BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Tofiq Əzizbəyli: Utilər haqqında

13:26 / 20-03-2020   /   baxış - 2812

Tofiq Əzizbəyli.

Tarixçi, arxeoloq

 

Dağlıq Qarabağda da yaşamış Uti və Udin tayfalarını eyniləşdirmək olarmı?

İndiyədək verilmiş cavablardan nümunələr

Azərbaycan tarixinin həllini gözləyən və Dağlıq Qarabağ münaqişəsi ilə də bağlılığı olan problemlərindən biri də Uti və Udin tayfalarının eyni tayfa olub – olmamasına aydınlıq gətirməkdir. Bu problemi həll etməyə çalışan Azərbaycan alimlərinin verdiyi əsas cavablardan nümunələr:
İqrar Əliyev: ,,Müasir udilərin əcdadları olan utilər hələ orta əsrlərdə Azərbaycanın kifayət qədər geniş ərazisində yaşayırdılar. Udilərin Qarabağ zonasında mövcudluğu hələ xıx əsrdə də təsdiq edilir. Uti vilayətinin də daxil olduğu Arranın arran dilinin qədim udi dili olduğunu demək üçün əsaslar vardır” (Azərbaycan tarixi. Yeddi cilddə. I cild. Bakı – 2007, s. 363). Mən hələ o vaxt İqrar Əliyevin bu cümlələrinə etiraz əlaməti olaraq yazdığım məqaləmi aşağıdakı cümlələrlə bitirmişdim: ,,Beləliklə, udinlər Alban yox, albaniyalılardır. Utiləri udinlərlə eyniləşdirib, udinlərin dili əsasında albanların Qafqazdilli olması nəticəsinə gəlmək isə, tarixi saxtalaşdırmadan başqa bir şey deyil” (Tofiq Əzizov. Udinlər albandırmı ? ,,EKSPRESS” qəzeti, 13 mart 2OO1 – ci il).
Yusif Yusifov: ,,Uti və Udin etnonimləri eyni mənşəli olmamışlar və müxtəlif dilli etnosları təmsil etmişlər. E. ə. vııı – vıı əsrlərdə mixi yazılarda ,,udinaya” (yəni ,,Udin tayfasına mənsub”) və itu/ utu etnonimləri ayrı – ayrılıqda əks olunmuşdur (Yusif Yusifov. Qədim Şərq tarixi. Bakı – 1992, s. 302).
Q. Qeybullayev: ,,Albaniyanın Uti adlanan mahallarında əhalinin hamısı Dağıstandilli utilər (udilər) deyildilər, burada türk utilər də məskun idilər. Lakin Albaniyada göstərilən Uti mahallarından hansılarında türk mənşəli utilər, hansında Dağıstandilli udinlər yaşayırdı sualına mənbələrin yoxluğu üzündən cavab vermək olmur (Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı – 1994, s. 46).
Əkbər Nəcəf: ,,Maraqlı cəhətdir ki, bizim ,,udi” adlandırdığımız etnik azlıq özünü ,,kuştin” adlandırır. ... Alban utiləri ilə indiki udinlər arasında heç bir əlaqə yoxdur” (Əkbər Nəcəf. Hun minilliyi. Teaspress – 2015, s. 213).
Firudin Ağasıoğlu: ,,Qaynaqlarda keçən ud//udi//udin boylarına aid faktları sadalayan A. A. Akopyan udinlərin utilər olmadığını yazır” (F. Ağasıoğlu. Azərbaycan türklərinin İslamaqədər tarixi. III bitik. Bakı – 2014, s. 437; Акопян А. А. Албания – Алуанк в греко – латинских и древнеармянских источниках. Ереван, 1987).
Firudin Ağasıoğlu: ,,Bugün Azərbaycanın quzeyində yaşayan azsaylı xristian udi xalqı alban boybirliyinə ilk qatılan doğuqafqazdilli uti boyunun qalığı sayılır. Lakin udi/uti məsələsini çözmək o qədər də asan deyil, çünki bu etnonim başqa – başqa dillərdə danışan xalqlarda da vardır: ,,ud adamı” anlamında Udmurt finuqor boyu, hunların içində uti – qur, uti – dur və Plininin quzeydə qeyd etdiyi uti – dor(s) boyları, şahsevən toplumunda udulu türk boyu, həmçinin udiut (udi – ut) monqol boyu və Udinsk etnotoponimi. Ona görə də, hələlik elmi həllini tapmayan və ayrıca araşdırmaya ehtiyacı olan bu dolaşıq məsələni biz də açıq buraxırıq” (Firudin Ağasıoğlu. Azərbaycan türklərinin İslamaqədər tarixi. III bitik. Bakı – 2014, s. 436).
Beləliklə, xarici ölkə alimlərinin də fikirlərini nəzərə alan alimlərimiz bu suala verdikləri cavaba görə, aşağıdakı 3 qrupa bölünür:

