XX əsrin 30-cu illərindən sonra nəşr olunan ensiklopedik əsərlərə inansaq, türk xalqları Misirə XII əsrdən sonra gəlmişlər. Monqolların təzyiqilə Nil vadisinə sıxışdırılan oğuzlar, qıpçaqlar tədricən burada güclənərək Misir Məmlük dövlətini yaratmışlar. Ancaq tarixi mənbələr başqa şey deyir. Türk xalqlarının əcdadları Nil vadisinin ən qədim etnoslarından biri olub, Misir mədəniyyətinin arxaik nümunələrini yaratmışdır.
İ.İ.Meşşaninov 1927-ci ildə çap çap etdirdiyi “Misir və Qafqaz” məqaləsində yazırdı: ¬– Şərq xalqlarının Misirə axınları Şumer dövründən qabaq başlamış, Şumerdən sonra da davam etmişdir (Мещанинов 1927.34-43).
Məqsədi türk xalqlarının Misirdə tarixi varlığını öyrənmək olmasada Zelik Yampolski bizim tədqiqat üçün maraqlı məlumat verir. Yazır ki, iqoslar (Asiya mənşəli nəsillər) Nil vadisini tutub, yerli məbədlərin statusunu dəyişdirirdilər (Ямпольский 1959.92).
Köhnə nəsil semitoloqların ötəri qeydlərini nəzərə almasaq, heç bir tarixçi açıq şəkildə bildirmir ki, türk mənşəli etnoslar Misirin qədim sakinləridir.
Ancaq piramidalardan və məbədlərdən tapılan arxeoloji nümunələr göstərir ki, ilk Asiya etnosları e.ö. IV minilliyin sonlarında Nil vadisini tutmuş, ilan və kərtənkələ ilə qidalanan yerli aborigenləri səhralara qovub, Misirdə ilk dövlətçiliyin əsasını qoymuşlar.
Bu fikri ilk dəfə irəli sürənlər Flinders Petri və İ.İ.Şopen olmuşdur. İvan İvanoviç Şopen general-feldmarşal Paskeviçin yüksək rütbəli qərargah zabiti idi. Canişinin tapşırığı ilə o, Qafqaz xalqlarının tarixini yazırdı.
İ.İ.Şopen erməni məmurlarının istəyinin ziddinə olaraq 1866-cı ildə Peterburqda nəşr etdirdiyi “Qafqazın qədim sakinləri haqqında yeni tapıntılar” kitabında yazırdı ki, Nil vadisinin qədim mədəniyyətini yaradan iberlər və h`aylar iqlərlə qohumdur. İqlər isə türkmənlərin əcdadlarıdır (Шопен 1866.4.).
İ.İ.Şopenin daha bir xidməti odur ki, o, əsrdə Misiri tutan iqlərin başçısının Oğuz xan olduğunu yazmışdır (Шопен 1866.298, 308). O, Əbülqazi Bahadur xanın məlumatlarını təhlil edərək belə nəticəyə gəlir ki; 1. Oğuz xanın ordusu Misiri XI əsrdə yox, eradan öncə XXIII əsrdə tutmuşdur, 2. Oğuz xana qoşulan iqlər (Kopt yazılarında h`iksoslar) türkmənlərin əcdadlarıdır (Шопен 1866.204, 205,298,308).
Oğuz xanın Misirə hücumunu “Şəcəreyi-tərakime” ilə yanaşı Altay türklərinin əfsanələri də təsdiq edir. İ.İ.Şopen yazır: – Oğuz xanın Şam ölkəsinə axını haqqında Altay Aran kosmoqoniyasında miflər vardır (Шопен 1866.11). Şam və ya Sinn ölkəsi deyəndə Suriya, Fələstin və Misir başa düşülürdü.
Aran və Oğuz övladları qohum olsalar da, onların bəzi ayinləri və atributları bir-birindən fərqlənirdi. Bu da təbiidir. Çünki Oğuz xan Arandan 5 yüz il sonra yaradıb, yeni tayfa ittifaqının başçısı olub, Aran və ya H`Erakl övladlarını Nil vadisinin bərəkətli torpaqlarından cənuba sıxışdırmışdı.
Oğuz etnoniminə yalnız qədim Misirin papirus mətnlərində yox, həm də Anadolunun mixiyazılı abidələrində rast gəlirik. Kayseri şəhəri yaxınlığındakı Kül təpədən tapılan kitabədə Akuz adlı tacir icmasının adı çəkilir (Янковский 1968.51,101).
