Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib. Təbrikin mətni aşağıdakı kimidir:
2020-ci il sentyabrın 27-dən etibarən başlanan və 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu düşmən işğalında olan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.
Azərbaycan Respublikası Dövlət başçısının 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq başda Bütöv Azərbaycan və Türkiyə olmaqla, bütün Türk dünyasını 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edir, bayrağımızın azad dalğalanmasına səbəb olan bütün şəhidlərimizi hörmət və ehtiramla yad edir, yaralı Qazilərimizə Allahdan şəfa diləyirik.
O gün olsun ki, Azərbaycanın bütövləşməsi, Bütöv Azərbaycanın yaranması gününü bayram kimi qeyd edək.
BAO Mətbuat Xidməti.
Bakı, 08.11.2021.