1. Utilər və udinlər eyni tayfadır, və ya utilər udinlərin əcdadıdır.

2. Uti və Udi (Udin) müxtəlif mənşəli tayfalardır. Utilər Türkdür.

3. Hələlik dəqiq cavab vermək mümkün deyildir.

 

Uti və Udi (Udin) tayfaları Göycə gölü hövzəsində

Urartu mənbələrindəki məlumatlara görə, Araz çayından şimaldakı əraziyə ilk işğalçı yürüşü etmiş Urartu çarı I Argişti (e. ə. 785 – 760) olmuş və o, işğal etdiyi Göycə gölündən Cənub – Qərb tərəfdəki əraziyə Uduri – Etiuni, yəni Udi (Udin) və Uti tayfalarının yaşadığı yer adını vermişdir. Eti Uti adının urartuca yazılış formasıdır (Bax: Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı – 1994, s. 44). V əsr erməni tarixçisi Moisey Xorenatsinin əsərində də bu ərazinin adı Uti əyalətidir (,,Ermənistan tarixi”. II kitab, 44 – cü fəsil). Moisey Xorenatsinin verdiyi məlumata (,,Ermənistan tarixi”. I kitab, XII fəsil) görə, ermənilərin ayağı Göycə gölü hövzəsinə ilk dəfə I Artaşes (e. ə. 189 – 160) buranı işğal edərkən dəymişdir (Bax: Qiyasəddin Qeybullayev. Qədim türklər və Ermənistan. Bakı – 1992, s. 37).
Beləliklə, Urartu mənbələrində hər iki tayfanın adının eyni vaxtda çəkilməsi onların eyni mənşəli olması və utilərin udinlərin əcdadı olması ehtimallarını rədd edir.

 

Utilər və udinlər Şimali Qafqazda

Uti və Udin tayfalarının Şimali Qafqazda da yaşaması haqqında ilk dəfə Böyük Plini (23 – 79) ,,Təbii tarix” adlı əsərində məlumat vermişdir. Böyük Plininin verdiyi həmin məlumata görə, dəniz sahili boyunca albanlardan şimalda Skif tayfası olan udinlər (VI kitab, paraqraf 36), udinlərdən yuxarıda (şimal – qərb tərəfdə) isə sarmatlar və utidorslar yaşayırmışlar ( VI kitab, paraqraf 39).
Klavdi Ptolemey (70 – 147) isə, udinlərin isondlardan (çecenlərin əcdadı) şimalda yaşadığını göstərir (,,Coğrafiya dərsliyi”. VI. 8, 23).
Göründüyü kimi, antik müəlliflər də, Şimali Qafqazda da yaşamış Uti və Udin (Ud) tayfalarından müxtəlif mənşəli tayfalar kimi bəhs etmişlər.

 

Udinlərin skiflər tayfası hesab edilməsinin səbəbi

Skiflər Kiçik Asiyaya qaçan kimmerləri təqıb edərkən Dərbənd keçidi yaxınlığında qarşılarına çıxan Midiya qoşunlarını darmadağın etdilər. Herodot yazır ki, skiflər bu hadısədən sonra 28 il ( e. ə. 653 – 625 T. Ə.) Asiyada reketlik edərək, burada yaşayan xalqların dərin nifrətini qazandılar (Herodot. Tarix. I. 104 – 106). Skiflərin saysiz – hesabsız özbaşınalıqlarından biri də, Ön Asiya tayfalarının, o cümlədən Uduri – Etiunidən Uti və Udi tayfalarının müəyyən hissəsini, gəldikləri yerə - Şimali Qafqaza və Qara dənizdən şimalda yerləşən ərazilərə köçürməsi olmuşdur. Skif tayfası hesab edilən udinlər də, onların Şimali Qafqaza Uduri - Etiunidən köçürdükləri udilərdən idilər. Udilərin Skif tayfası hesab edilməsinin səbəbi də, yüz illərlə birlikdə yaşadıqları skiflərin hərtərəfli təsirinə məruz qalması olmuşdur.

