BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ağa Məhəmməd Şah Qacar

23:38 / 22-12-2014   /   baxış - 35122

Ağa Məhəmməd şah Qacar Qovanlı(26.10.1741/42, Gürgan - 26.10.1797, Şuşa). Böyük Azərbaycan-türk hökmdarı, Qacar şahlığının banisi, cəsur sərkərdə.

Həyatı və siyasi fəaliyyəti

Ağa Məhəmməd xan Qacar, 1741-ci ilin 26 oktyabrında doğulub. Ağa Məhəmməd xanın anası Ceyran xanım qacarların o biri boyundan çıxmış ən görkəmli şəxsiyyətlərdən olan Məhəmməd xan Dovalunun bacısı idi. Ceyran xanım gözəl, cəsur və ağıllı bir qadın olub. O özü yaxşı təhsil almışdı və Ağa Məhəmməddə kitablara, ümumən savada, biliyə, elmə sevgi hissi aşılamağa çalışırdı. Ceyran xanım Astrabadın idarə olunmasında ərinə kömək edir və yaxşı bir süvari olduğundan məsul döyüş sınaqlarında ərini tək buraxmamağa çalışır. Bir çox tarixçilərin fikrincə, əgər Ceyran xanım olmasaydı, Məhəmməd Həsən xan qazandığı yüksək mövqeyə çata bilməz, Ağa Məhəmməd isə şah ola bilməzdi.

Nadir şahın xələfi Əliqulu xan Əfşar (Adil şah) qüdrətli qacar tayfasını öz tərəfinə çəkməkdən ötrü Məhəmməd Həsən xan Qacarı Məşhəddə, öz sarayında eşikağasıbaşı təyin edir. Ancaq müstəqil olmağa, rəhbərlik etməyə öyrəşmiş Qacar tezliklə şahla mübahisə edir və yenidən türkmənlərin yanına qaçır. Lakin onun kiçik yaşlı uşaqları Adil şahın əlinə keçir. Nadir şahın az qala bütün qohum-əqrabasını qılıncdan keçirmiş amansız Adil şahın hökmranlığı çox çəkmir. Məhəmməd Həsən xan Nadirin nəvəsi Şahrux Mirzənin taxta çıxmasına yardım göstərir. Şahrux onun xidmətlərini yaxşı qiymətləndirir və onu Astrabad hakimi təyin edir. Lakin Şahrux Mirzənin özü də taxtında çox əyləşə bilmir. Səfəvi şahlarından Süleymanın nəvəsi Süleyman Sani onun gözlərini çıxartdırır və taxtından salır. Süleyman Sani şah Məhəmməd Həsən xanı Astrabadın sərdarı (hərbi rəhbəri) təyin edir. Bu isə ona öz başına sağlam qüvvələr yığıb, Astrabad və Mazandaranda möhkəmlənmək imkanı verir. O, Şahrux Mirzəni yenidən taxtına çıxarır və Səfəvi dövlətinin bərpası şüarı altında hakimiyyətə can atan Kərim xan Zəndlə mübarizəyə başlayır. Bu mübarizədə uzun müddət uğur Məhəmməd Həsən xana yar olur. Həsən bütün mərkəzi İranın (İraqi-Əcəm) və Azərbaycanın idarəçiliyini əlinə keçirir və İranın tacsız şahı sayılır. Onun adından hətta pul da buraxılırdı.

Yürüşlərin birində on üç yaşlı oğlu Ağa Məhəmməd xanı da özü ilə götürür. Ona qabaqda gedən dəstənin rəhbərliyini tapşırır. Bundan sonra gənc Ağa Məhəmməd atası ilə bütün yürüşlərə getməyə başlayır. Məhəmməd Həsən xan hətta bəzi vaxtlarda Azərbaycan və Astrabad idarəçiliyini də oğluna tapşırır. 1759-cu ildə Məhəmməd Həsən xan zəndlərlə döyüşlərin birində həlak olur və İran hakimiyyəti uğrunda mübarizə estafeti istər-istəməz onun böyük oğlu Ağa Məhəmməd xan Qacara keçir. Yuxarıda dediklərimizdən də aydın olduğu kimi, Ağa Məhəmməd Qacar taxt-tac uğrunda mübarizəyə boş əllə başlamırdı. Onun atasının nüfuzu olduqca yüksək idi, çıxışlar etmək üçün münbit şərait yaranmışdı və taxt-tac üçün Ağa Məhəmməddən yalnız yüksək şəxsi keyfiyyətlər tələb olunurdu.

