BÜTÖV AZƏRBAYCAN OCAQLARI
İqtidarınbədəni, bədənin iqtidarı

01:29 / 14-06-2016   /   baxış - 1391

Çoxmədəniyyətlilik niyə məhv edilir?

18-ci əsrdə “modern” və “iqtidar” sözləri yeni məna qazandı. Filosof Habermas 18-ci əsri “modernizm layihəsi” adlandırırdı. Bu layihənin memarları isə arvopalı maarifçilər idi. Maarifçilər müasirliyi və modern iqtidarı “elm və mədəni varidatdan gündəlikhəyatın zənginləşdirilməsiyolunda istifadəsi” olaraq izah edirdilər. Bunun yolu rasionallıqdan, dünyəvilikdən keçirdi.

Rasionalizm sosial təşkilatlanma formalarına və dünyəvi fikrə əsaslanır, əfsanəni, dini və inamları əsatir və ağılsızlıq hesab edir, bunları keçmiş iqtidarların, hakimiyyətlərin kefinin məhsulu və insan təbiətinin qaranlıq üzü sayır. 18-ci əsrdən başlayıb günümüzə gələn bu proses müasir insanın, onun yeni formada bədəninin və iqtidarının yaranış, inkişaf və bu gün müşahidə etdiyimiz kimi məhv olma dövrünü təşkil edir.

İqtidar və bədən

Müasir iqtidar-hakimiyyət anlayışının vəzifəsi sadəcə cəzalandırmaq, qarşı çıxmaq, təzyiq altına almaq deyil. Çünki müasir iqtidar formaları senzura qoymaq, təsirsiz hala gətirmək, əngəlləmək, həbs etmək, qısası, neqativ bir güc kimi fəaliyyət göstərsəydi, ömrü uzun olmazdı. İqtidar öz gücünü bilikdən və arzudan alır, pozitiv təsirlərdən bəslənir. Müasir iqtidar anlayışı arzu və zövqü təşviq edir, bilik istehsalçısı olub, bədənə xitab edir, davranışları istiqamətləndirir və insan bədəninin bütün maddi istəklərinin idarəçisi rolunu oynayır. Beləcə, müasir iqtidar bədənin yaradılması, tərbiyəsi, nizamlanması, formalaşdırılması üçün çalışıb işləyir. Bu iqtidar anlayışını bir hökmdar, hakimiyyətdəki bir güc deyil, köklü bir mexanizm, sistemlər birliyi təmsil edir.

Modernizm yaradıcı və inkişaf etmiş bir sistem olmaqdan əvvəl dağıdıcı bir anlayış kimi nəzərə çarpır, fəaliyyət göstərir, sonrasında yaradıcı xarakter alır. Modernizmdə dağıtmaqla yaratmaq iç-içədir. Marşal Bermanın dediyi kimi, “modern olmaq bizə macəra, hakimiyyət, həzz hissləri verir, amma eyni zamanda bildiyimiz, sahib olduğumuz hər şeyi yox edəcək davamlı bir təhlükə ilə yaşamaq məcburiyyətində qoyur”.

Göte, Marks, Bodler, Dostoyevski, Bieliy kimi bir çox fikir adamları davamlı olaraq “modernizmin insanlarda ürək bulandıran parçalanma hissi” yaratdığından danışarkən bunu nəzərdə tuturlar. Harvey haqlı olaraq modernizmin inanılacaq tək xüsusiyyətinin inamsızlıq olduğunu söylərdi.

 

Müasir iqtidarın yaranması

 

Müasir iqtidar anlayışı Avropa burjuaziyasının əsəridir. Amerikanın kəşfi ilə Avropaya milyardlarla dollar qəyərində qızıl axmağa başladı. Amma İspaniya krallığında meydana gələn və sırası ilə Avropanın digər müstəmləkə ölkələrinə sıçrayan iqtisadi böhran böyük işsizlər ordusu yaratdı. London, Paris, Madrid, Amsterdam küçələrini böhran nəticəsində işini, ailəsini və bütün bunların cəmində ağlını itirmiş on minlərlə dəli doldurmağa başladı. Misal üçün, 300 min əhalisi olan Parisdə 6 min dəli vardı. Qeyri-rəsmi tarixçilər 17-ci əsr Avropasını “dəlilər əsri” adlandırır. Bir çox ciddi cəhddən sonra dəlilərdən xilas yolu kimi “panoptikon” (nəzarət) adı verilən bir sistem tapıldı. 1656-cı ildə Parisdə “Hospital general” (ümumi xəstəxana) açıldı. Müasir tibb ilə müasir həbsxananın bünövrəsi bu tarixdə qoyuldu.