 

Udinlər və qarqarlar

Moisey Kalankatuklu ,,Albaniya tarixi” adlı əsərində yazır ki, Qüds ziyarətindən qayıdan Mesrop Maştos Erməniyyədən keçərək Şərq ölkəsinin (Albaniyanın) Uti vilayətinə gəlir. O, Gis (Kiş) kəndinin yanında yaşamağa başlayır və vaxtilə Makedoniyalı İskəndər tərəfindən Böyük Qafqaz dağları yaxınlığına sürgün edilmiş Qarqar tayfası arasında da ,,İncili” təbliğ edir (Bax: Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı – 1993, s. 31 – 32). Strabonun verdiyi məlumata görə, Qafqaz dağlarının Keravn adlanan şimal ətəklərində amazonkaların qonşuluğunda yaşayan qarqarlar buraya Femiskaradan (Kiçik Asiyada olmuşdur) gəlmişdir (Strabon. Coğrafiya. XI. 5, 1; XI. 5, 2). Bu məlumatlardan belə bir nəticə çıxır ki, Qarqar tayfası Albanıya ərazisinə ən tezi e. ə. IV əsrin 30 - 20 – ci illərində, Makedo
niyalı İskəndərin Şərqə yürüşü zamanı gəlmişdir. Qarqarların Udi və Uti tayfaları ilə birlikdə yaşadığı Uti vilayəti isə, Qarabağ düzündə yox, Kür çayından şimalda Şəki ətrafında olmuşdur. Onlar bu Utı vilayətinə urartuların Uduri - Etiuni adlandırdığı yerdən gəlmişlər.
Beləliklə, yazılı mənbələrdəki məlumatların təhlili göstərir ki, Utilər mənşəcə Türkdür və qədim müəlliflərin bəzilərinin Sak adlandırdığı massagetlərin bir hissəsidir. Utilərdən fərqli olaraq, bəzi alimlərin eyniləşdirdiyi Udi və Qarqar tayfaları isə, eramızdan əvvəlki minilliklərdə müasir Türkiyə ərazisinə də köç etmiş Qafqazdilli tayfaların sonrakı nəsillərindəndir. Uti və Udi (Udin) tayfaları arasında möhkəm dostluq münasibətlərı olduğundan hər yerdə və həmişə qonşu olmuşlar.

 

Alimlər Uti tayfasının ilkin vətəni və mənşəyi haqqında

İ. M. Dyakonov yazır ki, İran Azərbaycanındakı Zaqros dağlarında yaşayan kutilər e. ə. 2228 – ci ildə Mesopotamiyanı işğal edib, burada yüz ildən artıq hökmranlıq etdilər. E. ə. 2104 – cü ildə Mesopotamiyada hakimiyyətlərinə son qoyulan kutilər yenidən Zaqros dağlarındakı doğma yerlərinə qayıtdıqda, lullubilər onlara əvvəllər yaşadıqları yerlərdə yaşamağa imkan vermədilər. Belə olduqda kutilər yeni yurd axtarışı məqsədilə, şimala da doğru hərəkət etdilər və hətta Cənubi Qafqazda belə məskunlaşdılar. Urartu mənbələrində onlardan Goycə (Sevan) gölü hövzəsində Eti adlı tayfa kimi bəhs edilmişdir. Herodotun ,, Tarix” əsərində isə, onların adı Utidir (Bax: И. М. Дьяконов. История Мидии от древнейших времен до конца ıv века до н. э. М - Л. 1956, с. 114 – 116). Q. Qeybullayev bununla bağlı yazır: ,,Sovet tarixşünaslığında Herodotun qeyd etdiyi bu utilər Manna (indiki Cənibi Azərbaycan) ərazisində daha qədimlərdə yaşamış kutilərin sonrakı nəsilləri hesab olunur (Qiyasəddin Qeybullayev. Qarabağ. (Etnik və siyasi tarixinə dair). Bakı – 1990, s. 115). Məncə, Manna dövlətinin varlığından bəhs etməyən Herodotun, adlarını sadaladığı Midiya tayfalarından Budı (Herodot. Tarix. I. 101) də kutilərin bir hissəsi olmuşdur.
Firudin Ağasıoğlu kutilərin mənşəyi bağlı yazır: ,,... 1500 il ərzində qut adı bəzi hallarda Dəclə - Urmu hövzəsində türklərin ümumi adına çevrilə bildi, yalnız Qut eli dağılandan sonra subar, lulu, kuman, turuk və başqa adlar qut ilə yanaşı işləndi” (F. Ağasıoğlu. Azərbaycan türklərinin İslamaqədər tarixi. III Bitik. Bakı – 2014, s. 175).
Yusif Yusifov: ,,... Türk etnosu olan utilər qədim və erkən orta əsrlərdə geniş bir ərazidə - Şimali İkiçayarasından və Azərbaycandan tutmuş ta Şimali Qafqaza kimi geniş bir ərazidə baş vermiş siyasi hadisələrdə iştirak etmişlər” (Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı – 1994, s. 149).
İqrar Əliyev: ,,Kuti dilini də Şimal – Şərqi Qafqaz dilləri ailəsinə aid etməyə müəyyən əsaslar vardır. Belə bir mülahizə söylənilmişdir ki, ,,udi” (Qafqaz Albaniyasının əsas əhalisi olmuş utilərin etnonimi. Müasir udilər onların qalıqlarıdır) Quti adının refleksidir. Bu yaxınlarda kuti dilinin hind – Avropa səciyyəli olması haqqındakı nöqteyi - nəzərin söylənməsi bu prolemi daha da mürəkkəbləşdirmiş, kutilər isə daha sonrakı hind – avropalılar toxarlarla əlaqələndirilmişdir” (Azərbaycan tarixi. Yeddi cilddə. I cild. Bakı – 2007, s.130 – 131).
Mənim apardığım tədqiqatlara görə isə, kutilərin sonrakı nəsilləri Azərbaycan ərazisində də yaşamış Budi, Massaget (Mas kut) və Uti türk tayfaları, Kutiqur və Utiqur Hun tayfa birlikləri, danışdıqları dil isə Qıpçaq dili olmuşdur (Bax: Tofiq Əzizov. Skiflər, saklar, massagetlər, talışlar və azərilər. Avrasiya info.). Udinlərdən fərqli olaraq utilər albanlarla eyni mənşəli tayfadır.
Beləliklə, Uti tayfasının ilkin vətəni Cənubi Azərbaycan ərazisidir. Onlar Araz çayından şimaldakı ərazilərə və Mərkəzi Asiyaya da buradan getmişlər. Utilərin Araz çayından şimaldakı ərazilərdə hansı vaxtdan yaşaması sualına hələlik dəqiq cavav vermək mümkün olmasa da, Urartu çarı I Argişti (e. ə. 785 – 760) Araz çayından şimaldakı ərazilərə işğalçı yürüş edəndə, burada utilərlə qarşılaşmışdı (Bax: Yusif Yusifov. Qədim Şərq tarixi. Bakı - 1993, s. 280).

