BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“SON 15 DƏQİQƏ” – YENİ MİLLİ FİLM (MÜSAHİBƏ+FİLM)

09:20 / 11-12-2016   /   baxış - 2254

Son zamanlar sosial-psixoloji problemlərin gündəmdə olduğunu nəzərə alaraq gənc dostlarımız, film yaradıcıları - “D Media” qrupu “Son 15 dəqiqə” adlı yeni bir film çəkmişdi. Bir həvəskar jurnalist, ssenarist, yazar, həvəskar rejissor, aktyor və sənətşünas olaraq onları – yaradıcı heyəti bir araya yığıb həmin film və ümumkino yaradıcılığı barəsində söhbətləşdim. O müsahibəni sizlərə təqdim edirəm:

    İlk müsahibim Azərbaycan Mədəniyyət və İncəsənət universitetinin tələbəsi, Akademik Milli  Dram teatrının əməkdaşı, filmin quruluşçu rejissoru və baş rolun ifaçısı, gənc istedadlı aktyor və rejissor, Ənvər Məmmədov oldu:

-         Ənvər bəy, öncəliklə sizi min bir əziyyətlə, dərin zəhmətlə ərsəyə gətirdiyin yeni filmin üçün təbrik edirəm. Arzu budur, bu kimi layihələrin, uğurlarınız bol olsun. İndisə sizə bir sual verərək müsahibəmizə başlamaq istəyirəm. Sizin bu səhv etmirəmsə artıq 3-cü filmindir ki, burada sosial mövzulara toxunmusunuz. Sualım belədir ki, bu kimi sosial məqsədli və mövzulu filmlərlə siz kinosevərlərə və topluma nə demək istəyirsiniz?

-         Mən də sizə təşəkkür edirəm, əziyyət çəkib bizə dəstək olaraq bizi burada yığdığınız və bu filmi mətbuatda işıqlandırmaq istədiyiniz üçün. Və bu filmdə əziyyəti olan hər kəsə, özəlliklə filmin ssenaristi, operatoru və montajçısı olan Vahab Dadaşlı qardaşımıza, sonra filmin texniki və s. məsələləri üçün əlindən gələni edən və filmdə rol alaraq bizi şərəfləndirən Azər Şirinova, daha sonra ikinci rejissorumuz Yusif İsmayılova, aktyorlar Lətafət Nuriyevaya, Nigar Poladlıya, Fatimə Mövlamlıya, eləcə də aramızda olaraq bizi qürurlandıran, illərin sənətkarı peşəkar aktyor Sərdar Namazova, gənc aktyorlar Cəlil Nəbiyevə, Orxan Cavadzadəyə, xüsusilə dostumuz, bu sahədə kifayət qədər təcrübəsi olan Məmməd Vəliyevə, öz gözəl səsiylə filmə ayrı bir gözəllik qatan, mətni oxuyan Afaq Vahabqızına,  rekvizitlərdə bizə kömək olmuş Vahidə Qədimova və İlham Elxanoğluya, kostyum üzrə mütəxəssis İradə Hüseynovaya, əlavə olaraq filmə göstərdikləri köməyə görə Binəqədi Bələdiyyəsinin heyətinə, xüsusilə Aytac Əliyevaya, Kamil Həmzəoğluna, Zakir Məmmədova, Fəxrəddin Əlizadəyə, Yusif İsmayılova və digər bütün əməkdaşlarımıza dərindən təşəkkürümüzü bildirir, hamıya dəstək olduqları üçün film heyəti adından “çox sağ olun” deyirəm.

Sualınıza gəldikdə isə, belə cavab verə bilərəm ki, bu kimi mövzular hər zaman xüsusilə diqqətimi çəkmişdir. Və filmlərimdə sosial mesajlar daha çox yer verməmin əsasında insanlara müraciətim durur. İnsanlara əsil, sözün həqiqi mənasında gerçək insanlığın nə demək olduğunu, yaradılışın fəlsəfi mənasını və dünyamızın həqiqi dəyərini çatdırmaq istəyirəm. İstəyirəm ki, bu filmləri izləyənlər özlərinin həqiqətdə kim olduqlarını dərindən düşünsünlər. Özlərini idrak etsinlər. Cismən və ruhən insan olmanın gözəlliyini və özəlliyini anlasınlar. Bir-birilərinə qarşı münasibətlərinə fikir versinlər. Dünyaya yanaşma tərzlərini gözdən keçirsinlər. Yaşamın dəyərini, həyatın özünü anlasınlar, mənimsəsinlər. Və bilsinlər ki, bu dünyada yaşamımız əməllərimizlə ruhumuzun vəhdətindən çox asılıdır. Biz ruhən nə qədər saf, düşüncəmizdə sağlam olsaq da, bunları əməllərimizlə göstərməsək, gerçək insanlıq naminə yaxşılıqlar etməsək, həqiqətən də “insan” deyə varlıqdan uzaqlaşarıq. Və nəticədə biz Tanrının sevdiyi deyil, sevmədiyi bəndələrindən olarıq, beləliklə sonumuz fəlakət olar...

