BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Müstəqil Ağayev: A.A.BAKIXANOV VƏ H.B.ZƏRDABİ DİN HAQQINDA

22:33 / 20-01-2021   /   baxış - 1512

Müstəqil Ağayev                                                                                              AMEA Fəlsəfə və Sosiologiya institutunun aparıcı elmi işçisi,                          fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.

 

Abbasqulu Ağa Bakıxanov Azərbaycan xalqının ictimai, fəlsəfi və mədəni fikir tarixində özünəməxsus yer tutan görkəmli şəxsiyyətlərdən biridir. Elmin müxtəlif sahələrində apardığı tədqiqat işlərində əldə etdiyi nailiyyətlər ona böyük şöhrət və rəğbət qazandırmışdır. O da islam dininin müsəlman dünyasında hökmran olduğu, xalqın həyatına, ailə-məişətinə, adət-ənənələrinə, əxlaq və mənəviyyatına dərin nüfuz etdiyi bir dövrdə yaşamış, dünyada və ölkədə baş verən müxtəlif xarakterli hadisələrin canlı şahidi olmuşdur.
Mirzə Fətəli Axundovun “ Kəmalüddövlə məktubları”nda irəli sürdüyü bir çox məsələlər Bakıxanovun “ Təzibi-əxlaq”adlı əsərində də öz əksini tapmışdır. Elmi və fəlsəfi əsərlərində o öz vətəninə, xalqına xidmət etmək məqsədini güdmüş və ən yaxşı bədii əsərlərində əsarətin, ictimai zülmün, cəhalət və nadanlığın əleyhinə çıxmış, məzlumların, istismar olunan xalq kütlələrinin tərəfində durmuşdur.
O, dövlət qulluğu ilə bağlı öz vəzifə işlərinə və elmi araşdırmalara daha çox diqqət yetirdiyinə, başı qarışdığına görə dinin xalq kütlələrinin həyatına mənfi və ya müsbət təsiri barədə o qədər də düşünməmişdir. Lakin Bakıxanovun müəyyən əsərlərini mütaliə edərkən, hiss olunur ki, o, islam dininə münasibətdə mömin müsəlman mövqeyi tutmuşdur.
A.A.Bakıxanov Qubada, nisbətən geridə qalmış bir mühitdə yaşamış və dini təhsil aldığı üçün əsərlərinin müəyyən qismini dinin təsiri altında yazmışdır. Bakıxanovun Kərbəla hadisələrinə həsr olunmuş və ərəb dilində yazılmış bir sıra mərsiyə və növhələri təziyə məclislərində oxunmuş və indi də oxunmaqdadır. “ Riyazül-qüds” əsəri Qubada İmam Hüseyn üçün təziyə məclisi quranların xahişi əsasında yazılmışdır.
Bu əsəri yazarkən müəllif XV əsrdə yaşamış Hüseyn Kaşifinin “ Rövzətüş-şühəda”, Füzulinin “ Hədiqətüs-süəda”, Məhəmməd Baqir Məclisinin “ Cilaül-üyun” əsərlərindən istifadə etmişdir. Əsərin ən böyük fəsli imam Hüseynə aiad olan fəsildir. Burada Kərbəla hadisəsi haqqında geniş məlumat verilmiş, imam Hüseynin şəxsiyyəti mübaliğəli şəkildə təsvir edilmişdir.
“ Təbriz əhlinə xitab” şeirində Cənubi Azərbaycanın mədəni cəhətdən geri qalmasının səbəbi kimi feodalizm və dini cəhalət tənqid edilir. “ Kitabi-Əsgəriyyə” əsərində əsərin baş qəhrəmanı Əsgər açıq fikirli bir gənc olmasına baxmayaraq, Şəriətin sərt qanunları məngənəsində sıxılıb qalan minlərlə gəncin ümumiləşdirilmiş obrazıdır.