 

Kuti və Uti etnonimlərinin mənası

Y. Yusifov yazır ki, mixi qaynaqlarda kuti adı ku kimi də yazılır. Yəni ku tayfanın adı, - t cəm şəkilçisi imiş. Ku türk dillərində ,,ağ, ağımtıl, sarı, ağımtıl sarı” mənasındadır. Bunu mixi yazılardan birində bir neçə ,,ağbəniz kuti qulu” məlumatı da təsdiq edir (Bax: Azərbaycan tarixi. ... s. 82). Yazılı mənbələrdəki digər məlumatlar (Strabon. Coğrafiya. XI. 4, 4; Q. Y. Solin. Diqqətəlayiq hadisələr toplusu. XV, 5) da, Kuti (Quti) adının onlara qonşu etnoslardan xeyli ağbəniz (sarışın) və ucaboylu - dağ gövdəli olduqlarına, yəni fiziki görünüşlərinə görə verildiyini sübut edir. Uti adına gəldikdə isə, akademik N. Y. Mar onu ,,qara adamlar” kimi mənalandırmışdır. Kuti, Uti və Alban tayfalarının eyni mənşəli olmasına və utilərin yaşadığı ərazinin Ağvan adlandırılmasına görə, məncə, Uti adını ,,ağ adamlar”, Ağvan toponimini “ağların yaşadığı yer” kimi mənalandırmaq tarixi həqiqətə daha yaxındır. Bununla yanaşı, Uti (Utu) Şumerlərin günəş allahı olduğundan, bu adın onlara xüsusilə günəşə sitayış etdiklərinə görə verilməsini də eyni dərəcədə ehtimal etmək olar.


Davamı var...

 

BAO.AZ.

.



“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti tədbirlərə start verib
21:49 / 25-09-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək
20:41 / 05-01-2023
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
23:07 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
22:55 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi tədbirlərini davam etdirir
21:53 / 17-11-2022
“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” İctimai Birliyinin tədbirləri davam edir – FOTOLAR
23:35 / 16-03-2022
“Tariximizə Sahib Çıxaq” İctimai Birliyi növbəti tədbirini keçirib
21:36 / 23-02-2022
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
11:12 / 19-02-2022
Faiq Ələkbərli: Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (BAO)
11:04 / 14-11-2021
Faiq Ələkbərli: Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan
11:11 / 07-03-2021
Zəkulla Bayramlı: Həmişə yeri görünəcək insan - Dilavər Əzimli haqqında
19:03 / 06-03-2021
Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)
22:35 / 21-02-2021
Müstəqil Ağayev: A.A.BAKIXANOV VƏ H.B.ZƏRDABİ DİN HAQQINDA
22:33 / 20-01-2021
XIX ƏSR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNDƏ DİN MƏSƏLƏSİ (Dini doğuran təbii-tarixi şərait və cəmiyyət içərisində onun mövqeyi)
00:09 / 16-10-2020
Elman Mustafa Cıvıroğlu: Azeri Değilim: Neden Azerbaycan Türklerine “Azeri” Diye Hitap Ediyorlar?
22:35 / 02-06-2020
Faiq Ələkbərli: Şuşanın işğalı 50 milyonluq Azərbaycan xalqı üçün faciədir
22:33 / 08-05-2020