BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Əhməd bəy Ağaoğlu

16:41 / 19-12-2014   /   baxış - 32744

Əhməd bəy Ağaoğlu (1869, Şuşa – 19.05.1939) – Görkəmli ictimai-siyasi xadim, publisist, mütəfəkkir, milli ideoloq, pedaqoq, yazıçı, Azərbaycan türklərinin ilk millətçi partiyasının (“Difai”) qurucusu. 


Həyatı
Əhməd bəy Ağaoğlu (Əhməd bəy Ağayev) 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən varlı pambıqçı fermer, anası Tazə xanım Şuşanın Sarıcı Əli nəslindən olub.
1888-ci ildə Parisə gedən Əhməd bəy burada məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur. Əhməd bəy bu illərdə Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil alır. Beş dilə mükəmməl şəkildə yiyələnən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlayır.
1894-cü ildə Qafqaza, fransız dilini tədris etmək məqsədilə qayıdan ədib tezliklə Bakıya köçür. Fransada təhsil aldığı dövrdə Avropa demokratik ideyalarından və fransız şərqşünas-alimlərinin əsərlərindən təsirlənən Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlayır.


Fəaliyyəti
Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadilsənin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi.1901-ci ildı çapdan çıxan " İslam dünyasında qadın" adlı kitabında "azad qadınsız milli inkişaf ola bilməz" fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları tezliklə reallığa çevriləcəkdir (1918-ci ildə qurulmuş Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycan Demokratik Cümhuriyyəti'ndə o dövr nəinki şərqin, hətta qərbin ABŞ və Böyük Britaniya kimi qabaqcıl dövlətlərinə nümunə olacaq bir hadisə-Azərbaycan qadınına seçkilərdə səsvermə hüquqlarının verilməsi ilə Əhməd bəyin ideyaları gerçəkləşir).
1904-cü ildə "Bir xanım" imzası ilə "Şərqi-Rus"a göndərilən məktubda müəllif Qurandakı "ən-Nisa" surəsinin 31-ci ayəsinin məzmununu "nəfsi haramdan pak saxlayıb pis niyyətlərdən və murdar fikirlərdən uzaq və təmiz olmaq" kimi mülahizə edib, yazırdı: "Zahiri baxmaq, ya baxmamaq şərt deyil. Şərt batili təmiz saxlamaqdır… Allah taala dünyanı yaradıb, onu özünün gözəl və xoş məxluqatilə bəzəyib və zinətləndiribdir. Gözəl səhralar və çəmənlər, könül xoşlandıran güllər və çiçəklər, qəlbi şad edən mənzərələr, böyük meşələr, uca dağlar, əqli heyran edən dənizlər və sular, qisim-qisim heyvanlar və quşlar, göyün üzündə həddən ziyadə yıldızlar yaradıb. Heç bir məxluqatın üzərinə pərdə çəkməyibdir… həmçinin Adəm övladına Allah taala əmr etməyibdir ki, onun gözəl məxluquna baxmaqdan gözlərini yumsunlar..."
Müəllif, "Məsəla, yaxşı meyvə ağacı ola. Hər kəs onu görsə bitəbii mail olar. O meyvəyə tamaşa etməyə mümkün qədər səy edər. Əgər o bağın möhkəm hasarı olsa, heç kəs o meyvəni görməz, onu ələ keçirmək fikrində olmaz" – deyə hicabla bağlı belə bir müqayisə aparan Tiflisin şiəməzhəb qazısı Mövlazadə Məhəmmədhəsəni tənqid edərək, soruşurdu: "Bizim hasar və divar içində qalıb çürüməyimizdən kimə nə fayda ola bilər? Gözəl meyvə ağacını hasarda saxlamaq lazımdır, yoxsa vətən övladına tərbiyə verib halal ilə haramın fərqini bildirməkmi lazımdır?"
Ağaoğlu Transqafqaziya seyminə keçirilən seçkilərdə müsəlman fraksiyasından üzv seçilir və bu müddətdəki fəaliyyəti ilə 1905-ci ildə etnik erməni-müsəlman qarşıdurmalarının qarşısının alınmasında böyük rol oynamışdır. 
1906-cı ilin payızında Ə.Ağaoğlunun başçılığı ilə Bakıda “Difai” partiyası (“Qafqaz Müsəlman İttifaqı–Difai) yaradılmışdır. Təşkilatın ilkin özəkləri Qarabağda təşkil olunmuşdur. Partiya əsasən erməni terrorçularının imperiyanın dəstəyi ilə türk-müsəlman əhalisinə qarşı silahlı hücumlarına, qırğınlar törətməsinə qarşı türk-müsəlman əhalisinin müqavimətini təşkil etmək zərurətindən yaradılmışdır. Lakin təşkilatın fəaliyyəti bununla məhdudlaşmamışdır. Belə ki, partiyanın qəbul etdiyi 52 maddədən ibarət proqrama görə hərbi işlərdən, xarici siyasət, ümumi qanunvericilik, dövlət vergiləri, yüksək vəzifəli dövlət məmurlarının təyini və bəzi ciddi cinayətlərə dair məhkəmə işlərindən başqa bütün ictimai-iqtisadi, mədəni-maarif və dini-əxlaqi işlər, həmçinin müsəlmanların mülki və şəriət məsələləri, yerli və ali orqanlara nümayəndələrin təyini, məktəb və mətbuat işləri və s. partiyanın və onun göstərişi ilə hərəkət edən idarələrin və məclislərin ixtiyarına verilirdi. Eyni zamanda partiyanın bəyanatlarında milli azadlıq ideyaları açıq təbliğ olunmuşdur. 