Atasının ölümündən sonra Ağa Məhəmməd Türkmən düzünə qaçaraq, öz tayfasının cavan nümayəndələrindən və cəsur türkmənlərdən dəstə toplayır. Bundan sonra zəndlərlə partizan müharibəsinə qoşularaq, hətta Astrabadı tutmağa da çalışır. 1761-1762-ci ildə Kərim xan Zəndin 4 minlik qoşunu Ağa Məhəmmədin kiçik dəstəsini mühasirəyə alır. Ağa Məhəmməd xanın 500 süvarisi mühasirəni yarmaq qərarına gəlir. Döyüş bir gün davam edir. Ağa Məhəmməd xan başda olmaqla yalnız 10 gənc mühasirədən çıxa bilir. Ağa Məhəmməd xan 9 ağır yara almasına baxmayaraq döyüşün axırına qədər yəhər üstdə qalmaq üçün özündə güc-qüvvə tapır. Yorulmuş, ağır yaralar almış döyüşçülər Nəcəf yaxınlığında qarovul qoyaraq, yatmaq istəyirlər. Lakin Mazandaran hakiminin qoşunları onların üstünə gəlir. Ağa Məhəmməd oyanan kimi müqavimət göstərmək istəsə də, artıq qüvvəsi onu tərk etmişdi. Onun əl-qolunu bağlayıb, Tehrana, Kərim xan Zəndin hüzuruna aparırlar. Kərim xan Zənd düz on altı il Ağa Məhəmmədi girov, yaxud "fəxri qonaq" sifəti ilə öz yanında saxlayır.

Bir məsələ indiyə qədər tarixçilər üçün qaranlıq qalır. O zaman adətən hökmdarlar öz rəqiblərini əsir tutanda onları ya öldürür, ya da kor edirdilər. Lakin Kərim xan bunların heç birini etmir. Niyə? Tarixçilərdən fərqli olaraq, əfsanələr bu suala ətraflı cavab verir.

Kərim xan Zənd Ağa Məhəmmədin axtalandığını biləndən sonra daha onun şəxsində özünə rəqib görmürdü. Buna görə də onu sağ buraxır. Ağa Məhəmməd xan da bütün əsirlik müddətində öz davranışı ilə Kərim xan Zəndi inandıra bilir ki, guya siyasətə olan bütün marağını itirib. Ağa Məhəmməd xanın hansı şəraitdə axtalanması məsələsi ədəbiyyatda çox səthi işlənib. Belə hesab olunur ki, onu 7 yaşında ikən Adil şah axtalatdırıb. Ancaq əgər belədirsə, onda nəyə görə Ağa Məhəmmədlə birlikdə əsirlikdə olmuş qardaşı Hüseynqulu xanı axtalatdırmayıb? Bundan başqa orası da məlumdur ki, Ağa Məhəmməd xanın xarici görkəmi sonradan dəyişməyə başlayıb. Elə bunu nəzərə alanda gərək həmin bədbəxt hadisənin başvermə səbəbləri və şəraiti haqqında gəzən digər versiyaları da nəzərdən keçirək. Həmin versiyaların birinə görə axtalanma Ağa Məhəmmədin Nəcəf yaxınlığındakı döyüş zamanı aldığı yaralardan baş verib. Başqa bir versiyaya görə, Ağa Məhəmməd Zəki xan Zəndin gözəllikdə ad çıxarmış qızına aşiq olur. Onlar nigah ərəfəsində görüşürlər. Lakin bu, dəhşətli günah sayıldığından, qəzəblənmiş ata Ağa Məhəmməddən qisas alır. Bu versiyaya əsasən, Məhəmməd Həsən xanın həlak olduğu döyüşdə Ağa Məhəmmədlə Ceyran xanım da iştirak etmişlər. Guya Ağa Məhəmməd anası ilə birlikdə Zəki xan Zəndin əlinə keçir. Ceyran xanımın bütün yalvarışlarına baxmayaraq, Zəki xan ailəsinin namusuna təcavüz etmiş Ağa Məhəmmədi o vaxtın qisas növlərindən biri ilə cəzalandırır – axtalatdırır. Və bundan sonra ananı da, oğulu da azad edir. Elə həmin andan etibarən guya Ağa Məhəmməd zəndlərdən intiqam almaq, onların hamısını qılıncdan keçirmək üçün and içir. Qeyd edilir ki, Ağa Məhəmməd xan hakimiyyətə gəldikdən sonra dediyinə əməl edir.

