BÜTÖV AZƏRBAYCAN OCAQLARI
II BÜTÖV AZƏRBAYCAN FORUMU (17/12/2022)

22:47 / 17-12-2022   /   baxış - 1240

17 dekabr 2022-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə "Astoria Bakı" otelinin konfrans salonunda II Bütöv Azərbaycan Forumu keçirildi. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyügündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaq idi.

İlk olaraq Azərbaycanın dövlət himni səsləndikdən sonra BAO-nun dünyasını dəyişən üzvləri Dilavər Əzimlinin və Ənvər Börüsoyun xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra BAO başqanı Zahir Əlisoy Forumu açıq elan etdi.  Z.Əlisoy İranın sökülmə prosesi başlandığını qeyd etdi. O, forum adından 4 sənədin hazırlandığını və başqa fikirlərin və əlavələrin də ola biləcəyini tədbir iştirakçılarına çatdırdı.

Tədbir iştirakçılarından Laçındakı aksiyaya dəstək müraciətinin qəbul edilməsi də təklif olundu. Daha sonra söz çıxışlara verildi

GADP başqanı Mahmud Bilgin: Bu gün 17 Azər Güneyin soyqırım günüdür. 36 min adam soyqırıma məruz qalıb. 30 ildi millətləşmə çabaları göstəririk.

"Soydaş" İB-dən Kamran Ramazanlı: Borçalıda 206 Azərbaycan məktəbindən 106 məktəb, 8 min müəllimdən 3 min müəllim qalıb. Tədrisdə türk dilini azaldıb rus və ingilis dillərini artırıblar.

GAMDT sədri Məcid Araz: Güney Azərbaycanda bölgələri farslar ələ keçirir. Media olaraq güclənməliyik. Sizdən gözləntimiz güney mediasına yardım etməkdir. Kordinasiya şurası önəmlidir. Orada Millət vəkillərinin də olması önəmlidir.

Millət vəkili Fəzail Ağamalı: Gec-tez İranın dağılması, ya da dəyişilməsi qaçılmazdır.  Biz birinci variant sürətləndirməliyik. Hədəfimiz budur. Mən də hesab edirəm ki,  Kordinasiya şurası yaradılmalıdır. Eyni zamanda fars və ingilis dillərində telekanallar açılmalıdır.  Güney Azərbaycan Mühacir hökumətini yarada bilərik.

GAMQH-dan Eldar Qaradağlı (onlayn): Güney Azərbaycan milli azadlıq hərəkatını irəli aparmaq üçün maliyyə dəstəyinə ehtiyacımız var. Eyni zamanda, bununla bağlı media lazımdı.

Əlirza Zamanlı: Azərbaycanın güneyi ilə  bağlı xəbərlar əsasən Bakıdan yayılır. Güneylə bağlı xəbərlər farsca da yayılsa yaxşı olar.  Burdakı güneylilərin durumu yaxşı deyil. Kordinasiya Şurası tezliklə yaranmalıdır.

Millət vəkili Ceyhun Məmmədov: Çox  vacib tədbirdir. Bilirik ki, Dünya azərbaycanlılarının problemləri var. Bu gün isə əsas məsələ Güney Azərbaycanla bağlıdır.  Ona görə də Kordinasiyalı fəaliyyət önəmlidir.

Millət vəkili Razi Nurullayev: Mən hesab edirəm ki, Kordinasiya şurası lazımdır. Bu mübarizəni illərdir aparırıq. Danışıqlar üçün həm yerli, həm regional və vahid beynəlxalq təşkilat lazımdır.

Türkoloq Firudin Ağasıoğlu: Azərbaycan türklərinin qarşısında ciddi problemlər var. Bütün bunların həlli üçün strateji araşdırma mərkəzi yaradılmalıdır. Güney Azərbaycanla Türkiyə arasında “Kürd” zolağı yaratmağa çalışırlar. Bunu,  qəbul etmək mümkün deyil.

Bünyamin Qənbərli: Güney Azərbaycanla bağlı Təhsil layihələri həyata keçirilməlidir və kadrlar hazırlanmalıdır. Koordinasiya şurası isə iş görmək üçün yaradılmalıdır.

