"Azərbaycanlıların Qafandan çıxarılması Ermənistanla Azərbaycan arasında ziddiyyətlərin alovlanmasına təkan oldu"
Rusiyanın tanınmış yazıçı-publisisti, “Zavtra” qəzetinin baş redaktoru, “İzborskiy” klubun sədri Aleksandr Proxanovun APA-nın Moskva müxbirinə müsahibəsi
- Bəzi qüvvələr Qarabağ hadisələrinin Sumqayıt hadisələrindən başlandığını iddia edir. Siz yeganə qeyri-azərbaycanlı mütəxəssissiniz ki, ilk dəfə Qarabağ hadisələrinin Sumqayıtdan deyil, məhz Qafandan başlandığını qeyd edirsiniz. Bunun səbəbi nədir?
- Mən hadisələrin canlı şahidi kimi həqiqəti deməyə borcluyam. Bütün bunları şəxsi təcrübəmdən deyirəm. Hadisələr başlayan zaman mən Ermənistanın Qafan rayonunda oldum. Həmin vaxt Qafanda yaşayan azərbaycanlılar ermənilər tərəfindən məcburən ata-baba yurdlarından çıxarılırdılar. Baxmayaraq ki, Azərbaycan da, Ermənistan da mənim üçün doğmadır, lakin mən həqiqəti deməliyəm. Qafandan azərbaycanlıların çıxarılması uzun illər yığılıb qalan Ermənistanla Azərbaycan arasında ziddiyyətlərin, Dağlıq Qarabağ konfliktinin alovlanması üçün ilk təkan oldu. Fikrimcə, SSRİ rəhbərliyi, başda Mixail Qorbaçov olmaqla bu ziddiyyətin alovlanmasının qarşısını ala bilərdi. Azərbaycanlıların Ermənistandan məcburən çıxarılmasının, qışın soyuğunda küçələrə atılmasının qarşısını almaq üçün Qorbaçov dərhal tədbir görməli idi. Lakin bilərəkdən və qəsdən bunun qarşısı alınmadı. Ermənilərə güclü dəstək verildi. Və nəhayət Ermənistandan-Qafandan didərgin düşən və intiqam hissi ilə alışıb yanan azərbaycanlılar Sumqayıta yerləşdirildilər. Haqsızlığa uğramış Qafan azərbaycanlıları ermənilərə nifrət bəsləyirdilər. Sumqayıt hadisələrinin baş verməsinin səbəbi əsasən bu intiqam hissi ilə bağlı idi. Sumqayıt isə o zaman sənaye şəhəri idi. Bu şəhərdə əsasən gəlmələr yaşayırdı. Qafandan məcburi çıxarılan azərbaycanlılar planlaşdırılmış şəkildə Sumqayıta yerləşdirildilər və gözlənilmədən Sumqayıtda anti-erməni dalğası qopdu. Bütün bunlar qabaqcadan hazırlanmış ssenarinin tərkib hissəsi idi. Əslində, indi kimin müharibəni başladığı önəmli deyil. Ermənistan-Azərbaycan konflikti də yeni deyil. Bu konfliktin kökü var. Lakin Sovet hökuməti uzun müddət bu konflikti boğub saxlaya bilmişdi. Sovetlər İttifaqının son illərində, yenidənqurma dövründə isə həmin konflikt müəyyən qüvvələrin köməyi ilə yenidən qızışdırıldı və bu Sovetlər İttifaqının süqutuna böyük zəmin yaratdı. Mən yenidənqurma dövründə, 1987-ci ildə Naxçıvanda oldum. O zaman Azərbaycanla İran arasında olan sərhədi gördüm və dəhşətə gəldim. Sərhədin o zaman dövlət üçün nə qədər müqəddəs olduğunu hamı bilirdi. Lakin Naxçıvanda bu əksinə idi. Azərbaycanla İran arasında sərhəd deyilən bir şey qalmamışdı. Bütün sərhəd məntəqələri dağıdılmışdı. Mənə orda dedilər ki, Naxçıvanda İranla sərhəd dağıdılan zaman bütün bunları müşahidə edən Sovet hərbi qulluqçusunun qorxudan ürəyi partlayıb ölmüşdü. Çünki gənc rus zabit, sərhədçi üçün sərhəd müqəddəs idi və o indiyə kimi belə halla qarşılaşmamışdı. Hesab edirəm ki, Azərbaycan-Ermənistan konfliktinin başlanmasında birbaşa günahkar mərkəzi hökumət idi. Günahı tərəflərin üstünə atmaq bir az çətin məsələdir. Qafanda hadisələr başlayan zaman gərək Qorbaçov bunun qarşısını alaydı. O, Qafandakı böhranı vaxtında boğsaydı, bu hadisələr bəlkə də baş verməzdi. Qorbaçov Qarabağda erməni separatizminin qarşısını almaq əvəzinə, ermənilərin bu vəziyyətdən sui-istifadə etməsinə şərait yaratdı.
