BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Yeddicildlik “Azərbaycan tarixi”nin I cildində Saqarti tayfası haqqında İqrar Əliyevin yazdıqları və tarixi həqiqət

23:20 / 13-02-2019   /   baxış - 4346

Tofiq Əzizbəyli

Tarixçi, arxeoloq.

 

İndiyədək aparılmış tədqiqatların nəticəsi göstərir ki, yeddicildlik ,, Azərbaycan tarixi”ndə Saqarti tayfası haqqında yazmağa heç ehtiyac olmadığı halda, İqrar Əliyev ondan səkkiz səhifədə bu və ya digər dərəcədə bəhs etmişdir (Bax: Azərbaycan tarixi. Yeddi cilddə. I cild. Bakı – 2007, s. 194; 259; 261; 263; 264; 273; 274; 285). İ. Əliyevin Saqarti tayfasına olan bu məhəbbətinin əsasında isə, saqartilərin irandilli olması haqqındakı məlumat dayanır. İ. Əliyev yazır: ,,Antik dövrdə Cənubi Azərbaycanda yerli etnik elementlərlə yanaşı, irandillilər də yaşayırdılar. Onların arasında saqartalılar (əvvəlki zikertulular), Atropatın dövründə sakesinlər adı altında məlum olmuş ortokoribantlar daha mühümləri idilər (Azərbaycan tarixi... s. 285). Saqarti tayfasının etnik mənsubiyyəti ilə bağlı məlumat qədim Yunan tarixçisi Herodota məxsusdur və o yazırdı ki, saqartilər mənşəcə və dilcə köçəri Fars tayfalarındandır. Döyüş meydanında qoşunun suvari hissəsində farsların yanında dayanırlar. Əsas silahları kəmənddir. Geyimləri yarı Fars, yarı Pakti geyimidir (Bax: Herodot. Tarix. I kitab. 125; VII kitab. 84, 85). Paktiya hazırda müasir Əfqanstanın Pakistana bitişik əyalətlərindən biridir. Bəzi alimlər səhvən Azərbaycan ərazisində Skif çarlığı qurmuş skiflərlə (saklarla) saqartiləri eyniləşdirirlər. Saqartilər Kermandan Şimal – Şərq tərəfdə, Dəşti – Kəvir səhrasında saklarla qonşuluqda yaşamış və onlardan çox şey götürmüş Fars tayfasıdır.

 

İqrar Əliyevin Saqartiyanı Azərbaycan ərazisində

yerləşdirmək cəhdinin səbəbi.

 

İqrar Əliyev yazır: ,,E. ə. vııı əsrin son rübündə Zikertu təqribən indiki Marağa ilə Ərdəbil arasındakı ərazini tuturdu. Zikertunu və zikertuluları Əhəməni (Haxamanişi) və antik qaynaqlardan məlum olan Saqartiya və saqartiyalılar ilə eyniləşdirirlər. Əhəmənilər dövründə zikertuluların sakin olduqları ərazi təqribən gələcək Atropatenaya uyğun gəlirdi” (Azərbaycan tarixi... s. 194). İ. Əliyevin həqiqət kimi təqdim etdiyi, əslində həqiqətdən uzaq olan bu mülahizələr Tieli və Qrantovskiyə məxsusdur (Bax: Э. А. Грантовский. Ранняя история иранских племен Передней Азии. Москва – 2007, с. 310 – 311). T. e. d. Yusif Yusifov bu mülahizələrlə bağlı yazır: ,,Bəzi mülahizələrdə əsassız olaraq Saqartiya adı bütün Cənubi Azərbaycana şamil edilir. Lakin Saqartiya yalnız Mannanın cənubundakı Parsuanın ərazisində yerləşirdi. Həmin ərazi Midiyanın tabeliyində imiş” (Azərbaycan tarixi. Ən qədim zamanlardan xx əsrədək. Ali məktəblər üçün dərslik. Bakı – 1994, s. 126). İqrar Əliyevin yeddicildlik Azərbaycan tarixində Saqartiya və Saqarti fars tayfası ilə bağlı yazdıqları Ə. Kəsrəvinin İran dövlətçiliyini möhkəmləndirmək naminə Cənubi Azərbaycanda yaşayan Azərbaycan türklərinin əsas hissəsinin güya dilini itirmiş irandillilər – azərilər olması haqqındakı uydurmasına haqq qazandırmaq cəhdidir. Tədqiqatlar isə göstərir ki, əslində Ə. Kəsrəvinin uydurma azəriləri Roma – Parfiya müharibələri zamanı, e. ə. I - eramızın I əsrlərində Parfiya çarlarının Hirkaniyadan Kaspi dənizinin Cənub – Qərb sahillərinə köçürdüyü müasir Tati tayfalarının əcdadları, Ərəb mənbələrindəki həqiqi azərilər isə Azərbaycanın yerli Türk tayfalarının - başlıca olaraq kaspilərin, kadussilərin və massagetlərin sonrakı nəsilləridir. Yəni, ana dili Azərbaycan türkcəsi olan butun Cənubi azərbaycanlılar əzəldən Türkdür.