BAO fəalı Faiq Ələkbərli: BAO olaraq əsas məqsədimiz Azərbaycanın bütövlüyünə, yəni Bütöv Azərbaycan dövlətinə nail olmaqdır. Əlbəttə,  bu yolda fərqli baxışların olması təbiidir. Ancaq biz, BAO olaraq  daim Azərbaycanın gec-tez bütövlüyünə nail olacağına inanmışıq. Bu forumu keçirməkdə də məqsədimiz onun daha qısa müddətdə gerçəkləşməsi yollarını axtarıb tapmaqdır.

Forumda həmçinin ADF-dən Abdulla Haşimi Cavanşir, İTC-dən Paşa Həsənli, AMİP-dən Teyyub İsmayıl, BAO fəalı Natiq Ulubəy, tarixçi alim Boran Əziz, BAO fəalı, şair Zəkulla Bayramlı, güneyli fəal Tohid Cavadi, AMDT üzvü Müctəba Nəcəfi, ictimai-siyasi fəal Mehman Əhməd və b. da mövzu ətrafında çıxışlar etdilər.

 

VİDEOLAR (BAO-TV):

 

I HİSSƏ: 

II HİSSƏ:

 

Tədbirdə aşağıdakı sənədlər Qəbul edildi:

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən

II Bütöv Azərbaycan Forumunun dünya Azərbaycanlılarına

MÜRACİƏTİ

 

Dəyərli soydaşlarımız, Azərbaycanın quzeyi və güneyində, dünyanın müxtəlif qitə və ölkələrində yaşayan böyük Azərbaycan xalqı!

Bu gün dünya yenidən düzənlənir, bütün ölkələr və xalqlar yeni qurulacaq dünyada öz yerlərini tutmaq, maraq və nüfuz dairəsini genişləndirmək üçün əl-ələ verib birləşir, var qüvvəsiylə çalışırlar. Bizə elə gəlir ki, bu baxımdan dünyada birləşmək və bütövləşməyə ən çox ehtiyacı olan xalq Azərbaycan türkləridir. Tarixən bütün Yaxın və Orta Şərqdə nizam və ədalətin təmin olunmasında ən aparıcı etnos olan, onlarla dövlət yaratmış Millətimiz bu gün əsarət və istibdad rejimlərindən əziyyət çəkir. Yer üzünə 50 milyondan artıq soydaşlarımızın səpələndiyi halda, Arazın quzeyində cəmi 10 milyonluq əhalinin yaşadığı bir dövlətimiz vardır, – Azərbaycan Respublikası. Bildiyiniz kimi, buradakı dövlətimiz və xalqımız da 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən bu günədək mövcudluq və özgürlük uğrunda açıq və gizli düşmənlərlə mücadilə verməkdədir.

Artıq üç aydır ki, İran adlı ölkədə bütün xalqlar ən adi insan hüquq və azadlıqlarının təmin olunması yolunda mübarizə aparmaq üçün meydanlardadır. Yüzlərlə ölən və yaralanan var, şovinist fars rejimi bu dinc aksiyalarda iştirak edən neçə fəalı edam etmişdir. Dünyada ən çox Azərbaycan türkünün yaşadığı ölkə olan İran İslam Respublikasında bəlkə də ən çox milli-etnik zəmində təzyiq və diskrimasiyaya məruz qalan yenə Azərbaycan xalqıdır.

Biz, forum iştirakçıları  olaraq, o taylı-bu taylı xalqımızı, eləcə də dünyanın çeşidli böl­gələrində yaşayan bütün soydaşlarımızı birlik və bərabərliyə, güneyli yur­d­daşlarımızın ədalət və özgürlük mübarizəsinə dəstək olmağa çağırırıq. 2020-ci il II Qarabağ savaşında güneydə və müxtəlif ölkələrdə yaşayan yurddaşlarımızın döv­lətimiz və ordumuz ətrafında bir yumruq kimi birləşdiyi qədər indi də güneylilər üçün birləşmək və bütövləşməyə böyük  ehtiyac vardır. Bu gün, harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızı birliyə, bərabərliyə, bütövlüyə dəvət edir, özəlliklə, güneyli soydaşlarımızın milli ədalət və özgürlük  mücadiləsinə dəstək olmağa səsl­əyirik.