Partiya müsəlman əhalisindən silahlı dəstələr də təşkil etmişdir. Bu dəstələrin yaradılmasında məqsəd həm silahlı hücumlardan qorunmaq, həm də türk-müsəlman əhalisinin mənafeyini təmin etmək üçün hökümət orqanlarına güc yolu ilə təzyiq göstərmək idi. Partiyanın öz fəaliyyəti üçün əhalidən pul da topladığı məlumdur. 
Partiya iqtisadi görüşlərdə (əsasən də aqrar məsələlərdə) sosial-demokrat təmayüllü idi. Onun üzvləri isə əsasən orta və aşağı təbəqənin (kəndlilər, tacirlər, tələbələr, vəkillər, həkimlər, bəzi liberal düşüncəli şəxslər və s.) nümayəndələri olmuşdur. Çünki, yuxarı təbəqə (müsəlman aristokratiyası) nümayəndələri əsasən rus hökuməti tərəfdarları olduğundan onlar partiyaya cəlb olunmurdu. 
1909-cu ildə çar hökumətinin təqib və təzyiqləri nəticəsində “Difai” partiyasının fəaliyyətinə son qoyulmuşdur. Ə. Ağaoğlu Türkiyəyə mühacirət etmiş, partiyanın fəal üzvləri (M.M.Axundov, A.Rəfibəyov, H.Usubbəyov, Ə.Xasməmmə-dov və b.) isə 5 il müddətinə Qafqazdan kənara sürgün edilmişdir. 
Milli hərəkat tariximizdə çox mühüm yer tutan “Difai” partiyasını Azərbaycan türklərinin sırf millətçi təmələ söykənən ilk siyasi təşkilatı hesab etmək olar. Təsadüfi deyil ki, “Difai”nin üzvlərinin bir hissəsi 1911-ci ildə yaradılmış “Müsavat” partiyasına daxil olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli ordunun tərkibi də əsasən keçmiş “Difai” üzvlərindən təşkil olunmuşdu. Yəni, həmin dövrdə milli ordunun yaradılmasında əvvəllər “Difai”-nin silahlı dəstələrində olmuş şəxslər bir baza rolunu oynamışdır.
Təxminən eyni dövrdə “Difai” ilə əlaqəli, eyni prinsiplərlə fəaliyyət göstərən nisbətən kiçik “Müdafiə”, “Qeyrət” və b. müsəlman-türk təşkilatları da mövcud olmuşdur.
 Osmanlı imperiyasında geniş vüs`ət almiş "Gənc Türk" inqilabi hərəkatından təşvişə düşmüş çar qüvvələri Ağaoğlunu təqib etməyə başlayırlar. Təqib və mümkün həbslər səbəbindən 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Qardaş Türkiyədə gedən sosial-ictimai proseslərə biganə qalmayan Əhməd bəy tezliklə bu proseslərə aktiv şəkildə qatılır. Türk Ocağı türk milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş kongresinə prezident seçilir.
1909 cu ilin Oktyabrında Istanbul Darülfünununda müəllimliyə başlayır. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir.
1915-ci ildə Osmanlı Məclisi Məbusanına (Millət Məclisi) Afyon nümayəndəsi olaraq daxil olan Əhməd bəy eyni zamanda İttihad ve Tərəqqi təşkilatının "Mərkəzi Ümumisinin" üzvü olmuşdur.
1918-ci il Azərbaycanda ilk müstəqil, demokratik cümhuriyyətin qurulması xəbərini sonsuz sevinclə qarşılayan Əhməd bəy elə həmin il vətənə qayıdır və yenicə qurulmuş, Şərqin ilk müsəlman demokratik dövlətinin möhkəmlənməsi naminə geniş fəaliyyətə başlayır. Milli Məclisə üzv seçilən Əhməd bəy Ağaoğlu 1919-cu ildə Paris Sülh Konfrasında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edir.
Azərbaycanda Şura hökuməti qurulduqdan sonra Əhməd bəy yenidən Türkiyəyə, bu dəfə Ankaraya köçməli olur. Türkiyədə jurnalist və siyasi fəaliyyətini davam etdirən Əhməd bəy mətbuat bürosunun direktoru, Türkiyənin "Hakimiyyəti-Milliyə" qəzetinin baş redaktoru və müasir Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi kimi geniş fəaliyyət dairəsində calişmişdır.
Birinci dünya müharibəsinin axırında ingilislər tərəfindən Maltaya sürgün edilmişdir.
1923-cü ildə Qars Vilayəti millətvəkili olaraq 2. Dönəm TBMM'sinə (1923 -1927) iştirak edir.
Azərbaycan xalqının böyük vətənpərvər oğlu Əhməd bəy Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat etmişdir.


