edirdi [57, s.470; 59, s.417].

Dövlət idarəçiliyində şiəliyə əsaslanan Şah İsmayıl dini ideologiyadan heç də yalnız siyasi bir alət olaraq istifadə etməyi düşünmür, sidq ürəklə tapındığı həmin məfkurədən irəli gələn prin-siplərin həyata keçirilməsini özü üçün müqəddəs bir borc hesab edirdi. O, sadəcə hakimiyyət uğrunda mübarizə aparmağı məqbul hesab etmir və özünün haqq bildiyi məzhəbə rəvac vermək

yolunda çarpışdığını bildirirdi [57, s.58; 59, s.62]. Öz azğınlıqları ilə məşhur olan Xuzistan hökmdarı Məlik Fəyyaz ona sərvət vermək müqabilində canını qurtarmaq istəsə də, Şah İsmayıl maddi nemətlər uğrunda deyil, əqidə uğrunda vuruşduğunu bildirmiş, “mənim sənin malına və mülkünə heç bir tamahım yoxdur” deyərək, Fəyyaza qarşı savaşı sona qədər davam etdirmişdi [59, s.137; 58, v.13a]. Mənbələrin şahidliyinə əsasən, o, sərvət uğrunda vuruşmadığını göstərmək üçün öz qoşununa 1500-cü ildə Şirvana yürüş zamanı şirvanşah xəzinəsindən ələ keçirilmiş ləl-cavahiratı və digər qənimətləri bütünlüklə suya tullamağı əmr etmişdi [64, s.115; 13, s.26].

Dövlət işlərində öz əmirləri ilə məsləhətləşməyi sevsə də, fikir müxtəlifliyi üzə çıxdıqda çox zaman qətiyyət göstərərək, öz qərarlarını onlara qəbul etdirməyə nail olurdu. Peyğəmbər nəslinin davamçısı, müqəddəs hakimiyyətin – “vilayət dudmanı”nın xələfi olaraq hökmranlıq edən Şah İsmayıl öz idarəçiliyində haqq-ədalətə diqqət yetirməyə çalışırdı. Bizim müəllif onu “ədalətli və rəiyyətpərvər hökmdar”, “insaflı və mürvətli padşah” deyə yad etmişdir. O, müxtəlif yerlərdə olarkən sakinlərlə görüşür, onların problemlərini dinləyir, ədalətsizliyə məruz qalanların haqqını bərpa edir, “yoxsulların və rəiyyətin əhvalı ilə maraqlanır”, “rəiyyətə və tabeçiliyindəkilərə köməklik göstərməklə məşğul olur”, miskinlərə ənamlar paylayır, dövlət işlərində ədalət nümayiş etdirirdi [57, s.95,160,249,340,386,500; 59, s.121,129,137,176-177,272]. Malın və canın əbədi ol-madığını bildirən Şah İsmayıl öz tabeçiliyindəkilərə dünyada yaxşı əməllərlə ad-san qazanıb, yadigar qoymağı məsləhət görürdü [57, s.411; 59, s.359]. Tarixi qaynaqlar Şah İsmayılın siyasətini, xalqa münasibətini yüksək qiymətləndirir, onun ədalətli və səxavətli bir hökmdar olduğunu qeyd edirlər [2, s.42; 61, s.122].