“Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-ci il üçün elan etdiyi “Vətən müharibəsindəki qələbəmizi tərənnüm edən mədəni- kütləvi tədbirlərin keçirilməsi, qələbənin yeniyetmə və gənclər arasında təbliği” mövzusunda qrant müsabiqəsində iştirak etmiş və “Zəfərdən – Böyük qayıdışa!” adlı layihənin qalibi olmuşdur. 01 sentyabr tarixindən etibarən layihəyə start verilmişdir.
Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır. 2 aylıq layihə çərçivəsində əsas vəzifə gənc nəsildə mərdlik, özgüvən və vətənpərvərlik hisslərinin gücləndirilməsi və Bakı şəhərində yerləşən 4 tam orta məktəbdə tədbirlər keçirərərək, yeniyetmələrin dərslərinə daha məsuliyyətli yanaşmalarına nail olmaq, bu sahədə həvəsləndirməni təmin etməkdir. Bu məqsədlə, təşkilat Bakı şəhərində yerləşən ümumtəhsil müəssələrində şagirdlər arasında müvafiq mövzuda tədbirlər keçirmək niyyətindədir (01 sentyabr-31 oktyabr 2023).
Tədbirlərdə orta məktəblərdə Vətən müharibəsinə dair, 44 günlük qələbəyə həsr olunmuş təlimlərlə yanaşı “Zəfərə gedən yol”, adlı kitab və “Zəfərdən – Böyük qayıdışa!” buklet də hazırlanmışdır.
Bütün tədbirlərdə aktiv iştirakçılara müxtəlif hədiyyə və diplomlarla yanaşı, eyni zamanda kitab və bukletlər də təqdim ediləcək.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür. Təşkilatın əsas məqsədi də uşaqlar, yeniyetmələr, gənclər arasında hər zaman dövlətçiliyimizin əbədiliyi, Vətənimizin bölünməzliyi, xalqımızın rifahı üçün durmadan çalışmaq, insanları maarifləndirməkdir. Təşkilat gələcəkdə Azərbaycanın digər rayonlarında da bu istiqamətdə işlər aparmaq niyyətindədir.
Araz ŞAMİLOV
“Tariximizə Sahib Çıxaq”
tarixi araşdırmalar və maarifləndirmə
İctimai Birliyinin sədri