Misirdə aparılan arxeoloji qazıntılar Oğuz xanın tarixi şəxsiyyət olduğunu təsdiq edir. İngilis arxeoloqu Flinders Petri XX əsrin əvvəllərində Oğuz xanın ehramını və qəbrinin üstündəki mərmərdən yonulmuş heykəlini tapdı (bax: şəkil). Heykəl mumiyalanmış cəsədin boyuna uyğun yonulmuşdur. Uca boylu Oğuz xan azca qıyıq gözlüdür. Bu da onun misirli yox, asiyalı olduğunu bildirir.
Öncə qeyd etdiyimiz kimi, Oğuz xanın Krit adasına, Fələstinə təyin etdiyi vilayət hakimləri də xan titulu daşıyırdılar. Onlardan biri Sarı xan idi. Onun adı qədim mənbələrdə Saruxan kimi yazıya alınmışdır.
Sarı xanın saldığı şəhər Fələstində Oğuz xanın üç əsas qalasından biri idi. V.V. Struve yazır ki, Saruxan qalası XVII sülalə Misir fironlarının zamanına qədər qalırdı (Струве 1917.13).
Ernst Renan yazır ki, Saruq Aranın əsas şəhəri olmuşdur (Эрнст Ренан 2750.19; Веллгаузен 1909.278). Deməli, Sarı nəslinin əsas hissəsi öz tarixi mahalında – Aranın şimalında qalmış, bir qolu Oğuz xana qoşularaq Fələstinə gəlmişdir.
Kahin Manetonun (e.ö. III əsr) yazdığına görə, Fələstində Oğuz xana tabe olan şəhərlərdən biri Arasxan adlanırdı. Eyni zamanda Araz xan Fələstinin Oğuz xana qoşulan tayfa başçılarından biri olmuşdur (Струве 1919.18,19). İosif Flavi Araz xanı Araz adlandırır. Yazır ki, Araz Dəməşq çarı idi. Sonra o, Assuriya hökmdarı Salmanasara məğlub olmuşdur (Иосиф Флавий. 518).
Araz xanın nəsli assurlarla döyüşə-döyüşə şimala çəkildi və Urartu tayfa ittifaqına daxil oldu (Пиотровский 1944.272; Меликишвили 1910.417). Qarabağdakı Arasbar tarixi mahalının əhalisi qədim Araz nəslinin son qalıqlarıdır.
Oğuz xanın əsas iqamətgahı isə Avar şəhəri idi. Kahin Maneton yunan dilində yazdığı salnaməsində şəhərin adını Avaris kimi göstərilmişdir (Струве 1919.13).
Misir qoşunları Avar qalasını 2 il mühasirədə saxlayandan sonra tuta bilmişdilər. 1808-ci ildə XVII sülalə fironlarının ehramından keramika tapıldı. Orda yazılıb ki, Avar qalasında bir Asiya knyazı müdafiə olunur (Струве 1919.9). Yəhudi mənbələrində Avar nəsli Avarim adlandırılır. Onlar israillilərdən və iudeylərdən qabaq Fələstində yaşayırdılar. Çar David hakimiyyətə gələndə Fələstində Avarim mahalı var idi (Эрнст Ренан 1873.139,143).
Oğuz xanın müttəfiqlərinin Misirdə saldıqları şəhərlərdən biri Kum adlanırdı. V.V. Struveyə görə, Nil vadisindəki Kum asiyalıların şəhəri idi (Струве 1919.9,143). Klota bəyə görə, qədim Misirdə üç Kum şəhəri olmuşdur. Onlardan biri Nil çayının deltasında, ikisi yuxarı Nil sahilində salınmışdı (Клота бей 1843. xəritə 1-2).
Qumlular Oğuz xana qoşulub Misirə köçməzdən qabaq Urmiya gölü çevrəsində yaşayır, tez-tez İki çayarasına basqın edirdilər. “Gilqamış” dastanında Kum baba Uruk şəhərinin düşməni kimi xatırlanırlar (Масперо 1916.167).
Qumluların bir qolu Troyanın işğalından sonra İtaliyaya köçmüş (История 1872.11), orada Kum şəhərini salmış və Kum məbədini tikmişdir. Publi Maron Vergilinin “Eneida” poemasının təfsirçiləri yazırlar ki, İtaliyanın Kompan vilayətindəki Kum şəhərində Apollonun bütü vardı. Orada taledən xəbər verən kahinlər yaşayırdılar (Энеида 1933.338; Энида 1971.386,418).
