BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Aydın Mədətoğlu: Azər (Azərdüşt) Peyğəmbər

20:49 / 25-04-2020   /   baxış - 2132

Aydın Qasımlı (Mədətoğlu)

Türkoloq, filologiya üzrə fəlsəfə doktoru, dosent.

 

Muğ dininin– İlkin Azərdüştlük dininin yaradıcısı Türk Azər Peyğəmbərdir.

Türklərin bəşəriyyətə bəxş etdiyi ən böyük və mükəmməl dinlərdən biri də məhz Azərdüştlük dinidir. Azərdüştlük dini dünyanın ən qədim təkallahlı dinlərindən sayılır. Eradan əvvəl II minillikdə yaşadığı güman edilən Türk Azər Peyğəmbər tərəfindən yaradılan və bəzi tarixi əsərlərdə “Azərdüştlük” kimi qeyd edilən bu din “Tufan”dan sonrakı bəşər tarixinin ilk moneteist dini, onun müqəddəs kitabı “Avesta” ilk mükəmməl dini kitabıdır. Bəzi tədqiqatçılara görə qədim Günəş İmperiyasının dini təlimi ilə “Avesta” təlimi eyniyyət təşkil edir. Onlar göstərirlər ki: “Belə anlaşılır ki, Zərdüştün (Azər Peyğəmbərin-A.M.) Günəş İmperiyası haqqında bilgisi olmuş, bu İmperiyanın (Günəş İmperiyası nəzərdə tutulur-A.M.) bəzi atributları “Avesta”da iz salmışdır... O da nəzəri cəlb edir ki, Günəş İmperiyasındakı dini anlayışla “Avesta”dakı dini anlayışlar arasında bənzərliklər çoxdur. Hər ikisində tək tanrıçılıq, hər ikisində Günəşə, yerdə Oda sitayiş, xeyir və şər motivləri, insanlığa hörmət və qayğı, demək olar ki, eynidir” (Bax: Qara Namazov, C. Çörçvordun tarixi kəşfləri, Bakı 2010, səh. 9).

Qədim yunan müəllifləri Plutarx və Plineyə əsaslanan Azərbaycan alimi Baharlı göstərir ki: Zərdüştün (Azərdüştün-A.M.) adı Azərbaycanın adı ilə sıx bağlıdır. Zərdüşt öz təlimini öz vətəni olan Azərbaycanın zəngin əbədi odunun təsiri ilə yaratmışdır.

 

AZƏRGÜŞNASP MƏBƏDİ (GÜNEY AZƏRBAYCAN)

...Qədim Yunan müəllifləri Plutarx və Pliney Zərdüştü hətta Nuhdan öncəki dövrlərə, “Troya müharibəsi”ndən beş mininci illərə, yəni eradan əvvəl 6193-6184-cü illərə, Suriya və ərəb mənbələri Avraam (İbrahim Peyğəmbər-A.M.) dövrünə, yəni eradan əvvəl II minilliyə, müasir tədqiqatçılar isə eradan əvvəl 660-583-cü illərə aid edirlər. Məhşur tədqiqatçı alim Oldenberqin fikrincə, Yunan tarixçiləri (Plutarx və Pliney nəzərdə tutulur-A.M.) Zərdüştün fəaliyyət dövrünü Nuhdan əvvəlki dövrə aid etməklə bu cür kobud səhv edə bilməzdilər. Hər üç fikrin ifratçılığını kənara qoysaq belə bir qənaətə gələ bilərik ki, Zərdüşt eradan əvvəl iki mininci illərdə yaşamışdır” (Seçmələr bizimdir-A.M. Bax: Məhəmməd Həsən Vəliyev (Baharlı), Azərbaycan (Fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk), Bakı 1993, səh 5,6). . Qədim “Avesta”nın vətəni Azərbaycan, dili və əlifbası Şumer Türklərinin dili və əlifbası, müəllifi Azərbaycan Türkü Azər Peyğəmbərdir. Fransız alimi E.Reklü tarixi qaynaqlara əsaslanaraq yazmışdır ki: “Zərdüşt dininin əsas ocağı həmişə Böyük kahinin (Azər Peyğəmbər nəzərdə tutulur-A.M.) ölkəsi Atropatena (indiki Güney Azərbaycan –A.M.) olmuşdur” (Bax: Elize Reklyu, Çelovek i zemlya, T.I.SPb 1906, səh. 414).