 

Saqartiynın Cənubi Azərbaycandan kənarda olduğunu

təsdiq edən başlıca faktlar.

 

1. İ. Əliyev yazır ki, Əhəmənilər imperiyasının XIV satraplığına Kür – Araz rayonlarında yaşayan utilər və müklər, habelə Cənubi Azərbaycan vilayətlərində və onlara bitişik torpaqlarda yaşayan irandilli saqartilər daxil idilər (Bax: Azərbaycan tarixi. Yeddi cilddə. I cild. ... s. 259, 263, 264, 274, 282, 283, 285). İ. Əliyev bunları yazarkən, Herodotun verdiyi aşağıdakı məlumata əsaslanırdı: ,,Saqartilər, saranqlar, famaneylər, utilər, miklər, Qırmızı dəniz adalarının sakinləri və şahın orada yerləşdirdiyi köçkünlər adlanan xalqların hamısı birlikdə 600 talant verirdilər. Bura on dördüncü satraplıqdır” (Tarix. III kitab, 93). Lakin heç bir yazılı mənbədə Əhəmənilər imperiyasının satraplıqlara bölündüyü vaxt (e. ə. 521 – ci ildə) və mövcud olduğu dövrdə (e. ə. 550 – 330) Saqarti fars tayfasının Cənubi Azərbaycanda, Uti və Mik tayfalarının isə yalnız Şimali Azərbaycanda yaşaması haqqında bircə dənə də olsa məlumat yoxdur. Buna görə də, E. A. Qrantovski Orta əsr müəllifi Bizanslı Stefana, İ. Əliyev isə, Herodotun verdiyi yuxarıdakı bu məlumata əsaslanmaq məcburiyyətində qalmışdır. Lakin bu məlumat Saqarti tayfasının məhz Cənubi Azərbaycanda yaşadığını iddia etmək üçün qətiyyən əsas ola biməz. Niyə ? Çünki, Kür və Araz adlı çaylar qədim İranın farsların yaşadığı cənub hissəsində də olmuşdur. Strabon yazırdı ki, makedoniyalı İsgəndər Araz çayını Əhəmənilər imperiyasının paytaxtı Persepol şəhərində keçdı (Strabon. Coğrafiya. XV, III, 6). Yəni, Əhəməni şahı I Dara e. ə. 521 – ci ildə satraplıqları yaradarkən, XIV satraplığa daxil edilmiş Uti və Mik tayfaları Şimali Azərbaycandakı Kür və Araz çayları arasında yox, Paratakena vilayətindən və Persepol şəhərindən keçən Araz çayı ilə, ondan təxminən 70 km şimal – şərqdə yerləşən Pasarqad şəhərinin yaxınlığından keçən Kir (Kür) çayının (Strabon. Coğrafiya. XV. III. 6) da olduğu Parsua vilayətinə bitişik ərazidə yaşayırdılar. Bu Uti və Mik tayfaları sonralar şimala doğru hərəkət etmiş, əvvəlcə Xəzər dənizinin cənub – qərb sahillərində (Strabon. Coğrafiya. XI. 7, 1; XI. 8, 8) daha sonralar, İ. Əliyevin fikrincə isə, eramızın I əsrində Araz çayını keçərək Şimali Azərbaycanda – Albaniyada, da məskunlaşmışlar (Bax: Г. А. Гейбуллаев. К этногенезу Азербайджанцев. Баку – 1991, с. 146). Göründüyü kimi, İ. Əliyev Saqarti fars tayfasının bu adla e. ə. VIII – V əsrlərdə Cənubi Azərbaycanda yaşadığını sübut etmək üçün dəlil kimi onun Kür və Araz çayları arasında yaşayan Utı və Mik tayfaları ilə qonşuluğunu göstərsə də, sonra da Uti və Mik tayfalarının burada eramızın I əsrindən yaşadığını yazaraq, özü – özünü təkzib edir. 
2. İ. Əliyev yazır ki, Cənubi Azərbaycan ərazisi Əhəmənilər imperiyasının X, XI və XIV satraplıqlarının tərkibində olmuşdur (Bax: Azərbaycan tarixi. Yeddi cilddə. ... s. 263, 264, 273, 274, 282, 283). Tədqiqatlar isə göstərir ki, Cənubi Azərbaycan Əhəmənilər imperiyasının XIV satraplığının tərkibinə daxil deyilmiş. İ. Əliyev 1989 – cu ildə çap etdirdiyi ,,Atropatena tarixinin oçerki” adlı monoqrafiyasında Saqarti tayfasının Cənubi Azərbaycan əhalisinin əsas hissəsini təşkil etdiyini iddia etsə də, mənbələrdə bunu təsdiq edəcək məlumat olmadığından uydurmasına haqq qazandırmaq üçün, güya e. ə. V əsrin başlanğıcında saqartilər midiyalılarla və digər qonşu tayfalarla qaynayıb – qarışaraq Saqarti adını itirməsi ehtimalını irəli sürmüşdür (Bax: Играр Алиев. Очерк истории Атропатены. Баку – 1989, с. 14). Ə. Sumbatzadə isə, bir il sonra çap etdirdiyi monoqrafiyasında İ. Əliyevdən fərqli olaraq, həmin dövrdə Cənubi Azərbaycan ərazisində yaşamış tayfalardan bəhs edərkən saqartilərin heç adını belə çəkməmişdir (Bax: А. С. Сумбатзаде. Азербайджанцы – этногенез и формирование народа. Баку – 1990, с. 42 – 47).