Ey uca millətimiz, dəyərli soydaşlarımız, tarixin bizə verdiyi fürsət və şansı qa­çırmamalı, vaxtı və zamanı düzgün dəyərləndirməli, bütün firqə, təşkilat və partiya maraqlarını kənara qoyub bir araya gəlməli, hamılıqla çəkici bir zindana vurmalıyıq. Bu gün bəlkə də ən çox birlik-bərabərlik, dayanışma və bütövlük uğrunda mübarizə zamanıdır! Tanrı yardımçımız olsun!

II  Bütöv Azərbaycan Forumu

Bakı, 17.12.2022.

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə keçirilən

II Bütöv Azərbaycan Forumunun şovinist İran rejiminə qarşı

 BƏYANATI

100 ilə yaxındır ki, xarici güclərin dəstəyi ilə Qacarlar dövlətində hakimiyyəti ələ keçirmiş şofinist fars rejimi ölkənin reyri-fars xalqlarına, o cümlədən ölkə əhalisinin yarısından çoxunu təşkil edən türklərə qarşı assimilyasiya – farslaşdırma siyasəti aparır. Dünyanın elə bir ikinci dövləti yoxdur ki, orada ölkə əhalisinin yarısından çoxunu təşkil edən, sayı 10 milyonlarla olan bir xalqın dili rəsmi statusa malik olmasın. Türk dili İranda nəinki rəsmi statusa malik deyil, hətta bu dildə ibtidai və orta tədris belə aparılmır, həmçinin türk dili bu ölkədə bir dil kimi də orta və ali məktəblərdə tədris olunmur. Farslaşdırma siyasətinə qarşı çıxan, öz milli haqları uğrunda mübarizə aparan fəallar isə bu ölkədə ən sərt repressiyalara və işgəncələrə məruz qalırlar.

Bir əsrə yaxın aparılan farslaşdırma siyasətinə rəğmən bu gün İran dövlətində qeyri fars xalqları, o cümlədən əhalinin yarıısından çoxunu təşkil edən türklər öz dillərini, milli varlıqlarını əsasən qoruyub saxlaya bilmişlər. Lakin hazırkı infor­masiya tex­nilogiyalrı əsrində belə yasaqlar altında yaşamaqla həmin xalqlar öz milli varlıqlarını tamamı ilə itirmək təhlükəsi qarşısındadırlar.

İran rejimi iqtisadi məsələlərdə də ayrıseçkilik siyasətini həyata keçirir, türklərin yaşadığı bölgələrdə əhalinin rifahının aşağı olmasına qəsdən şərait yaradır. Urmu gölünün qurumasının qarşısının alınmaması, bölgənin radioaktiv şüalanmaya məruz qoyulması da buna əyani misaldır. 

Məcburi baş örtüsü tələbini yerinə yetirmədiyinə görə İran vətəndaşı Məhsa Əmininin polis bölməsində qətlə yetirilməsindən sonra ölkədə başlamış kütləvi etirazlar artıq üç aydır ki, durmadan davam edir və bütün ölkə ərazisini bürüyüb. Etirazçılar rejimdən milli, dini, siyasi və digər azadlıqların təmin olunmasını tələb edirlər. Bu etiraz aksiyalarında Azərbaycan türkləri də fəal iştirak edir. Aksiyalarda ölkə üzrə 20 minə yaxın etirazçı saxlanılmış, 60-dan çoxu uşaq olmaqla 500-dən çox etirazçı, o cümlədən 200-dən çox Güney Azərbaycan türkü rejim qüvvələri tərəfindən qətlə yetirilib. Saxlanılan şəxslər ağır işgəncələrə və təcavüzə məruz qalırlar.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu gün İran dövlətində dünyada analoqu olmayan milli zülm və ədalətsizlik hökm sürməkdədir. Beynəlxalq hüquq normalarına görə insan haqları heç bir dövlətin daxili işi deyil. Biz – Forum işti­rakçıları olaraq İran dövlətində öz milli və siyasi haqları uğrunda şovinist rejimə qarşı fədakarcasına mübarizə aparan bütün xalqlara dəstək olduğumuzu bildirir, İran rejiminin həyata keçirdiyi sərt repressiyaları pisləyir, bu repressiyaların dərhal dayandırılmasını tələb edir və Azərbaycan xalqı olaraq bəyan edirik ki, şovinist fars rejiminin əsarətində yaşayan xalqların milli-siyasi haqlarının və təhlükəsizliyinin təmin olunması üçün sonadək mübarizə aparacağıq.

II  Bütöv Azərbaycan Forumu

Bakı, 17.12.2022.