İnsanlığı paklığa, təmizliyə, düzlüyə, həqiqətə səsləyən Azər Peyğəmbərin ölümündən sonra onun yaratdığı müqəddəs kitab olan “Avesta”nın başı bəlalar çəkmiş, saxtakarlar onu öz siyasətlərinə tabe etdirərək istədiyi əlavələr etmiş, istədiyi fikirləri ondan çıxarmış, onu öz dillərinə tərcümə etdirərək öz əxlaqsız fikir və mülahizələrini də ona əlavə etmişlər.

Tədqiqatçıların fikrincə “Avesta” tarixən üç mühüm mərhələdən keçərək günümüzə ulaşmışdır. Birinci mərhələ yarandığı eradan əvvəl 1300-cü ildən eradan əvvəl VI əsrə (550-ci ilə), yəni Midiya dövlətinin süqutuna qədərki dövrü əhatə edir ki, bu dövrdə parslar hələ tarix səhnəsinə çıxmamışdılar. Məşhur Polyak alimi K.Kassoviç hələ XIX əsrin 60-cı illərində yazmışdı ki, “Avesta” kitabı fars tayfalarının hələ müəyyən olunmadığı bir vaxta aiddir. “Avesta” adı ilə məşhur olan müqəddəs kitabın dili sözsüz ki, qədim farsların dili deyildir (Seçmələr bizimdir-A.M. Bax: Çetıre statyi iz Zend Avestı..., SPb., 1861, səh. XX).

“Avesta”nın ikinci dövrü iki mərhələdən ibarətdir. Birinci mərhələ ilk fars dövləti sayılan Əhəmənilərin yaranmasından Makedoniyalı İskəndərin Əhəməniləri tarix səhnəsindən silməsinə qədərki dövrü, yəni eradan əvvəl 550-331-ci illəri əhatə edir. Bu mərhələdə Azər Peyğəmbərin yaratdığı dinə parslar öz çirkin adət-ənənələrini də qataraq ilkin “Avesta”nı yandırmış, özlərinin etnik və siyasi maraqlarını əks etdirən yeni bir din yaratmış, “Avesta”nı Pəhləvi dilinə tərcümə edərək onun Türk ruhunu fars ruhu ilə əvəz etmiş, hətta Kirin oğlu Kambis ailəiçi evlənmənin (ata-qız, ana-oğul, bacı-qardaş evlənməsinin) əsasını qoymuş, Kambisin özü iki doğma bacısı ilə evlənmiş, bununla da həqiqi “Avesta” ləkələnmiş, pozğun bir pers hökmdarının əyyaşlığı ilə saray əyanları və pers din xadimləri də bunu adətə çevirmişdilər. Bununla da kifayətlənməyən parslar Türklərin “Əbədi Tanrı” anlamına gələn “Tanqrı Mengü” sünü “Anqra Menyu” adı altında “İblis” elan etmiş, Tanqrı Mengünün yerinə Assur-Babil mifalogiyasından əxz etdikləri “Ahura Mazda”nı (Hörmüzü) qoymuş və onu xeyrin rəmzi kimi qələmə vermişlər. Perslər hətta şahlarını da “Hörmüz” adlandıraraq onu Tanrının yer üzündəki təmsilçisi elan etmiş və hakimiyyətləri altındakı bütün xalqları şahın “bəndəsi və qulu” elan etmiş, imperatorluğun bütün xalqlarını şaha Tanrı gözü ilə baxmağa, ona səcdə etməyə, onun verdiyi bütün əmr və fərmanları bir kölə kimi yerinə yetirməyə məcbur etmişdilər. Perslər hətta bu dinə şər başlanğıcı da əlavə edərək monoteist bir din olan Muğ dinini ( Azərdüştlüyü ) dualizmə çevirmişlər. Bu parslaşdırılmış şovinist “Zəndi-Avesta”da Turanlılar parsların əbədi düşməni kimi göstərilmiş, sonradan şovinist Firdovsi də öz “Şahnamə”sində bu düşmənçiliyi daha da dərinləşdirmişdir. Perslərin Pəhləvi dilinə tərcümə etdikləri “Avesta”nı da Əhəməniləri tarix səhnəsindən silən Makedoniyalı İskəndər yandırmışdı. Öz tarixi vandalizmlərini ört-basdır etmək üçün perslər bu tarixi hadisəni tarixdən-tarixə ötürərək bütünlüklə Makedoniyalı İskəndərin adına yazmış, yeni bir “Zəndi-Avesta” tərtib etmişdilər.