İtaliyadakı Kum şəhəri mənbələrdə bəzən Kumi və Kumme adlandırılır. Latın dilli mənbələrin tədqiqatçıları hələ XIX əsrin ortalarında yazırdılar ki, həmin şəhərlər elə Kumdur (История 1872.273). Belə bir faktı yaddan çıxarmaq olmaz ki, qanunlar harada yurd salmışdırsa, oranı müqəddəs yerə çevirmiş, dinlər, imanlılar dəyişsə də, həmişə insanların mənəvi rəhbərləri olmuşdur. Ona görə də təsadüfi deyildir ki, islamiyyətin yayılmasından sonra Təbrizlə Kaşan arasındakı Qum şəhəri insanların səcdəgah yeri olaraq qalmışdır.
İ.İ.Şopen yazır: – Oğuz xanın gəlişinə qədər Misirdə atın və arabanın nə olduğunu bilmirdilər. İrlər və digər çoban knyazlar arbax adlandırdıqları 4 təkərli arabalarda yaşayırdılar. Arab, yəni ərəb xalqının adı həmin arabalardan yaranıb. Sonra yunanlar arba sözünü arma formasında öz dillərinə tərcümə etdilər (Шопен 1866.494-495).
Ərəb adının türk mənşəyini digər mənbələr də təsdiq edir. Kuş övladları Misirdən qovulandan sonra Ərəbistan yarımadasının cənubuna köçmüş, burada yerli qəbilələr üzərində hökmran olmuşlar.
İ.İ.Şopenin irəli sürdüyü ikinci fikir xüsusilə əhəmiyyətlidir. Deməli, Armaqeddon siyasi-ideoloji termini ermənilərə aid olmayıb, arabalarını, yəni doğulub böyüdükləri beşikləri arba adlandıran türklərdən mənimsənilmişdir.
Qədim Misirin “Ölülər kitabı”nda Set adlı tanrı var. Tanrı Azər (yunanca Osiris) onun iştirak etdiyi mərasimdə ölür (Схидный свит №2, 2011, 157).
Tanrı Setin adı papirus mətnlərində st işarələri ilə göstərilir. Bəzi mətnşünaslar onu set, bəziləri şat kimi oxuyurlar.
B.A.Turayev yazır ki, Set orta çarlıq dövründə Misirin çoban knyaz nəsillərinin tanrısı idi (Тураев 1913.266). O, arxaik Misir tanrılarının düşməsi sayılırdı (Струве 1919.19).
Set eyni zamanda Misirdə yeni çarlıq dövrü fironlarının vəliəhd titulu olmuşdur. Kam mənşəli firon I Ramzes hələ şahzadə ikən set titulu daşıyırdı (Струве 1919.6). İosif Flavi (I əsr) yazır ki, Aralıq dənizinin şərq sahilindəki Sudon şəhərinin adı Set adından yaranmışdır (Иосиф Флавий 52390.252).
Bu məlumat onu göstərir ki, tanrı Setə sitayiş edən etnosların bəziləri özlərini, bəziləri isə öz şəhzadələrini onun adı ilə adlandırmışlar.
Set etnik və teofor adlarına türk dövlətçilik tarixində şat və sat formalarında rast gəlirik. Göytürk və Xəzər xaqanlığında şat yüksək titul olmuşdur. Eyni zamanda, Altay şaman əcdadlarından biri Şat adlanırdı (Анохин 1924.111).
Şat yeganə teonim deyil ki, həm Altay, həm Ön Asiya və Misir panteonunda mövcud olmuşdur. Altay dualarında adı çəkilən müqəddəslərin çoxu Misir və Efiopiya dua kitablarında xatırlanır. Bu, o deməkdir ki, əcdadlarımız Altay dağları ilə qədər Xəzər dənizi arasında yaratdıqları zəngin mədəniyyəti Misirə və Efiopiyaya gətirmişlər.
İbn-Xordadbeh yazır ki, qədim Misirin bir mahalı Şata adlanır. Bundan əlavə, Tunis şəhəri ilə Dimyat arasında Şata adlı şəhərcik olmuşdur (Ибн-Хордадбех 1989.87,258). Şata “tanrı Setə tapınanların ölkəsi” deməkdir.
Orta əsrlərdə Dəclə çayının ən böyük qolu Şat adlanırdı (Костанянц 64814.7). Deməli, tanrısı Şat olan etnosların hamısı Arandan Nil vadisinə və Aralıq dənizi sahillərinə köçməmişdir. Onların bir neçə boyu Dəclə və Fərat çayları arasında qalmışdır.