Məlumdur ki, bütün dinlərin, o cümlədən İslam dininin də mahiyyətini Allah ideyası təşkil edir. Allah təkdir, yaradıcıdır, əbədi və əzəlidir, zaman və məkan xaricindədir, hər şeyə qadirdir, təbiəti və kainatı allah yaratmışdır, hər şeyin sahibi allahdır və sairə. Lakin böyük mütəfəkkir filosof M.F.Axundov bu deyimləri cəfəngiyat və əfsanə adlandırır, insanları belə düşünməkdən çəkindirir, bu cür mülahizələri kəskin tənqid atəşinə tututr. “ Kəmalüddövlə məktibları” da bu məqsədlə qələmə alınmışdır.
Lakin Abbasqulu Ağa Bakıxanovun yaradıcılığında biz İslam dini haqqında M.F.Axundovun tənqidi fikirlərini görmürük. O, Mirzə Fətəli Axundovun əksinə olaraqa, şəriətçilərin və ruhanilərin fikir və düşüncələri ilə, demək olar ki, razılaşır. Bakıxanov “ Təhzibi-əxlaq” əsərində göstərir ki, dünya bir külldür, ondakı bütün mövcud olanlar cüzvdür. Aləmin bütün cüzvlərində Allahın zatından başqa təsiredici bir qüvvə yoxdur, insana hər bir işi görmək üçün ixtiyar və bacarıq verilmişdir. İnsan bir işi görməklə savab və günah qazana bilər. Belə ki, nütfəyə aləmin nizamına uyğun olaraq mayalanmaq və uşaqlıq kisəsinə bəsləmək qüvvəsi vermiş, balanın qidası üçün heyz qanını müəyyən etmişdir. Vədə başa çatanda onun dünyaya gəlməsi üçün şərait yaratmışdır. Bunların hamısı qüdrəti-ilahidir.
Lakin insan onun ( Allahın) hökmü xilafına olan zinaya məşğul olduqda məsuliyyətə cəlb olunur. Dünyada heç bir şey təbiətin ziddinə çıxa bilməz. Şeylər öz varlıqlarında gözlənilən vəzifəni icra edə bilməzlər. Lakin insan müstəsnadır, çünki o bu işi görməyə və görməməyə muxtardır” ( “Təhzibi-əxlaQ, 2-ci fəsil, “ Yaxşılığın fəziləti haqqında”)
Maraqlıdır, insana bu ixtiyarı, bu bacarığı kim vermişdir? Allah, yoxsa təbii qanunauyğunluq? Amma Bakıxanovun dediyindən belə çıxır ki, bunlar ilahi tərəfindən insana verilmişdir. Bakıxanov fikrini davam etdirərək yazır: “ Lakin dünyada olan şeylərin hamısı yaranmışların ən şərəflisi olan insan üçün yaradılmışdır. Onun(Allahın) istəyinə yetmək üçün elm və bilik vasitəsilə bu örtülü sirlərdən mümkün qədər xəbərdar olmaq bacarığı vermişdir” ( Seçilmiş əsərləri, 3-cü fəsil, səh.28, 2005-ci il)
Aydındır ki, burada Allah nəzərdə tutulur. İnsana verilən bacarıq, qabiliyyət Allaha məxsusdur. “ Maarifin rəmzləri haqqında” bölməsində oxuyuruq: “ Allahın əvvəlcə yaratdığı ağıldan ibarət oldu…İşləri nizama salmaq məqsədilə Allahın əvvəlcə yaratdığı şey qələm olmuşdur ki, bu da o vücudu göstərir. İlk və son yaratdığı nur ona işarədir…vücud bütün səbəblərin səbəbi olduğu kimi, öz vəhdətliyində qalır, dəyişiklik yalnız onun zahiri təyinlərində olur, özü isə zaval tapmaz.” (yenə orada).
