BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib

11:29 / 29-08-2020   /   baxış - 1492

Bütöv Azərbaycan Ocaqları (BAO) “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı Azərbaycan respublikası Təhsil Nazirinə müraciət edib. Müraciətin mətni aşağıdakı kimidir:

 

Azərbaycan Respublikasının Təhsil Naziri

Cənab Emin ƏMRULLAYEVƏ

 

Hörmətli Cənab Nazir,

Biz, Bütöv Azərbaycan Ocaqaları (BAO) olaraq Ali məktəblərdə “Azərbaycan tarixi” fənninin tədrisinin saatlarının ixtisas və qeyri-ixtisas fakültələrində azaldılması ilə bağlı bu ilin mart ayından başlayaraq respublikanın görkəmli mütəxəssislərinin iştirakı iki dəfə onlayn konfrans keçirib Azərbaycan Respublikası Prezidentinə və Təhsil nazirliyi rəhbərliyinə müraciət etdik. Eyni zamanda, sosial şəbəkələrdə imza kampaniyası apardıq. Azərbaycan ictimaiyyəti bu istiqamətdə bizi dəstəklədi. Bu yaxınlarda rəhbərlik etdiyiniz nazirlik bu problemə müdaxilə etdi və məsələ həllini tapdı. Buna görə təşkilatımız adından Sizə, bu istiqamətdə əməyi keçən hər bir şəxsə minnətdarlıq edirik. Əminik ki, Sizin yeni Təhsil naziri təyin olunmağınız və Təhsil sahəsini dərindən bilməyiniz imkan verəcəkdir ki, Vətən tarixi saatlarının Ali məktəblərdə tədrisi daha da artırılsın. Çünki, Vətən tarixinin öyrənilməsi həm Azərbaycanın dövlətçilik məsələsidir. Bundan başqa, biz Sizə başqa bir problem barədə də müraciət etdik.

Bu da ondan ibarət idi ki, Təhsil Problemləri İnstitutunun saytında (www.arti.edu.az/az/books/1-nashrlar) “Azərbaycan Respublikasının ümum­təhsil məktəbləri üçün ikinci xarici dil (rus dili) fənn kurikulumunun (V–VII siniflər) tətbiqinə dair tövsiyələr“ metodiki tövsiyələrində, 70-ci səhifədə, dərs hazırlama nümunəsində Azərbaycanımızın adı göstərilməyən xəritədən istifadə edilmişdi. Sözü gedən xəritədə Naxçıvan Muxtar Respublikasının ərazisi “erməni yaylası” (Армянское Нагорье) şəklində göstərilib və Naxçıvan adı verilməyib. Bundan əlavə, Kür – Araz ovalığı əvəzinə Kur – Araks ovalığı (Кура –Аракская низменность ) qeyd olunub. Xatırladaq ki, Kur-Araks toponimi SSRİ dönəmində Araz sözünün bilərəkdən təhrif edilməsi nəticəsində yaradılmışdır. Çünki tarixi mənbələrdə bu ad Aras, yaxud Araz kimi işlədilmişdir.

Bizim və ictimaiyyətin mətbuatda, o cümlədən sosial şəbəkələrdə baş verən bu xəyanət faktına qarşı saysız etiraz və tənqidimizdən sonra Təhsil İnstitutu saytında həmin xəritə dəyişdirildi və Təhsil Nazirliyi tərəfindən ölkəmizin Ali təhsil ocaqlarına dərsliklərdə və ümumiyyətlə, tədris prosesində yalnız ölkəmizin Xarici İşlər Nazirliyinin saytında yerləşən xəritələrdən istifadə edilməsi tələbi göndərildi.

Təhsil Nazirliyinin rəhbərliyinə bu sabotaj faktına verdiyi cəld və operativ reaksiyasına görə dərin minnətdarlığımızı bildiririk. Lakin nəzərinizə bir faktı da çatdırmaq istərdik. Sözü gedən tövsiyələr 2015-ci ildə nəşr olunaraq rus dilini ikinci xarici dil kimi öyrənən şagirdlər üçün nəzərdə tutulmuşdur. Bizdə olan məlumata əsasən həmin illərdə Azərbaycan məktəblərində rus dili xarici dil kimi böyük sayda şagirdə tədris edilirdi. Kitabın ilk tirajı 4500 nüsxə olub. Ölkəmizin bütün məktəblərini təmin etmək üçün bu kitab bir neçə dəfə təkrar nəşr edilib. Həmin kitabın məktəblərimizin kitabxanalarından xaric edilməsini zəruri hal hesab edirik. O cümlədən, metodiki vəsaitin müəlliflərinin məsuliyyətə cəlb edilməsini də vacib hesab edirik. Çünki, məhz bu müəlliflərin məsuliyyətsizliyi və kobud səhvi ucbatından vətənpərvərlik ruhunda yetişdirilən şagirdlər bir neçə il ərzində vətənə qarşı təxribat toxumlarını özündə əks etdirən bu xəritə üzrə işləməyə məcbur qalmışdırlar.

Bu mənada Sizdən xahişimiz budur ki, bu məsələyə də müdaxilə edəsiniz və lazimı ölçülərin götürülməsi barədə göstəriş verəsiniz.

 

Hörmətlə,

Zahir ƏLİSOY,

Bütöv Azərbaycan Ocaqları (BAO) Başqanı.

Bakı, 29.08.2020.