BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Çuxur-Səəd bəylərbəyi Əmirgünəxan Qacar

00:25 / 29-01-2017   /   baxış - 1516

Şabiyev Bəymirzə

BDU-nun dosenti

Məlum olduğu kimi 1590-cı il İstanbul barışığına əsasən Səfəvi dövlətinin ərazisinin mühüm bir hissəsi, o sıradan Çuxur-Səəd bəylərbəyliyinin ərazisi Osmanlı işğalı altına düşmüşdü. Şah I Abbas islahatlar nəticəsində dövlətin əvvəlki qüdrətini bərpa etdikdən sonra itirilmiş ərazilərin qaytarılması uğrunda fəal mübarizəyə başladı. 1603-cü ildə başlanmış növbəti Səfəvi-Osmanlı müharibəsi 1612-ci ildə Səfəvilərin qələbəsi ilə başa çatdı. Məhz bu müharibənin başlanması ilə əlaqədar qaynaqlarda Əmirgünə xan Qacarın fəaliyyəti haqqında ilkin məlumatlara rast gəlmək mümkündür. İsgəndər bəy Münşinin məlumatına əsasən 1603-cü il sentyabrın 14-də İsfəhandan Azərbaycana doğru hərəkət edən qızılbaş ordusuna Qəzvin şəhərində şəhərin darğası Əmirgünə xan Qacarın başçılıq etdiyi qorçu və qulamlar dəstəsi də qoşulmuşdu (2, s.441). Əvvəlcədən müəyyən edilmiş qrafik üzrə hərəkət edən Şah I Abbas qısa bir müddət ərzində 28 sentyabr 1603-cü ildə Təbrizi Osmanlı işğalından azad etmiş (5, s.309-310) və Osmanlı qoşunu Sofiyan yaxınlığında məğlubiyyətdən sonra Naxçıvana doğru geri çəkilmişdi. Qızılbaş qoşununun Naxçıvana yaxınlaşdığını eşidən Osmanlı qoşunu İrəvan bəylərbəyi Məhəmməd Şərif paşanın başçılığı altında İrəvan şəhərinə doğru çəkilərək, köhnə İrəvan qalasının cənubunda daha bir müdafiə qalası tikmişdilər (2, s.446; 3, s.50). İrəvan qalasına yaxınlaşan qızılbaş ordusu onu mühasirəyə alaraq gözləmə mövqeyi tutdular. İrəvan qalasının mühasirəsindən bəhs edən qaynaqlarda yenidən Əmirgünə xan haqqında müəyyən məlumatlara rast gəlinir. İsgəndər bəy Münşü və Təbrizli Arakelin məlumatına görə Şah I Abbas hələ Təbrizdə olarkən Osmanlı qoşununun qarşısını almaq üçün Əmirgünə xanı Gəncə istiqamətinə göndərmişdi (2, s. 452; 3, s.53-54). İki aya qədər Gəncə bölgəsində qalan Əmirgünə xan Osmanlı ordusunun zəif olduğunu yəqin etdikdən sonra İrəvana getmişdi. Təbrizli Arakelin  məlumatına görə, Şah I Abbas hələ İrəvan qalası mühasirədə olan zaman Əmirgünə xan Qacarı İrəvan vilayətinin hakimi təyin etmişdi (3, s. 54). Bu məlumat dövrün digər mənbələri ilə təsdiq olunmur. İsgəndər bəy Münşinin məlumatına əsasən 1604-cü ilin iyun ayında İrəvan qalası ələ keçirildikdən sonra Şah I Abbas Əmirgünə xan Qacarı Çuxur-Səəd bəylərbəyliyi, Maqsud sultan Kəngərlini Naxçıvan ölkəsinin , Nəfəs sultan Səədlini isə Kağızman hakimi təyin etmişdi (2, s.452-454). XVII əsr erməni tarixçisi Zəkəriyyə Kənəkirli də, Şah I Abbasın İrəvan qalasını tutduqdan sonra Əmirgünə xan Qacarı İrəvan vilayətinin hakimi təyin etdiyini göstərmişdir (4, s.70). Tədqiqatçı Z. Bayramlı  da öz araşdırmasında İsgəndər bəy Münşinin məlumatlarına əsaslanaraq İrəvan qalasının fəthindən sonra Əmirgünə xanın Çuxur-Səəd bəylərbəyi təyin edildiyini qeyd etmişdir (1, s.131). Qeyd etmək lazımdır ki, Əmirgünə xanın İrəvan vilayətində ilk hakimliyi uzun çəkməmişdi. Belə ki, Osmanlı qoşunlarının Ciqal oğlu Sinan paşanın başçılığı altında əks hücuma keçməsi xəbərini eşidən Şah I Abbas Səfəvilərin ənənəvi yandırılmış torpaq siyasətini tətbiq etmək zorunda qalaraq İrəvan və Naxçıvan bölgələrini tərk etmişdi. Bununla əlaqədar olaraq İrəvan şəhəri, İrəvan vilayəti və ətraf bölgələrin əhalisinin köçürülməsi məhz Əmirgünə xan Qacara həvalə olunmuşdu (3, s. 62). A. Təbrizlinin məlumatına görə əhalinin Araz çayını  keçənə qədər köçürülməsinə Əmirgünə xan rəhbərlik etmiş, sonra isə bu işə nəzarət Elyaz sultan Xəlifəliyə tapşırılmışdı (3, s.62). Qızılbaşları təqib edən Sinan paşa onların Arazı keçərək Təbrizə getdiyini bildikdən sonra yürüşü dayandıraraq qışı keçirmək üçün Vana qayıtmışdı. Sinan paşa Ömər ağanı İrəvan hakimi təyin etmiş və sonuncu böyük qoşunla İrəvana gəlmiş, Naxçıvanda məskən salaraq vilayəti idarə etməyə başlamışdı (11, s.83). Bu xəbəri eşidən Şah I Abbas Əmirgünə xanı Ömər ağaya qarşı yürüşə göndərmişdi. Təbrizli Arakelin məlumatına əsasən Əmirgünə xan Ömər ağanı məğlub edərək qətlə yetirmiş, əsir aldığı osmanı əsgərlərini Təbrizə Şah I Abbasa göndərmiş, özü isə vilayəti idarə etməyə başlamışdı (3, s. 84). 1606-cı ildə Səfəvilərə qarşı II yürüşə başlayan Sinan paşa Sofiyan savaşında məğlub olduqdan sonra Şah I Abbas ikinci dəfə İrəvanı azad edərək Əmirgünə xan Qacarı yenidən Çuxur-Səəd bəylərbəyi təyin etmişdi. Dövrün mənbələri, xüsusilə də erməni qaynaqları Əmirgünə xanı çox bacarıqlı, qorxmaz, döyüşkən, ədalətli hakim kimi təqdim edir və onun fəaliyyəti haqqında maraqlı məlumatlar verirlər. Məlum olduğu kimi Səfəvi-Osmanlı savaşları, həmçinin yandırılmış torpaq taktikasının tətbiqi İrəvan vilayətinin daha çox dağılmasına, əhalisinin isə kütləvi şəkildə köçürülməsinə səbəb olmuşdu. Bölgədəki dağıntıları aradan qaldırmaq, əhalinin sayını artırmaq iqtisadiyyatı bərpa etmək böyük tarixi missiya tələb edirdi. Bu missiyanı yerinə yetirmək Əmirgünə xanın üzərinə düşmüşdü. Onu da vurğulamaq lazımdır ki, Səfəvi-Osmanlı müharibəsinin hələ başa çatmadığı bir dövrdə bu missiyanı yerinə yetirmək olduqca çətin idi. Şah I Abbasın Osmanlı ilə sülh bağlanmayana qədər İrəvan və digər sərhədyanı bölgələrdə əkin əkilməsinə qadağa qoyması bu işi bir qədər də mürəkkəbləşdirirdi. Əmirgünə xan çox böyük çətinliklə olsa da Şah I Abbasdan İrəvan bölgəsində bəzi işlər görülməsinə, o sıradan, əkinçiliyə başlanılmasına razılıq ala bilmişdi. Zəkəriyyə Kənəkirlinin məlumatına görə Əmirgünə xan İrəvanda qala, saray, üzümlüklər, bağça və bağların tikintisinə, suvarma kanallarının çəkilişinə başladı. Bəzi yerlərdə isə əhalidən alınan vergiləri azaltdı. Bununla yanaşı o, suxranı (biyarı) artırdı. Biyarın artırılması ilə bağlı Z. Kənəkirli yazır ki, qadın hamilə olanda ərini biyara aparırdılar və uşaq doğulub boya-başa çatdıqdan sonra biyara gedərək atasını əvəz edir, atası isə evə qayıdırdı (4, s. 70). Biyarın belə ağır və uzunmüddətli olmasına baxmayaraq Z.Kənəkirli Əmirgünə xanın bu istiqamətdəki fəaliyyətini yüksək  qiymətləndirərək yazır ki, o, tarlaları gəzərək biyara çıxanlara ərzaq paylayır, ölkənin inkişafına xüsusi qayğı göstərirdi. Buna görə də aşıqlar onun səxavətinə mahnılar qoşub oxuyurdular (4, s. 70). İrəvanın dağıdılmış iqtisadiyyatının bərpa edilməsi üçün demoqrafik probleminin həllinə də xüsusi diqqət ayırmaq zərurəti yaranmışdı. Səfəvi-Osmanlı müharibələri, yandırılmış torpaq siyasəti nəticəsində bölgə əhalisinin sayı kəskin şəkildə azalmışdı. Məhz buna görə də Əmirgünə xan İrəvan bölgəsi əhalisinin sayının artırılmasına da xüsusi diqqət verirdi. Z. Kənəkirli yazır ki, Əmirgünə xan iki dəfə Karni istiqamətində hücum edərək Ərzurum qalasına qədər irəliləmiş, ələ keçirdiyi əsirləri İrəvan bölgəsində yerləşdirmişdi. Əmirgünə xan həmçinin Qars, Van və Muş vilayətlərinə hücum etmiş, osmanlı hakimiyyəti altında olan bu ərazilərdə yaşayan erməni əhalisini əsir alaraq İrəvan vadisində yerləşdirmişdi. Z. Kənəkirlinin məlumatına görə İrəvan və Eçmiədzin arasındakı Qayalar, Göyhümbət, Kavakert, Parakar, Sabad və s. kəndləri məhz osmanlı vilayətlərindən gətirilmiş əsirlər hesabına məskunlaşdırılmışdı (4, s. 70; 5, s.250). Əmirgünə xanın bu siyasəti İrəvan əhalisinin etnik tərkibinin dəyişilməsinə də mühüm təsir göstərmişdi. Belə ki, erməni qaynaqlarının da təsdiq etdiyi kimi Əmirgünə xanın İrəvana köçürdüyü əhalinin əksəriyyəti ermənilərdən ibarət olmuşdu. Əmirgünə xanın fəaliyyəti haqqında İsgəndər bəy Münşi də maraqlı məlumatlar verir. Müəllifin məlumatına görə Əmirgünə xan İraqi-Əcəmdən Qacar tayfasının Ağcaqoyunlu və Musa oğlu ellərini köçürərək İrəvan və Şərur bölgələrində yerləşdirmiş, onlara yurd və qışlaqlar bağışlanmışdı (2, s. 520). İsgəndər bəy Əmirgünə xanın Qars istiqamətində osmanlılara qarşı apardığı mübarizədən də bəhs edərək onun Magasberd, Mankert, Qars, Maku və Bayazid qalalarını ələ keçirdiyini də göstərmişdir (2, s.520).

Şah I Abbasın Əmirgünə xan Qacara böyük etimad göstərməsini sübut edən faktlardan biri də ondan ibarətdir ki, 1612-ci il Səfəvi-Osmanlı müqaviləsi əsasında iki dövlət arasında demarkasiya xətlərini müəyyənləşdirmək və sənədləri imzalamaq (1, s. 132) səlahiyyətləri Səfəvi nümayəndəsi kimi Əmirgünə xana həvalə olunmuşdu.

Məlum olduğu kimi Səfəvi-Osmanlı arasında sülh uzun sürməmiş və 1616-cı ildə Osmanlıların İrəvana hücumu ilə pozulmuşdu. Öküz Məhəmməd paşanın başçılıq etdiyi Osmanlı ordusu İrəvan qalasını iki ay yarım mühasirədə saxlasa da onu tuta bilməmiş, əksinə özü çıxılmaz vəziyyətə düşərək Şah I Abbasın icazəsi ilə böyük itkilər verərək İrəvandan geriyə çəkilmişdi. İrəvanın 1616-cı il mühasirəsi zamanı göstərdiyi igidliyə görə Şah I Abbas Əmirgünə xanı «Sarı Aslan» adlandırmışdı (2, s. 638).

1625-ci ildə Gürcüstanda Səfəvilərə qarşı Georgi Saakidzenin başçılığı altında üsyan baş qaldırdı. Əmirgünə xan üsyançılara qarşı savaşda yaralanaraq İrəvana qaytarılmış və 1625-ci ildə həmin yaradan dünyasını dəyişmişdi. Şah I Abbasın əmri ilə Çuxur-Səəd bəylərbəyi vəzifəsinə Əmirgünə xanın oğlu Təhmasibqulu xan Qacar təyin edilmişdi (4, s.84-85).

Beləliklə, Əmirgünə xan Qacar 20 ildən artıq (1604-1625) Çuxur-Səəd bəylərbəyi vəzifəsini icra etmişdi. Məhz onun Səfəvi dövlətçiliyi qarşısında xidmətinin nəticəsi idi ki, sonra da onun varisləri bu vəzifəyə təyinat almışdılar.

Ədəbiyyat siyahısı:

1. Bayramlı Z.H. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sistemi. Bakı, 2006

2. İsgəndər bəy Münşi. Tarix-i alamar-i Abbasi. , II cildTehran, 1897

3. Аракел Даврижеци. Книга-историй. Пер. с армянского, предисловие и комментарий Л.А.Ханларян, Москва, 1973

4. Закарий Канакерци. Хроника. Пер. с армянского, предисловие и комментарий М.О. Дарбинян-Меликян. Москва, 1969

5. Персидские документы Матенадарана. Указы. Вып. II, составил А.Д. Папазян. Ереван, 1959

 

 

 

 

 

 



“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti tədbirlərə start verib
21:49 / 25-09-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək
20:41 / 05-01-2023
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
23:07 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
22:55 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi tədbirlərini davam etdirir
21:53 / 17-11-2022
“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” İctimai Birliyinin tədbirləri davam edir – FOTOLAR
23:35 / 16-03-2022
“Tariximizə Sahib Çıxaq” İctimai Birliyi növbəti tədbirini keçirib
21:36 / 23-02-2022
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
11:12 / 19-02-2022
Faiq Ələkbərli: Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (BAO)
11:04 / 14-11-2021
Faiq Ələkbərli: Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan
11:11 / 07-03-2021
Zəkulla Bayramlı: Həmişə yeri görünəcək insan - Dilavər Əzimli haqqında
19:03 / 06-03-2021
Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)
22:35 / 21-02-2021
Müstəqil Ağayev: A.A.BAKIXANOV VƏ H.B.ZƏRDABİ DİN HAQQINDA
22:33 / 20-01-2021
XIX ƏSR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNDƏ DİN MƏSƏLƏSİ (Dini doğuran təbii-tarixi şərait və cəmiyyət içərisində onun mövqeyi)
00:09 / 16-10-2020
Elman Mustafa Cıvıroğlu: Azeri Değilim: Neden Azerbaycan Türklerine “Azeri” Diye Hitap Ediyorlar?
22:35 / 02-06-2020
Faiq Ələkbərli: Şuşanın işğalı 50 milyonluq Azərbaycan xalqı üçün faciədir
22:33 / 08-05-2020