Doğrudur, İskəndər Əhəməniləri tarix səhnəsindən silmişdi. Lakin o, o vaxtkı Muğ ( Azərdüşt ) dininin “canlı kitabları” sayılan Türk maq kahinlərini də kütləvi şəkildə məhv etmişdi. “Avesta”nın bu “canlı kitablarının” fəlsəfi qüdrəti, onlardakı elmin, fəlsəfənin dərinliyi İskənədərdə qibtə, həsəd və paxıllıq hissi yaratdığından o, maq kahinlərini öldürtmüş, “Avesta”nı öz dilinə tərcümə etdirdikdən sonra onu yandırmış, dövrün yunan filosofları Azər Peyğəmbərin fəlsəfəsini öz fəlsəfələri kimi təqdim edərək “Avesta”nın izini itirməyə çalışmış və buna müəyyən dərəcədə olsa da nail olmuşlar. Ona görə də dünya fəlsəfə tarixi Yunanlıların adına yazılmışdır.

“Avesta”nın ikinci dövrünün ikinci mərhələsi isə Sasanilərin hakimiyyətdə olduğu bizim eranın 224-642-ci illəri, yəni Ərəblərin Sasaniləri tarix səhnəsindən sildiyi dövrü əhatə edir. Bizim eranın III əsrində yaranan Sasani pers İmperiyası Azərdüştlüyü deyil, Atəşpərəstliyi rəsmi dövlət dini elan etmiş, yeni bir “Zəndi-Avesta” tərtib etmişdilər. Sasani şahı II Şapur (ölümü 379-cu il) kahinlər kahini Azərbüd İspənd oğluna “Avesta”nı təkmilləşdirib yenidən redaktə etməsini tapşırmış, bu iş yerinə yetirildikdən sonra Atəşpərəstliyi rəsmi dövlət dini elan etmişdi. Azərbüdün tərtib və redaktə etdiyi “Zəndi-Avesta” ona qədərki “Avesta”nın dörddə biri qədərdir və bu zamana gəlib çatan da onun təhrif edilmiş şəklidir.

“Avesta”nın üçüncü dövrü Sasanilərin Ərəblər tərəfindən tarix səhnəsindən silinməsi ilə başlayır. Azərdüştlüyün bu mərhələsi onun süqutu mərhələsidir. Artıq bu dövrdə Azərdüştlüyün yerini İslam dini tutmuşdur. Tədqiqatçıların fikrincə “İslam dininin qəbul edildiyi vaxtda “Avesta” dini kitablar külliyatı 21 cilddən ibarət idi. Ondan indiki zamana ancaq 3(üç) kitab qalıb” (Bax: Elməddin Əlibəyzadə, Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi, Bakı 1998, səh. 186).

