22 aprel 2023-cü il tarixində yeni yaradılmış "Gütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin (GAKM) təqdimat mərasimində qəbul olunmuş sənədlər:
Güney Azərbaycan Koordinasiya Mərkəzinin
Nizamnaməsi
I. Ümumi prinsiplər
I.1. Güney Azərbaycan Koordinasiya Mərkəzi (bundan sonra GAKM) Azərbaycanın bütövlüyü, o cümlədən Güney Azərbaycan türklərinin, eləcə də Qaşqay, Xorasan və Türkmənsəhralı qardaşlarımızın milli haqları uğrunda mübarizə aparan ictimai və siyasi təşkilatları (siyasi partiyalar, Qeyri-Hökumət Təşkilatlarını (QHT) və s.) özündə birləşdirən ictimai birlikdir.
I.2. GAKM-nin məqsədi Azərbaycanın bütövlüyü, o cümlədən Güney Azərbaycan, eləcə də İİR-da yaşayan başqa türklərin milli haqları uğrunda mübarizə aparan ictimai və siyasi təşkilatların fəaliyyətini koordinasiya etmək, onların birgə və daha effektiv fəaliyyətini təşkil etməkdir.
II. GAKM-in fəaliyyət formaları
II.1. GAKM öz fəaliyyətini dünya ölkələrinin qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun şəkildə qurur, sivil və demokratik bütün mübarizə üsullarından istifadə edir, zorakılığı, terrorizmi və digər qeyri-sivil mübarizə metodlarını rədd edir.
II.2. GAKM öz məqsədini həyata keçirmək üçün dəyirmi masalar, müzakirələr, konfranslar, mühazirələr, seminarlar, görüşlər və b. ictimai tədbirlər və aksiyalar təşkil edir, müxtəlif təkliflər və layihələr irəli sürür.
II.3. GAKM bütün informasiya vasitələrindən istifadə etməklə regionda və dünyada baş verən ictimai-siyasi hadisələrə öz münasibətini bildirir.
III. GAKM–də üzvlük
III.1. GAKM-də üzvlük kollektivdir. GAKM-nun Nizamnaməsini qəbul edən və onun fəaliyyətində aktiv iştirak etmək istəyən hər bir ictimai və ya siyasi təşkilat GAKM-ə üzv ola bilər.
III.2. GAKM üzvlüyünə qəbul, üzv olmaq istəyən təşkilatın yazılı və ya elektron müraciəti əsasında Koordinasiya Şurasında (bundan sonra KŞ) səsvermə yolu ilə həyata keçirilir.
III.3. GAKM-də üzvlüyə üzv təşkilatın və ya KŞ-nın qərarı ilə xitam veriılə bilər. Üzvlüyə xitam verilməsi üçün üzv təşkilatın istəyi və ya KŞ-nın qərarı yetərlidir.
IV. GAKM-in idarəetmə orqanları
IV.1. GAKM-nun ali orqanı KŞ-dır. KŞ GAKM-ə üzv təşkilatların başqanları və ya bir nəfərlik təmsilçilərindən təşkil olunur.
IV.2. KŞ-nın iclasları ayda iki dəfədən az olmayaraq adi və ya onlayn şəkildə keçirilir. Növbədənkənar iclaslar BAKM-in başqanı tərəfindən və ya KŞ üzvlərinin 1/3-nin təşəbbüsü ilə çağırıla bilər. KŞ-nın iclaslarına BAKM-in başqanı sədrlik edir.
IV.3. KŞ, üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. KŞ-da qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.
IV.4. Koordinasiya Şurası:
– GAKM-in fəaliyyətinə kollegial rəhbərlik edir, onun fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir;
– GAKM-in Nizamnaməsini qəbul edir, ona dəyişikliklər və əlavələr edir;
– GAKM-in başqanını seçir.
