BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Lozanna konfransı – Türkiyənin dünəni və bu günü

22:26 / 10-01-2017   /   baxış - 5334

Ceyhun Quliyev

Lozanna konfransı müasir Türkiyə tarixində ən mühüm hadisələrdən biri sayılır. Bu konfransda qəbul edilən bəzi qərarların acı nəticələri bu gün qardaş ölkənin həyatında hiss edilməkdədir. Lozanna konfransı ərəfəsində Türkiyənin beynəlxalq vəziyyəti çox gərgin idi. Belə ki, I Dünya savaşından məğlub ayrılıb ağır Mudros sülhünü  və bədnam Sevr müqaviləsini imzalamağa məcbur edilən Osmanlı imperatorluğu ingilis, fransız, italyan, yunan qüvvələri və kimdən əmələ gəldiyi bilinməyən, şərəfsizlik və əxlaqsızlıqda tayı bərabəri olmayan erməni terrorçu dəstələri tərəfindən param-parça edilmişdi. Türkiyənin əlində faktiki olaraq Ankara ilə Qara dəniz arasında kiçik ərazi qalmışdı. Lakin əsarətlə və məğlubiyyətlə heç vaxt barışmayan, Çanaqqala qəhrəmanlıq dastanı ilə bütün dünyaya vətən sevgisini nə olduğunu bir daha göstərən türk milləti M.K.Atatürkün başçılığı ilə milli-azadlıq hərakatına başlayaraq cümhuriyyət qurmağı bacardı. Türk milləti xilaskarının ətrafinda yumruq kimi birləşərək 1921-ci il 26 martda I İnönü, aprelin 8-də II İnönü döyüşləri, avqustun 23-də Sakarya meydan savaşı, 1922-ci il 26 avqustda Dumlupınar döyüşü və sentyabrda Smirna (İzmir) döyüşü ilə Anadolunu düşmənlərdən tam azad etdi.

İngiltərə höküməti Türkiyədə milli-azadlıq hərakatının uğurla başa çatmaqda olduğunu, Türkiyə ilə Rusiyanın getdikcə bir-birinə yaxınlaşdığını və artıq mövqeləri güclənməkdə olan Türliyənin Sevr müqaviləsini ləvg etməyə tələsdiyini qabaqcadan gördüyü üçün müttəfiq dövlətlərlə Türkiyənin münasibətlərinin nizamlanmasında olduqca maraqlı idi. Bu münaqişənin həll edilməsində İngiltərənin aparıcı rolunu qoruyub saxlamaq məqsədi ilə İngiltərə xarici işlər naziri Lord Kerzon Lozannada beynəlxalq konfransın çağırılması təşəbbüsünü irəli sürdü.

Bu konfransı hazırlayarkən Lord Kerzonun öz məqsədləri var idi. 1) Türkiyə ilə Rusiya yaxınlaşmasının qarşısını almaq, 2) Rusiyaya qarşı daimi təhlükə yaratmaq məqsədi ilə boğazlar məsələsində Türkiyə ilə elə bir razılığa nail olunsun ki, ingilis donanması istənilən vaxt Qara dənizə daxil ola bilsin, 3) Mosul problemini İngiltərə xeyrinə həll etmək, 4) Atatürk hökümətinə qarşı gələcək mübarizədə indiki halda Türkiyəni dəstəkləyən Fransanı öz tərəfinə çəkmək. 14 noyabrda Lord Kerzon Fransa hökümətinin başçısı Puankareyə təklif etdi ki, Türkiyəyə qarşı İngiltərə ilə vahid cəbhədə birləşsin və Ankara müqaviləsindən imtina etsin. Lakin Puankare qəti olaraq bunu istəməsə də Rur bölgəsinin tutmağa hazırlaşdığı üçün öz rədd cavabı ilə Kerzonu hiddətləndirmək istəmirdi. Bundan başqa artıq Fransada Ankara müqaviləsinin tərəfdarları tezliklə Türkiyə ilə yekun  sülh müqaviləsi imzalamağı tələb edirdilər. Digər tərəfdən də Puankare İngiltərənin bu konfransdan qalib kimi ayrılmasını istəmirdi. O, daha çox İngiltərəni taqətdən salacaq uzunmüddətli İngiltərə-Türkiyə mübarizəsinin tərəfdarı idi.