-         Təşəkkür edirəm. Etiraz etmirsinizsə, film haqqında ətraflı daha çox yaradıcı heyətin digər üzvlərilə danışaq istərəm, çünki kifayət qədər insan var burda. (gülümsəmə)

-         Əlbəttə, buyurun.

-         Sizə isə ikinci sualım növbəti layihələriniz haqqında olacaq. Sirr deyilsə onlar haqqında qısaca məlumat verərdiniz?

-         İrəlidə, inşallah, layihələrimiz çoxdur. Çox güman ki, bunlardan üçü yenə sosial olacaq. Belə deyim, “Son Məktub” müqəddəs şəhidlərimizə aid, “Tənha Kloun” insanlıq haqqında fəlsəfi fikirlərə aid, üçüncü filmim isə dəyərli qocalarımıza aid olacaq. Bu mövzuya toxunmağımın məqsədi isə özəlliklə son zamanlar media orqanlarımızın işıqlandırdığı bəzi hadisələrdə gördüyümüz acı həqiqətlərdir. Nədəndir bilinməz, amma orta yaşlı nəslin, daha yaşlı nəslə münasibəti bir mənalı deyil. İnsanlar bir-birinə qarşı, özəlliklə yaşlı nəslin nümayəndələrinə  son dərəcə radikal və soyuqqanlı yanaşırlar. Halbuki, əslində belə olmalı deyil, nəzərə alarsaq ki o yaşlı nəsil bizləri min əziyyətlə yetişdirən, böyüdən təbəqədir, o zaman biz onların zəhmətini, əziyyətini, bizim üçün atdıqları hər addımın dəyərini bilməliyik. Unutmamalıyıq ki, vaxt gələcək və bu gün etinasız yanaşdığımız qocalarımızın yerində bizlər olacağıq. Və onlara qarşı etdiyimiz hər səhvin nəticəsi olaraq bizdən sonrakı gənc nəsil də bizə qarşı qəddar olacaq. Çünki bu gün atdığımız hər addım, düşündüyümüz hər bir fikir genefondumuza təsir edir və orada dərin izlər buraxır. Təbii olaraq, bizlər sağlam tərbiyənin, normal qayğının nəticəsiyiksə, bütün yaxşı xüsusiyyətlərimizlə dəyərli valideynlərimizə borcluyuqsa, zaman-zaman onların atdığı yaxşı addımları yamsılamışıqsa, onda deyə bilərik ki, bizim də övladlarımız əməllərimizin nəticəsindən asılı olaraq bizə münasibət göstərəcəklər.  Heç birimiz də gələcək də pis münasibət görmək istəmədiyimiz üçün, hal-hazırda yaşlı nəslə qarşı diqqətli olmalıyıq...

-        Təşəkkür edirəm. Sizə yaradıcılığınızda və həyatınızda uğurlar arzu edirəm...

   

    İkinci müsahibim Şimali Kipr Doğu Akdeniz Universitetinin tələbəsi, filmin ssenari müəllifi, operatoru və montajçısı, gənc, istedadlı ssenarist, operator və montajçı Vahab Dadaşlı idi:

-         Vahab bəy, soruşmaq olarsa filmin ssenarisinin ideyası ağlınıza necə gəldi, hansı şəraitdə buna qərar verdiniz?

-         Ənvər qardaşım, gəlib dedi ki, belə bir mövzuda festival keçirilir və ona qatılmaq istəyi var. Və məndən bu layihədə kömək istədi. Mən də öz dostuma dəstək olub ssenarini yazdım. Ssenarinin quruluşu, ideyası, ana fikri isə televiziyada tele serial izləyərkən ağlıma gəldi və oradakı bir ölüm səhnəsindən təsirləndim. Əlavə olaraq deyə bilərəm ki, filmin sujetində şəxsi həyatımdan bir hekayə var.  O da doğma babamın ölüm hadisəsidir...