Təşkilatların GAKM üzvlüyünə qəbulu və GAKM üzvlüyündən çıxarılması haqqında qərarlar qəbul edir;
– GAKM-in icra strukturlarının yaradılması və rəhbərlərinin təyin edilməsi haqqına BAKM başqanının sərəncamlarını təsdiq edir;
– Əsasnamələri təsdiq edir;
– Müxtəlif tədbirlərin keçirilməsi və onlara vəsait ayrılması haqqında qərar qəbul edir;
– GAKM-in məqsəd və məramına uyğun olaraq təkliflər və layihələr irəli sürür;
– Öz səlahiyyətləri daxilində digər qərarları qəbul edir.
IV.5. GAKM-in cari fəaliyyətinə GAKM-in başqanı rəhbərlik edir. GAKM başqanı KŞ üzvlərindən növbəli şəkildə KŞ tərəfindən altı ay müddətinə seçilir.
IV.6. GAKM-in başqanı:
– GAKM-i təmsil edir və onun adından çıxış edir;
– GAKM-in icra strukturlarının yaradılması və rəhbərlərinin təyin edilməsi haqqına sərəncamlar verir;
– GAKM-nin cari fəaliyyətinə dair qərarlar verir və bu barədə KŞ-na hesabat verir;
– Öz səlahiyyətləri daxilində digər funksiyaları həyata keçirir.
VII. GAKM-in fəaliyyətinə xitam verilməsi
VII.1. GAKM-in fəaliyyətinə KŞ tərəfindən məhkəmə qaydasında və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda xitam verilə bilər.
VII.2. GAKM-in fəaliyyətinə xitam verildikdə onun əmlakının sonrakı taleyi KŞ tərəfindən qanunvericiliyə müvafiq şəkildə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına
Güney Azərbaycan Koordinasiya Mərkəzi (GAKM) tərəfindən
MÜRACİƏT
Hörmətli cənab Prezident.
Bildiyiniz kimi Azərbaycan Respublikasının hüdudlarından kənarda, indiki İran İslam Respublikasında (İİR), tarixi Azərbaycan torpaqlarında yaşayan Azərbaycan Türklərinə, eləcə də Qaşqayı, Xorasan və Türkmən Səhralı qardaşlarımıza qarşı hakim fars rejimi tərəfindən yüz ilə yaxındır ki, assimilyasiya – farslaşdırma siyasəti aparılır. Bu ölkədə türklərin milli kimliyini aradan qaldırmaq üçün hər vasitədən istifadə edilir, onlara qarşı etnik zəmində sistemli cinayətlər törədilir, soydaşlarımız repressiyalara, o cümlədən həbslərə, sürgünlərə və edamlara məruz qalırlar.
İİR-da min illərlə yaşayan türklərin ana dilində təhsil almaları qadağan edilib, hətta ailələr evdə uşaqlarla fars dilində danışmağa məcbur edilir. Rejimin əli ilə aparılan təbliğatla Azərbaycan türklərinin milli kimliyi aşağılanır, lağa qoyulur, ümumən türklər öz milli kimliyinə, vətəninə, tarixinə nifrət etməyə sövq edilir.
Bu ölkədə Azərbaycan Türklərinin kompakt yaşadığı ərazilərdə sistemli şəkildə ekoloji terror törədilir. Belə ki, bu ərazilərə qəsdən göstərilən laqeyd münasibət nəticəsində Urmu gölünün qurudulmasına şərait yaradılır, radioaktiv maddə tullantıları məhz bu ərazilərdə torpağa basdırılır və bu da radioaktiv şüalanmaya və zəhərlənmyə səbəb olur. Buranın yeraltı və yerüstü sərvətlərinin gəlirləri daha çox farsdilli əhalinin yaşadığı əyalətlərin abadlaşmasına və inkişafına xərclənir.
Gələcəkdə digər xalqlarla qarşıdurma yaradılması məqsədilə müxtəlif yollarla Azərbaycan ərazilərində, eləcə də başqa türk bölgələrində süni demoqrafik dəyişikliklər aparılır.
Bir sözlə, hazırda İran adlanan dövlətdə yaşayan bütün türklərə qarşı bir mənəvi soyqırım siyasəti həyata keçirilir.