 

Birləşmiş Millətlər TəşBkilatının

Baş Katibi Antonio Gutterresə

 

Cənab baş katib

100 illərlə İran coğrafiyasında qurulmuş türk dövlətlətində heç bir milli ayrıseçkilik olmamış, heç bir etnosa qarşı assimilyasiya siyasəti aparılmamışdır. 1925-ci ildə İranda şovinist fars-pəhləvi rejiminin hakimiyyətə gəlməsindən sonra isə, bütün qeyri-fars xalqlarına, o cümlədən milli coxluq olan türklərə qarşı ayrıseçkilik və assimliyasiya siyasəti aparılmağa başlamışdır. 1979-cu il inqilabı nəticəsində İran İslam Respublikası (İİR) qurulduqdan sonra da eyni şovinist siyasət davam etdirilmiş və bu günədək davam etməkdədir.

Hazırda İİR-nın 80 milyondan çox əhalisinin yarıdan çoxunu türklər təşkil edir. Buna baxmayaraq ölkədə çoxluq təşkil edən bu xalqa qarşı İran şovinist iqtidarı tərəfindən daim assimliyasiya və ayrıseçkilik siyasəti aparılır. buraya ibtidai, orta və ali məktəblərdə ana dilində təhsilin qadağan edilmsi, təhsil və iş imkanlarından məh­rumetmə, müxtəlif xidmət sahələrində, o cümlədən səhiyyə sahəsində diskrim­nasiya, dövlət strukturlarında işə götürməmə, milli mədəniyyətindən uzaq tutulma, milli mənsubiyyətin təhqiri və aşağılanması, iqtisadi ayrıseçkilik, türklər yaşayan böl­gələrin iqtisadi inkişafına qəsdən əngəl yaradılması, həmoin bölgələrin ekoloji terrora məruz qoyulması və s. hallar daxildir.

Bu ölkədə əksəriyyətini Azərbaycan türkləri təşkil edən 40 milyondan çox türkün dili rəsmi dil kimi tanınmamışdır. Dövlət idarələrində, məhkəmələrdə Azərbaycan türk­ləri anladıqları və danışdıqları dildə danışa, yaza və oxuya bilmirlər.Azərbaycan türkcəsində KİV-nin olmaması ilə yanaşı Azərbaycan türkləri bütün istiqamətlərdə dil ilə bağlı təhqirlər və qadağalarla üzləşirlər. Azərbaycan Türklərinin  ana dilinin tarixi təhrif edilir və aşağılanır. Ana dili hüququnu tələb etdiyinə görə isə insanlar ən sərt repressiyalara məruz qalırlar.

Urmu gölü Azərbaycan Türklərinin kompaqkt yaşadığı bölgədə yerləşir. Həmin bölgənin Türklərdən təmizlənməsi məqsədiylə Urmu gölünün qurumasına qarşı hökumət tərəfindən heç bir qabaqlayıcı tədbir  görülməmiş, gölüm 80 faizindən çoxu qurumuşdur. Bu ekoloji terror nəticəsində 10 milyondan çox insanın həyatı təhlükə altındadır. Həmçinin təbii fəlakətlər zamanı türklər yaşayan bölgələrə yardımlar edilmir, yerli əhali çətinliklərlə baş-başa qoyulur, problemlərinə etinasız yanaşılır.

Türklər yaşayan bölgələrdə sosial-iqtisadi və mədəni layihələr həyata keçirilmir, əksinə sosial-iqtisadi təminatı kəsmək, ağır sənaye, fabrik və zavodların fəaliyyətini dayandırmaq, ekoloji şəraiti əlverişsiz duruma gətirmək, milli-adət ənənələrin inkişafına mane olmaq, tarixi abidələri məhv etmək və əhəmiyyətsizlik yaratmaq kimi vasitələrdən istifadə edərək bölgənin türklərdən təmizlənməsi siyasətini həyata keçirirlər. 

Sadalanan bu problemlərlə bağlı İİR-da yaşayan Azərbaycan türklərinin milli-mədəni fəalları on illərdir ki, sivil və hüquqi mübarizə aparırlar. Bu müddətdə beynəlxalq hüququn tərkib hissəsi olan əsas insan hüquq və azadlıqları uğrunda mübarizə apardıqlarına, bu hüquqları tələb etdiklərinə görə minlərlə Azərbaycan türkü rejim tərəfindən təqib edilərək həbsxanalara atılmış, öz doğma yurd-yuvasından didərgin salınmışdır.