A.A.Bakıxanov fikrinə davam edərək yazır: “ Onun özündən başqa hər şey məhv olacaqdır” ayəsi onun hər şeyi əhatə edən varlığına dəlalət edir. Onun hökmü işlərin intizamı üçündür və onun tərəfinə qayıdacaqdır” ayəsi başlanğıcın və qayıtmanın mərtəbələrini bəyan edir…Bütün mövcudatın mənşəyi olan və aləmi idarə edən varlıq əslində ancaq öz zatına münhəsir qalmır, cüzvə, küllə həqiqi təsir edən də onun zatından başqa bir şey deyildir. “ Sənin allahın hər şeydən pak və təmizdir”. Bu səbəbə görə də bütün mövcudat öz acizliyini etitaf edib deyir “ Biz Səni layiqincə tanımadıq.” ( “ Təhzibi-əxlaq”, Xatimə bölməsi).
Abbasqulu Ağa Bakıxanov yazır: “ Mir Findərski deyir: “ Ağıl gəmidir, bilik yelkəndir. Allah—sahil, bütün aləm isə dənizdir”. Yəni bu dünya bir dənizdir, insan isə bu dənizdə üzən gəmidir və ya yelkəndir. O, axır ki, bu dənizdən sahilə çıxmalıdır. Həmişə bu dənizdə — dünyada qala bilməz. Dənizdən çıxmalıdır. Haraya? – sahilə!
Dəniz yaşadığımız dünyadır. Dünyanı tərk etdikdən sonra biz Allaha – sahilə qovuşacağıq. Yəni ruhumuz varlıqla birləşəcəkdir – vəhdət təşkil edəcəkdir. Daha doğrusu, dəniz, sahil və bütün yaradılmışlar Allahın cüzvləridir və bu cüzvlər yenidən Allaha qovuşacaqdır. Bu deyilənlərdən belə bir nəticə çıxarmaq olur ki,bu təlatümlü dünyada baş verən hadisələrdən özünü müdafiə etmək üçün bilik və elmdən bacarıqla istifadə etmək lazımdır. Yoxsa təhlükəli girdabda qalıb məhv olarsan.
“ Mişkatül-ənvar” poemasının başlanğıcında oxuyuruq:
O şadlıq günəşi öz zərrələrilə məni işıqlandırdı.
Hər bir zərrədən yüz nur şöləsi parladı.
Mənim canım Onun nurlarının çırağıdır.
Ürək xəzinəsi Onun sirlərinin dəfinəsidir.
Burada işlədilən “Onun şadlıq günəşi”, “ Onun nurları” və “ Onun sirləri” sözləri Allaha aiddir. Ümumiyyətlə, A.A.Bakıxanov din haqqında kəskin fikirlər söyləməmişdir. Lakin bəzən yeri gəldikdə, hiyləgər din xadimlərini də ifşa etməkdən çəkinməmişdir. O yazır:
Məsciddə xüdnümalıq adət olmuş hər kəsə.
Təkəbbürlə öyünmək qəribə bir halətdir.
Özgənin zərərində axtarır öz xeyrini.
Alçaqlıq və rəzalət onlara bir adətdir.
Hamı özündən keçib, millətə xidmət edən
Kimin işi, göstərin, vətəninə xidmətdir? (səh.15)

RT THİS AD

Həsən Bəy Zərdabinin dinə münasibəti

Xalqımızın ictimai-siyasi və mədəni-fəlsəfi fikir tarixində Həsən Bəy Zərdabinin özünəməxsus yeri vardır. Kainatın, təbiətin, canlı və cansızların əmələ gəlməsi, kainatda və təbiətdə baş verən müxtəlif xarakterli hadisələrin meydana gəlməsi səbəbini öyrənmək, onların arasındakı qarşılıqlı əlaqə və münasibətləri araşdırmaq, bir təbiətşünas alim kimi onu da maraqlandırır və düşündürürdü.