İİR Azərbaycan Respublikasına qarşı öz riyakarlığını 44 günlük Vətən Müharibəsi zamanı, həmçinin, Azərbaycanın qələbəsini həzm edə bilmədiyi üçün müharibədən sonra daha aşkar şəkildə büruzə verməyə başladı. İranın anti-Azərbaycan siyasəti və fəaliyyəti artıq elə bir mərhələyə gəlib çatdı ki, Sizin tərəfinizdən də dövlət səviyyəsində İrana ciddi mesaj verildi. Bununla da Azərbaycan dövlətçiliyinə qarşı addımların atıla bilməyəcəyini, milli mənafelərimizə və milli təhlükəsizliyimizə qarşı hansısa təxribati fəaliyyətlərin aparılmasına yol verilməyəcəyini açıq şəkildə vurğuladınız.
Artıq regionda geosiyasi və təhlükəsizliklə bağlı hər hansı prosesin aparılmasında Azərbaycan söz sahibi olan bir dövlətdir. İnanırıq ki, bundan sonra İran adlanan dövlətin Azərbaycana qarşı atdığı istənilən təxribat xarakterli addımı cavabsız qalmayacaq, eyni zamanda, Azərbaycan dövləti Güney Azərbaycan və başqa türklərə qarşı şovinist İran rejimi tərəfindən aparılan mədəni soyqırım siyasətinə göz yummayacaq.
Hörmətli Prezident,
Biz, yeni təsis edilmiş Bütöv Azərbaycan Koordinasiya Mərkəzi (BAKM) olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda, əsasən də İİR-da yaşayan soydaşlarımızın haqlarının qorunması yönündə aşağıdakı tədbirlərin həyata keçirilməsinə dövlət səviyyəsində dəstək verməyinizi Sizdən xahiş edirik:
- İran dövlətində Azərbaycan türkcəsinə rəsmi dil statusunun verilməsi, o cümlədən Güney Azərbaycanda yaşayan soydaşlarımızın məhrum edildiyi müstəsna haqqı olan ana dilində təhsil almaq hüququnun təmin edilməsi;
- İran ərazisində, əsasən də Güney Azərbaycan ərazilərində türk dilində xəbərlər, mədəni proqramlar, ana dili dərsləri və s. kimi proqramları özündə əks etdirən televiziya kanalları və başqa media qurumlarının yaradılması;
- İran rejimi tərəfindən bütün türklərə qarşı etnik zəmində sistemli cinayətlərin törədilməsi, soydaşlarımızın repressiyalara, o cümlədən həbslərə, sürgünlərə və edamlara məruz qalmaları kimi hüquq pozuntularının Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və bu hüquq pozuntularının qarşısının alınması məqsədilə müvafiq addımların atılması;
- İran hakimiyyətinin bilərəkdən göstərdiyi laqeyd münasibət nəticəsində ekoloji terrora məruz qalmış Urmu gölünün yenidən canlandırılması istiqamətində Beynəlxalq müstəvidə İrana təzyiq göstərilməsi;
- İran dövlətinin atom-nüvə proqramında istifadə etdiyi radioaktiv maddə tullantılarının Güney Azərbaycanın Binab, Zəncan və Ərdəbil ərazilərində basdırılmasından yaranan radioaktiv şüalanma nəticəsində həmin bölgələrdə xərçəng xəstələrinin sayının çoxaldığını nəzərə alaraq, bu prosesin qarşısının alınması üçün Beynəlxalq təşkilatlar qarşısında məsələnin qaldırılması;
- Güney Azərbaycanın və başqa türk bölgələrinin yeraltı və yerüstü sərvətlərindən gələn gəlirin İran hakimiyyəti tərəfindən daha çox farsdilli əhalinin yaşadığı əyalətlərin abadlaşmasına və inkişafına sərf edilməsinin qarşısının alınması istiqamətində addımların atılması;
- Qərbi Azərbaycan ostanında və eyni zamanda Xəzər dənizinin cənub-qərb sahilləri boyunca yerləşən qədim Azərbaycan torpaqlarında İran rejimi tərəfindən bilərəkdən demoqrafik dəyişikliklərin aparılmasının qarşısının alınması;
- Müxtəlif terror qruplaşmalarında olan silahlı kürdlərin İraq-Suriya ərazilərindən ekoloji terrora məruz qalmış Urmu bölgəsinə köçürülməsi ilə bölgənin demoqrafik dəyişikliyə məruz qoyulmasına – kürdləşdirilməsinə qarşı öncədən məqsədyönlü addımların atılması;
- Azərbaycan Respublikasında fəaliyyət göstərən Qadın, Uşaq və İnsan hüquqlarını müdafiə təşkilatlarınin koordinasiyalı fəaliyyəti ilə Güney Azərbaycanda yaşayan soydaşlarımızın, eləcə də başqa türk qardaşlarımızın hüquqlarının beynəlxalq təşkilatlar qarşısında müdafiəsi işinin təşkili;
- Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Güney Azərbaycan istiqamətində fəaliyyətinin gücləndirilməsi;
- Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan bütün türklərin Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrində dövlət hesabına ödənişsiz təhsil almalarının təmin edilməsi;
- Soydaş haqqında Azərbaycan Respublikasının qanununun qəbul edilməsi.