Təbabət elmi ilə cəza forması olan həbsxana qədim dövrlərdən insanlara məlum idi. Qədim və orta əsrlərdə təbabət və həbsxana insanların ruhunu sağaltmağa və saflaşdırmağa xidmət edirdi. Amma müasir səhiyyə və cəza sistemi bədənə xitab edir. Çünki insanı yenidən yaratmaq, idarə etmək və tərbiyələndirmək mexanizminin bir parçası olan iqtidar formaları ortaya çıxdı. Beləcə, müasir çağı dəlilik dünyaya gətirdi.

Dəlini tibbi, cinayətkarı isə hüquqi normlar altında nəzarətdə saxlamaq siyasi mənada onların xəstə və günahkar bədənlərini dəyişdirmək, sağaltmaq məqsədi daşıyırdı. Kapitalizm üçün əmək gücünün mənbəyi kimi insan bədəni və bu bədənin sahib olduğu istehsal gücü iqtisadi və siyasi müdaxilənin obyekti halını aldı. 18-ci əsrdə sadaladığımız təsirlərlə formalaşan yeni iqtidar anlayışına “nizamlayıcı iqtidar” adı verilir.

Panoptikon

1791-ci ildə Jeremy Bentham yeni bir həbsxana sistemi layihələndirdi. Buna “nəzarət etmək” mənasında panoptikon adı verilir. Bu, əslində sosial bir layhə idi.

Həmin layihəyə görə, cəmiyyət normal və anormal qrupda iki növ insandan meydana gəlirdi. Bütün müasir iqtidarların hədəfi normal cəmiyyət yaratmaqdır. Normal hesab edilməyənləri, cəmiyyətdən kənarlaşdırılanları, cinayətkarları, dəliləri normal sistemə qaytarmaq üçün onların sosial vəziyyətini və sosial münasibətlərini islah etməyi hədəfləyən panoptikon böyük bir nəzarət sistemidir.

Bu layhə əsasında iki pəncərəli həbsxana otağı inşa edilməli idi. Pəncərənin biri içəriyə, digəri isə azad dünyaya baxırdı. İçəridəki pəncərələr ortada yerləşən qaranlıq dəhlizə açılırdı. Bu dəhlizdə dolaşan məmur cinayətkarı 24 saat nəzarət altında saxlayırdı.

Panoptikonun hakimiyyət üçün sosial təsirləri böyük oldu. Nəzarət sistemi ilə cəmiyyəti daim təsir altında saxlamaq, iqtidara yeni bir cəmiyyət memarlığı proqramını həyata keçirmək imkanı verdi. Maraqlıdır ki, Benthamın layihələndirdiyi şəkildə real bir həbsxana tikilməsə də, belə bir cəmiyyət sistemi yaradıldı. Ordugahlar, xəstəxanalar, uşaq bağçaları, məktəblər panoptikon sistemi əsasında quruldu.

Müasir insan bədəninin yaradılması

18-20-ci əsrlər arasında Qərb cəmiyyətləri nizamlayıcı bir rejim sisteminə tabe idi. Nizamlayıcı rejim ailədən başlayır, sırayla məktəblərdə, orduda, iş yerində davam edirdi.

İlk nizamlama mərhələsi uşağın cinsi tərbiyəsi idi. İnsanın öz bədəni ilə birbaşa yaratdığı münasibət olan cinsiyyət iqtidarın əlinə keçmişdi. Beləcə, bədən hələ erkən dövrlərdən uşaqla ona nəzarət edən arasında bir mübarizə vasitəsi olmuşdu. Burada məqsəd kapitalizm üçün insan bədəninin iş gücü olaraq yetişdirilməsi idi.

Avropanın xrisitian ənənəsində bədəni qorumaq və günahlardan təmizləmək üçün etiraf sistemi vardı. Kilsənin nəzarətində olan bu sistem müasir dövrdə psixianalizmin ixtiyarına verildi. Ziqmund Freyd rahibin vəzifəsini psixiatra tapşırdı. Xristianlıqda etirafçı insan normallaşdırılıb cəmiyyətə daxil edildiyi kimi, psixianalizmdə də insan normal insan kateqoriyası vasitəsilə müəyyən iqtidar normalarını paylaşmaq məcburiyətində qoyulur. Beləcə, müasir iqtidarın bünövrəsi kimi hüquqi-tibbi əsasların təməli 19-cu əsrdə atıldı. “Müasir iqtidar” dünyagörüşü hələ ailə daxilində fərdi mükəmməlləşdirərək, bədəni və zehni mərhələ-mərhələ qurub-inkişaf etdirməklə müasir cəmiyyəti yaradırdı.