Musa Xorenli yazır ki, II Artaşes əcdadların bütlərini Baq Aran məbədindən yeni saldığı müqəddəs Artaşat şəhərinə gətirdi (Марр 1901.10; Асохик 1864.265). Artaşat “ata şat” deməkdir. Ata şat kultunun daşıyıcılar inanırdılar ki, onların atalarının ölməyən ruhları Artaşat məbədinin çevrəsində dolaşır.
Tanrı Şata sitayiş edən nəsillərdən biri özünü Şatberdi, yəni Şatverdi adlandırırdı. Onlar Artaşatdan şimala köçərsək İberiyada Şatberdi monastırını tikdilər və yaşadıqları mahalı öz adları ilə adlandırdılar.
Erməni tarixçiləri Şatberdi mahalını Şatberd (Меликсстбеков 1914.22), gürcülər Şatberdi adlandırırlar (Джанашвили 1900.20; Aleksidze 2003.22). Öncə qeyd etdiyim kimi, verdi bizim feildir. O, qıpçaq qrupu türk dillərində berdi kimi işlənir. Türkmən dilində də berdi “verdi” deməkdir.
IV əsrdə Cənubi Qafqazın bir çox xalqları kimi Şat övladları da xristian dinini qəbul etdilər və XII əsrdən başlayaraq tədricən gürcülər arasında əriyib getdilər.
Gürcülər Şatberdi monastrını öz dini abidələri kimi qələmə verirlər (Джаиашвили 1900.20; Картлис Цховреба 1905.203). Əslində Şatberdi bizim tarixi abidəmiz olub, gürcülər tərəfindən mənimsənilmişdir.
Elmi ədəbiyyatda Yakob Xer (Yaqub peyğəmbər) və oğlu İosep (Yusif Kənan) Misirdə Asiya mənşəli çoban knyazların son xanları hesab olunur. Yusif övladlarının bir kultu da kultu Sadak kultu idi. B.A.Turaayev yazır ki, Kənan nəslinin zadəganlarından biri tanrı Sadaka sitayiş edir və özünü Sadak adlandırdı (Тураев 1903.88). Həmin Sadaka Yusif peyğəmbərin oğlu idi. Atasının ölümündən sonra Nil vadisindən Fələstinə qovuldu.
Misir papirus mətnlərində tanrı Sadakın adı stk kimi yazılmışdır. Bəzi mətnşünaslar onu satak, bəziləri setek kimi oxuyurlar. Ernst Renan yazır ki, Kənan nəsilləri Nil vadisini tutandan sonra tanrı Satakın bütünü məbədlərə qoydular və Satak kultunu Misirin əsas kultuna çevirdilər (Эрнст Ренан 1873.101,105).
Kənan və Oğuz mənşəli sataklar Fələstindən Qafqaza köçüb, İberiyada Sadak kəndini (Марр 1911.136,137) və Şatak qalasını (Ашхацава 1927.17) saldılar. Ancaq qədim nəsillərin çoxundan fərqli olaraq sadaxlılar Gürcüstanda gürcüləşmədilər. Çünki onlar ruslar Qafqazı tutana qədər atdan düşməmiş, oturaq həyata keçməmişdilər.
Sadaxlıların bir eli XX əsrin əvvəllərində İrəvan quberniyasının Axalkalak qəzasında yaşayırdı (Пaгирев 1913.214,246). Onlar yalnız Azərbaycanın yox, Altay türklərinin də mənşəyinə daxil olmuşlar. V.V.Radlov keçən əsrin əvvəllərində Altayda Satak və Budun Satak tayfalarının yaşadığını görmüşdü. Bu gün Gürcüstanda öz tarixi varlığını qoruyub saxlayan Sadaxlı kəndinin əhalisi Yaqub peyğəmbərin və Yusif Kənanın soydaşlarının son qalıqlarıdır.
Azərbaycan dilində sadak ox qabına deyilir. Yakutlar da ox qabına sadak deyirlər (Убрятова 1948.303).
Oğuz xan nəslindən Misir fironlarından biri Xencer ləqəbi daşıyırdı (Тураев 1913.263). Xəncərin türk sözü olduğuna aid misallar gətirməyə ehtiyac yoxdur. Türkoloji tədqiqat üçün maraqlıdır ki, qədim Misirin, o cümlədən firon Xəncərin (Кеппен 1837.63) ehramı Xencer taş adlanırdı.