Güney Azərbaycan Koordinasiya Mərkəzi
Bakı, 22.04.2023
GüNey Azərbaycan Koordinasiya Mərkəzinin (GAKM)
şovinist İran rejiminə qarşı
BƏYANATI
100 ilə yaxındır ki, xarici güclərin dəstəyi ilə Qacarlar dövlətində hakimiyyəti ələ keçirmiş şofinist fars rejimi ölkənin reyri-fars xalqlarına, o cümlədən ölkə əhalisinin yarısından çoxunu təşkil edən türklərə qarşı assimilyasiya – farslaşdırma siyasəti aparır. Dünyanın elə bir ikinci dövləti yoxdur ki, orada ölkə əhalisinin yarısından çoxunu təşkil edən, sayı 10 milyonlarla olan bir xalqın dili rəsmi statusa malik olmasın. Türk dili İranda nəinki rəsmi statusa malik deyil, hətta bu dildə ibtidai və orta tədris belə aparılmır, həmçinin türk dili bu ölkədə bir dil kimi də orta və ali məktəblərdə tədris olunmur. Farslaşdırma siyasətinə qarşı çıxan, öz milli haqları uğrunda mübarizə aparan fəallar isə bu ölkədə ən sərt repressiyalara və işgəncələrə məruz qalırlar.
Bir əsrə yaxın aparılan farslaşdırma siyasətinə rəğmən, bu gün İran dövlətində qeyri-fars xalqları, o cümlədən əhalinin yarıısından çoxunu təşkil edən türklər öz dillərini, milli varlıqlarını əsasən qoruyub saxlaya biliblər. Lakin hazırkı informasiya texnilogiyalrı əsrində belə yasaqlar altında yaşamaqla həmin xalqlar öz milli varlıqlarını tamamı ilə itirmək təhlükəsi qarşısındadırlar.
İran rejimi iqtisadi məsələlərdə də ayrıseçkilik siyasətini həyata keçirir, türklərin yaşadığı bölgələrdə əhalinin rifahının aşağı olmasına qəsdən şərait yaradır. Urmu gölünün qurumasının qarşısının alınmaması, bölgənin radioaktiv şüalanmaya məruz qoyulması da buna əyani misaldır.
Məcburi baş örtüsü tələbini yerinə yetirmədiyinə görə İran vətəndaşı Məhsa Əmininin polis bölməsində qətlə yetirilməsindən sonra ölkədə başlamış kütləvi etirazlar üç aydan çox davam etdi və bütün ölkə ərazisini bürüdü. Etirazçılar rejimdən milli, dini, siyasi və digər azadlıqların təmin olunmasını tələb etdilər. Bu etiraz aksiyalarında Azərbaycan Türkləri də fəal iştirak etdi. Aksiyalarda ölkə üzrə 20 minə yaxın etirazçı saxlanıldı, 60-dan çoxu uşaq olmaqla 500-dən çox etirazçı, o cümlədən 200-dən çox Güney Azərbaycan türkü rejim qüvvələri tərəfindən qətlə yetirildi. Saxlanılan şəxslər ağır işgəncələrə və təcavüzə məruz qaldılar.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu gün İran dövlətində dünyada analoqu olmayan milli zülm və ədalətsizlik hökm sürməkdədir. Beynəlxalq hüquq normalarına görə insan haqları heç bir dövlətin daxili işi deyil.