Məqsədimiz müasir həyatın, tibbin, hüququn, bütövlükdə çağdaş insanın iqtidara xas əxlaq qaydaları daxilində pozulduğunu, əxlaqsızlaşdırıldığını deyil, nəyin nə şəkildə və hansı tarixi proseslərdən adladılaraq həyatımıza daxil olduğunu izah etməkdir.

Postmodernizm

II Dünya müharibəsindən sonra Qərb cəmiyyətində radikal dəyişikliklər yaranmağa başladı. 1960-cı ildə ortaya çıxan sitüasionizm (vəziyyətçilər) cərəyanı yeni toplumu “reklam cəmiyyəti” adlandırdı. Jean Baudrillard belə cəmiyyətə media və istehlak cəmiyyəti adını verir.

Buna səbəb müasir həyatda ən inkişaf etmiş şeyin maddi məhsullar deyil, markalar olmasıdır. Beləcə, materiyanın istifadə dəyəri ilə istehsal dəyərlərinin yerini şifrələr, təqlidlər, reklamlar aldı. İqtidar özü də simvollaşdı. Postmodernizm adlanan bu proses, müasir iqtidar və cəmiyyət anlayışının sonudur. Çünki müasirlik insanı və onun bədənini tükətdiyindən (artıq istifadəyə yarasız hal aldığından) postmodern həyatda bədən və iqtidar kuklalaşır, kölgə oyununa çevrilir. Misal üçün, 20-ci əsrin əvvəllərində demokratiya bir fikir və ideologiya məhsulu ikən, günümüzdə təqlid, marka, maska məzmunu alıb. Baudrillardın dediyi kimi, postmodern prosesdə hamımız müəyyən maskalardan istifadə edərək, bu maskalardan xaric heç bir şeyin “həqiqət” olmadığına inanırıq.

Yüksək mədəniyyətlə kütlə mədəniyyəti və ticarət mədəniyyəti arasında hüdudların qalxdığı postmodern mədəniyyətdə hər şey mədəni standartlara çevrilir, keyfiyyəti olmayan kiçik kəmiyyət dəyərləri mədəniyyət olaraq qəbul edilir, nəticədə sehirlənmiş bir cəmiyyət yaranır. Çoxmədəniyyətlilik acı hisslər kimi iqtidar üçün postmodern həyatın prinsipinə çevrilir.

Modern sistemdə bədənin hər cür radikallığı, “şıltaqlığı” iqtidarın nəzarətində saxlanıldığı halda, çoxmədəniyyətli postmodernizmdə bədən - üstündəki iqtidarı məhv edən bir davranış yiyəsi olur.

Modern iqtidarın məhvi “böyük Qərb mədəniyyəti”nin tənəzzülü hesab edildiyindən, çoxmədəniyyətliliyi Qərb iqtidarı rədd etməyə başladı. Çünki bədən iqtidar vasitəsi olaraq müasir Qərb mədəniyyətinin nəzarətindən çıxmaqdadır.

ƏKBƏR NƏCƏF

 



Şirvani Ədilli: “Səfillər” əsərində ailə dəyərləri
23:01 / 29-08-2021
Marksizm-leninizm ideologiyası bəşəriyyətə nə verdi?
22:18 / 01-07-2017
“Nəfsdən” əl çəkərək Haqq yoluna qayıdaq
22:15 / 02-10-2016
Müqəddəs Qurban bayramı - Dilavər Əzimli
15:27 / 11-09-2016
İqtidarın bədəni, bədənin iqtidarı
13:40 / 24-02-2016
Faiq Qəzənfəroğlu: “Milli mədəniyyətə əsaslananlar multikulturalizmin əsil mahiyyətini yaxşı dərk edirlər”
20:58 / 04-02-2016
KƏRƏM MƏMMƏDOV: “İSLAM TÖRƏSİNDƏ ÜÇ, YEDDİ, QIRX MƏRASİMİ OLMAYIB…”
22:43 / 09-10-2015
İranda qadağan olunmuş kitab Türkiyədə nəşr olunub
14:48 / 20-08-2015
İslam dünyasının liderləri Moskvaya toplaşacaq
18:11 / 28-07-2015
QƏRBİN ANTİ-İNSANLIQ FƏLSƏFƏSİ
16:17 / 30-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - 16 günün SİYAHISI
11:30 / 28-06-2015
Avropa Oyunları: 10-cu günün sonunda Medalların Siyahısı
15:10 / 22-06-2015
20 iyun: MEDAL sıralamasında son durum
14:21 / 21-06-2015
Bakı-2015: Kim neçə medal qazanıb? - Siyahı
03:21 / 16-06-2015
Avropa Oyunlarında hansı ölkə neçə medal qazanıb? - SİYAHI
15:54 / 14-06-2015
Beyinlə idarə olunan protezlər
09:09 / 07-06-2015