BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Şirvani Ədilli: Xocalı adlı bir faciəmiz var (şeir)

21:18 / 06-02-2021   /   baxış - 1767

Şirvani Ədilli

 

Xocalı adlı bir faciəmiz var (VİDEO-youtube)

Demə bu dünyada nəsibmiş bizə,
Xocalı adlı bir faciəmiz var,
Qanla yazılıbdır tariximizə,
Unutmaz heç zaman bu el, bu diyar,
Xocalı adlı bir faciəmiz var!

Orda bir el-oba, yurd talanıbdır,
Köksümüz üstündə od qalanıbdır,
Orda namusumuz tapdalanıbdır,
Allah göz ola kor, qulaq ola kar,
Xocalı adlı bir faciəmiz var!

Yoğruldu bu elin qanla torpağı,
Qılıncdan keçrildi körpə uşağı,
Çəkildi bir zülm, vəhşilik dağı,
Tanrı dərgahına çıxdı ahu-zar,
Xocalı adlı bir faciəmiz var!

Allahdır yaradan axı insanı,
O verib insana vücudu, canı,
Zülmün, vəhşiliyin var bir divanı,
Zülmünə məhkumdur zalım, zülmkar,
Xocalı adlı bir faciəmiz var!

Xocalı dildə bir dərd kəlməsidir,
Bir gün yox, bir əsrin faciəsidir,
Bu haray, bu fəryad haqqın səsidir,
Eşitsin bu dünya, olsun xəbərdar,
Xocalı adlı bir faciəmiz var!

Bəsdir qəmə batdıq, bəsdir hüzn, yas,
Babalardan bizə mərdlikdir miras,
Namərd yağılardan alaraq qisas,
Bir gün edəsiyik biz onları xar,
Xocalı adlı bir faciəmiz var!

Fevral, 1999