Zərdabi də cəmiyyətin ictimai, iqtisadi və mədəni cəhətdən geriliyini, cəhalət və mövhumatın, zülm və istismarın, ədalətsizliyin, hüquqsuzluğun hökm sürdüyünü görürdü. Çalışırdı ki, bütün bunların törəmə səbəblərini, aradan qaldırılması yollarını axtarıb tapsın. Onu ən çox düşündürən – insanların nadanlığı, avamlığı, cahilliyi, şüurca başqa xalqlara nisbətən geri qalmaları, zülmə, istismara etiraz etmədən boyun əymələri və sair məsələlər idi.
Həsən Bəy Zərdabi görürdü ki, insanlar kainatın, təbiətin, təbiətdə olan canlı və cansızların allah tərəindən yaradıldığını, hər şeyin allahın iradəsindən asılı olduğunu, çətinliklə qarşılaşan insanın bu çətinlikdən xilas olması üçün böyük yaradana dua və şükür etməli olduqlarını təbliğ edən din xadimləri və mollalar artıq öz hədlərini aşırlar. Bunun qarşısını almaq üçün insanları maarifləndirmək – elm və biliyə əsaslanan həqiqəti insanlara çatdırmaq lazım idı.
H.B.Zərdabinin “ Torpaq, su və hava”, “ Yeni ulduzlar” , “ Ayın fazalarının Yer üzərində üzvi həyata təsiri”, “ Marsda insan yaşayırmı?” əsərləri bilavasitə bu məqsədə xidmət edir. Bu əsərlər sübut edir ki, səma cisimləri və təbiət hadisələri haqqında ruhanilərin dedikləri cəfəngiyatdır, həqiqəti əks etdirmir, insanları yaşamaq uğrunda mübarizə aparmaqdan çəkundirir, onları öz qüvvə və bacarıqlarına güvənməyə mane olurlar. Zərdabi Ayın və Günəşin tutulması, zəlzələ və başqa təbiət və səma hadisələrinin səbəblərini elmi dəlillərlə sübut etməyə çalışır və göstərir ki, bu hadisələrin baş verməsində nə allah, nə də onun “köməkçiləri” olan mələk, cin, şeytan iştirak edir. Bütün bunlar təbiətin öz daxili qanunauyğunluqları əsasında baş verir.
Zərdabi inanırdı ki, yalnız hadisələrin həqiqi qanunauyğunluğunu, həqiqi səbəblərini aşkara çıxarmaqla mövhumatın çürüklüyünü insanlara göstərmək və onların gözlərini açmaq olar. Bu münasibətlə Zərdabi yazırdı: “ Badkubədə gündə xəzri gətirən toz gözümüzü doldurur, lakin indiyəcən küləkdən və onun səbəblərindən danışmadığımıza səbəb olan budur ki, bizim adam “ hər şey allahdandır”—deyib, onun səbəbini axtarana eyb tutur” (“Əkinçi” qəzeti, 1876-cı il, 22-ci sayı).
Həsən Bəy Zərdabi artıq başa düşmüşdü ki, insanların əl-qolunu buxovlayan, onların zehinlərini kütləşdirən, gözlərini “ kor” edən mövhumat və cəhaləti məhv etmək üçün irəlidə çox böyük işlər görmək lazımdır. Bu böyük işlər nədən ibarət idi? – geniş maarifçilik işi aparmaqla xalq kütlələrinin gözlərini açmaq, konkret vasitələrlə onlara dost və düşmənlərini göstərmək, inkişafın, tərəqqinin, şüurun geri qalmasına səbəb kimi dini fanatizmi, cəhaləti, avamlığı və nadanlığı göstərməkdən ibarət idi. Köhnəliyə, vaxtı keçmiş adət-ənənələrə, insanları cəhalətdə saxlayan dinə və onun təbliğatçıları olan ruhanilərə, mollalara, şəriət hökmlərinə qarşı mübarizədə qüvvələri birləşdirmək və həmrəy olmaqdan ibarət idi.
