BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Faiq Ələkbərli M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsər yazıb

11:12 / 19-02-2022   /   baxış - 1200

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq” adlı monoqrafiyası “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Monoqrafiya Azərbaycan və Türk dünyasının böyük oğlu, Azərbaycan Cümhuriyyətinin qurucusu, politoloq, sosioloq, filosof-mütəfəkkir Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə, milli həmrəylik (solidarizm) və azərbaycançılıq təlimlərinə həsr olunub. Öncə, monoqrafiyada M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşləri kontekstində sosial-demokratiya, milli demokratiya, liberalizm, islamçılıq, müsavatçılıq cərəyanları hərtərəfli şərh edilib. Əsərdə M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşləri ilə birbaşa bağlı olan milli həmrəylik (təsanüdçülük-solidarizm) təlimi dünyəvilik və türk fəlsəfəsi kontekstində araşdırılmış, bu cərəyanla bağlı sosial-fəlsəfi fikirləri şərh olunmuşdur. Monoqrafiyada M.Ə.Rəsulzadənin azərbaycançılıq təliminin banisi kimi “Azərbaycan” milli ideyasının sosial-fəlsəfi və ideoloji yönləri də əsaslı şəkildə tədqiq edilmişdir. Eyni zamanda, monoqrafiyada M.Ə.Rəsulzadənin qafqazçılıq, türkçülük, ya da yeni turançılıq və Türk federasiyası məsələlərinə dair baxışları da geniş şəkildə öz əksini tapmışdır.

Monoqrafiyadan fəlsəfə, sosial fəlsəfə, sosiologiya, siyasətşünaslıq və başqa elm sahələrində çalışan mütəxəssislər – alimlər, tələbələr, magistrlər, doktrantlar, eyni zamanda geniş oxucu kütləsi faydalana bilər.

Qeyd edək ki, müəllif böyük azərbaycanlının, Azərbaycan Türk bilgəsinin elmi-fəlsəfi, siyasi-ideoloji, sosial-fəlsəfi yaradıcılığı ilə bağlı 1999-cu ildə magistr işi (“XX əsrdə Azərbaycan xalqının fəlsəfi fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin rolu”), 2005-ci ildə isə fəlsəfə üzrə fəlsəfə doktorluğu dissertasiya işi (“XX əsrdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin yeri və rolu”) yazıb müdafiə edib. Eyni zamanda, F.Ələkbərlinin 2007-ci ildə “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü” əsəri öncə Quzey Azərbaycanda, daha sonra 2014-cü ildə Türkiyədə nəşr olunub. Bütün bunlarla yanaşı, müəllif böyük filosof-mütəfəkkir, tanınmış dövlət xadimi M.Ə.Rəsulzadədən onlarla elmi və publisistik məqalələr yazaraq bir çox konfrans və simpozium-larda məruzələr edib.

BAO.AZ.