Beləliklə 1922-ci il 20 noyabrda konfrans öz işinə başladı. İngiltərəni Lord Kerzon, Fransanı Puankare, İtaliyanı Mussolini təmsil edirdi. Konfransda həmçinin Türkiyə, Yunanıstan, Yuqaslaviya, Bolqarıstan, Rumuniya və Yaponiya nümayəndələridə iştirak edirdilər. Amerika Birləşmiş Ştatları isə konfransa nümayəndəsini yox ancaq müşahidəçilərini göndərmişdi.

İngiltərə təklif etdi ki, konfransın gedişatında 3 komisiyya – 1) Ərazi və hərbi məsələlər, 2) Xaricilər və milli azlıqlar, 3) İqtisadi və maliyyə məsələləri üzrə komisiyyalar yaradılsın. Türkiyə nümayəndə heyətinin başçısı  İsmət İnönü tələb etdi ki, ya bu komissiyalardan hər hansısa birinin sədri, ya da komissiyaların sədrlərinin müavinləri Türkiyə nümayəndələrindən olsun. Lakin İngiltərə bu təklifi qəti olaraq rədd etdi. Nəticədə Kerzonun özü birinci komissiyanın, İtaliya nümayəndəsi Harroni ikinci komissiyanın, Fransa nümayəndəsi Barrer isə üçüncü komissiyanın sədri seçildi. Ərazi və hərbi məsələlər üzrə komissiyanın sədri olaraq Kerzon ilk növbədə Türkiyənin Avropa sərhədlərinin müəyyənləşdirilməsi təklifini irəli sürdü. Türkiyə numayəndələri buna cavab olaraq Türkiyənin Avropa sərhədlərinin  1913-cü ildə Osmanlı imperiyası ilə Bolqarıstan arasında bağlanmış müqavilə əsasında (London müqaviləsi)  müəyyən edilməsini və Gümrüdən keçən dəmiryol xəttindəki Qaracaq stansiyasının qaytarılması  tələbəbini irəli sürdülər. Lakin bu təkliflərə qarşı çıxan və Türkiyəyə Avropada çox kiçik ərazi saxlanılmasının tərəfdarı olan Kerzon hətta Türkiyəni ona qarşı Balkan ölkələrindən ibarət  blokun  yaradılacağı ilə hədələyərək müttəfiq dövlətlərinin və bütün Balkan ölkələrinin adından təklif etdi ki, Türkiyə Maricça çayı boyunda təyin edilən sərhəd xəttini qəbul etsin.

Dekabrın 1-də Çiçernin başçılığı ilə Rusiya nümayəndə heyəti konsransa gəldilər. Heyətin tərkibinə Ukrayna və Gürcüstan nümayəndə heyətləridə daxil idilər. Hələ Rusiya nümayəndələri konfransa gəlməmişdən qabaq heyət üzvlərindən olan V.V.Vorovski ilə İsmət paşa arasında konfrans gedişində hər iki tərəfin bir-birini dəstəkləməsi barədə razılıq əldə olunmuşdu. Ona görə də Türkiyə heyəti tələb etdi ki, Sovet numayəndə heyəti konfransın bərabər hüquqlu iştirakçıları olsunlar.

