Bütöv Azərbaycan Ocaqları (BAO) və Güney Azərbaycan
Demokrat Partiyasının (GADP) beynəlxalq təşkilatlara
(BMT, ATƏT, AŞ, AB) və xarici ölkə səfirliklərinə
MÜRACİƏTİ
İranda yaşayan, sayı 35 mln.-dan çox olan yerli Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda mübarizə aparan Yeni GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) təşkilatının Mərkəzi Komitəsinin (MK) 5 üzvü – Lətif Həsənli, Yürüş Mehrəlibəyli, Mahmud Fəzli, Behbud Quluzadə və Şəhram Radmehr İran rejiminin onların hər birinə əsassız olaraq 9 il həbs cəzası verməsinə və bütün milli-mədəni fəallara qarşı ədalətsiz qərarlarına etiraz əlaməti olaraq 13 iyul, 2013-cü il tarixindən həbsxanada aclıq aksiyasına başlamışlar. Artıq 22-ci gündür ki, aclıq aksiyası davam edir. Milli fəallarımızın səhhətlərində ciddi problemlər yaranıb. Lətif Həsənli infarkt keçirdiyindən durumu təhlükədədir. Yürüş Mehrəlibəylinin onurğasında, Mahmud Fəzlinin isə prostat vəzisində problem var. Behbud Quluzadə böyrək ağrısından, Şəhram Radmehr isə sinir sistemindəki problemlə əlaqədar baş ağrılarından əziyyət çəkir. Alınmış son məlumatlara görə fəalların durumu günü-gündən pisləşməkdədir, onlar xeyli arıqlayıblar və rəngləri solub. Bütün bunlara baxmayaraq şovinist rejim onların haqlı tələblərini yerinə yetirməyə heç bir meyl göstərmir. Lakin şovinist fars rejimi onu da bilməlidir ki, milli fəalların bu aksiyası Güney Azərbaycan türklərinin milli-mədəni problemlərini ölkə daxilində və beynəlxalq aləmdə gündəmə gətirməklə böyük bir nailiyyətə imza atmışdır.
Biz, həbsxanada aclıq aksiyasını davam etdirən milli fəalların fiziki durumlarının ağırlığından narahatlığımızı bildirir və bir daha beynəlxalq təşkilatları, aparıcı demokratik dövlətləri insan haqları və beynəlxalq hüquq normalarını əsas götürməklə şovinist fars rejiminə mümkün sivil vasitələrlə təzyiq göstərməyə çağırırıq.
Bütöv Azərbaycan Ocaqları
www.bao.az
ocaqlar@bao.az
ocaqlar@mail.ru
Güney Azərbaycan Demokrat Partiyası
www.gadp.se
info@gadp.se
Bakı, 03.08.2013.