Eradan əvvəl 1300-cü illərdə yaranan, Aralıq dənizindən Çinə qədər yayılan, bütün Yunan fəlsəfəsinin ilkin qaynağı və əsası olan, Yunanıstanı böyük fəlsəfəyə, dünyanı metafizik və fiziki dərkə yönəldən, təkallahlı dinlər olan İudizm, Xristianlıq və İslam dinlərinin ilkin qaynağı sayılan, yayıldığı ölkələrdə tərəqqiyə, inkişafa səbəb olan təktanrılı Muğ ( Azərdüştlük ) dini Əhəmənilər və xüsusilə, Sasanilər dövründə parsizmin çoxallahlıq təlimi ilə təhrif edilərək sonucda Atəşpərstlik pərdəsi altında mifik “parsizm” yaranmış, əsatiri pars təfəkkürü gerçəkçi Türk təfəkkürünə üstün gəlməsi ilə nəticələnmişdir. Bütün bunlar da sonda dindən mifə qayıtmaq, bilimdən geri dönmək olduğundan Yaxın və Orta Şərq xalqlarını sonrakı təktanrılı dinlər olan İudizmin, Xristianlığın və İslamın təsiri altına düşməsinə vəsilə olmuş, bu xalqların bir hissəsini Yəhudiləşdirmiş, bir hissəsini Xristianlaşdırmış, bir hissəsini də İslamlaşdırmış və beləliklə, xalqlararası dini çatışmalara, qanlara, müharibələrə səbəb olmuşdur.

İlkin “Avesta” kəsin olaraq Türk abidəsidir

Öz qaynağını qədim Günəş İmperiyası və Böyük Turan İmperatorluğunun, xüsusilə “Tufan”dan sonrakı İkinci Böyük Turan İmperatorluğunun mədəni varisi olan qədim Şumer Türklərinin dini inanclarından, ədəbi-fəlsəfi görüşlərindən, elmi fikir və düşüncələrindən alıb onlara doğruluq, dürüstlük, dostluq, ədalət, məhəbbət və s. kimi insani keyfiyyət aşılayan, insanları bəd əməllərdən, şər işlərdən çəkindirən Türk Azər Peyğəmbər xalqı miflərdən, çoxallahlılıqdan ayırıb təkallahlı dinə yönəltməyə müvəffəq olmuşdu. Lakin Azər Peyğəmbərin ( A-Zərdüştün ) ölümündən, xüsusilə bir tərəfdən Babillərin və sakların Midiyaya müdaxiləsindən, digər tərəfdən də Midiya hökmdarı Astiyaqın xəyanət nəticəsində öldürülməsindən istifadə edən parslar Midiya taxt-tacına sahib olduqdan sonra bu dini özlərinin qalxanına çevirmiş, bu dinə əlavələr edərək ona bu ərazilərdəki əski mifləri əlavə etmiş, onu fars şovinizminin alətinə çevirməyə müvəffəq olmuşdular.

Azər Peyğəmbərin ( A-Zərdüştün ) yaratdığı sosiologiya, təbiətşünaslıq, fəlsəfə və dinlə çulğaşmış “Avesta” eradan əvvəl 1300-cü illərdə yazılmağına baxmayaraq keçən 2300 il ərzində ona müxtəlif artırmalar, azaltmalar olmuş, ayrı-ayrı şərhlər və haşiyələr yazılmış, çox böyük dəyişikliklərə məruz qalmış və Azər Peyğəmbərin ( A-Zərdüştün ) yaratdığı gerçək “Avesta”sından günümüzə olduqca az bir qism qalmışdır. “Avesta”nın ən qədim əlyazma nüsxəsi bizim eranın XII əsrinə, ən yaxşı nüsxəsi isə XIII əsrə aiddir.

“Avesta” ilk böyük təhrifə pars Əhəmənilər dövründə, eradan əvvəl 558-330-cu illərdə uğramışdır. Bu dövrdə hakim pars sülalərinin göstərişi ilə onların özləri haqqında nağıllar, əfsanələr artırılmışdı. Təhrifə uğrayan bu “Avesta”nın “Təxti-Cəmşid” adlanan şəhərdəki şahlar kitabxanasında saxlanılan nüsxəsi Makedoniyalı İskəndər oranı işğal edərkən kitabxana ilə birlikdə yandırılmış, Şarikanda saxlanılan nüsxəni isə İskəndər Yunanıstana göndərib yunan dilinə tərcümə etdirdikdən sonra onu da yandırtmışdı.

