BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Məmməd Araz: Məndən ötdü, qardaşıma dəydi... (şeir)

21:33 / 06-02-2021   /   baxış - 2907

Məmməd Araz (1933-2004)

 

 

MƏNDƏN  ÖTDÜ,  
QARDAŞIMA  DƏYDİ...


   Bəxtiyar  Vahabzadəyə

Ey daşlaşan, torpaqlaşan
            ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
            ulu babam!
Küləkləşən, dumanlaşan ruhunla sən
Ayağa dur, səninləyəm!
            Səs getməyən,
            əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə sən:
Sənə gələn,  səndən ötən
            nəydi belə? -
Səndən ötüb qardaşına dəydi belə?
Bununlamı neçə dəfə
Ata-oğul, qardaş hissi haçalandı,
Bir şəhərin
Beş qardaşın xanlığına parçalandı?
O zamanmı bitdi bizim
            dilimizin
            “sənin”, “mənim” qabarı da?
O zamanmı bitdi bizim
            dilimizin
          “haralısan” damarı da?..
Səninləyəm, ulu babam!
Bu məsəli kimdi yazan?
Hansı soysuz ata idi
Ataların imzasını
Çəkib, ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram,
Ruhunuzu qıyma-qıyma doğrayaram
Qara Çoban,
Dəli Domrul.
Ey Xan Eyvaz,
Giziroğlu Mustafabəy,
Əgər ki, siz
Bu məsələ qol çəkdiniz!
Sonra, sonra hansınızsa
Xalqa gələn bir qəzadan
Öz başını yana əydi.
O qəza bir topa dönüb
Səttarxanın tifaqına
            yaman dəydi,
Məndən ötdü!...
Məndən ötdü!..
Sevincə bax, qeyrətə bax!
Bunu yazan xilqətə bax!
Məndən ötdü!..
Qulağımdan getmir bu səs,
Zərbələri qardaşına,
Sirdaşına ötürən kəs
Elə bil ki, bax bu gecə
Qulağımın dibindəcə
Xətainin süqutuna
        qəh-qəh çəkdi.
        Sonra, sonra
Səhərəcan başına yüz qədəh çəkdi.
O qəhqəhin dalğasından,
O məstliyin baş fırladan
Havasından
        qopan daşdı -
Azərbaycan torpağında
Araz boyda şırım açdı.
Məndən ötdü...
Bunu dedi Şəki xanı.
Bunu dedi Bakı xanı,
Bunu dedi İbrahim xan,
Fətəli xan, Kəlbəli xan...
Qəza ötsün məndən, - dedi,
Ötən kimi “mən-mən” dedi:
“Mən-mən” dedi bir ölkədə
        nə qədər xan.
Onlar “mən-mən” deyən yerdə
Sən olmadın, Azərbaycan!
Səni səndən alıb belə
Yüz illərlə uyutdular.
Səni səndə ələdilər,
Səni səndə üyütdülər.
Dibək oldun öz duzunla,
        öz daşınla.
Ögey oldun
        doğma, ekiz qardaşınla -
Məndən ötdü deyənlərin qeyrətindən,
Namusunu yeyənlərin qeyrətindən!
Məndən ötdü... Məndən ötdü!
Ey daşlaşan, torpaqlaşan,
        ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
        ulu babam!
Ayağa dur!
Dəfn etdiyim məsələnin
        Baş daşına
Bir təəssüf xatirəsi yazıb, yondur:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
        Vətən, vətən, sənə dəydi...

1967.
 



Cəfər Cabbarlı: Azərbaycan bayrağına (şeir)
11:45 / 02-11-2022
Məhəmmədhüseyn Şəhriyar: Azərbaycan (şeir)
14:04 / 25-10-2022
Sabir Yusifoğlu: Bu sevgİ – Türk… (şeir)
13:46 / 27-03-2022
Məmməd Araz: Ayağa dur, Azərbaycan (şeir)
13:21 / 03-04-2021
Səməd Vurğun: Yandırılan kitablar (şeir)
11:56 / 13-03-2021
Bəxtiyar Vahabzadə: Mənim ana dilim (şeir)
22:14 / 21-02-2021
Qabil: Mərsiyə (20 yanvar şəhidlərinə - şeir)
22:11 / 21-02-2021
Şirvani Ədilli: Xocalı adlı bir faciəmiz var (şeir)
21:18 / 06-02-2021
Məmməd Araz: Azərbaycan – dünyam mənim (şeir)
20:47 / 06-02-2021
Qurban Təbiətoğlu: Bayrağım (şeir)
13:48 / 10-06-2020
Sayman Aruz: Bizləri TÜRK edən qanacaq... (şeir)
00:17 / 03-06-2020
Bəxtiyar Vahabzadə: Vətən marşı (şeir)
13:44 / 21-03-2020
Məmməd Araz: Vətən desin (şeir)
13:50 / 20-03-2020
Şirvani Ədilli: Tək vətən sevgisi bəsdir (şeir)
22:53 / 13-07-2019
Məhəmməd Hadi: Mən bir günəşəm... (şeir)
16:19 / 15-06-2018
Tofiq Bayram: Ana dilim (şeir)
23:46 / 21-02-2018