Qacarları neytrallaşdırmaqdan ötrü Kərim xan Məhəmməd Həsən xanın bacısı Xədicə Bəyimə evlənir və bundan sonra gəlinin qohumlarını Qəzvinə göndərir. Qızın qardaşı Hüseynqulu xana Damğan əyalətinin idarəsini tapşırır. Hüseynqulu xan Damğanda evlənir və onun Baba xan adında oğlu olur. Həmin Baba xan İranın gələcək hökmdarı Fətəli şah idi. Tezliklə Kərim xan Zənd Hüseynqulu xana tapşırır ki, qoşun yığıb artıq nəzarətdən çıxmış Astrabad hakiminin üzərinə yerisin. Orada hakim qacarların dovalu budağından Məhəmməd xan Qacar idi. Hüseynqulu xan Astrabadı tutur və Kərim xan Zəndin tabeçiliyindən çıxır. O özünü şah elan edərək, Mazandaran və Gilanı ələ keçirməkdən ötrü planlar cızır. Kərim xan Zənd təbii ki, buna razı ola bilməzdi və o, 1755-ci ildə muzdlu qatil tərəfindən Hüsenyqulu xanı öldürtdürür. Onu Astrabadda atasının yanında dəfn edirlər.

Elə həmin dövrlərdə onun anası Ceyran xanım və kiçik qardaşı Abbas Qulu xan da vəfat edir.

Söylənildiyi kimi, Kərim xan Zənd Ağa Məhəmmədi Tehranda yanında saxlayırdı. Onun şəhəri tərk etmək hüququ yox idi. Ağa Məhəmməd xan burada mədrəsəyə getməyə başlayır və sadə bir həyat keçirir. Onun oxuduğu mədrəsədə tanınmış ilahiyyatçı və filosof şeyx Əli Təcrimi dərs deyirdi. Ağa Məhəmməd hər səhər xoruz banından durur, fiziki hazırlıqla məşğul olur, mədrəsəyə gedərək, mühazirələrə qulaq asır, müzakirələrdə iştirak edir, öz yaxınları və həmyerliləri ilə daimi yazışmalar aparırdı. O əmin idi ki, ulduzu gec-tez parlayacaq. Yeməyinə diqqət yetirməsi (o, yemək məsələlərində çox da tələbkar deyildi və öz çəkisinə görə yeyirdi) və daim bədən tərbiyəsi ilə məşqul olması nəticəsində Ağa Məhəmməd bədəninin cavan qalmasına, döyüşkənliyini saxlamağa nail olmuşdu.

Ağa Məhəmməd xan ehtiraslı ov azarkeşi idi. O, xüsusilə şahinlərlə birlikdə tülkü ovuna çıxmağı çox sevirdi. Tutduğu tülküləri qonşularına və yaxınlarını hədiyyə edirdi. O vaxt belə hesab edirdilər ki, tülkü evə səadət gətirir. Kərim xan Zənd paytaxtı Şiraza köçürərkən Ağa Məhəmməd xanı da özü ilə aparır. İranın ən qədim təhsil mərkəzlərindən birinə düşən Ağa Məhəmməd təhsilini davam etdirir və bu sahədə böyük uğurlar qazanır. O, ilahiyyatı, fəlsəfəni, riyaziyyatı, astronomiya və astrologiyanı, poeziyanı öyrənir. Özünün fenomenal yaddaşına görə, Ağa Məhəmməd sonralar da Qurandan, fəlsəfi əsərlərdən iri sitatlar gətirir və hətta çox da məşhur olmayan şairlərin şerlərini əzbərdən deyirdi. Ədəbi məclislərdə onun böyük hörməti vardı, müxtəlif məsləhət və məlumatlar almaq üçün onun yanına gəlirdilər. Filosoflar arasında o, hamıdan artıq XII əsrin əndəlus alimi ibn-Tüfeylini sevirdi. Həmin filosofun yaradıcılığı ilə tanış olmaqdan Ağa Məhəmməd bütün ömrü boyu əl çəkməmişdi. Belə deyirlər ki, ibn-Tüfeylinin "Yəqzanın oğlu Həy" adlı fəlsəfi romanını həmişə, həm sarayda, həm də hərbi yürüşlər zamanı öz yanında gəzdirərmiş. O, həmişə bu kitaba istinad edər, daim buradan sitatlar gətirərmiş.