Konfransın gedişində müzakirə olunan əsas məsələlərdən biri də boğazlar məsələsi idi. Dekabrın 4-də boğazlar üzrə komissiya öz işinə başlayarkən Çiçern bildirmişdi ki: “Mərmərə dənizində, Bosfor və Dardanel boğazlarında istər dəniz, istərsə də quru yolu ilə aparılan ticarət daimi olmalıdır. Lakin həm sülh, həm də müharibə dövründə Bosfor və Dardanel boğazları Türkiyədən başqa bütün dövlətlərin hərbi gəmi və təyyarələri üçün bağlı olmalıdır. Rusiya boğazların Türkiyə nəzarətinə verilməsini ona görə təklif edirdi ki, digər dövlətlər nisbətən Türkiyə ilə ümumu fikrə gəlmək onun üçün daha asan idi.  Ancaq İngiltərənin mövqeyi tamamilə fərqli idi. Belə ki, Lord Kerzonun fikrinə görə müharibə dövründə Türkiyənin bitərəf qalacağı təqdirdə boğazlar bütün dövlətlər üçün açıq elan edilsin. Əgər Türkiyə müharibədə iştirak edərsə təkcə bitərəf dövlətlərin gəmiləri boğazlardan azad istifadə etsin. İngiltərənin bu mövqeyi “Antanta dövlətləri”nin Sevr müqaviləsi zamanı boğazlar məsələsi ilə bağlı mövqeləri ilə demək olar ki, üst-üstə düşürdü. Təsadüfi deyil ki, boğazlar məsələsi ilə bağlı Rumuniya və Bolqarıstan nümayəndələri də “Antanta” blokunun mənafelərinə uyğun şəkildə hərəkət edirdilər. Müttəfiqlərin təklifləri Türkiyənin maraqlarına zidd olsada İsmət paşa  ümumi cümlələrlə Rusiyanın təklifi Türkiyənin maraqlarına uyğun gəlir, ancaq biz bütün dövlətlərin nümayəndələrinin fikrini eşitmək istəyirik deyərək qəti fikir bildirməkdən çəkinmişdi.  Çünki, ilk toplantıdan etibarən İngiltərə və Fransa arasında nəzərə çarpacaq dərəcədə kəskin fikir ayrılığının olmasını demək olar ki hamı anlamışdı. Yaranmış vəziyyətdə hadisələri diqqətlə izləyən türk diplomatiya heyəti iştirakçı dövlətlər arasındaki  ixtilaflardan maksimum istifadə etməyə çalışırdılar. Dekabrın 1-də Rusiya nümayəndə heyətinin Lozannaya gəlişi isə Türkiyənin mövqelərini və manevr imkanlarını xeyli gücləndirmişdi. İsmət paşanın son məqamda Rusiyanın təklifini tam dəstəkləməyərək İngiltərənin təklifinə yumşaq yanaşması müttəfiqlərdən güzəştlər qopartmaq və bir sıra problemləri Türkiyənin xeyrinə həll edə bilmək məqsədi daşıyırdı.

Boğazlar məsələsində qızğın müzakirələr getməsinə baxmayaraq tam nəticəyə nail olunmamışdı. Yanvarın 31-də Kerzon İngiltərə, Fransa və İtaliya dövlətləri adından Türkiyəyə ultimatum verərək tələb etdi ki, Ankara hökümətinə 4 gün vaxt verilir ki, onların lahiyəsi əsasında boğazlar haqqında konvensiyanı imzalamalıdır. Fevral ayının 4-də Türkiyə qəti şəkildə ultimatumu rədd etdi. Bununlada konfrans öz işini dayandırdı. Belə ki, elə həmin gün İngiltərə nümayəndələri, onların ardınca isə Fransa və Rusiya nümayəndələridə konfransı tərk etdilər.