- Sumqayıt hadisələrini törədən dəstənin başçıların biri erməni Qriqoryan idi. Bu faktın özü ermənilərin bu işdə əlinin olduğunu sübut etmirmi?
- Qorbaçovun həyata keçirdiyi siyasətin özü xarici qüvvələrin siyasətinin tərkib hissəsi idi. Yenidənqurma Sovetlər İttifaqının dağıtmaq üçün qurulan xüsusi əməliyyatın əsasını təşkil edirdi. Təbii ki, bu işdə xarici qüvvələrin rolu böyük idi. Erməni daşnaklarının və ya xarici qüvvələr tərəfindən idarə olunan digər təşkilatların bu işdə rolunun olması aydındır. Millətlərarası konfliktləri qızışdırmaq da beynəlxalq subyektlərin planına daxil idi. Eyni ilə xalq cəbhələrinin yaradılması da beynəlxalq subyektlərin planın tərkib hissəsini təşkil edirdi. Xalq cəbhələri çoxmillətli Sovetlər İttifaqında eyni sxemlər üzərində yaradılmışdı. Azərbaycanda, Gürcüstanda və Baltikyanı ölkələrində xalq cəbhələrinin yaradılması eyni mərkəzin işi idi. Xalq cəbhələrinin yaranmasında “KQB”-nin birbaşa iştirakı vardı. Bununla “KQB” Sovetlər İttifaqının dağılmasında iştirak edirdi. Bu iş “KQB”-yə sızan xarici kəşfiyyatın nümayəndələri tərəfindən aparılırdı.
- 1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi vəzifəsində çalışan Viktor Polyaniçko yaxın dostunuz olub. Qarabağ hadisələrinin əsas şahidlərindən biri də o idi. Polyaniçko Sizinlə Qarabağ hadisələri ilə bağlı hansısa sirri bölüşübmü?
- Mən onunla Əfqanıstanda tanış olmuşam. Polyaniçko o zaman Əfqanıstanda işləyirdi. Daha sonra onu Azərbaycana göndərdilər. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsində çalışan Polyaniçko birinci katib Ayaz Mütəllibovun yaxın adamı idi. Məhz Ayaz Mütəllibov onu Qarabağda müharibə zonasına göndərmişdi. Əlbəttə ki, o, Azərbaycanın haqlı mövqeyini müdafiə edirdi. Polyaniçko haqqında çox danışmaq olar. O, Azərbaycan uğrunda mübarizə aparırdı. Ona etimad edilən vəzifəni canla-başla yerinə yetirməyə çalışırdı.
- Onun ölümü də sirr oldu...
- Bəli, onu Vladiqafqazda öldürdülər. Polyaniçkonu ora Viktor Çernomırdin göndərmişdi. Onun Çernomırdinlə yaxşı münasibətləri vardı. Polyaniçko Vladiqafqazda xüsusi nümayəndə idi. Geniş səlahiyyətləri vardı. Məncə, onun ölümü silah mafiyasının işi idi. O, silah qaçaqmalçılığının üstünü açmışdı, silah alveri ilə məşğul olan kuryeri həbs etmişdi. Ona görə də Polyaniçkonu aradan götürdülər.