Ağa Məhəmməd bir gün öz həyatına hazırlanan qəsddən xəbər tutur və qardaşlarından, sadiq qulluqçularından ibarət kiçik bir dəstə ilə ov adı altında Şirazdan Mazandarana qaçır.

Səksəninci illərin əvvəllərində o, qacarların liderliyi uğrunda qardaşı Rzaqulu xanla mübarizədə qalib gəlir və bütün Mazandaranı, habelə Astrabadı özünə tabe etdirir. Bu mübarizədə qardaşları da ona yaxından köməklik göstərirlər. 1782-ci ildə Ağa Məhəmməd Astrabada gedir və qardaşları və yaxın qohumları ilə birligdə atası Məhəmməd Həsən xanın qəbrini ziyarət edir.

Kərim xan Zənd öləndən sonra onun qohumları hakimiyyətə can atırdılar. Onların arasında gedən gərgin mübarizə bir il davam edir. Heç kim hakimiyyətdə duruş gətirə bilmir. Bundan istifadə eləyən Ağa Məhəmməd 500-600 nəfərlik bir dəstə ilə Mazandarandan çıxaraq, İsfahana hərəkət edir. 1785-ci ildə o, həmin şəhəri tutur, oradan Zənd hakimini qovur və bu tayfanın nümayəndələri üzərində qazanılmış bir neçə parlaq qələbədən sonra təqribən bütün Mərkəzi İranı azad edir. həmin döyüşlərdə Ağa Məhəmməd xana qardaşı,istedadlı sərkərdə Cəfərqulu xan Qacar böyük yardım göstərir. Bundan sonra Ağa Məhəmməd o zaman kiçik bir şəhərcik olan Tehranda iqamət edir və 1786-cı ilədə buranı yeni dövlətin paytaxtı elan edir. Elə həmin il o, özünü İran hökmdarı sayan Cəfər xan Zənd üzərində əsaslı bir qələbə qazanır. Qoşunu dağılmış Cəfər xan Şiraza qaçır və çox keçmədən orada sui-qəsd qurbanı olur. Bundan sonra Ağa Məhəmməd xan Gilanı tutur və öz qardaşı Mürtəzaqulu xan Qacarı Astrabad hakimi təyin edir. Lakin qardaşı ona dönük çıxaraq, zəndlərin tərəfinə keçir. Buradan da Talışa qaçır və II Yekaterinanın himayəsinə keçmək istəyir. Bir il sonra rus donanmasının köməyinə arxalanan Mürtəzaqulu xan Gilana dönsə də, Ağa Məhəmmədin böyük bir ordu ilə üzərinə gəldiyini eşidən kimi yenidən Rusiyaya qaçır. 1798-ci ildə o, Peterburqda ölür. 1795-ci ildə Gürcüstan yürüşündən sonra Ağa Məhəmməd xan talışları Mürtəzaqulu xana kömək etdiklərinə görə cəzalandırır. Bu zaman Azərbaycan, Kürdüstan və Mərkəzi İranın (İraqi-əcəm) hökmdarları qacarların tərəfinə keçirlər. Artıq 90-cı illərin əvvəllərində az qala bütün İran Ağa Məhəmməd xanın tabeçiliyi altında idi. Onun idarəsi altına keçməkdən imtina edən türkmən yomudlar darmadağın olunur, öldürülənlərin kəllələrindən təpələr düzəldilir. Ağa Məhəmməd Kərim xana o qədər nifrət bəsləyirdi ki, onun cəsədinin qalıqlarını məzarından çıxarıb Tehranda, Gülüstan sarayının girəcəyində basdırtdırır. 