-         Filmdən nə dərəcədə umduğunuzu alabilmisinizmi, yəni yazdığınız ssenarinin bu şəkildə gerçəkləşməsindən razısınızmı?

-         Əlbəttə. Deməliyəm ki, düşündüyümdən daha yaxşı bir şey alındı. Buna görə də Ənvər qardaşım başda olmaqla bütün film heyətinə minnətdarlığımı bildirirəm...

   

    Növbəti müsahibim Bakı “Kölgə” Teatrının aktyoru, filmə “baba” obrazıyla xüsusi özəllik qatmış, peşəkar aktyor, böyük sənətkar Sərdar Namazov oldu:

-         Sərdar müəllim, sizə ilk sualım belə olacaq, rola və filmə münasibətiniz barəsində danışardınız zəhmət olmasa. Bir peşəkar kimi sizin fikirləriniz bizim üçün çox vacibdir.

-         Filmin mövzusu çox aktual mövzudur. Ümumən bəşəri mövzudur, hətta, deyərdim. Filmdə yalnız ölkəmizi deyil, bütün dünyanı düşündürən vacib bir məsələni qabardılmışdır. Siqaretin insanlara vurduğu ziyan, dəhşətli nəticələri hazırda bütün dünya üçün qlobal bir problem halına çevrilmişdir. Və belə bir vacib və fövqəladə bir mövzunun gənc rejissor Ənvər Məmmədov tərəfindən bu dərəcə gözəl işlənməyi bir peşəkar sənətçi kimi məni çox valeh etdi. Eləcə də düşünürəm ki, filmdəki dramatik, bədii xətt vasitəsiylə mövzudakı ali məqsəd tamaşaçıya doğru şəkildə çatdırılmışdır.

Rola gəldikdə isə deməliyəm ki, çox bəyənib həvəslə oynadığım obrazdır. Və o obrazın vasitəsiylə filmin ana süjeti tamaşaçıyla bilavasitə qovuşur. Çünki düşünürəm ki, filmdə ölüm səhnəsi tamaşaçıya ən çox təsir edən, onu kədərləndirən, eyni zamanda dərindən düşünməyə vadar edən səhnədir. Onu da layiqincə oynamışamsa, türklər demiş, nə mutlu mənə...

  

    Sonrakı müsahibim filmin ikinci rejissoru və aktyoru Yusif İsmayılovun film haqqındakı fikirləri:

-         Yusif müəllim, siz necə fikirləşirsiniz, bu film topluma öz sözünü yetərincə deyə biləcəkmi?

-         Bəli, təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, film çox uğurlu alınıb. Öz sözümüzüyetərincə deyə bilmişik. Və Ənvər qardaşımla birlikdə çəkdiyimiz dərin zəhmətin nəticəsi olaraq, film öz təbliğati yönünü saxlamaqla bədii süjet vasitəsiylə izləyicilərə kifayət qədər dolğun şəkildə çatacaqdır. Bunu söyləməyə isə mənə artıq filmə aldığımız çoxsaylı müsbət rəylər və yaradıcı heyətin film haqqında uzun müzakirəsi imkan verir...

 

    Aktrisa Nigar Poladlı ilə müsahibəmizdən:

-         Ənvər bəylə film və oynadığınız rol haqqında tanışlığınız barəsində danışardınız, zəhmət olmasa.

-         Biz Ənvər bəylə Səbinə xanım vasitəsiylə tanış olduq. İlk növbədə məni cəlb edən filmin mövzusu oldu. Çünki qeyd edildiyi kimi, çox aktual mövzulu filmdir. Ssenariyə gəldikdə isə, filmin sinopsisini və süjet xəttini bəyəndiyim üçün filmdə oynamağa qərar verdim. Və düşünürəm ki, olduqca uğurlu bir iş alındı...

