Bəxtiyar Vahabzadə (1925-2009)
Bəxtiyar Vahabzadə: Mənim ana dilim - VİDEO
Mənim ana dilim mənim kimliyim,
Pasportum, özumə öz hakimliyim,
Mənim mənliyimin füsunkarlığı
Danışan kamalı, ağlıdır dilim.
Millətin varlığı, yurdun varlığı
Sənin varlığına bağlıdır, dilim.
Məni həm babamla, həm də nəvəmlə,
Bağlayıb uzanan tarix bağımsan.
Dünənim, sabahım üstəlik hələ,
Mənim öz hünərim, səs bayrağimsan.
Sənsiz adım haram, vətənim haram
Ana südü kimi halalım dilim.
Harda sən varsansa, orda mən varam,
Ey mənim ulduzum, hilalım dilim.
Daşlardan süzüldün sən zaman-zaman
Gözəldir suların daşdan keçməsi.
Yarandı dum-duru damcılarından
Bayatı çeşməsi dastan çeşməsi.
Mənim ana dilim, möcüzəm, sehrim,
Çəpərlər dağıdar, qapılar qırar.
Bəzən bircə kəlmə ən dərin fikrin
Üstünə nur salıb cilalandırar.
Fərqini bilməyib ağla qaranın,
Adam var bu dili yad sayar bu gün.
Dədəsi bu dildə cəbhə yaranın,
Özü oözgə dildə banlayar bu gun.
Hansını söyləyim, mismi, dəmirmi,
Yalnız öz səsiylə cingildəmirmi?
Mis səsi bənzəməz dəmir səsinə
Onların dilidir onların səsi.
Bənzəməz bülbülün təranəsinə
Qarğa qarıltısı, hop-hop nəğməsi.
Nə yarpaq, nə külək, nə metal, nə quş
Səslənmir, oxumur özgə dilində.
Bəs sənə nə düşüb, ay dili yanmış,
Yad dildə ötürsən öz mənzilində.
Namusdan bixəbər, vicdandan uzaq,
Vəzifə kürsüsü məramdır sənə.
Vətənin dilini sevməyən alcaq,
Vətənin cörəyi haramdir sənə...
Mənim mənliyimin füsunkarlığı,
Danışan kamalı, ağlıdır dilim,
Vətənin varlığı, xalqın varlığı,
Sənin varlığına bağlıdır, dilim.