1791-ci ildə Ağa Məhəmməd özünü İran (Əslində dövlət adı Qacar dövləti idi. İran isə həmişəki kimi coğrafi anlayışdı və Güney Azərbaycan bura daxil deyildi) şahı elan edir, lakin bu münasibətlə nəzərdə tutduğu təntənəli mərasimi bir qədər sonraya saxlayır. O, təcili surətdə mərkəzi hakimiyyətin möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlər görür, baş qaldıran xanları yatırır, ölkə daxilində iqqisadi və ticarət əlaqələrinin bərpa olunması üçün əlindən gələn hər şeyi edir. Lakin o, köklü inzibati-təsərrüfat islahatları keçirməyə vaxt tapmır. Qacarlarla zəndlər arasında son qanlı döyüş,1794-cü ilin yayında Girman yaxınlığında baş verir və Ağa Məhəmmədin tam qələbəsi ilə nəticələnir. Bununla da Zəndlər nəslinin adı İran taxt-tacı tarixindən biryolluq silinir. Burada Ağa Məhəmməd şah gürcü çarı II İraklinin və Qarabağ xanı İbrahim Xəlilin Rusiya himayəsinə keçmək niyyətində olduqlarını eşidir. İbrahim Xəlilin sözsüz razılığı ilə İrakli Qacarların dədə-baba torpaqlarını – Qarabağ, İrəvan xanlıqlarını və Gəncəni rus çarına vermək istəyirdi. Gürcüstan çarının bu niyyətini Qacar İranın tabeçiliyində olan bir şəxsin xəyanəti və Azərbaycan xanlıqlarının daxili işinə qarışmaq kimi qəbul edirdi. Üstəlik Qacar buna əsaslanırdı ki, bir neçə əsr qabaq onun tayfasından olan çox sayda adam bu yerlərə köçürülmüş və həmin torpaqların idarəçiliyində fəal iştirak etmişdi. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar özünün 60 minlik qoşununu Qafqaza yeridir. Qoşun üç yerə bölünür: kiçik bir hissəsi Dağıstan üzərinə keçmək üçün Muğana, əksər hissəsi Ağa Məhəmməd şahın öz başçılığı altında Şuşanı almaq məqsədilə Qarabağa, üçüncü dəstəsi isə şahın qardaşlarının rəhbərliyi altında İrəvan xanlığına doğru yollanır. Keçilməz Şuşa qalasını xüsusi hazırlıq olmadan tutmaq mümkün deyil və bunu anlayan Ağa Məhəmməd şah qoşunun ağzını Tiflisə tərəf döndərir. Onun dəstəsi güclü müqavimət görmədən İraklinin yaraqlılarını darmadağın edərək, Tiflisə girir. İrakli qaçıb dağlara çəkilir. 22 min dinc sakin qul və kəniz kimi satılır. Tiflis yağmalanıb, dağıdılır.

Qacarın dəstəsi Şuşanı mühasirəyə alarkən II İrakli Gəncəyə hücuma keçmişdi. Və görünür, Şuşanın mühasirəsinin belə tezliklə götürülməsinə və Tiflis üzərinə hücuma bunun da müəyyən təsiri olmuşdu. Gəncə xanı Cavad xan Ziyadoğlunun Ağa Məhəmmədə fəal köməklik köstərməsi də müəyyən dərəcədə Gəncə üzərinə talançı basqınların müqabilində II İraklidən hayıf çıxmaq məqsədi güdürdü. Tiflis alındıqdan sonra bir çox Azərbaycan xanı Ağa Məhəmməd şaha tabe olduqlarını bildirir. Yalnız İrəvan və Qarabağ xanları onun tabeçiliyini qəbul etmirlər. 1796-cı ilin yayında Ağa Məhəmməd şahın qardaşlarının komandanlığı altında 20 minlik ordu İrəvana yaxınlaşır. Beş həftəlik mühasirədən sonra qala təslim olur və sülh bağlanır.

