BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Türkiyə İrana və Rusiyaya qarşı çox diqqətli davranmalıdır və bu davranışlar İran və Rusiyaya da aiddir. - Xaliq Heybətoğlu

23:14 / 28-10-2016   /   baxış - 2313

Müsahibimiz Beynəlxalq Hüquq üzrə mütəxəssis, Ana Vətən Partiyası Ali Məclisinin üzvü, politoloq, h.ü.f doktoru, dosent Xaliq Heybətoğludur

İranın son zamanlar Suriya prezidenti Bəşər Əsədə dəstək verməsinin səbəbləri nədir?

-         İran nəinki son zamanlar, ümumiyyətlə Suriya hadisələri başlayandan Bəşər Əsədə bu və ya digər formada dəstək verir. Bilirsiziniz bunu əsas səbəbi nədir? Məlumdur ki, İran İsrail dövləti ilə barışmaz düşmənçilik mövqeyindədir və hər zaman bu dövlətin Livana qarşı apardığı siyasəti tənqid edərək kəskin etirazını bildirir. Yaxın Şərqdə də İsrailə müqavimət göstərəcək yeganə hərbi güc Livandakı “Hizbullah” Hərəkatıdır. Bu hərbi birləşmənin də xətti İrandan başlamaqla İraqa, oradan da Suriyaya və son coğrafi məkan olan Livana uzanır. İsrailə təhdid olan bu hərbi-siyasi birləşmənin qaynağı və arxası bir başa İran və Bəşər Əsəd Suriyasıdır. Hazırda “Hizbullah” açıq aşkar Əsədə müxalif olan Suriya Azadlıq Ordusuna (SAO) qarşı döyüşür, Hums ətrafındakı kəndlərə hücum edir. Suriya-Livan sərhədində müxaliflərin mövqeyini artilleriya atəşinə tutaraq Suriya ordusuna dəstək verir və bu dəstək açıq formada həyata keçirilir. İsrail ordusu da qarşılıqlı olaraq tez-tez Suriya ərazisinə müdaxilə edir, əsasən “Hizbullah”a qarşı yönəlməklə hərbi konvoylara aviazərbələr endirir. Bundan başqa, İsrailin hər zaman Livana da təcavüz edəcəyi istisna olunmur. Məsələ belədir ki, Bəşər Əsədin rəqiblərinin qalib gəlməsi “Hizbullah” Hərəkatının ziyanınadır və hətta onun süqutuna gətirib çıxara bilər. Ən azı məhz buna görə, yani İranın Yaxın Şərqdə sağ əli olan “Hizbullah” Hərakatının ayaqda qalması üçün Tehran hadisələr başlayandan Bəşər Əsədin yanındadır...

Bəs Türkiyə Rusiya yaxınlaşmasına İranın münasibəti barədə nə deyə bilərsiniz?

-         Bilirsiniz, indiki mərhələdə İran, Türkiyə Rusiya yaxınlaşmasında birmənalı olaraq maraqlı görünür və hətta situasiya onu göstərir ki, rəsmi Tehran özü də bu ölkələrlə əməkdaşlıq etmək istəyindədir. Baxın, ABŞ-ın yaxın şərqdəki starteji məqsədlərindən biri Suriya-İraq-Türkiyə kəsişməsində və daha çox Türkiyəyə yaxın ərazilərdə bir kürd dövləti yaratmaqdır. Güman ki məqsəd, gələcəkdə bu dövlətdən Türkiyəyə və İrana qarşı istifadə etməkdir. Eyni zamanda unutmayaq ki, hazırda Tehrana qarşı mübarizə aparan bir neçə radikal kürd qruplaşmaları var. Bunlar İran Kürdüstanı Demokratik Partiyası (PDKİ), Kürdüstanın Azadlığı Partiyası (PAK), İran Kürdüstanının Birləşmiş Partiyası (KOMALA) və Kürdüstanın Azad Həyat Partiyalarıdır (PJAK). Bu ilin iyun ayından həmin qruplaşmaların İranda fəallığı artıb və hətta bir neçə dəfə silahlı toqquşmalar da olub. Yani İran bu gün artıq separatçılıq təhlükəsini öz üzərində hiss edir. Təkcə bu səbəb kifayətdir ki, rəsmi Tehran ABŞ-ın Yaxın Şərqdə həyata keçirmək istədiyi destruktiv planlara qarşı region dövlərinin biri-birilə əməkdaşlıq etməsində maraqlı olsun. Bu məsələdə Türkiyənin mövqeyinə gəldikdə isə, bəllidir ki bu dövlət artıq separatizmlə üz-üzədir. Ölkədə neçə vaxtdır ki terror hadisələri baş verir və terror aktları törədənlər əsasən PKK olmaqla kürd qruplaşmalarıdır. Türkiyə artıq neçə vaxtdır bu teror qruplaşmalarına qarşı təkbaşına mübarizə aparır və mənim fikrimcə İran ümumiyyətlə gözləməməli idi, Türkiyə ilə birgə bu cür destruktiv fəaliyyətə qarşı çoxdan birləşməli, birgə fəaliyyət aparmalı idi. Hesab edirəm ki, bu məsələdə Moskvanın da mövqeyi Ankara ilə Tehranın mövqeyilə üst-üstə düşür. Ən azından ona görə ki, burada söhbət ABŞ-ın planlarının pozulmasından gedir. Bundan başqa, yuxarıda qeyd etdiyim kürd dövləti yaranarsa, onun yaradılmasında Rusiya iştirak etmədiyinə görə təbii ki burada onun maraqları təmin olunmayacaq və Rusiya da buna gedən deyil. Düzdür, bu məsələdə də hər bir ölkə daha çox öz maraqlarına üstünlük verəcəkdir. Türkiyə müstəqil siyasət yeritməyə çalışacaq, İran özünü qorumaq üçün bütün imkanlardan istifadə edəcək, Rusiya da qlobal gücə çevrilmək planında qalacaqdır. Ancaq indi onların hamısını birləşdirən ortaq məqsədlər olduğu üçün birinin digəri ilə əməkdaşlığını üçüncüsü məmnunluqla qarşılayır.

