BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Qərbi Azərbaycan gəlir indeksinə görə ölkə vilayətləri arasında axırıncılardandır – Millət vəkili

20:18 / 01-09-2015   /   baxış - 783

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili bölgə əhalisinin gəlir səviyyəsindən danışıb.

GAMAC Təşkilatının rəsmi saytında yayılan məlumata görə, Nadir Qazipur “Fars” xəbər agentliyinin müxbiri ilə danışıqda deyib:

“Təəssüflə Qərbi Azərbaycan əhalisi illik gəlir baxımından yaxşı vəziyyətdə deyil. Ümumiyyətlə gəlir indeksinə görə Qərbi Azərbaycan ölkə vilayətləri arasında axırıncı 3 vilayətdən biridir. Vəziyyətin düzəlməsi üçün bu kimi məsələlər diqqət mərkəzində olmalıdır.”

Millət vəkili əlavə edib ki, “Qərbi Azərbaycan iqtisadi baxımdan olduqca zəifdir, əhalinin gəliri isə sözün əsl mənasında azdır. Bu vəziyyət digər sahələrə də öz təsirini göstərib. Qərbi Azərbaycan vilayətində təhsil səviyyəsinin aşağı olması, səhiyyə işləriniz durumu və s. kimi sahələrdə olan problemlər əhalinin iqtisadi vəziyyəti ilə bir başa əlaqəlidir. Ona görə də bu məsələyə xüsusi diqqət ayrılmalıdır.

Bölgənin ağır iqtisadi durumundan şikayətlənən Qazipur çıxış yolu göstərməyə də çalışıb. O bildirib ki, “Qərbi Azərbaycan istehsal, sənaye, turizm və s. kimi sahələrdə böyük potensiala malikdir və bu sahələrdə sərmayə yatırmaq sərfəlidir. Biz bölgəyə sərmayə yatırımçılarını cəlb etməklə yeni iş yerləri  yaradıb və bölgənin inkişafına təkan verə bilərik.”