Məcburi baş örtüsü tələbini yerinə yetirmədiyinə görə İİR vətəndaşı Məhsa Əminin polis bölməsində qətlə yetirilməsindən sonra ölkədə başlamış kütləvi etirazlar artıq üç aydır ki, davam edir və bütün ölkə ərazisini bürüyüb. Etirazçılar rejimdən milli, dini, siyasi və digər azadlıqların təmin olunmasını tələb edirlər. Bu etiraz aksiyalarında 500-dən çox etirazçı rejim qüvvələri tərəfindən qətlə yetirilib.

Cənab Baş Katib,

İİR-da reyimin apardığı şovinist və antidemokratik siyasət Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Mülki və Siyasi Hüquqlar haqqında Paktın 1-ci hissəsinin 1, 3, 27-ci, II hissənin 2.1-ci, III hissəsinin 26-cı maddələrinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2, 18, 19, 20, 26.2 maddələrinə, BMT Nizamnaməsinin 55, 73(A) maddələrinə, müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsində və Helsinki Yekun Aktında da qeyd edilən hüquq və prinsiplərə, həmçinin İİR Konstitusiyanın dövlət dili haqqında 15-ci maddəsinə, “Millətin hüququ” adlı III fəslinə daxil olan 19, 20, 23, 27, 34, 48-ci və b. maddələrə, şuralar haqqında  7-ci fəslin 100 və 103-cü maddələrinə ziddir və insanların milli və fərdi azadlıqları kobud şəkildə pozulur.

İİR-da yaşayan xalqlarının, o cümlədən on milyonlarla Azərbaycan türkünün milli və fərdi hüquq və azadlıqlarının təmin olunmasının bölgədə və dünyada sülhün bərqərar olmasına, xalqların dayanıqlı inkişafına təsirini və beynəlxalq təhlükəsizlik üçün əhəmiyyətini unutmamalıyıq. İİR-da rejimin etiraz edən əhaliyə qarşı tətbiq etdiyi sərt repressiyalar regionda beynəlxalq təhlükəsizlik üçün ciddi təhdidedici proseslərə təkan verə bilər.

Bütün bunları nəzərə alaraq İİR-da yaşayan xalqlarının, o cümlədən Azərbaycan türklərinin hüquq və azadlıqlarının təmin edilməsi məsələsinin BMT tərəfindən nəzarətə götürülməsi, bu istiqamətdə beynəlxalq sənədin qəbul edilməsi və İİR-na beynəlxalq hüquq çərçivəsində təsir və təzyiqlərin göstərilməsi üçün lazımı  addımların atılmasını sizdən xahiş edirik.

II Bütöv Azərbaycan Forumu

Bakı şəhəri - 17.12.2022-ci il

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev cənablarına

ll BütövAzərbaycan Forumunun

iştirakçıları adından

 

MÜRACİƏT

 

Hörmətli cənab Prezident,

Bildiyiniz kimi Azərbaycan Respublikasının hüdudlarından kənarda, indiki İran İslam Respub­likasında (İİR), tarixi Azərbaycan torpaqlarında yaşayan Azərbaycan türklərinə qarşı hakim fars rejimi tərəfindən yüz ilə yaxındır ki, assimilyasiya – farslaşdırma siyasəti aparılır. Bu ölkədə Azərbaycan türklərinin milli kimliyini aradan qaldırmaq üçün hər vasitədən istifadə edilir, onlara qarşı etnik zəmində sistemli cinayətlər törədilir, soydaşlarımız repressiyalara, o cümlədən həbslərə, sürgünlərə və edamlara məruz qalırlar.

İİR-da Azərbaycan Türklərinin ana dilində təhsil almaları qadağan edilib, ailələr uşaqların evdə farsca danışmalarına məcbur edilir. Rejimin əli ilə aparılan təbliğatla Azərbaycan türklərinin milli kimliyi aşağılanır, lağa qoyulur, Azərbaycan türkləri öz milli kimliyinə, vətəninə, tarixinə nifrət etməyə sövq edilir.

Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərdə sistemli şəkildə ekoloji terror törədilir. Belə ki, bu ərazilərə qəsdən göstərilən laqeyd münasibət nəticəsində Urmu gölünün qurudulmasına şərait yaradılır, radioaktiv maddə tullantıları məhz bu ərazilərdə torpağa basdırılır və bu da radioaktiv şüalanmaya və zəhərlənmyə səbəb olur. Buranın yeraltı və yerüstü sərvətlərinin gəlirləri daha çox farsdilli əhalinin yaşadığı əyalətlərin abadlaşmasına və inkişafına xərclənir.

Gələcəkdə digər xalqlarla qarşıdurma yaradılması məqsədilə müxtəlif yollarla Azərbaycan əra­zi­lərində demoqrafik dəyişikliklər aparılır.

Bir sözlə hal-hazırda İran adlanan dövlətdə Azərbaycan türklərinə qarşı bir mənəvi soyqırım həyata keçirilir.

İİR Azərbaycan Respublikasına qarşı öz riyakarlığını 44 günlük Vətən Müharibəsi zamanı, həm­çinin, Azərbaycanın qələbəsini həzm edə bilmədiyi üçün müharibədən sonra daha aşkar şəkildə bü­ruzə verməyə başladı. İranın anti-Azərbaycan siyasəti və fəaliyyəti artıq elə bir mərhələyə gəlib çatdı ki, Sizin tərəfinizdən də dövlət səviyyəsində İrana ciddi mesaj verildi. Bununla da Azərbaycan dövlətçiliyinə qarşı addımların atıla bilməyəcəyini,  milli mənafelərimizə və milli təh­lükəsiz­liyimizə qarşı hansısa təxribati fəaliyyətlərin aparılmasına yol verilməyəcəyini açıq şəkildə vurğu­ladınız. Artıq regionda geosiyasi və təhlükəsizliklə bağlı hər hansı prosesin apa­rıl­masında Azər­baycan söz sahibi olan bir dövlətdir. İnanırıq ki, bundan sonra İran adlanan dövlətin Azərbay­cana qarşı atdığı istənilən təxribat xarakterli addımı cavabsız qalmayacaq, eyni zamanda Azərbaycan dövləti Güney Azərbaycan türklərinə qarşı şovinist İran rejimi tərəfindən aparılan mədəni soyqırım siyasətinə göz yummayacaq.

Hörmətli Prezident,

Biz, ll Bütöv Azərbaycan Formunun iştirakçıları olaraq Azərbaycan Respublikasının hü­dudlarından kənarda, əsasən də İİR-da yaşayan soydaş­la­rımızın haqlarının qorunması yönündə aşağıdakı tədbirlərin həyata keçirilməsinə dövlət səviyyəsində dəstək verməyinizi Sizdən xahiş edirik:

 