Uzun danışıqlardan sonra 9 aprel 1923-cü ildə konfrans bərpa olundu.  Nəhayət 1923-cü il iyulun 24-də tarixi Lozanna müqaviləsi bağlandı. Müqaviləyə görə boğazların beynəlxalq nəzarətə verilməsi faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi. Türkiyə boğazlar üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış Montre sazişi ilə geri ala bildi. Türkiyə-Fransa münasibətləri Ankara müqaviləsinə, Türkiyə-Yunanıstan münasibətləri Mudanya müqaviləsinə görə nizamlandı. Bununlada uzun illər davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Hər iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Müqaviləyə əsasən kapitulyasiya rejimi, XIX əsrin II yarısından davam edən maliyyə nəzarəti ləğv edildi, Türkiyəyə gömrük tarifi qoymaq ixtiyarı verildi. Türkiyə heç bir dövlətə savaş təzminatı ödəməsədə Osmanlı dövründən qalmış borcları ödəmək barədə öhdəlik götürdü. Amma Lozannada həllini tapmayan nüanslar da oldu. İraqla Türkiyə sərhəddindəki Mosul vilayətinin statusunun qeyri-müəyyən qalması və  Kipr məsələsində razılığın əldə edilməməsi sonradan regionda ciddi münaqişələrin formalaşmasına gətirib çıxardı.

Müasir tarixşünaslıqda Lozanna müqaviləsi Türkiyə diplomatiyasının böyük uğuru kimi göstərilir. Həqiqətənmi belədir? Böyük uğur böyük qazanc deməkdir. Müqayisə aparaq bu konfransın əsas iştirakçılarından olan dövlətlərdən hansı nə qazandı və nə itirdi.

Fransa - Kapitulyasiya rejiminin ləğv edilməsi uğursuzluq hesab edilə bilər. Amma heç nə  itirmədi əksinə Yaxın Şərqdə ələ keçirdiyi osmanlı mülklərini əlində saxlaya bildi.

Böyük Britaniya – Boğazlar üzərində nəzarətə nail oldu, Mosulu faktiki olaraq ələ keçirdi.

Yunanıstan – I İnönü, II İnönü, Sakarya və Dumlupınar döyüşlərində ağır məğlubiyyətə uğradı. Amma Lozannada fakt məğlub tərəf kimi nə ərazi itirdi nə də təzminat ödədi. Əksinə 12 adanı və Qərbi Trakiyanı ələ keçirtdi.

Bu məqamlar nəzərə alsaq məncə vəziyyət aydındır. Türkiyə Anadolunu və İstanbulu qoruyub saxlamaq üçün itkilərə getməyə məcbur idi. Türkiyənin yeganə uğuru bu idi.

Amma bəzi məsələlər var ki, bunlar üzərində xüsusi olaraq dayanmağa dəyər. İlk olaraq Türkiyə sərhəddindəki son dərəcə strateji əhəmiyyətə malik olan 12 adanın Yunanıstana güzəştə gedilməsidir. Xüsusilədə Türk nümayəndə heyətinə bir  neçə əhəmiyyətli qələbələrin müəllifi olan peşəkar hərbiçinin – İsmət paşanın başçılıq etdiyini nəzərə alsaq bu güzəşti başa düşmək çox çətindir.  İsmət İnönü kimi təcrübəli general anlamaya bilməzdi ki, sahil xəttində yerləşən bu adaların Türkiyəyə qarşı gələcəkdə hərbi baxımdan baza kimi istifadə edilməsinin dəhşətli nəticələri ola bilər. Bu məsələ haqq qazandırılması çox çətin olan bağışlanmaz səhvdir.