Əslində bu fikir, bu düşncə özlüyündə mükəmməl idi, lakin onu həyata keçirmək olduqca çətin idi. Çünki insanlar cəhalət bataqlığına o qədər batmışdılar ki, onları həmin bataqlıqdan çıxarmaq üçün əl uzadan adamlardan çumadan, vəbadan qorxan kimi çəkinir və qorxurdular. Avam kütlə uşaqlarını belə yeni tipli məktəblərə buraxmır, “ kafir” olmaqdan, ruhanilərin lənətindən, axirətdə cəhənnəm əzabından qorxurdular. Qaraguruhçular məktəbdə oxuyan uşaqları yolda daşa basır, döyür və ata-analarını təhqir edirdilər. Bütün bunların canlı şahidi olan Zərdabi başqa çıxış yolları üzərində düşünür və daha qüvvətli təsir edə bilən vasitələr axtarırdı.
Nəhayət, belə bir vasitə tapıldı. Bu, 1875-ci ildə nəşrə başlayan “ Əkinçi” qəxeti idi. Dövrün açıq fikirli, mütərəqqi düşüncəli, vətənpərvər ziyalıları qəzetin ətrafına toplaşdılar. Məqsəd isə aydın idi: qəzet vasitəsilə insanların gözünü açmaq, dini mövhumatın doğurduğu cəhaləti, nadanlığı, tənəzzülü, ailə və məişətdə hökm sürən əxlaq qaydalarının aradan qaldırılmasının zəruriliyini insanların şüuruna yeritmək idi.
Ruhanilər elə iyrənc təbliğat aparmışdılar ki, tələbələr gimnaziya paltarı geydiklərinə görə müsəlmanlar onları kafir adlandırır və təhqir edirdilər. Həmin paltarlara toxunan müsəlmanlar mütləq əllərini yumalı və salavat çəkməli idilər. Guya salavat çəkməklə əlləri yumaq əsil təmizliyə riayət etməyin nümunəsi idi. Həsən Bəy Zərdabi “ Keçmiş günlər” adlı məqaləsində şeyx ilə görüşdüyünü belə təsvir edirr “…Mən kafir kostyumunda – gimnaziya paltarında idim…Mənim kostyumuma olan ap-aşkar nifrətdən qorxaraq, şeyx olan evə yaxın getməyə cürət etmədim…Şeyx gəldiyimi bilib özü dalımca adam göndərdi… Məni əlləri üzərinə qaldırıb bir-birinə ötürürdülər. Mən hiss edirdim ki, kimin əlindən keçirdimsə, o mənim Avropa kostyumuma toxunduğuna görə özünü murdarlanmış hesab edir, tüpürüb əllərini silirdi. Qapının lap ağzında daha sadiq müxlislər çəkmələrimi, furajkamı və pencəyimi çıxarmaq istədilər, mən qəzəblənərək onların üstünə qışqırdım” ( “Kaspi” qəzeti, 1884-cü il, 18-ci sayı).