Biz, Bütöv Azərbaycan Koordinasiya Mərkəzi (BAKM) olaraq İran dövlətində öz milli və siyasi haqları uğrunda şovinist rejimə qarşı fədakarcasına mübarizə aparan bütün xalqlara dəstək olduğumuzu bildirir, İran rejiminin həyata keçirdiyi sərt repressiyaları pisləyir, bu repressiyaların dərhal dayandırılmasını tələb edir və bəyan edirik ki, şovinist fars rejiminin əsarətində yaşayan xalqların milli-siyasi haqlarının və təhlükəsizliyinin təmin olunması üçün sonadək mübarizə aparacağıq.
Güney Azərbaycan Koordinasiya Mərkəzi
Bakı, 22.04.2023
Güney Azərbaycan Koordinasiya Mərkəzinin (GAKM) dünya Azərbaycanlılarına
MÜRACİƏTİ
Dəyərli soydaşlarımız, Azərbaycanın quzeyi və güneyində, dünyanın müxtəlif qitə və ölkələrində yaşayan böyük Azərbaycan xalqı!
Bu gün dünya yenidən düzənlənir, bütün ölkələr və xalqlar yeni qurulacaq dünyada öz yerlərini tutmaq, maraq və nüfuz dairəsini genişləndirmək üçün əl-ələ verib birləşir, var qüvvəsi ilə çalışırlar. Hesab edirik ki, bu baxımdan dünyada birləşmək və bütövləşməyə ən çox ehtiyacı olan xalq məhz Azərbaycan türkləridir. Tarixən bütün Yaxın və Orta Şərqdə nizam və ədalətin təmin olunmasında ən aparıcı etnos olan, onlarla dövlət yaratmış Millətimiz bu gün əsarət və istibdad rejimlərindən əziyyət çəkir. Yer üzünə 50 milyondan artıq soydaşımızın səpələndiyi halda, Arazın quzeyində cəmi 10 milyonluq əhalinin yaşadığı bir dövlətimiz vardır – Azərbaycan Respublikası. Bildiyiniz kimi, buradakı dövlətimiz və xalqımız da 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən bu günədək mövcudluq və milli özgürlük uğrunda açıq və gizli düşmənlərə qarşı mübarizə aparmaqdadır.
2022-ci ilin sentyabrından başlayaraq İran adlı ölkədə bütün xalqlar ən adi insan hüquq və azadlıqlarının təmin olunması uğrunda mübarizə aparmaq üçün üç aydan artıq meydanlarda oldular. Bu etiraz aksiyalarında yüzlərlə ölən və yaralananlar oldu, şovinist fars rejimi dinc aksiyalarda iştirak edən onlarla fəalı edam etdi.
Dünyada Azərbaycan Türklərinin ən çox sayda yaşadığı ölkə olan İran İslam Respublikasında etnik zəmində ən çox təzyiq və diskrimasiyaya məruz qalan yenə Azərbaycan xalqıdır.
Biz, Bütöv Azərbaycan Koordinasiya Mərkəzi (BAKM) olaraq, o taylı-bu taylı xalqımızı, eləcə də dünyanın çeşidli bölgələrində yaşayan bütün soydaşlarımızı birlik və bərabərliyə, güneyli yurddaşlarımızın ədalət və özgürlük mübarizəsinə dəstək olmağa çağırırıq.
2020-ci il II Qarabağ savaşında güneydə və müxtəlif ölkələrdə yaşayan yurddaşlarımızın dövlətimiz və ordumuz ətrafında bir yumruq kimi birləşdiyi qədər indi də güneylilər üçün birləşmək və bütövləşməyə böyük ehtiyac vardır. Bu gün harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızı birliyə, bərabərliyə, bütövlüyə dəvət edir, özəlliklə, güneyli soydaşlarımızın, eləcə də başqa türk xalqlarının milli ədalət və özgürlük mücadiləsinə dəstək olmağa səsləyirik.
