BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Tofiq Bayram: Azərbaycan deyəndə (şeir)

00:15 / 23-12-2014   /   baxış - 2417

Tofiq Bayram: "Seçilmiş əsərləri". Bakı-2005 (elektron kitab).

 

Azərbaycan deyəndə

 

Vətən mənim bu günüm,

Sabahkı toy-düyünüm.

Haqqım var ki, öyünüm

Azərbaycan deyəndə.

Ürəklərdə döyünüm,

Azərbaycan deyəndə.

 

"Hər ölkəyə, hər elə,

Olsun hörmət", deyirəm.

"Vətənindir, vətənin,

İlk məhəbbət", deyirəm.

"Onun şöhrət tacıdır,

Şeir-sənət" deyirəm.

Mən vətənə, "Füzuli,

Abbas Səhhət" deyirəm!

Mən vətənə, "Sabiri

Doğan qeyrət", deyirəm!

Mən vətənə, "Üzeyir,

Müşfiq, Səməd", deyirəm!

"Günəş kimi müqəddəs

Bir həqiqət", deyirəm,

Azərbaycan deyəndə.

"Dünya məni dinləsin,

- Diqqət, diqqət!",deyirəm.

Azərbaycan deyəndə!...

 

Azərbaycan deyəndə,

Ləpələr şairləşir.

Anaların bətnində,

Qara gözlü körpələr

Pələngləşir şirləşir.

Azərbaycan deyəndə,

Müdrik qocalar kimi

Dağlar da fikirləşir...

 

Azərbaycan deyəndə

"Haralısan?" sualı,

Verənlərə ar olur.

Qeyrətlilər birləşir,

Qeyrətsizlər xar olur...

 

Azərbaycan deyəndə!

Dostdan sovqat, muştuluq,

Düşməndən bac alaram,

Azərbaycan deyəndə!

İşıq sütunu kimi

Sabaha ucalaram,

Azərbaycan deyəndə!

Körpüləri, sədləri

Sinəmlə parçalaram.

Sərhəd məftillərində,

Bu kobud əllərimlə

Bir muğamat çalaram,

Azərbaycan deyəndə!

 

Azərbaycan! - Bu nida

Qayaları silkələr.

Sal daşların köksündə

Çiçək bitər, gül bitər.

Azərbaycan deyəndə,

Təbim coşar, sel gələr,

Sanma şöhrət pərdəsi,

Ürəyimi kölgələr,

Azərbaycan deyəndə.

Gözümdə doğmalaşar

Bütün xalqlar, ölkələr,

Azərbaycan deyəndə!