Zərdabi həm “ Əkinçi” qəzeti səhifələrində, həm də başqa əsərlərində dini bayram və mərasimləri, köhnə adətləri, mövhumi fikirləri mütəmadi tənqid edir və bunları insanların şüurundan silməyə çalışırdı. O, 1884-cü ildə “ Ucqarlardan xəbərlər” adlı məqaləsində qeyd edirdi ki, Zərdabda yaşayan İbrahim Xəlil oğlu bu il şiə müsəlmanları arasında şaxsey-vaxsey düzəltmək fikrinə düşmüşdü. İbrahim Xəlil oğlu bir mərsiyəxanla danışıb ki, camaatdan yığılacaq pullardan 50 manat ona verəcək, qalanını isə öz cibinə qoyacaq. Sonralar İbrahim Xəlil oğlunun müştəriləri müəyyən səbəb üzündən azalmağa başlayır. Buna görə də o, həmin vaxt Zərdaba gəlmiş Şeyx Əli babanım köməyinə əl atır. Bir inək vəd etməklə onu şaxseyə gəlməyə razı salır. Zərdabi deyir: qəribə vəziyyətdir; bir-birinə düşmən olan iki müsəlman təriqətinin üzvləri bir yerdə ağlaşırdı. Əli Babanın müridləri digər vaxtda şiələri parçalamağa hazır olduqları halda, indi onlarla bir yerdə hoppanır, çığırır və ağlayırıar. Şeyx Əli Baba isə yumşaq taxt üstündə oturub şərbət içir, gözəllərdən zövq alırdı.Bir neçə saat davam edən belə zövq şəraitində o, bir inək də qazandı.İbrahim Xəlil isə şeyxin sayəsində 100 manat topladı ki, bundan 50 manatı öz cibinə qoydu.” ( “ Kaspi” qəzeti, 1884-cü il, 18-ci say).
“ Əkinçi” qəzetinin əməkdaşları tərəfindən şaxsey-vaxseyin, baş yarmağın, zəncir vurmağın tənqid edilməsi qaraguruhçular tərəfindən həcv və təhqir, söyüş və hədələrlə qarşılanırdı. Kapitan Sultanov adlı bir nadürüst “ Əkinçi” qəzetinə göndərdiyi məqaləsində şaxsey-vaxsey zamanı adamların baş çapmasına, bədənlərinə zəncirlə xəsarət yetirmələrinə haqq qazandıraraq bu kimi işlərin savab olduğunu, hətta bir sıra xəstəliklərin bədəndən çıxmasına yardım etdiyini söyləyirdi.

 



“TARİXİMİZƏ SAHİB ÇIXAQ” Tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi növbəti tədbirlərə start verib
21:49 / 25-09-2023
Dilavər Əzimlinin seçilmiş əsərləri əsasında hazırlanmış kitabın təqdimatı keçiriləcək
20:41 / 05-01-2023
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
23:07 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Goranboyda növbəti tədbirini keçurib
22:55 / 17-11-2022
“Tariximizə sahib çıxaq” İctimai Birliyi tədbirlərini davam etdirir
21:53 / 17-11-2022
“Tarixi Şəxsiyyətlərimizə Sahib Çıxaq” İctimai Birliyinin tədbirləri davam edir – FOTOLAR
23:35 / 16-03-2022
“Tariximizə Sahib Çıxaq” İctimai Birliyi növbəti tədbirini keçirib
21:36 / 23-02-2022
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb
11:12 / 19-02-2022
Faiq Ələkbərli: Çağdaş dövrdə Bütöv Azərbaycan ideyası və Bütöv Azərbaycan Ocaqları (BAO)
11:04 / 14-11-2021
Faiq Ələkbərli: Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan
11:11 / 07-03-2021
Zəkulla Bayramlı: Həmişə yeri görünəcək insan - Dilavər Əzimli haqqında
19:03 / 06-03-2021
Qacarlar dövlətinin süqutu dövrü: Məşrutə hərəkatı və Səttarxan (1. Yazı)
22:35 / 21-02-2021
XIX ƏSR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNDƏ DİN MƏSƏLƏSİ (Dini doğuran təbii-tarixi şərait və cəmiyyət içərisində onun mövqeyi)
00:09 / 16-10-2020
Elman Mustafa Cıvıroğlu: Azeri Değilim: Neden Azerbaycan Türklerine “Azeri” Diye Hitap Ediyorlar?
22:35 / 02-06-2020
Faiq Ələkbərli: Şuşanın işğalı 50 milyonluq Azərbaycan xalqı üçün faciədir
22:33 / 08-05-2020
Aydın Mədətoğlu: Azər (Azərdüşt) Peyğəmbər
20:49 / 25-04-2020