 

E. A. Qrantovski və İ. Əliyevin Asaqarta və Saqarta

adlarının mənası haqqında yazdıqlarının mənasızlığı.

 

Saqartiyanın Cənubi Azərbaycanda olduğunu iddia edənlərin bu iddiasının əsasında Asaqarta və Saqarta adlarının formaca oxşar olması faktı dayanır. Lakin tədqiqatlar göstərir ki, bu adlar formaca oxşar olsalar da, mənaca başqa – başqadırlar. E. A. Qrantovski yazır ki, Asaqarta qədim İran dillərinə məxsus sözdür və mənası haqqında iki yozum vardır. Birinci yozuma görə, Asaqarta İran dillərinin Şimal – Qərb qrupuna məxsus söz olub, asan ,,daş” və qarta ,,mağara” deməkdir. İkinci yozuma görə isə, Asaqarta İran dillərinin Cənub – Qərb qrupuna məxsus söz olub, asa ,,at” və qarta ,,döyüş arabası” deməkdir. E. A. Qrantovskinin fikrincə, Asaqarta adındakı asa ,,at”dır (Bax: Э. А. Грантовский. Ранняя… с. 313). İ. M. Dyakonov Saqarti adını ,,mağara sakini” kimi mənalandırır. İ. Əliyevin fikrincə isə, Saqarta adındakı saqa ,,zağa” (ayı mağarası), arta Xurrit dilində ,,məskən” deməkdir (Bax: Г. А. Гейбуллаев. К этногенезу… с. 344). 
Göründüyü kimi, saqartilər Asaqartada yaşamadığından E. A. Qrantovski və İ. Əliyevin yözumları da mənasızdır.

 

Asaqarta və Saqarta adlarının mənası haqqında yeni

yozumlar.

 