  1. İran dövlətində Azərbaycan türkcəsinə rəsmi dil statusunun verilməsi, o cüm­lədən Güney Azərbaycanda yaşayan soydaşlarımızın məhrum edildiyi müstəsna haqqı olan ana dilində təhsil almaq hüququnun təmin edilməsi üçün müvafiq addımların atılması;
  2. İran ərazisində, əsasən də Güney Azərbaycan ərazilərində Azərbaycan türkcəsində xəbərlər, mədəni proqramlar, ana dili dərsləri və s. kimi proqramları özündə əks etdirən televiziya kanalları və başqa media növlərinin yaradılması;
  3. İran rejimi tərəfindən Güney Azərbaycan türklərinə qarşı etnik zəmində sistemli cinayətlərin törədilməsi, soydaşlarımızın repressiyalara, o cümlədən həbslərə, sürgünlərə və edamlara məruz qalmaları kimi hüquq pozuntularının Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və bu hüquq pozuntularının qarşısının alınması məqsədilə müvafiq addımların atılması;
  4. İran hakimiyyətinin bilərəkdən göstərdiyi laqeyd münasibət nəticəsində ekoloji terrora məruz qalmış Urmu gölünün yenidən canlandırılması istiqamətində Beynəlxalq müstəvidə İrana təzyiq göstərilməsi;
  5. İran dövlətinin atom-nüvə proqramında istifadə etdiyi radioaktiv maddə tullantılarının Gü­ney Azərbaycanın Binab, Zəncan və Ərdəbil ərazilərində basdırılmasından yaranan radi­oaktiv şüalanma nəticəsində həmin bölgələrdə xərçəng xəstələrinin sayının çoxaldığını nəzərə alaraq, bu prosesin qarşısının alın­ması üçün Beynəlxalq təşkilatlar qarşısında məsə­lənin qaldırılması;
  6. Güney Azərbaycanın yeraltı və yerüstü sərvətlərindən gələn gəlirin İran hakimiyyəti tərə­findən daha çox farsdilli əhalinin yaşadığı əyalətlərin abadlaşmasına və inkişafına sərf edil­məsinin qarşısının alınması istiqamətində addımların atılması;
  7. Qərbi Azərbaycan ostanında və eyni zamanda Xəzər dənizinin cənub-qərb sahilləri boyunca yerləşən qədim Azərbaycan torpaqlarında İran rejimi tərəfindən bilərəkdən demoqrafik dəyişikliklərin aparılmasının qarşısının alınması;
  8. Müxtəlif terror qruplaşmalarında olan silahlı kürdlərin İraq-Suriya ərazilərindən ekoloji terrora məruz qalmış Urmu bölgəsinə köçürülməsi ilə bölgənin demoqrafik dəyişikliyə məruz qoyulmasına – kürdləşdirilməsinə qarşı öncədən məqsədyönlü addımların atılması;
  9. Azərbaycan Respublikasında fəaliyyət göstərən Qadın, Uşaq və İnsan hüquqlarını müdafiə təşkilatlarınin koordinasiyalı fəaliyyəti ilə Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının beynəlxalq təşkilatlar qarşısında müdafiəsi işinin təşkili;
  10. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Güney Azərbaycan istiqamətində fəaliyyətinin gücləndirilməsi;
  11. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan bütün azərbaycanlıların Azər­baycan Respublikasında yerləşən ali təhsil müəssisələrində dövlət hesa­bına ödənişsiz təhsil almalarının təmin edilməsi;
  12. Soydaş haqqında Azərbaycan Respublikasının qanununun qəbul edilməsi.

II Bütöv Azərbaycan Forumu

Bakı, 17.12.2022.

 

FOTOLAR:

BAO mətbuat xidməti

17.12.2022.

 



“Yaxın və Orta Şərq: İsrail-Həmas münaqişəsi” mövzusunda dəyirmi masa (28/10/2023)
21:21 / 07-11-2023
“Qarabağda antiterror əməliyyatı və onun doğurduğu nəticələr” mövzusunda dəyirmi masa (21/10/2023)
21:16 / 07-11-2023
“Dövlət müstəqilliyinin bərpası günü” mövzusunda dəyirmi masa (14.10.2023)
21:05 / 07-11-2023
Elçibəyin məzarını ziyarət (24.06.2023)
23:36 / 27-06-2023
“Azərbaycan tarixinin aktual problemləri” mövzusunda II dəyirmi masa (17/06/2023)
23:20 / 27-06-2023
“Azərbaycan tarixinin aktual problemləri” mövzusunda I dəyirmi masa (10/06/2023)
23:02 / 27-06-2023
“Azərbaycan Cümhuriyyəti - 105” mövzusunda dəyirmi masa (27/05/2023)
22:27 / 09-06-2023
“22 may 2006 – Azərbaycanın Güneyində Milli Qiyam Günü” mövzusunda dəyirmi masa (21/05/2023)
22:09 / 25-05-2023
“Türkiyədə seçkilər və regiona təsiri” mövzusunda dəyirmi masa (13/05/2023)
20:09 / 19-05-2023
“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatı (22/04/2023)
21:31 / 22-04-2023
“31 Mart – Dünya Azərbaycanlılarının soyqırım günü” mövzusunda dəyirmi masa (01/04/2023)
13:34 / 02-04-2023
Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü”nə dəstək məqsədilə dəyirmi masa (25/03/2023)
15:12 / 26-03-2023
“Türk dünyasında Novruz” mövzusunda dəyirmi masa (18/03/2023)
19:38 / 18-03-2023
“Bütöv Azərbaycan mübarizəsində qadınların rolu” mövzusunda dəyirmi masa (11/03/2023)
12:18 / 14-03-2023
“Bütöv Azərbaycan gənclərin gözü ilə” mövzusunda diskussiya (04/03/2023)
09:50 / 05-03-2023
“Azərbaycan gənclərinin Bütöv Azərbaycan haqqında düşüncələri” mövzusunda II dəyirmi masa (25/02/2023)
21:21 / 25-02-2023