Ey uca millətimiz, dəyərli soydaşlarımız, tarixin bizə verdiyi fürsət və şansı qaçırmamalı, vaxtı və zamanı düzgün dəyərləndirməli, bütün firqə, təşkilat və partiya maraqlarını kənara qoyub bir araya gəlməli, hamılıqla çəkici bir zindana vurmalıyıq. Bu gün birlik-bərabərlik, həmrəylik və bütövlük uğrunda mübarizə üçün bəlkə də ən uyğun zamandır! Tarixin bizə verdiyi fürsət və şansı qaçırmamalıyıq. Tanrı yardımçımız olsun!
Bütöv Azərbaycan Koordinasiya Mərkəzi
Bakı, 22.04.2023
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi
Antonio Gutterrişə
Cənab Baş Katib,
Tarix boyu İran coğrafiyasında qurulmuş türk dövlətlətində heç bir milli ayrı-seçkilik olmamış, heç bir etnosa qarşı assimilyasiya siyasəti aparılmamışdır. 1925-ci ildə İranda şovinist fars-pəhləvi rejiminin hakimiyyətə gəlməsindən sonra isə, bütün qeyri-fars xalqlarına, o cümlədən milli coxluq olan türklərə qarşı ayrıseçkilik və assimliyasiya siyasəti aparılmağa başlanmışdır. 1979-cu il inqilabı nəticəsində İran İslam Respublikası (İİR) qurulduqdan sonra da eyni şovinist siyasət davam etdirilmiş və bu günədək davam etməkdədir.
Hazırda İİR-nın 80 milyondan çox əhalisinin yarıdan çoxunu türklər təşkil edir. Buna baxmayaraq, ölkədə çoxluq təşkil edən bu xalqa qarşı İran şovinist iqtidarı tərəfindən daim assimliyasiya və ayrı-seçkilik siyasəti aparılır. Buraya ibtidai, orta və ali məktəblərdə ana dilində təhsilin qadağan edilmsi, təhsil və iş imkanlarından məhrumetmə, müxtəlif xidmət sahələrində, o cümlədən səhiyyə sahəsində diskriminasiya, dövlət strukturlarında işə götürməmə, milli mədəniyyətindən uzaq tutulma, milli mənsubiyyətin təhqiri və aşağılanması, iqtisadi məhrumiyyətlər, türklər yaşayan bölgələrin iqtisadi inkişafına qəsdən əngəllər yaradılması, həmin bölgələrin ekoloji terrora məruz qoyulması və s. hallar daxildir.
Bu ölkədə əksəriyyətini Azərbaycan türkləri təşkil edən 40 milyondan çox türkün dili rəsmi dil kimi tanınmamışdır. Dövlət idarələrində, məhkəmələrdə türklər anladıqları və danışdıqları dildə danışa, yaza və oxuya bilmirlər. Türkcə KİV-nin olmaması ilə yanaşı, Azərbaycan türkləri, eləcə də başqa türk xalqları bütün istiqamətlərdə dil ilə bağlı təhqirlər və qadağalarla üzləşirlər. Azərbaycan Türklərinin ana dilinin tarixi təhrif edilir və aşağılanır. Ana dili hüququnu tələb etdiyinə görə isə insanlar ən sərt repressiyalara məruz qalırlar.
