Bütöv Azərbaycan Ocaqları (BAO) bir neçə gün öncə İrana məxsus yanacaq daşıyan yük avtomobillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yanacaq daşıması faktının üzə çıxması ilə əlaqədar bəyanat yayıb. Bəyanatın mətni aşağıdakı kimidir:
Bütöv Azərbaycan Ocaqlarının
BƏYANATI
Bir neçə gün öncə İran dövlətinə məxsus yanacaq daşıyan yük avtomobillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə yanacaq daşıması faktı üzə çıxmışdır. Bu fakt şovinist İran-fars rejiminin işğalçı, türk və müsəlıman düşməni Ermənistanla nə qədər yaxın dostluq və müttəfiqlik münasibətlərində olduğunu, Azərbaycan Respublikasına münasibətdə isə hansı mövqedə dayandığını bir daha nümayiş etdirdi.
Biz – Bütöv Azərbaycan Ocaqları olaraq Azərbaycan Respublikasının ali hakimiyyət orqanlarının İran dövlətindən bu qanunsuz hərəkətlərə aydınlıq gətirməsini tələb etməsini, bu dövlətlə münasibətlərdə belə xoşagəlməz faktların nəzərə alınmasını istəyirik.
Bu fakt həm də İranın özünü guya islam dinini təmsil edən, müsəlmanlığın təəssübünü çəkən bir dövlət kimi göstərməsinin nə qədər saxta və yalan olduğunu bir daha ifşa etdi, rejimin iç üzünü bir daha açdı. Bir daha aydın oldu ki, qondarma İran-fars rejimi öz hakimiyyətini qoruyub saxlamaq üçün hansı dinə, hansı siyasətə qulluq etməsindən asılı olmayaraq hər bir dövlətlə müttəfiq, dost olmağa hazırdır.
O da məlumdur ki, İran rejimi ölkəmizdə olan bir qrup inanclı insanı dini təbliğat vasitəsiylə öz təsiri altında saxlamağa, nəticədə əhali arasında özünə idarə edilən sosial dayaqlar yaratmağa çalışır. Biz – Bütöv Azərbaycan Ocaqları olaraq insanları ayıq olmağa, şovinist rejimin bu təbliğatına uymamağa, onun çirkin siyasətinə alət olmamağa çağırırıq.
Bütöv Azərbaycan Ocaqları
Bakı, 18.04.2020.
BAO.AZ.