Dədəmiz Qorqudun kitabında Suqan Sarı eponimi var (Бартольд 1999.235). İosif Flavi (I əsr) yazır ki, İudeyada Soqana adlı şəhər olmuşdur (Иосиф Флавий 1991.203,482).
Soqana “Soğan nəslinin yurdu” deməkdir. Q.Ə.Qeybullayev yazır ki, Soğanlı eli Gürcüstana monqolların tərkibində gəlmişdir (Budaqov, Qeybullayev 2002.144,281). Əgər eradan əvvəl Soğanlı eli Misir sınırlarında şəhər salmışdısa, onların ölkəmizə gəlişini XIII əsrə çəkmək doğru deyil.
Misirin qədim şəhərlərindən biri Karnak adlanırdı (Труаев 1915.34; Мюлештейп 1938.50-51). Mahmud Kaşğari yazır ki, Karnak oğuzların şəhəridir (MK 1.2006.459).
Karnak şəhərinin həm Sır tengiz boyunda, həm Nil vadisində olması göstərir ki, Oğuz xana qoşulan köçəri ellər Karnak kultunu özlərilə Xəzər dənizinin şərqindən qədim Misirə aparmışlar.
Semitoloqların bəzilərinin iddialarına görə, Misirdəki Karnak yəhudilərin əcdadlarının şəhəri olmuşdur. Hans Müleşteyn yazır ki, çoban knyazlar Karnak mahalını şimal qanunları ilə idarə edirdilər. Ona görə də şəhəri qeyri-semit şəhəri sayanlar var (Мюлештейн 1938.15).
Karnnak şəhər olmazdan qabaq Oğuz xana qoşulan etnoslardan birinin totemi idi. Misirin qədim allahlarından biri Amon bütün dönəmlərdə Karnak epiteti daşıyırdı (Тураев 1915.34).
Karnak əvvəlcə qədim Misirin Karnak mahalının tanrısı idi. O, tədricən güclənərək bütün ölkənin tanrısı oldu (Тураев 1915.34). Karnak məbədi yeni çarlıq dövründə dövlətin əsas dini mərkəzinə çevrildi. Ölkənin əsas bayram olan Amon bayramı Karnak məbədində keçirildi (Тураев 1920.104,136,178).
Karnak kultu Teb (yunanca Fiv) mahalında da yayılmışdı. Ona görə də Teb şəhəri bəzən Kızıl Karnak adlanırdı (Тураев 1913.57). Kızıl Karnak qızılı-ala rəngli buğa bütlərinə deyilirdi. Onlar ya qızıldan düzəldilir, ya da gibsdən tökülür və üzərinə qızıl suyu çəkilirdi.
Karnak məbədi yeni çarlıq dövründə ölkənin ən 8 varlı məbədinə çevrildi. Firon III Teutmesin (Tutmosun) xəzinəsi və dövlət sənədləri orada saxlanırdı (Рубинштейн 1970.85,112).
Musa Xorenli yazır ki, h`ayların Karnak adlı patriarxı olmuşdur (Шопен 1852.102,630). H`Aylar iltisaqi dilli etnos olub, indiki flektiv dilli ermənilərin əcdadı deyildilər. Orta əsrlərdə Albaniyada Karnakat və Karnakaş kəndlərinin qeydə alınması (История Агван 1861.268) göstərir ki, Karnak nəsilləri Misirdən qovulandan sonra Albaniyada və İberiyada yurd salmışdır.
Oğuz xanın ən döyüşkən cəsur nəsilləri Kuz və Kuzan idi. Oğuz xan onları Misirlə Efiopiya arasında yerləşdirmişdi. Onların biri Nil çayının sağ, başqa biri sol sahilini cənubdan gələn düşmənlərdən qoruyurdu (bax: xəritə).
V.V. Struve yazır ki, orta Nil çayı vadisindəki Kuz və Kuzan şəhərərində asiyalı çoban knyazlar yurd salmışdılar (Струве 1919.10,12).
Ernst Renan yazır ki, Kozan Asiya mənşəli tayfa idi. Onların torpağı Misirlə səhra arasında idi (Эрнст Ренан 1873.103.). Belə bir sual qarşıya çıxır: - Necə oldu ki, fironların saysız-hesabsız qoşunları ilə vuruşan tayfaların çoxu məhv edildi və ya başqa xalqlar arasında əriyib getdi, ancaq kozanlar sağ qaldılar və öz dillərini, adət-ənənələrini unutmadılar?