   

   Neçə-neçə filmlərə öz fərqli obrazlarıyla rəng qatmış filmin aktyoru Azər Şirinov:

-         Filmdə hər şeydən öncə olduqca mehriban, gülərüz, bir-birini anlayan, daim bir-birinə dəstək olan mükəmməl bir komanda iştirak etmişdir. Və bu da filmin uğur qazanmasına kömək olmuşdur. Bəzən görürsən ki, bir çox filmlərdə peşəkar rejissor, aktyor və mükəmməl texnika işləməsinə baxmayaraq film elə də yaxşı alınmır. Çünki, filmin özəyi olan yaradıcı heyətin arasında müəyyən soyuqluq, uzaqlıq olur. Amma bu filmdə bayaq dediyim kimi, hər cəhətdən bir-biriylə bütövləşmiş gözəl insanlar iştirak etdiyi üçün, işləmək də asan oldu, bacarığımızı kifayət qədər ortaya qoya bildik. Şəxsən mən, belə bir komandanın üzvü olduğum üçün fəxr edirəm...

 

    Gənc, istedadlı aktrisa Fatimə Mövlamlı:

-         Filmə və obrazıma münasibətim çox müsbətdir. Həyat yoldaşının siqaret səbəbindən vəfat etdiyinin dəhşətini yaşayan bir xanımı oynamaqla düşünürəm ki, real həyatda bu kimi faciələrlə qarşılaşan xanımlarımıza bir ithaf xarakterini daşımışam. Sənətə böyük həvəsim və Ənvər bəyin xüsusi quruluş qabiliyyəti əsasında olduqca təsir edici bir ailə dramını oynadığımı fikirləşirəm...

 

    Filmin gözəl aktrisası Lətafət Nuriyevanın söylədikləri:

-         Filmin məqsədi, süjeti, hekayəsi tamamən qlobal bir problemə toxunduğu üçün və filmdə işlənən bədii xəttin izləyicilərə təsir imkanlarını nəzərə alaraq deyə bilərəm ki, bu film yetərincə səs gətirəcək, insanları bir daha məlum məsələ haqqında düşünməyə vadar edəcək və ən əsası qısa insan ömrünün dərin mənasını hər kəsə anlatacaqdır. Dünənin, bu günün, sabahın necə sürətlə keçdiyini düşünən insanlar bu film vasitəsiylə bir daha özlərini və həyatı dərk edib ibrət alacaqlar...

 

Sonda film heyətini bir daha təbrik edib, onlara gələcək nailiyyətlərində uğurlar arzu etdim. Və xahişimlə yaradıcı heyətlə birlikdə bir xatirə şəkli də çəkdik. Ənvər Məmmədov və komandasından yeni-yeni, maraqlı layihələr görmək ümidiylə...

 

FİLM:

 

Müsahibəni apardı: Elşən İsmayıl

Həvəskar jurnalist, ssenarist, yazar, həvəskar rejissor, aktyor və sənətşünas



Şirvani Ədillinin “Tək vətən sevgisi bəsdir” adlı yeni kitabı nəşr olunub
23:07 / 11-01-2023
Şirvani Ədilli: Qan Turalının meyxana haqqında fikirlərinə cavab
14:45 / 25-05-2022
“Folklorçular” İctimai Birliyi 3 günlük “Dastan gecələri”nin keçirilməsini təşkil edib
00:19 / 03-05-2022
“Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda Konfrans keçirmişdir
22:55 / 20-04-2022
Təbrizdə Rza Bərahəninin xatirəsi anılıb-VİDEO
15:00 / 27-03-2022
Həsən Dəmirçinin yubileyi qeyd olunub
23:48 / 31-12-2021
Arzu Qazıyevanın filminin təqdimatı oldu
01:29 / 26-12-2021
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
19:48 / 21-03-2021
KİTABLAR GÖRÜNMƏZ QANADLARIMIZDIR
21:01 / 14-11-2020
QHT tərəfindən kənd kitabxanalarında kitabların müzakirəsi həyata keçirildi.
15:05 / 30-10-2020
Şirvani Ədilli: Aqşin Yeniseyin tarix və mədəniyyətimizi aşağılayan yeni kitabı haqqında
01:22 / 04-05-2020
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!
11:56 / 20-03-2020
Şirvani Ədilli: Ağa Məhəmməd şah Qacar bədii əsərlərdə
21:20 / 08-01-2020
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Gəncə şəhərində yekun tədbirini keçirib
03:41 / 08-11-2019
Yeni ildə türk dili və ədəbiyyatı ixtisasına rəğbət artıb – Təbriz Universitetində
12:40 / 12-08-2019
Həmədan aşıqları haqda qələmə alınan nəfis əsər işıq üzü görüb
22:52 / 13-07-2019