1. E. A. Qrantovskinin fikrincə, Asaqartanın Babil mənbələrindəki adı Saqartiyadır (Bax: Э. А Грантовский. Ранняя… с. 311). Şumer dilində Sakar ,,toz”, ,,qum” (Bax: Aydın Paşayev. Türk mənşəli beynəlmiləl onomastik vahidlər. Bakı – 2017, s. 16), Babil mənbələrində ,,səhra” deməkdir. Saqartiyanın Parsuanın (Persidanın) Şimal – Şərq tərəfində, Kermanla Parfiya arasındakı Dəşti - Kəvirdə olduğunu yazan alimləri (Bax: Э. А. Грантовский. Ранняя… с. 193, 311) haqlı hesab etdiyimdən, məncə, Saqarti etnoniminin mənası ,,səhra sakini”, ,,səhralı”, ,,çöllü” deməkdir. 
2. Tədqiqatlar göstərir ki, Mannanın Subi və Zikertu vilayətləri və Əhəmənilər imperiyasındakı Asaqarta Urmiya gölü ilə Kaspi (Xəzər) dənizi arasındakı təxminən eyni ərazinin müxtəlif dillərdəki mənbələrdə olan yaxın mənalı adlardır. Məncə, Asaqarta adındakı ,,asa” Manna hökmdarı Azanın adı olan sözdür. Yazılı mənbələrdəki məlumatlara görə, bu vilayətlərin mövcud olduğu bu ərazinin həmin vaxtkı sakinləri Saqarti yox, Kadussi (Su, Subar) və Kaspi (Kassi tayfaları olmuşdur (Bax: Tofiq Əzizov (Əzizbəyli). Kadusilər kimdir: Yəhudi Gil, Skif Gel, yoxsa Türk Subar tayfası ? Avrasiya. info saytı; Tofiq Əzizov (Əzizbəyli). Kadusilər və talışlar: Yazılı mənbələrdəki məlumatlar, faktlar, təhriflər və yozumlar. Avrasiya. Info saytı). Asaqarta adının əsasında da Kadussi və Kaspi tayfalarının xarakterik xüsusiyyətləri dayanır. 
Beləliklə, Asaqarta Cənubi Azərbaycanda, Saqartiya isə Dəşti – Kəvirdə olmuşdur.

 

Asaqarta adındakı Azərbaycan türkcəsində işlənən sözlər

və mənaları.

 

1. Asa. E. A. Qrantovskinin fikrincə, yuxarıda göstərdiyimiz kimi, İran dillərinə məxsus sözdür. Mənaları da ,,at” və ,,daş”dır. Mənim gəldiyim nəticəyə görə isə, Asa Manna hökmdarı Azanın adı olan sözdür. Hazırda Azərbaycan türkcəsində bu sözün qarşılığı ,, azman”, yəni həqiqi mənası ,,nəhəng, hündürboylu adam”, məcazi mənası ,,ağ niyyətli, böyük, şərəfli, müqəddəs adam olan sözdür. Bu sözün qədim Türk dilindəki qarşılığı isə Fəzlullah Rəşidəddinin ,,Oğuznamə” əsərində göstərdiyi kimi ,,Azər” sözüdür. 
2. Qarta. Möhkəm. Bərk. Ən yırtıcı quş - Qartal (Sunqur). Qartanqaz - əyilməz, bükülməz. 
3. Kadussi və Kassi adlarındakı - si, Su (Subar) tayfasının adı, Kad və Kas isə onun ayrı – ayrı hissəsinin ləqəbləridir. Su qədim Türk dilində ,,ordu” (Bax: Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxış. Bakı - 1993, s. 52), kas və kadis isə, ,,ən yaxşı”, ,,məğlubedilməz” deməkdir. Yəni Kadussi və Kassi ,,məğlubedilməz ordu” deməkdir. Mənbələrdəki məlumatlara görə, kadusilər nə assurlara, nə midiyalılara, nə də farslara tabe olmadıqlarından onların gözündə ,,boğaza dolanan ilan”, ,,ilan kimi adamlar” idilər. Kaspi və kadusilərin yaşadığı ərazinin mərkəzi olan Muğan (Moğan) düşmənləri üçün ,,ölüm vadisi (mo(r)ğ)” idi. Dini elmlərin çox gözəl bilicisi Firudin Gilar Bəg dini mənbələrdəki məlumatlara əsaslanaraq Kuti(Massaget), Kaspi (Xəzər) və Kadussi (Suvar) tayfalarının varislərinə ,,Azəri türk seyid bəgləri” deyir. Azərbaycan türkləri yerli ,,Azəri türk seyid bəyləri” ilə müxtəlif vaxtlarda Azərbaycana qayıtmış türk tayfalarının varisləri olduğundan məncə, ən dəqiq adımız AZƏRTÜRKdür. 
Beləliklə, İqrar Əliyevin yeddicildlik ,,Azərbaycan tarixi”ndə Saqarti Fars tayfasının yaşadığı Saqartiyanın Cənubi Azərbaycanda, Cənubi Azərbaycanın da Ariananın tərkibində olması haqqında yazdıqları tarixi həqiqətə uyğun olmadığından çaşdırıcı material kimi danışıqsız formada bu kitabdan çıxarılmalıdır.

 

BAO.AZ