Keçək digər və son dərəcə vacib məsələyə. Konfransda ən mühüm məsələlərdən biri olan Mosul məsələsinə. Mosul məsələsində Türkiyə nümayəndə heyəti kəskin mövqe ortaya qoymadı desək yanılmarıq. İlkin mənzərə yaranır ki, Mosulu ingilislərə hədiyyə edən türk qardaşlarımız indi ayılıblar ki, bəs qardaşlar Mosul da, Kərkük də bizimdir. Bizim qardaşlarımız Kərkükdə əziyyət çəkir. Gəlirik onların haqqlarını qorumağa. Belədirsə, sual ortaya çıxır bəs təxminən 90 il əvvəl orda yaşayanlar qardaşlarınız deyildi? Belə çıxır ki, 1923-cü ildə Mosul və Kərkükdə bir damcıda neft olmadığı və orada yaşayanların qeyri-türk olduğu üçün indiki kimi mübarizə aparılmayıb. Bəlkə də ya İsmət paşa bilməyib ki, Mosul və Kərkükdə türklər yaşayır və o ərazilər dünya neft ehtiyatlarının “göbəyi” sayılır, ya da paşanın özü türk olmadığına görə orada yaşayan türklərlə maraqlanmayıb. Əsla belə deyil. Söhbət nümayəndə heyətinin nə fikirləşdiyindən getmir. Əsas söz sahibi Mustafa Kamal paşa hər şeyi gözəl bilir və düz hesablayırdı. Böyük öndərimiz M.Ə.Rəsulzadə  Lozanna müqaviləsinin imzalanması hadisəsini obrazlı şəkildə belə ifadə edirdi: "Mənhus Sevr müahidəsi yırtıldı, məsud Lozan müahidəsi yazıldı!... Birincisi, çökən imperatorluğun ölüm baratı idi; ikincisi isə yüksələn cümhuriyyətin doğum vəsiqəsi oldu". Bəli Atatürk yeni doğulan cümhuriyyəti qorumaq məcburiyyətində idi.

Türkiyə indi o dövrdə itirdiyi haqqını bərpa etmək üçün Mosul, Kərkük və regionda əsas söz sahibi olmaq uğrunda mübarizəyə başlayıb. Bu yolda Amerika və Avropa sipər kimi qarşısında   dayanıb. Görünən tablo eynilə XX əsrin 20-ci illərindəki vəziyyəti xatırladır. Sual yaranır Atatürk kimi şəxsiyyətin risk etmədiyi, atmadığı addımı müasir dövrümüzdə indiki hakimiyyətin atması düzgündürmü? Çoxda dərinliyə getməyərək müqayisə aparaq. O dövrdəki Türkiyə ilə indiki Türkiyəni müqayisə etdikdə Atatürklə Ərdoğan arasında böyük fərq var. Atatürk bəzi narazı qısmi çıxmaq şərtilə əhalinin 90 % dəstəyini qazanmış xilaskar, Ərdoğan isə 50% faiz səslə qalib gəlmiş partiya lideridir. O dövrdədə Türkiyəyə görünüşdə dost olan dəstək verən dövlət Rusiya idi,  indiki məqamda da Rusiyadı. Düzdü indi Türkiyəyə qarşı müttəfiq dövlətlərin açıq ittifaqı yoxdur. Amma gizlində cox böyük təzyiq altındadır. Atatürk ingilis, fransız, italyan, yunan qüvvələrinə qarşı mübarizədə qalib gələn sərkərdə, Ərdoğan isə PKK ilə nə açıq nə də gizli savaşda illərdi uğur qazana bilməyən siyasətçi.  Atatürk əgər Lozan konfransında Mosul uğrunda mübarizəyə başlasaydı bəlkə də bu Türkiyə üçün intihara bərabər olardı. Çünki Antanta blokuna aid dövlətlər üçün bu Türkiyəni xəritədən silmək üçün əla fürsət demək idi. Dəhşətli  I dünya müharibəsindən, məşəqqətli istiqlal savaşından təzəcə çıxmış Türkiyənin yeni bir dünya savaşına və istiqlal müharibəsinə başlamağa iqtisadi, sosial, siyasi və hərbi gücü yox idi. Yaxşı bəs indi Türkiyə bu böyük oyuna başlamaq üçün tam gücə sahibdirmi? Atatürk 7-dən 77-yə qədər bütün əhalinin vətən uğrunda döyüşdüyü bir vaxtda, bir əmri ilə gözünü qırpmadan ölümə gedən orduya sahib olduğu halda haqlı səbəblərdən bunu edə bilmədi. Bəs indiki rəhbərlər yenicə hərbi çevriliş cəhdi etmiş, yüksək rütbəli zabitlərin çox hissəsi həbsxanaya salınmış, general və zabitləri təhqir olunmuş, işgəncəyə məruz qalmış, əsgərləri soyundurularaq qurbanlıq qoyunlar kimi topa halında saxlanılan, imicinə  böyük zərbə dəymiş bir ordu ilə bu böyük işin öhdəsindən necə gələcək?  Axı Türkiyə indi o ərazilərdə öz haqqını bərpa etmək üçün girişdiyi böyük oyunda böyük qurbanlar verir. Türkiyədə son 2 ildə partlayan bombaların, gözüyaşlı, övladsız qalan ata-anaların, qardaşsız qalan bacıların, ərsiz qalan gəlinlərin, atasız qalan körpələrin sayı durmadan artır. Heç kim inciməsin 1923-cü ildə müttəfiqlər tərəfindən əkilən bəzi zəhər ağaclarının meyvəsini Türkiyə indi dərməyə başlayır. Ona görədə atalar yaxşı deyib “Bu günün işini sabaha qoyma”. Türkiyə o dövrdə tam gücə sahib olmadığı üçün tarixi şansını həyata keçirə bilmədi. İndi isə artıq gecdi. Toydan sonra nağara başa bəla gətirər. Burnun girmədiyi yerə zorla da olsa başını soxsan o başı ya qana boyayarlar, ya nəyi varsa əzişdirərlər, yada dibindən qopararlar. İndi görünən odu ki, iri xozeynlər o başda tez-tez bomba partladıb sifətini qana bulayıblar. Allah axırından saxlasın.