- 1990-cı ilin 20 yanvarında Bakıda baş verən hadisələri necə xatırlayırsınız?
- 20 yanvar hadisələri ilə Sovetlər İttifaqı Azərbaycanı birdəfəlik itirmiş oldu. Həmin dövrdə xalq cəbhələri çox güclü idi. Eyni proseslər həm Gürcüstanda, həm də Baltikyanı ölkələrdə gedirdi. Qorbaçov Bakıya danışıqlara Yevgeni Primakovu, Tiflisə isə İqor Radionovu göndərmişdi. Primakov xalq cəbhəsi ilə danışıqlar aparmaq üçün Bakıya getmişdi. Primakovun missiyası xalq cəbhəsini öz yolundan döndərmək olsa da, o, buna nail ola bilmədi. Danışıqlar uğursuz nəticələndi. Çünki Primakovun həmin dövrdə hakimiyyətdə elə bir nüfuzu yox idi. Bundan sonra isə Qorbaçov Bakıya qoşun yeridilməsi ilə bağlı əmr verdi. Təbii ki, bu əmr şifahi verilmişdi. Yazılı deyil, məhz şifahi əmr vermək təcrübəsi şəxsən Qorbaçovun ideyası idi. O, Bakıya qoşun yeridilməsi əmrini bilərəkdən şifahi vermişdi ki, sonradan məsuliyyətdən boyun qaçıra bilsin. Ona görə də, sonradan Qorbaçov verdiyi əmr dandı, dedi ki, guya hərbi rəhbərlik özü bu əmri verib. Bu, Qorbaçovun məkrli və hiyləgər taktikası idi. Bu taktika ilə məsuliyyətdən yayınmaq istəyirdi. Bakıya daxil olan qoşunların tərkibində mənim yaxın dostum Vladislav Oçalov da vardı. O, böyük bir qrupun rəhbəri idi. Onun dediklərinə görə, Bakıya daxil olanda snayperlərdən onlara atəş açılıb. Bunlar da cavab atəşi veriblər. Təbii ki, cavab atəşi snayperlərin atəşindən çox güclü olub. Tanklardan atəş açıblar. Nəticədə çoxsaylı dinc azərbaycanlı həlak olub. Bütün bu hadisələr xalqın səbrini daşırdı və müstəqilliyə aparan yolda böyük bir addım atıldı. Sovet qoşunları isə geri qayıtdı. Qoşunlar geri qayıdanda biz başa düşdük ki, Sovetlər İttifaqı Azərbaycanı artıq itirib. 20 yanvar hadisələri ilə bağlı da Moskva mətbuatı düzgün informasiya yaymırdı. Qorbaçovun nəzarətində olan KİV-də Bakıda erməni qırğının baş verdiyi yazılırdı. O zaman Moskvada yaşayan azərbaycanlılar izdihamlı mitinq keçirmişdilər. Onlar informasiya izolyasiyasını qırmağa çalışırdılar. İstəyirdilər ki, Sovet ictimaiyyəti əslində Bakıda baş verənlərdən xəbərdar olsun.
- Müsahibələriniz birində bildirirsiniz ki, bir vaxtlar Sovetlər İttifaqını dağıdan güclər, indi də Rusiyanı parçalamağı planlaşdırır. Sovetlər İttifaqını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini qızışdıraraq dağıtdılar. Bəs müasir Rusiyanı parçalamaq planı haradan başlayıb?
