BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Şirvani Ədilli: Tək vətən sevgisi bəsdir (şeir)

22:53 / 13-07-2019   /   baxış - 2841

Şirvani Ədilli

 

  Tək vətən sevgisi bəsdir  (VİDEO - Youtube)

 

Bir vətən sevgisi bəsdir ürəyində

Alasan sonsuz olan bir gücü ondan,

Açasan bir yeni meydan.

Açıla hər sabahın bir yeni istəkdə,

                                               həvəsdə,

Qoyasan dağı dağ üstə.

Uca, əlçatmaz olan zirvələri

                    fəth edəsən hər əməlinlə,

Aya, ulduzlara da yol açasan,

                                           sən öz əlinlə.

Bir vətən sevgisi bəsdir

Gələsən sən ən ağır dərdə, əziyyətlərə üstün,

Edəsən dünyada mümkünsüzü mümkün.

Bir vətən sevgisi bəsdir ki,

                     neçə möcüzə də gerçəyə dönsün!

 

Bir vətən sevgisi bəsdir ürəyində

Sürəsən ümrünü mənalı, gözəlliklə dolu,

Tutasan doğru yönü, doğru yolu.

Bir vətən sevgisi bəsdir ki,

         o sevginlə ölüm kabusuna güc gələsən,

Çatasan bir əbədi ömrə,

                             ölümsüzlüyə sən!

 

O vətən sevgisi bir sevgi ki,

           aləmdə ucaldar səni yüksəklərə hər an,

Sən o sevginlə olarsan təmiz insan,

                                            gözəl insan,

                                                      böyük insan.

 

Bir vətən sevgisi bəsdir ürəyində

Olasan Tanrına bəndə,

Edəsən varlığını vicdana təslim,

Çıxasan nəfsinə hakim,

Olasan bir əsl insan, əsl alim!

 

Bir vətən sevgisi bəsdir

         sevəsən sən bütün insanlığı qəlbdən,

             olasan məzluma dost, zalıma düşmən,

Edəsən haqqa və insanliğa xidmət,

Qoy vətən sevgisi üstündə də

                   xoşbəxtliyə çatsın bəşəriyyət!

Qoy bütün dünyanın insanları öz yurdunu sevsin,

Xöş gedər göydə Xudaya.

Çünki, zatən bəşərin düşdüyü min

                                    dərdə, bəlaya

Başqa bir çarə əbəsdir,

Tək vətən sevgisi bəsdir!

 

19.10.2017.