Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Azərbaycan Demokratik Cümhuriyyətinin işğalının 100 illiyilə bağlı keçirilən onlayn konfransın
Q Ə T N A M Ə S İ
Biz, konfrans iştirakçıları hesab edirik ki, 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən silahlı qüvvələrini Azərbaycana yeritmiş və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyinə son qoymuşdur. Bunun ardınca milli hökumətimizin yerində yaratdığı Azərbaycan Sovet Sosialist Respublikasının müstəqilliyini tanıyan RSFSR, onun təşəbbüsü ilə1922-ci ilin 30 dekabrında yaradılan SSRİ-nin timsalında bu işğalçılıq faktını rəsmiləşdirmişdir. 71 il ərzində Sovet Rusiyası Azərbaycan xalqına qarşı daima müstəmləkəçilik siyasəti yürüdərək onun milli müstəqillik və suverenlik hüquqlarını tapdalamış, təbii sərvətlərini amansızcasına istismar etmişdir.
Azərbaycan xalqı Sovet Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı mübarizəsini 71 il ərzində daima davam etdirmiş və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə bu mübarizənin yekunu olmuşdur. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının birinci maddəsində də göstərilmişdir ki, “1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin”. Konstitusiya Aktının ikinci maddəsində isə “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir” cümləsi əksini tapmışdır.
Çox təəssüflər olsun ki, dövlət müstəqilliyimizin bərpasından sonra bir çox hallarda varislik prinsipinə əməl olunmamış, Azərbaycan Cümhuriyyəti dövründə qəbul edilmiş ümummilli səviyyəli bir çox qərar və qanunlar (dövlət dilinin adı, vətəndaş kimliyi, dövlət sərhədlərinin müəyyənliyi və s.) nəzərə alınmayaraq Azərbaycan SSR dövründə məcburi şəkildə qəbul olunmuş qərar və qanunlara üstünlük verilmişdir.
Azərbaycan Respublikasının fevralın 9-da formalaşan VI çağırış Milli Məclisi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının maddələrini pozaraq 30 mart 2020-ci il tarixdə “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) ilə bağlı yubiley medalının təsis olunması haqqında” qanun layihəsini müzakirəyə çıxarması da cümhuriyyətçilik priniplərinə tamamilə ziddir. Hesab edirik ki, Milli Məclis səlahiyyət həddini aşaraq Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında göstərilən “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir” maddəsini pozmuş, faktiki olaraq Azərbaycan Sovet Sosialist Respublikasının varisi kimi çıxış etmişdir. Bizim fikrimizcə, təklif olunan medalın bu cür adlandırılması həm Dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının maddələrini pozmaq, həm də 1941-45-ci illər müharibəsinin İkinci Dünya müharibəsinin tərkib hissəsi olduğunu inkar etməkdir.
Bütün bunları nəzərə alaraq, biz, konfrans iştirakçıları hesab edirik ki, 27 aprel 1920-ci il tarixi Azərbaycanda İşğal Günü kimi qeyd olunmalı, ölkə təqviminə qara gün kimi düşməli və “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) ilə bağlı yubiley medalının təsis olunması haqqında” qanun layihəsinə yenidən baxılmalıdır. Təklif edirik ki, bu medal “İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 75 illliyi (1945-2020)” adı ilə təsis olunsun.
Bütöv Azərbaycan Ocaqları
Bakı, 26 aprel 2020-ci il.