Urmu gölü Azərbaycan Türklərinin kompakt yaşadığı bölgədə yerləşir. Həmin bölgənin Türklərdən təmizlənməsi məqsədilə Urmu gölünün qurumasına qarşı hökumət tərəfindən heç bir qabaqlayıcı tədbir görülməmiş, gölün 80 faizindən çoxu qurumuşdur. Bu ekoloji terror nəticəsində 10 milyondan çox insanın həyatı təhlükə altında qalmıçdır. Həmçinin təbii fəlakətlər zamanı türklər yaşayan bölgələrə yardımlar edilmir, yerli əhali çətinliklərlə baş-başa qoyulur, problemlərinə etinasız yanaşılır. Türklər yaşayan bölgələrdə sosial-iqtisadi və mədəni layihələr həyata keçirilmir, əksinə sosial-iqtisadi təminatı kəsmək, ağır sənaye, fabrik və zavodların fəaliyyətini dayandırmaq, ekoloji şəraiti əlverişsiz duruma gətirmək, milli adət-ənənələrin inkişafına mane olmaq, tarixi abidələri məhv etmək və əhəmiyyətsizlik yaratmaq kimi vasitələrdən istifadə edilərək bölgənin türklərdən təmizlənməsi siyasəti həyata keçirilir.
Sadalanan bu problemlərlə bağlı İİR-da yaşayan Azərbaycan Türklərinin və başqa türk xalqlarının milli-mədəni fəalları on illərdir ki, sivil və hüquqi mübarizə aparırlar. Beynəlxalq hüququn tərkib hissəsi olan əsas insan hüquq və azadlıqları uğrunda mübarizə apardıqlarına, bu hüquqları tələb etdiklərinə görə minlərlə Azərbaycan Türkü rejim tərəfindən təqib edilərək həbsxanalara atılmış, öz doğma yurd-yuvasından didərgin salınmışdır.
Məcburi baş örtüsü tələbini yerinə yetirmədiyinə görə İİR vətəndaşı Məhsa Əmininin polis bölməsində qətlə yetirilməsindən sonra ölkədə başlamış, Azətbaycan Türklərinin də qoşulduğu kütləvi etirazlar bütün ölkə ərazisini bürüdü və üç aydan çox davam etdi. Etirazçılar rejimdən milli, dini, siyasi və digər azadlıqların təmin olunmasını tələb edirdilərlər. Bu etiraz aksiyalarında 500-dən çox etirazçı rejim qüvvələri tərəfindən qətlə yetirildi.
Cənab Baş Katib,
İİR-da rejimin apardığı şovinist və antidemokratik siyasət Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Mülki və Siyasi Hüquqlar haqqında Paktın 1-ci hissəsinin 1, 3, 27-ci, II hissənin 2.1-ci, III hissəsinin 26-cı maddələrinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2, 18, 19, 20, 26.2 maddələrinə, BMT Nizamnaməsinin 55, 73(A) maddələrinə, müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsində və Helsinki Yekun Aktında da qeyd edilən hüquq və prinsiplərə, həmçinin İİR Konstitusiyanın dövlət dili haqqında 15-ci maddəsinə, “Millətin hüququ” adlı III fəslinə daxil olan 19, 20, 23, 27, 34, 48-ci və b. maddələrə, şuralar haqqında 7-ci fəslin 100 və 103-cü maddələrinə ziddir və bu ölkədə insanların milli və fərdi azadlıqları kobud şəkildə pozulur.
İİR-da yaşayan xalqların, o cümlədən on milyonlarla Azərbaycan Türkünün milli və fərdi hüquq və azadlıqlarının təmin olunmasının bölgədə və dünyada sülhün bərqərar olmasına, xalqların dayanıqlı inkişafına müsbət təsirini və beynəlxalq təhlükəsizlik üçün əhəmiyyətini unutmamalıyıq. İİR-da rejimin etiraz edən əhaliyə qarşı tətbiq etdiyi sərt repressiyalar regionda beynəlxalq təhlükəsizlik üçün ciddi təhdidedici proseslərə təkan verə bilər.
Bütün bunları nəzərə alaraq, İİR-da yaşayan xalqların, o cümlədən Azərbaycan Türklərinin hüquq və azadlıqlarının təmin edilməsi məsələsinin BMT tərəfindən nəzarətə götürülməsi, bu istiqamətdə beynəlxalq sənədin qəbul edilməsi və İİR-na beynəlxalq hüquq çərçivəsində təsir və təzyiqlərin göstərilməsi üçün lazımı addımların atılmasını Sizdən xahiş edirik.
Güney Azərbaycan Koordinasiya Mərkəzi
Bakı, 22.04.2023