Yürüşdən geri qayıdarkən Ağa Məhəmməd xan Muğan düzündə təntənəli tacqoyma mərasimi keçirir. Baxmayaraq ki, Nadirin tacqoyması da Azərbaycanın bu vilayətində keçmişdi, Qacar onun qoyduğu tacı başına qoymaq istəmir. Təzə tac dörd lələkdən ibarət idi. Həmin dörd lələk İran, Hindistan, Əfqanıstan və Orta Asiya üzərində hökmranlığın rəmzi idi. Tacqoyma zamanı Ağa Məhəmməd şaha kiçik bir diadema (çutqabağı) və şah qılıncı da verirlər. Qılınc və çutqabağı Ərdəbildən Şeyx Səfi kompleksindən gətirilmişdi. Görünür, bununla Ağa Məhəmmədin Səfəvi hakimiyyəti ilə varisliyi rəmzləşdirilmişdi. Qacar böyük Səfəvi imperiyasını bərpa etmək arzusu ilə yaşayırdı.

O, öz dövlətində Qacarlar boyundan olanların üstün mövqeyini hər cəhdlə göstərməyə çalışırdı. Qacar öz tayfasından başqa, hakimiyyət uğrunda mübarizəsində türkmənşəli Azərbaycan tayfaları olan Əfşarlar, Xələclər, Bayatlar və Qaragözlülərin köməyinə arxalanırdı. Ağa Məhəmməd şah taxt-tacını varisi Baba xana vəsiyyət edərkən demişdi:

"Bəylərbəyi Mirzə Məhəmməd xan Dovalu-Qacarın qızını taxtın səndən sonrakı varisi Abbas Mirzəyə alarsan. Onların oğluna mənim adımı verib, Məhəmməd Mirzə çağırarsınız. Bax, o öz qanında iki böyük Qacar sülaləsinin qanını daşıyacaq. Mənim dayım Süleyman xan dövlətimiz üçün çox işlər görüb. Öz qızını onun oğluna verərsən. Onların nigahından doğulan qızı isə Məhəmməd Mirzəyə alarsan. Beləliklə, Məhəmməd Mirzədən doğulan uşaqlar hər iki tərəfdən sənin nəvələrin olar."

Buradan belə bir nəticə çıxarmaq mümkündür: Ağa Məhəmməd elə bir şahzadə istəyirdi ki, onun atası Kovanlu, anası Dovalu qacarlarından olsun. Buna görə də, sonralar Baba xanın (Fətəli şahın) varisi kimi onun gürcü qızından doğulmuş böyük oğlu yox, Abbas Mirzə seçilmişdi.

Tacqoyma mərasimindən sonra Ağa Məhəmməd şah Nadir şah Əfşarın nəvəsi Şahruxun hökmranlıq etdiyi Xorasanı fəth edir. Xorasana gedərkən Ağa Məhəmməd yenə nəzarətdən çıxmış Astrabad türkmənlərini yatırır. O, 1796-cı ildə Məşhəd darvazalarına çatanda Şahrux özü təslimçilik nişanları ilə onun qarşısına çıxır. Lakin Ağa Məhəmməd bununla kifayətlənmir. O, Nadir şahın məşhur xəzinəsini almaq tələbi qoyur. Şahrux əvvəl buna razılaşmır, lakin dəhşətli işkəncələrdən, bu qocanın başına əridilmiş qurquşun tökəndən sonra o, Nadir şahın xəzinəsinin yerini nişan verir. Məlumdur ki, bütün müsəlman aləmində müqəddəs yer sayılan İmam Rza məscidinin sərvəti də həmin xəzinədə saxlanırdı. Üstündən çox keçməmiş Qacarın ağır işkəncələrə məruz qalmış bu sonuncu rəqibi də həyatla vidalaşır.