Türk dühasının məhsulu olan “Avesta”dan Midiya Türkləri yararlandıqdan 128 il sonra dövlət kimi onun bütün maddi və mənəvi mədəniyyətinə, o cümlədən də "Avesta"sına sahib çıxan parslar ondan yararlanaraq onun ilk variantını yandırmış, öz adət-ənənələrini də əlavə edərək Pəhləvi dilinə tərcümə etmişdilər ki, Makedoniyalı İskəndərin də yandırdığı bu Pəhləvi dilinə tərcümə edilən nüsxədir. Heredot göstərir ki, Tanrılar üçün məbəd və mehrablar ucaltmaq, heykəllər yaratmaq perslərdə Zərdüştlüyü qəbul edənə qədər olmamışdır.

Sonradan Əşkanilər dövründə dağınıq halda olan "Avesta" yenidən toplanıb bərpa edilmişdi. Bu iş sonradan Sasanilərin ilk hakimiyyətləri dövründə də davam etdirilmiş, Sasani hökmdarı II Şapurun (ölümü bizim eranın 379-cu ili) tapşırığı ilə dövrün “kahinlər kahini” adlanan Azərbüd İspənd oğlu tərəfindən toplanıb tərtib və redaktə olunan və günümüzə qədər gəlib çatan "Avesta" Yasna, Vispered, Vendidad, Yəşt və Xırda Avesta adlanan beş bölmədən ibarətdir. 72 bölmədən ibarət Yasnanın yalnız bir bölməsi olan “Qatalar” və Vendidadın müəyyən hissələri Azər Peyğəmbərin ( A-Zərdüştün ) əsəridir. Qalanların hamısı pers şahlarına aid əfsanə və nağıllardan ibarətdir.

Azər Peyğəmbər ( A-Zərdüşt ) tərəfindən “Doğru Düşüncə, Doğru Söz və Doğru Əməl” üzərində qurulan "Avesta" sonrakı bütün dinlərin ana prinsipi olmuşdur. Tək Tanrı ideyası məhz bu qədim Türk-Muğların təfəkkürünün məhsuludur. Muğ dininə ( Azərdüştlüyə ) görə insanlığı vahid Tanrı olan Tenqri Mengü (Perscə tərcümələrdə Ahura Mazda-Hörmüz-A.M.) idarə edir. Azər ( A-Zərdüşt ) tək Tanrı olan Tenqri Mengünün ali məziyyətlərini həyata keçirən Peyğəmbərdir. O, bu dini öz dini deyil, Tanrının dini adlandırmış, bir Peyğəmbər kimi həmişə Tanrıya müraciət etmişdir. "Avesta"ya farsların əlavə etdikləri Əhrimən sonrakı dinlərdə şərin simvolu olan “İblis, Şeytan” adlandırılmışdır. Sonrakı İlahi sayılan dinlərin yaradıcıları olan Musa, İsa və Məhəmməd Peyğəmbər (s) Azər Peyğəmbərin ( A-Zərdüştün ) davamçıları olmuşlar. Bunu nəzərə alan "Avesta" tədqiqatçıları göstərirlər ki: “Zərdüştlüyün ( oxu : A-Zərdüştlüyün -A.M. ) uca və orijinal doktrinası bütün Yaxın Şərqdə İudizmə, Xristianlığın və İslamın gücləndiyi və inkişaf etdiyi ərazilərə təsir göstərmişdir. Zərdüştlük Hindistanda Moxayan Buddizminin inkişafına öz töhfəsini vermişdir” (Seçmələr bizimdir-A.M. Bax: Meri Boys, Zoroastriyçı, Verovaniya i obıçay, Moskva 1987, səh.4).

Amerika alimi Vitney yazır: “Zərdüşt ( oxu : Azər Peyğəmbər-A.M. ) bütün dünya üçün Əxlaq qanunları qəbul etdi və öz dinini yaratdı. Ondan sonra İsa Məsih onun izi ilə gedərək həmin qanunları təbliğ etməyə çalışdı, nəhayət dar ağacında canını fəda etdi. Lakin Zərdüştün gözəl bəyan etdiyi “Doğru Düşüncə, Doğru Söz və Doğru Əməl” prinsipləri hər şeyi aydınlaşdırmış,bütün dinlərin əsası olmuşdur”(Bax:Avesta,I kitab,Bakı 1995,səh. 21).