- Sovetlər İttifaqının dağılması ilk “narıncı inqilab” nəticəsində baş verdi. 80-lərin sonu, 90-ların əvvəli Sovetlər İttifaqında əslində “narıncı inqilab” baş verirdi. Yenidənqurmanın başlaması ilə QKÇP hadisələrinə qədərki dövr ilk “narıncı inqilab”ın son mərhələsi idi. Bu “soyuq müharibə”də millətlərarası münaqişələr əhəmiyyətli rol oynayırdı. Bu gün də Rusiyada millətlərarası münasibətlər diqqət mərkəzindədir. Şimali Qafqazda vəziyyəti gərginləşdirmək, Tatarıstanı ayağa qaldırmaq meylləri mövcuddur. Lakin Qərbin ən böyük ümidi “Bolotnı” hadisələrinə istiqamətlənmişdi. “Bolotnı” hadisələrində birbaşa olaraq Putinin hakimiyyətdən devrilməsi məsələsi ortaya qoyulurdu və tələb kimi irəli sürülürdü. Müasir şərtlərdə Putinin hakimiyyətdən getməsi Rusiya dövlətinin parçalanması anlamına gəlir. Çünki Rusiya mərkəzləşdirilmiş hakimiyyət mövcuddur. Putinin ətrafında böyük güc formalaşıb. Əgər Putin hakimiyyətdən uzaqlaşdırılsa, o zaman Rusiyada iqtisadi və milli klanların, regionların müharibəsi başlayacaq. Bu separatizmdən də təhlükəlidir. Ona görə də, Qərbin bir nömrəli vəzifəsi Putini hakimiyyətdən uzaqlaşdırmaqdır. Onun hakimiyyətdən uzaqlaşdırılması Rusiya parçalanması üçün ən böyük alətdir. Bütün bu sanksiyalar, neftin qiymətinin düşməsi Rusiyada əhalinin sosial vəziyyətinin pisləşməsinə və bu səbəbdən hakimiyyətə baş qaldıracağına, Putini hakimiyyətdən devirəcəyinə hesablanıb. Bəzən belə bir fikirlər səslənir ki, Ukraynadakı böhran Rusiyanın parçalanmasına səbəb olacaq. Necə ki, Qarabağ hadisələri Sovetlər İttifaqının parçalanmasına səbəb olmuşdu. Əslində belə deyil. Çünki Dağlıq Qarabağ Azərbaycanın tərkibində Sovetlər İttifaqının ərazisi idi. Ukrayna isə müstəqil dövlətdir. O vaxt Qarabağda erməni separatizmi baş qaldıranda Qorbaçov erməniləri yerində oturtmaq əvəzinə onlara dəstək oldu. Bu hadisə bütün SSRİ-yə göstərdi ki, mərkəzi hakimiyyət zəifdir, ona qulaq asmamaq olar. Ona görə də, Dağlıq Qarabağ hadisələri Sovetlər İttifaqının çökməsinə səbəb oldu. Düzdür, Ukraynadakı böhranın Rusiyaya təsiri var, bu təsir sanksiyalarla özünü göstərir. Lakin Rusiyanı parçalamaq Ukraynada və ya digər qonşu ölkələrdə yerlərdə konflikt yaratmaqla deyil, ancaq Putinin hakimiyyətdən getməsi ilə həyata keçirilə bilər.
- Dağlıq Qarabağ konfliktinin yaxın vaxtlarda həlli gözlənilirmi? Konfliktin həllinin açarı əvvəlki kimi yenə Kremldədirmi?
- Bu konfliktin yaxın vaxtlarda həlli gözlənilmir. Azərbaycanın Ermənistanla müqayisədə hərbi potensialı daha güclüdür. Bura həm maddi potensial, həm də insani potensial daxildir. Lakin konfliktin hərbi yolla da həlli mümkün deyil. Müharibə olsa, təbii ki, potensialı çox olan Azərbaycan qələbə qazana bilər.Dağlıq Qarabağ İsrail-Fələstin münaqişəsi kimi həlli uzun çəkən münaqişədir. Artıq xarici oyunçular bu münaqişənin hansı yolla həll olunmasında daha çox söz sahibi olmaq uğrunda mübarizə aparırlar. Ona görə də belə münaqişələrin həlli illərlə uzanır. O ki qaldı münaqişənin həllinin açarının Kremldə olması məsələsinə, deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin artıq bir deyil, iki açarı var. Tək açarla bu konflikti həll etmək mümkün deyil. Mümkün həll üçün iki açara sahib olmaq lazımdır. Bir açar Kremldə, digər açar da Ağ evdə ola bilər.