Rusların general V. A. Zubovun başçılığı altında Gürcüstana yürüşünə cavab olaraq, Ağa Məhəmməd 1797-ci ildə böyük bir qoşunla Qafqaza doğru irəliləyir. O, Gürcüstana yolun üstündə olan Şuşanı ələ keçirir. Qarabağ xanı İbrahim Xəlil xan Azərbaycanın şimalına qaçır. Lakin Gürcüstan yürüşü bu dəfə baş tutmur. Ağa Məhəmməd şahı onun öz qulluqçuları qətlə yetirirlər. Bir mülahizəyə görə, şaha qarşı sui-qəsdi digər Azərbaycan xanları və İranda yaşayan gürcülərlə birlikdə görkəmli dövlət xadimi, Qacarın bacarıqlı sərkərdələrindən biri Sadıq xan Şəqqaqi hazırlamışdır. Digər bir versiyaya görə isə burada əsas işi gürcü hakimlərinin əmrini yerinə yetirən Sadiq Qorci (Msxetli Andrey) görüb. Təzkirəçilərin yazdıqlarına görə, Ağa Məhəmməd gecə ikən yatağında öz qulluqçuları, gürcü Sadıq Qorci, isfahanlı Xodadad və mazandaranlı Abbas tərəfindən öldürülüb. Şah bunları hansı günahlarına görə isə səhərisi gün öldürməli imiş. Şahın oğurlanmış zinət şeyləri Sadıq xan Şəqqaqiyə verilib ki, bu da onun sui-qəsdlə əlaqəsini göstərir.

Saray tarixçisi bu hadisələrin finalını belə təsvir edir:

"Elə ki, bu cəsarətli addım və mühüm hadisə vicdan əzabı çəkməyən dələduzlar tərəfindən cinayətkarcasına həyata keçirildi, onlar şah hakimiyyətinin əlamətləri olan çutqabağını və tacı ələ keçirdilər. Bunlar müqayisəyəgəlməz incilərlə bəzənmişdi və hər dənənin qiyməti yeddi iqlimin vergisinə bərabər idi. Bundan başqa həmin başkəsənlər şahın brilyant qolçağını, düşmənlərin kökünü kəsmiş, ziqiymət daşlarla bəzənmiş qılıncını, nadir əşyalar saxlanan sandıqçasını, həmçinin "Kuhi-nur", "Dəryayi-nur", "Taci-mah" adlanan brilyantlarını, hər biri dünyanın bir hökmdarına şərəf gətirəcək qədər gözəl illüstrasiyalarla bəzədilmiş nadir əlyazmalarını apardılar."

Qatillər qacar xanımları, o cümlədən Baba xanın anası və şahın xalası tərəfindən çarmıxa çəkdirildilər. Şahın cəsədi Məşhədə aparılır və orada dəfn olunur. Onun başını Balakənə İbrahim Xəlil xana göndərirlər, orada onu şərəflə məşhur adamların basdırıldığı qəbristanlıqda torpaqa tapşırırlar. Şahın qoşunları İrana qayıdır və Qacarın qohumu Baba xan Fətəli şah adı altında şah elan olunur.

Qacarlar sülaləsi düz 1925-ci ilə – Pəhləvilər sülaləsi taxta çıxana qədər İranda hakimiyyətdə olub. Qacarlar sülaləsi bundan sonra da davam edir.



Ənvər Paşa
11:10 / 19-08-2016
Səməd bəy Mehmandarov
22:11 / 16-10-2015
Üzeyir Hacıbəyli
00:01 / 23-12-2014
Məhəmməd ağa Şahtaxtılı
00:00 / 23-12-2014
Əlimərdan bəy Topçubaşov
23:56 / 22-12-2014
Əli bəy Hüseynzadə
23:45 / 22-12-2014
Həsən bəy Zərdabi
23:43 / 22-12-2014
Məhəmmədəli Tərbiyət
23:37 / 22-12-2014
Əli Müsyo Təbrizi
23:33 / 22-12-2014
Cəmaləddin Əfqani
23:32 / 22-12-2014
Mirzə Yusif xan Müstəşarüddövlə
23:30 / 22-12-2014
Abbas Mirzə Qacar Qovanlı
23:17 / 22-12-2014
Səttar xan
00:48 / 22-12-2014
Əbülfəz Elçibəy
00:28 / 22-12-2014
Seyid Cəfər Pişəvəri
00:25 / 22-12-2014
Şeyx Məhəmməd Xiyabani
00:23 / 22-12-2014