Alman alimi Koldner yazır: “Zərdüşt Qatalarda özünəməxsus dərin fikirlə danışır. Onun sözləri saxtakarlıqdan uzaq və səmimidir. Zərdüştün Qataları mənəviyyat və əxlaq mücəssəməsidir” (Bax: Avesta, I kitab, Bakı 1995, səh. 20).

Başqa bir alman alimi Keyker yazır: “Zərdüştün əxlaqi baxımdan tutduğu yeri bəşər tarixindəki ciddi və yüksək mövqeyini, onun nə dərəcədə yüksək fəlsəfi fikirlərə malik olduğunu Qatalardan yaxşı başa düşmək mümkündür. Zərdüşt öz zamanının zehniyyət çərçivəsindən çıxaraq çox-çox irəliyə getmiş bir şəxs idi. Ən qədim dövrlərdə belə tək Yaradana sitayiş etməyi xalqına öyrətdi. Zərdüştün gətirdiyi din formal dini mərasim və qurban kəsməklə bağlı deyildi, onun göstərişləri pak və doğru düşüncə ilə yaşamaq üsullarına əsaslanır” (Bax: Avesta, I kitab, Bakı 1995, səh.20-21).

Amerika alimi Riçard Fray yazır: “Əksəriyyət təsdiq edir ki, Zərdüşt yüksək əxlaqi ideyalara və inandırıcı fikirlərə malik olan ilk Peyğəmbərdir” (Avesta, I kitab, Bakı 1995, səh.21).

Məşhur Hind yazıçısı və filosofu Robindranat Taqor yazır: “Zərdüşt ilk şəxsiyyətdir ki, dəyişilməz Əxlaqi prinsiplər əsasında din yaratmış və insanlığa düzgün yol göstərmişdir. O, həm də insanları yeganə Yaradana sitayiş etməyə çağıraraq insanların xeyir vasitəsilə təkamülünə zəmin yaratmışdır” (Avesta, I kitab, Bakı 1995, səh.21).

Məşhur alman filosofu Hegel yazır: “İlk dəfə Zərdüşt tərəfindən tərənnüm olunan İşıq-idrak Ruh aləminə məxsusdur. Asiyada parlayan bu İlahi İşıqla dünyanın tarixi başlandı” (Qeqel, Soçineniya, t. VIII, Moskva-Leninqrad 1935, səh. 64).

Perslər “Avesta”nın guya icmalı olan “Xırda Avesta”da bir sıra Qata müddəalarını saxlamağa məcbur olmuşdular. Bu müddəalarda Azər Peyğəmbər göstərir ki, İnsan dinsevərliklə pak olar. İnsan Doğru Düşüncə, Doğru Söz və Doğru Əməl vasitəsilə dininin doğruluğunu daha da artırar. Tanrı (Ahura Mazda) insana müqəddəs ağlı vasitəsilə əbədi ölkəni-Cənnəti bəxş edər. Bu xeyirli mükafatı Mən(Azərdüşt) də arzulayıram. Ey insanlar! Nə qədər ki, ürəkdən çalışmaq həvəsi ətinizdə, qanınızda vardır, mükafatınız Muğ dini (Azərdüştlük) olacaqdır ki, onunla yalançının ruhu uzaqlaşıb, beli sınıb oradan gedəcəkdir. Bu Muğ dinini əldən versəniz axır sözünüz peşmanlıq sədası olacaqdır.

Ey Mazda! Əlbəttə, mən (Azərdüşt) Sizdən bəhrələnəcəyəm, çünki Siz Peyğəmbərinizə mehribansınız. Sizin aydın yardımınızla, bir işarənizlə bizə Cənnət nəsib olur. Qabaqcadan xəbər verildiyi kimi son hesab günündə suçlular, yalançılar doğruluq tərəfdarları vasitəsilə məğlubiyyətə uğrayacaqlar. O zaman Sənə sitayiş edən Sənin rəhmətinlə yüksələcəkdir. Yardıma çağıran adam yardıma gəlməzsə, o, yalançılara qoşular, çünki onun özü yalançıdır və yalançıya yardımçıdır.