 

 

 



Muxtar Fatih BEYDİLİ: Suriya türkmənlərini Can Azərbaycanla birləşdirən nədir?
14:22 / 03-04-2021
“İlkin yazılar” mövzusunda növbəti diskussiya keçiriləcək
18:37 / 04-10-2018
“Özbək və Azərbaycan tarixinin ümumi sorunları” mövzusunda növbəti diskussiya keçiriləcək
22:39 / 08-03-2017
Turan İmperiyasının tarixi və mahiyyəti. II yazı
19:11 / 23-02-2017
Turan İmperiyasının tarixi və mahiyyəti. I yazı
19:08 / 23-02-2017
Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti! II yazı
23:36 / 09-01-2017
ANADOLU'DA VE BALKANLAR'DA ESKİ TÜRK İZLERİ
18:53 / 26-12-2016
Böyük Monqol Xaqanlığının gizli qəhrəmanları – 1 Subutay BahadırBöyük Monqol Xaqanlığının gizli qəhrəmanları – 1 Subutay Bahadır
22:15 / 20-11-2016
ƏNVƏR PAŞANIN SON MÜCADİLƏSİ
11:26 / 17-11-2016
Türkiyədə Cümhuriyyətin qurulduğu ilk dövrlərdə dünyəvilik probleminin ideoloji əsasları
18:50 / 07-11-2016
TÜRK MƏNŞƏLİ NUMİZMATİK MORFEMLƏRİN DİAXRONİK-DİALEKTOLOJİ ASPEKTLƏRİ
22:41 / 28-10-2016
Ələkbər Ələkbərov: Türk tarixinin qapalı səhifələri (2-ci hissə)
13:10 / 05-10-2016
Ələkbər Ələkbərov: Türk tarixinin qapalı səhifələri (1-ci hissə)
20:42 / 04-10-2016
Erməni yalanlarını ifşa edən qədim türk damğaları
21:37 / 11-09-2016
Oğuz xan - Aran əsilli Misir fironu
10:06 / 03-09-2016
Ukrayna Ermenileri ve ya Ermenileşen Kıpçaklar
11:28 / 25-07-2016