Əsərləri:
- "İslam dinində və islam aləmində qadın" 1901-ci ildə " Kavkazski vestnik" jurnalının 3-cü sayında dərc olunmuşdur
- Üç mədəniyyət, 1920.
- Hindistan və İngiltərə, 1927.
- Sərbəst insanlar ölkəsində, 1931.
- Dövlət və Fərd, 1933.
- Mən nəyəm, 1939.
- Türk Hüquq Tarixi, 1941.
- Könülsüz olmaz, İhtilal mı, İnqılab mı, 1942.
- Sərbəst Fırka Xatirələri, 1950.

Mənbə:

1. www.wikipedia.orq

2. Xəqani Məmmədov: Azərbaycan milli hərəkatı (1875-1918). Bakı-1996.

 

Ş.Ədilli

 


Ənvər Paşa
11:10 / 19-08-2016
Səməd bəy Mehmandarov
22:11 / 16-10-2015
Üzeyir Hacıbəyli
00:01 / 23-12-2014
Məhəmməd ağa Şahtaxtılı
00:00 / 23-12-2014
Əlimərdan bəy Topçubaşov
23:56 / 22-12-2014
Əli bəy Hüseynzadə
23:45 / 22-12-2014
Həsən bəy Zərdabi
23:43 / 22-12-2014
Ağa Məhəmməd Şah Qacar
23:38 / 22-12-2014
Məhəmmədəli Tərbiyət
23:37 / 22-12-2014
Əli Müsyo Təbrizi
23:33 / 22-12-2014
Cəmaləddin Əfqani
23:32 / 22-12-2014
Mirzə Yusif xan Müstəşarüddövlə
23:30 / 22-12-2014
Abbas Mirzə Qacar Qovanlı
23:17 / 22-12-2014
Səttar xan
00:48 / 22-12-2014
Əbülfəz Elçibəy
00:28 / 22-12-2014
Seyid Cəfər Pişəvəri
00:25 / 22-12-2014