Ey Mazda! Bu ilk dini göndərdiyin vaxtdan bəri doğruluq yanlısı o adamdır ki, doğruçunun dostu olsun. Ey Mazda! Özün nəzər salıb bir dost kimi dostuna yardım göstər. Doğru din üzrə müqəddəs düşüncənin bəhrəsindən məni agah et. Doğru din qanunları ilə yaşayan ağıllı adam yalan dinə inanan adamları da doğru din yoluna gətirməlidir. Düşüncəli adam əşrafı və başçıları başa salmalı, onları yalan dinin zərərindən qurtarmalıdır.

Mən - A-Zərdüşt bacardıqca yalançının əsl düşməni, doğruçunun güclü himayəçisi olacağam ki, gələcəkdə dilədiyim Cənnətə nail olam. O zamanadək isə Mən (Azərdüşt) Sənə sitayiş edib İlahi nəğmələr qoşacam. Bəli, yalan dünyası istədiyinə çatsa da, sözsüz ki sonda məğlubiyyətə uğrayacaq.

Ey Mazda! Zərdüşt özü üçün Sənin o müqəddəs Ruhunu seçdi. Ey Ahura Mazda! İndi isə qüdrət Sənindir ki, doğruluqda həyat sürən yoxsulların yaşayışını yaxşılaşdırasan!

Tanrını tək Yaradıcı Varlıq sayan Azərdüşt Tanrıya müraciət edərək bildirir ki: “Ey Mazda! Mən (Azərdüşt-A.M.) öz Uğurlu Düşüncəmlə dərk etdim ki, Varlığın ilki də, sonu da Sənsən. Ən düzgün, ən doğru hakim Sənsən. Dünyadakı işlər haqqında ən ədalətli hökm verən Sənsən. Həm hökmdarlıq, həm də qüdrət Sənin əlindədir. Sənin tərəfindən ilk seçilmiş adam (Peyğəmbər-A.M.) mənəm”.

Tanrı amalının icraçısı olan Azərdüşt Peyğəmbər xeyrin, əmin-amanlığın, paklığın, haqqın, ədalətin rəmzidir. Azərdüşt və onun yaratdığı əsil "Avesta"nın birinci fəsli dünyanın və insanın yaranmasına, ikinci fəsli əxlaqi, hüquqi və dini qanunlara, üçüncü fəsli isə təbabət və astronomiyaya həsr olnumuşdur.

Perslər həqiqi "Avesta"nın guya icmalı olan “Xırda Avesta” ya vaxtilə Azərdüştün tamamilə rədd etdiyi qədim etiqad və ayinləri, Mitra, Anahita və bu kimi allahları yenidən "Avesta" ya qaytarmış, o allahlara yeni-yeni himnlər, dualar, nəğmələr həsr etmiş, beləliklə də Azərdüştün tək Tanrılı dinini saxtalaşdıraraq onu çoxallahlı dini-mifik, əfsunçu və şahənşahçı yeni bir təlimə çevirmişlər.

Türk Muğların fəallığı, ağlı, zəkası, mübarizliyi, dönməzliyi, dini, elmi və fəlsəfi təlimləri ilə özündən sonrakı bütün xalqlara, o cümlədən də qədim Yunanlılara güclü təsir göstərmişdir. Yunanlılara Muğların yaşayış tərzi, həyat şəraiti, geyim və yeməkləri də təsir göstərmiş, Yunanıstanı böyük fəlsəfə yoluna yönəltmişdi. Azərdüştlük bütün Yunan fəlsəfəsinin ilkin qaynağı olmuş, Anaksimandr, Anaksimen, Heraklit, Empodokl, Pifaqor, Demokrit, Platon, Aristotel, Hermip kimi filosofların hamısı Azərdüştlükdən qidalanmışlar.

Ümumiyyətlə, Şərqin və Qərbin çoxəsrlik ədəbi-bədii, elmi-fəlsəfi və dini fikrinin əsası olan "Avesta" məhz Türk Muğların dühasının məhsuludur. Azər Peyğəmbərin zəkası, ağlı, müdrikliyi, elmi-fəlsəfi və dini təlimi ilə nəsillər bəhrələnib, xalqlar mənəvi kamilliyə yiyələniblər.

BAO.AZ.