Ernst Renan yazır ki, kozan köçəri idilər. At belində olduqlarına görə, qəhrəmanlıq duyğularını itirməmişdilər (Эрнст Ренан 1873. 114). Ona görə o fironların zülmündən qurtula bildilər və yüz ilə yaxın israillərin ölkəsində yaşadılar (Эрнст Ренан 110,111).
İ.İ.Şopenə görə, Kozan yevrey tayfasıdır (Шопен 1866.202). Yevreylər yəhudi deyillər. Yəhudilər sami, yevreylər Turan mənşəli xalqlardır. Semitoloqların bəziləri etiraf edirlər ki, yəhudilər onlarla eyni dində, ancaq başqa məzhəbdə olan iberləri yevrey adlandırırdılar (Cəfərsoy 2014.3-32).
Kuzanlar dəfələrlə dinlərini dəyişdilər. Gah xristian, gah yevrey oldular. Ancaq dillərini və etnik kimliklərini unutmadılar. Əsrlər, minilliklər boyu türk olaraq qaldılar. Bu cəsurluğa, cəsarətə görə onları ancaq qaşqaylarla müqayisə etmək olar.
Sonra Assur və Babillə döyüşə-döyüşə onlar Şərqi Anadoluya və İberiya sınırlarına çəkildilər. A. Oppenheym yazır ki, qədim Kuzana sonrakı Tell-Xalifdir. Xabur çayının yuxarı axarında yerləşirdi (Оппенхейм 1990.33).
Kuzan knyazları gürcülərin çariçası Tamarın zamanında Boço və Samsxe mahallarının hakimləri idilər. Onlar Şavşeti knyazları ilə birləşib, gürcülərlə vuruşurdular (Джанашвили 1900.68).
Kuzanlılar Osmanlı sultanı İldırım Bayazidlə Əmir Teymurun döyüşündə Teymurun tərəfində idilər. İldırım Bayazidi məğlub edən Əmir Teymur onları Orta Asiyaya sürgün etdi. Ancaq Şeyx Səfiəddinin xahişi ilə onlar Azərbaycanda qaldılar.
Ağdamın Quzanlı kəndinin əhalisi qəhrəman Kuzan övladlarının son qalıqlarıdır.
V.V.Struve yazır ki, Nil vadisini tutaraq 511 il Misiri idarə edən çoban knyaz nəsillərini sami mənşəli xalq sayanlar da var (Струве 1919.14). Ancaq müəllif bu fikirlə razılaşmır. Yazır ki, samilər e.ö. 18-ci əsrdə təkbaşına Misirə 240 minlik qoşun yeridə bilməzdilər (Струве 1919.24).
Söz yox ki, Misirə hücum üçün Oğuz xanın ətrafına toplaşan etnoslar eyni dilli və eyni mənşəli deyildilər. Papirus mətnlərində ikos adlandırılan tayfa ittifaqı müxtəlif etnoslardan təşkil olunmuşdu. Bizim üçün maraqlı odur ki, həmin etnosların çoxu hindavropa və sami mənşəli deyildi.
V.V.Struve yazır: – İqosların irqi qatışıq idi. Onların arasında kassitlər, koseylər, elamlılar, kuşit asiyalılar və turanlılar vardı (Авраам Норов 1854.7; Струвс 1919.10).
Kassitlər kaspilər, koseylər quzlar və quzanlar, kuşitlər quşçular, turanlılar azıxlar, karamanlar, akmanlar, apsular, malilər, somalilər, aksumlar, abaslar, avarlar, saruxanlar, arasxanlar və başqalarıdır.
Nəticə olaraq qeyd etməliyəm ki, Oğuz xan yalnız Dədə Qorqud dastanlarının əfsanəvi obrazı deyildir. O, tarixi şəxsiyyət olub, Misirdə və Fələstində fironluq etmişdir. Onun övladları e.ö. XVII əsrə - yeni çarlıq dövrünə qədər Misiri idarə etmişlər.
Çokan Valixanov yazır ki, qazaxların Ulu Süz tayfasının bir nəsli Oğuz adlanırdı (Валиханов 1984.373). Keçən əsrin 30-cu illərində Güney Azərbaycanda Baş Oğuz adlı türk elatı yaşayırdı (San`an Azer 1942.12). Deməli, Oğuz sadəcə “Kitabi-Dədə Qorqud”un eponimi deyildir. Çox qədim bir türk alpının adıdır. Onun heykəli arxeoloji qazıntı nəticəsində tapılmışdır (bax: şəkil).
İlhami Cəfərsoy
Azərbaycan MEA Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru