Firdovsiyyə Əhmədova
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
«Tarix» kafedrasının müdiri, əməkdar müəllim,
tarix üzrə fəlsəfə doktoru, dosent.
«Türkləşmək, İslamlaşmaq və Müasirləşmək» şüarını siyasi bir fəlsəfə kimi qəbul edən «Azərbaycan Turançıları» «qurduqları milli siyasi partiyanın prinsipi elan etdilər». M.-Ə.Rəsulzadənin «Əsrimizin Səyavuşu»nda poetik ifadəsini tapan bu fikir «Müsavat» partiyasına aid idi. Partiyanın mətbu orqanı olan «İstiqlal» qəzetinin şüarı bəhs edilən düstur olmuşdur. Azərbaycan sosialistləri Dünya Sosialist Respublikası içərisində yer almaq istəyirdilərsə, Türk millətpərvər siyasətçiləri «Dünya Federasyonu» daxilində türk hökumətlərinin mövcudiyyətini arzulayırdılar. Azərbaycan millətçi hərəkatının başında «Müsavat» partiyası dayanırdı. Yarandığı zaman «milli təmələ dayanan dini fikirlər ətrafında birləşməyə» başlayan partiyanın əsası düz 100 il öncə, 1911-ci ilin oktyabrında Bakıda Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə, Tağı Nağıyev tərəfindən qoyulmuşdur. Azərbaycan türklərinin, müsəlmanlarının siyasi bir təşkilatına «bərabərlik» anlamında ad verilməsi də təsadüfi deyildi. Rusiya müsəlmanlarının hüquq bərabərliyi çərçivəsində Azərbaycan müsəlmanları da haqlarını tələb edirdi. Özlərini «müsəlman milləti» kimi dərk edən siyasi qüvvələrin öndə gedən nümayəndələri «Müsavat» partiyasını yaradarkən qəbul edilən «proqramda islam dini ön plana çəkilirdi». Müsəlman xalqlarının azadlığı uğrunda mübarizə beynəlxalq vəziyyət, regional durumdan qaynaqlanırdı. Xüsusən Balkan müharibələri Qafqaz müsəlmanlarının siyasi dünyagörüşünə, milli və dini kimliyi haqqında düşüncələrinə təsirsiz qalmadı. Milli və dini kimliyin çuğlaşdığı mərhələdə eyniyyət təəssübkeşliyi çərçivəsində Azərbaycan milli hərəkatının siyasi təşkilatı olaraq «Müsavat» partiyasının islami təyinata üstünlük verməsi də həmin dövr üçün təbii qarşılanmalıdır. M.-Ə.Rəsulzadənin Türkiyədən dönüşü ilə «Müsavat» partiyası yalnız libasını dəyişmədi, yəni zahiri də, batini də «türkləşməyə» məruz qaldı. «Açıq söz» qəzeti milliyyətçilik fikrininin tribunasına çevrildi. Artıq 1917-ci ildə «Müsavat» partiyasının birinci qurultayında strateji ideya qətiləşmişdi: «Bizim arzumuz başqa millətlərlə birlikdə sakit və xoşbəxt yaşamaqdan ibarətdir. Biz bəşəriyyətin üzvü olaraq bütün millətlərlə birlikdə mədəni və mütərəqqi millət olmağa can atırıq. Türkçülük fikirləri başqalarına hücum etmək demək deyildir və İslama ziddiyyət təşkil etmir».
«Müsavat» partiyasının tarixində 1917-ci ilin əlamətdar hadisələri əksəriyyət təşkil edir. Rusiya imperiyasının əsarəti altında yaşamış digər xalqlar kimi Azərbaycan xalqının müqəddəratı üçün də mütləqiyyət rejiminin süqutu yeni imkanların yaranması demək idi. Azərbaycanda mövcud siyasi partiyalar kimi «Müsavat» partiyası fəaliyyət sərbəstliyi əldə etdi, öz məramnaməsini gerçəkləşdirmək yönündə tədbirlər həyata keçirməyə başladı. Ölkə hüdudlarında «Müsavat» partiyasının sosial əhatə dairəsinin genişlənməsi Qafqaz müsəlmanları qurultayından sonra vüsət tapdı. Milli-siyasi məfkurəsinə görə «Müsavat» partiyasına yaxın «Türk Ədəmi –mərkəziyyət» partiyasının Gəncədə yaradılması Azərbaycanın müsəlman-türk əhalisi içərisində təbliğ edilən ideyaların sosial dayağını gücləndirirdi. Hər iki partiyanın ortaq platformaya malikliyi Qafqaz müsəlmanları qurultayında təsdiqini tapdı. Rusiya Federasiyası tərkibində Azərbaycan üçün məhəlli muxtariyyət tələbini irəli sürüb müdafiə edən hər iki partiya birləşməyi qərara aldı. «Bu xüsusda imza edilən anlaşmaya görə birləşmiş firqənin adı «Türk ədəmi-mərkəziyyət Müsavat xalq firqəsi» kimi qəbul edilmişdir (M.-B.Məmmədzadə).
«Müsavat» partiyasının tarixində növbəti əlamətdar hadisə birinci qurultayının keçirilməsi oldu. Sənəddə göstərildiyi kimi, «öz demokratik tərkibinə görə müsəlman Şərqində birinci qurultay» hesab edilən məclisdə 100-ə yaxın nümayəndə iştirak etmiş, onların 90 nəfəri fəhlə və kəndlilər olmuşdur. 1917-ci il oktyabrın 26-sından 31-nə qədər davam etmiş qurultayda partiyanın məramnaməsi və nizamnaməsi qəbul edilmişdir. «Dövlət və muxtariyyət»in təşkili, milli məsələlər», dini məsələlər iqtisadi, maliyyə, torpaq, işçi, ədliyyə, maarif məsələləri müzakirə olunmuş, qərarlar qəbul edilmişdir. İki il sonra, 1919-cu il dekabrın 2-də Bakıda «Müsavat» partiyasının ikinci qurultayı işə başlamışdır. Bu qurultay Cümhuriyyət dönəmində partiyanın birinci, vətəndə keçirilmiş sonuncu iri toplantısı idi. Azərbaycanın bütün qəzalarından 140-a yaxın nümayəndə iştirak etmişdir. Əsas məruzələr Zaqafqaziya Seymindən başlayaraq Azərbaycan Parlamentindəki işi daxil olmaqla partiyanın fəaliyyət mərhələlərinin təhlilinə həsr olunmuşdur. Qurultaya hazırlıq işləri, müzakirə olunacaq məsələlərin siyahısı, partiyanın proqramına yenidən baxılması yönündə istiqamətlərin müəyyənləşdirilməsi, beynəlxalq vəziyyətin, mövcud şəraitin, regional münasibətlərin geniş müzakirəsinin nəzərdə tutulması partiyanın Cümhuriyyətin müqəddəratına məsuliyyətlə yanaşdığının təsdiqi ifadəsi sayıla bilər. «Müsavat» partiyasının ikinci qurultayında təntənə və pafos açılış mərasimi qədərincə sürmüşdür. Əslində səslənmiş və üçrəngli bayraqların üzərində yazılmış şüarlar partiyanın platformasının fəaliyyətinin rəmzi deyil, gerçəkləşdirmək istədiyi iş prinsipləri olmuşdur: «Yaşasın müstəqil Azərbaycan», «Yaşasın Azərbaycan Respublikasının demokratiyası», «Yaşasın azadlıq, bərabərlik və ədalət». «İnsanlara hürriyyət, millətlərə istiqlal» çağırışını özünə deviz seçmiş bir partiyanın önəm verdiyi dəyərlər qurultayın şüarlarına çevrilmişdi. Həmin dövr üçün fərqli məzmun daşıyan siyasi leksion prizmasından baxsaq istiqlalçılıq, demokratiya ifadələrinin məna yükünü açıqlaya bilərik. Xüsusən də «demokratiya» dəyərlər məcmusu anlamından öncə klassik mənasında xalq, partiyanın təyinatında zəhmətkeş əhali ünvanını nəzərdə tuturdu.
Partiyanın 1917-ci il məramnaməsində yazılmışdır: «Millətin mənəviyyat və ruhiyyət cəhətindən başqa maddiyyat cəhəti də vardır. Millət siniflərdən ibarətdir. Fəqət, əksəriyyəti təşkil edən sinif zəhmətkeşlər sinfidir. Bu etibarla millət demək, xalq (demokratiya) deməkdir. Həqiqi millətpərəstlər haman xalqpərəstlərdir. Çünki millətin qüvvəti xalqın qüvvəti, xalqın qüvvəti millətin qüvvəti deməkdir. Bir milli hökumət ancaq o zaman həqiqi millət hökuməti olar ki, ondaki əsaslar xas sinfi deyil, ümum cəmaəti gözləsin, onların halını islahə yarasın». Sinfilik prinsipini məqbul bilən, «zəhmətkeşlər sinfi»nin mənafeyini diqqətə alan, amma «ümum cəmaəti» düşünən bir partiya üçün istiqlalçılıq azərbaycançılıq demək idi. Federalizm mövqeyində dayanan, «ilhaqçılıq» təhlükəsini adlamış bir partiya olaraq «Azərbaycan» adlı dövləti bəyan etmək və qurmaq istiqlalçılıq əqidəsinə sadiqlik demək idi. O dövr üçün «azərbaycançılıq» dəyərlər məcmusu deyil, ilk növbədə istiqlalçılıq idi. «Milli mənafe» ilə, daha dəqiqi «milli istiqlal»la «sosial ədalət»i uzlaşdırmağı proqramlaşdıran partiya kimi «Müsavat»ı səciyyələndirmək olar. Hətta solçu rəqibləri bu partiyanı «qoyun dərisi geymiş canavar» deyərək tənqid edəndə «Müsavat»ın məramnaməsinin sol yönümlü humanist müddəalarını hədəfə alırdılar. «Müsavat»ın daha ziyadə xalqçı olmasında, fəhlə və kəndli məsələsində radikal bir proqrama malik olmasında» qəti fikir bildirən Mirzə Bala Məmmədzadə müqayisəli şərh vermişdir: «Müsavat»ın bu sinifçi xalqçılığı marksistlərin sinifçiliyi ilə qarışdırılmamalıdır. «Müsavat» burada sinfi «məsləki zümrə», xalqı isə bərabərlik əsasına dayanan ümum mənasında götürür. Partiyanın ikinci qurultayında Mərkəzi Komitənin sədri M.-Ə.Rəsulzadə bu məsələyə daha konkret münasibət bildirmişdi. «…bizim partiya sinfi partiya deyil, Bizim partiya milli partiyadır…Bizim gənclər «xalqçılıq» sözünə sosialist mənasını verirlər. Belə yozum düzgün deyildir».
Cümhuriyyət dövründə «Müsavat» partiyası bəyan etdiyi prinsiplərin gerçəkləşməsi uğrunda mübarizə aparsa da mövcud şərtlər daxilində hərəkət etməli olurdu. Məhz bu baxımdan da partiyanın ikinci qurultayı özünü tənqid ruhunda keçirildi. Özünü tənqid ruhunda ən kəskin tələblər, işçi, xüsusən də aqrar məsələlərin həllinə nail olmaq yönündə idi.
Hətta dekabrın 8-də keçirilən iclas bütövlükdə aqrar məsələnin müzakirəsinə həsr edilmişdi. Qəbul edilən qətnaməyə görə «Xəzinəyə, keçmiş çara, çar nəslinə, mülkədarlara, o cümlədən xüsusi sahibkarlara məxsus olan torpaqlar əvəzsiz olaraq alınır və zəhmətkeş kəndlilərə» paylanmalı idi. Bir çox digər proqram müddəaları kimi bu qətnamə də Cümhuriyyət dövründə gerçəkləşə bilmədi. Qurultay «şimal təhlükəsi»ni Denikində gördüyü günlərdə əsil təhlükə şimaldan gələn bolşevik təcavüzü idi. Qurultaydan Cümhuriyyətin süqutunadək partiyanın başlıca problemi hakimiyyət böhranını dəf etmək olmuşdur. Bu problemin kökündə də sovet Rusiyasının günbəgün artan təzyiqləri, bolşeviklərin hakimiyyəti ələ keçirmək məqsədi dayanırdı. Parlamentin son iclasında hakimiyyətin kommunistlərə təhvil verilməsi müzakirə edilərkən «Müsavat» fraksiyası başda M.-Ə.Rəsulzadə olmaqla qətiyyətlə Azərbaycan Cümhuriyyətinin istiqlalını müdafiə etmişdir. «Müsavat» partiyasının Cümhuriyyətin süqutundan sonrakı dövrü fəaliyyətini üç istiqamətdə izləmək olar: 1) Azərbaycanda gizli fəaliyyət dövrü (1920-1930-cu illər); 2) Mühacirət dövrü; 3) SSRİ-nin süqutundan sonrakı dövr fəaliyyəti.
«Müsavat» partiyasının əsas tərkibinin, liderlərinin mühacirətdə fəaliyyəti partiyanın Xarici Bürosunun, Azərbaycan Milli Mərkəzinin işində, mətbu orqanlarının nəşrində gerçəkləşə bilirdi. «Sovet Azərbaycanında» isə nəinki gizli fəaliyyət göstərən müsavatçılar, həmçinin «müsəlman kommunistlər» belə təqiblərə məruz qalır, sürgün olunur, həbs edilir, «aradan qaldırılırdılar». Müsəlman kommunistlərə münasibət AK(b)P-nin IIqurultayının məsuliyyətli kürsüsündən rəsmi etiraf olunmuşdu: «Bizdə onlarla, bəlkə yüzlərlə» yoldaşlar deyirlər: müsəlmana etibar etmək olmaz, o, ola bilsin ki, yaxşı kommunistdir, ancaq müsəlmandır, onun qəlbində müsavat ruhu vardır». Müsavat ruhu ilə mübarizəyə xeyli vaxt sərf edəcəyini güman edənlər haqlı çıxdılar və bu qanlı mübarizə Azərbaycan xalqına baha başa gəldi.
Mühacirət həyatında «Müsavat» partiyasının ali toplantısı 1936-cı ildə Varşavada keçirilmiş konfrans oldu. Partiyanın təsisinin «25 yıllik yubile devrine tesadüf» edirdi. Konfrans «yeni proqram projesinin ana fikirlerini tayın etmək üzre» 20 bənddən ibarət «əsasların kabulunu zaruri görmüştür». Verilən qərarda ilk müddəada göstərilirdi: «Müstəqil Azərbaycan Xalq Cümhuriyyəti, rus istilasından qurtulacaq, qeydsiz və şərtsiz müstəqil bir dövlət halında yaşayacaqdır». Bu müddəanın gerçəkləşməsi 55 il zaman aldı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi bərpa edildi. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edildi. «Müsavat» partiyasının Azərbaycanın istiqlal tarixindəki yeri tarixi qiymətini aldı.