Sizcə Türkiyənin Suriya ərazisinə müdaxiləsinə doğrudan da əsas var idimi və İran Türkiyənin sərhəd zonasında “tampon bölgə” yaratmasına necə baxır?

-         Bilirsiniz, Türkiyə məcburdur ki sərhədlərindəki İŞİD və kürd terror qruplarını təmizləsin. Hamımıza bəllidir ki, Türkiyə artıq neçə vaxtdır arxasında məhz həmin qüvvələrin durduğu teror qruplaşmalarından ziyan görməkdədir. Rəsmi Ankara ehtiyat edir ki, onun sərhədləri yaxınlığında kürd muxtariyyətinin meydana gəlməsi daim iğtişaş, terakt, ya da artıq Türkiyə Kürdüstan vətəndaş müharibəsinə gətirib çıxara bilər. Ona görə də Türkiyə “Fərat Qalxanı” adlı bu əməliyyatı həyata keçirməkdə tam haqlı idi və məqsəd də həmin ərazidə “Tampon bölgə” yaratmaqdır. Qeyd edim ki “Tampon bölgə” dedikdə, “Uçuşa qadağan edilmiş bölgə” və yaxud “Təhlükəzsiz bölgə” başa düşülür. Bu ifadə Türkiyə ordusunun Suriyaya müdaxiləsindən sonra dövriyyəyə girib. Onu da bildirim ki, ABŞ koalisiyasının və Rusiyanın hava zərbələrini nəzərə almasaq, Türkiyənin Suriyaya daxil olması ilk xarici hərbi müdaxilədir. Qeyd edim ki Türkiyə bu təhlükəsiz xətti Cerablus-Azez xətti üzrə qurmaq istəyir. Amma istər-istəməz bu hərbi əməliyyat regional siyasi situasiyaya təsir edir. Maraqlı odur ki, Türkiyə bunu ən böyük müttəfiqi hesab edilən ABŞ-ın dəstəyilə deyil, müəyyən mənada rəqibləri hesab olunan Rusiya, İran və hətta Suriyanın özünün razılığı ilə həyata keçirdi. Yani Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsinə Rusiya ilə yanaşı rəsmi Tehran da etiraz etmədi və yumşaq desək, buna göz yumdu. Çünki bundan əvvəlki sualın cavabından da göründüyü kimi, Ankara ilə Tehranın bu məsələlərdə mövqeləri üst-üstə düşür.

Siz gələcəkdə Türkiyə-İran münasibətlərini necə görürsünüz?

-         Ümumiyyətlə İran və Türkiyə bölgəninn iki mühüm və tarixən rəqib dövlətləridir. Bu dövlətlərin dini və geopolitik maraqları bölgənin müxtəlif ölkələrində kəsişir. Lakin həm Türkiyə, həm də İran İslam Respublikası üçün daha böyük təhlükə ABŞ və Qərbin bu ölkələrdə hakimiyyətlərin dəyişdirilməsinə, Ankara ilə Tehranın əldə saxlanmasına yönəlik siyasətləridir. İran artıq 35 ildir ki ABŞ-la olan qarşıdurmaya tab gətirir. Türkiyə də artıq başa düşüb ki, Qərb onu öz maraqları üçün manipulyasiya edib. Qərbin bu maraqları və buna yönəlik siyasəti aralarında ziddiyyət və az da olsa qarşılıqlı iddialar olmasına baxmayaraq, Ankara ilə Tehranı ciddi surətdə əməkdaşlıq etməyə vadar edir. Eyni zamanda Türkiyə görür ki, İran keçən müddət ərzində özünün ardıcıl və inadkar siyasəti nəticəsində “Hizbulla” Hərəkatı, İraq şiələri timsalında bölgədə etibarlı dayaq yaradıb. Ankara onu da anlayır ki, İranı belə dayaqlardan məhrum etməyə nəinki onun, hətta ABŞ-ın belə gücü yetməz. Bəlkə də elə məhz bunu nəzərə alaraq, Türkiyə prezidenti Ərdoğan, Feto qiyamından sonra iranlı həmkarına bildirmişdi ki, Türkiyə İran və Rusiya ilə əvvəlkindən da çox qarşılıqlı əməkdaşlığa hazırdır və qeyd etmişdi ki, Ankara-Tehran-Moskva əməkdaşlığı bölgə problemlərini həll edər, bölgəyə barış və sabitlik gətirə bilər. Bir daha vurğulayıram ki, Ankaranı Əsədin taleyindən çox Suriyanın şimalında məskunlaşmış kürdlərin güclənməsi və ayrılması narahat edir. İran da yaxşı başa düşür ki, yaxın şərqdə aranı qarışdıranlar yalnız terror qrupları deyil, həm də bir sıra supergüclərdir. Bu baxımdan rəsmi Tehran da ən azı öz maraqları naminə Ankara ilə yaxınlaşmağa məcburdur. Ümumiyyətlə Türkiyə ilə yanaşı İran da Suriyada həledici qərar verən dövlətlər sırasındadır. Nəzərə alaq ki, bu ölkə Yaxın Şərqdə ikinci, dünyada isə 18-ci ən böyük dövlətdir. Əhalisi 77 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə İran dünyada 18-ci yerdədir. Təbii ki, Türkiyə üçün belə bir ölkə ilə siyasi və iqtisadi əməkdaşlıq etməyə, habelə yaxın perespektivdə bu əməkdaşlığı genişləndirmək çox sərfəli olardı.

Sonda Rusiyanın da Suriyadakı mövqeyi və fəaliyyəti barədə fikrinizi bildirərdiniz?

-         Rusiya son on ay ərzində bütün Yaxın Şərqdə nüfuzunu əsaslı şəkildə artırmış və mövqelərini gücləndirmiş durumdadır. Türkiyə ilə aralarında olan məlum təyyarə sorumundan sonra yaranmış barışıq, Rusiya üçün bölgədə yeni, daha dayanıqlı bünövrə qurmağa imkan yaradır. Moskva ardıcıl siyasət aparmaqla bölgədəki əsas üç qüvvə ilə, Türkiyə, İran və ərəb ölkələrilə işləyir. Rusiya artıq “S-300” zenit-raketlərini də Suriya ərazisində yerləşdirdi. Moskva bildirir ki, “S-300” zenit-raket batareyasının vəzifəsi Rusiyanın Tartusdakı hərbi-dəniz bazasının və sahilə yaxın zonadakı hərbi gəmilərinin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Amma nəzərə alaq ki, bu zenit-raket komplekslərinin yerləşdirildiyi ölkəyə xarici hərbi müdaxilə çox çətin olur. Bu silah istənilən yüksəklikdə uçan hədəfləri, qanadlı və ballistik raketləri, bütün təyyarə və helikopterləri, yaxın və uzaq məsafələrdə yerləşən su və yer üzərindəki hədəfləri dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir. Yani Rusiya artıq Suriyada ABŞ və koalisiyon qüvvələrin istənilən hərbi fəaliyyətlərinə mane olacaq, hətta qarşısını alacaq bir mövqedədir və Moskvanın da istədiyi məhz bu idi...

Sizcə Türkiyə İran və Rusiyanın bu “mövsümü” əməkdaşlığına nə qədər güvənə bilər ?

-         Bilirsiz, müasir dövrdə demək olar ki bütün dövlətlər öz siyasətlərini daimi dostlar yox, daimi maraqlar üzərində qururlar. Sözü gedən dövlətlərin hər birinə bəllidir ki, digər tərəf ona görə əməkdaşlıqda maraqlıdır ki, mövcud hərbi-siyasi vəziyyət yalnız bunu tələb edir. Baxın, bir il bundan qabaq Türkiyə ilə Rusiya konkret olaraq hərbi qarşıdurma vəziyyətində idilər. Hər iki ölkənin ən azı ikinci ranqlı siyasiləri tərəfindən qarşı tərəfə bir başa hərbi notalar verilirdi. Amma bu gün Moskva və Ankara əməkdaşlıqdan, geniş siyasi və iqtisadi əlaqələrdən danışırlar. Bundan başqa, yaxında Türkiyə ABŞ-dan bir “darbə” küləyi aldı və bu külək Ankara ilə Vaşinqtonun arasını ciddi soyutmaqda davam edir. Amma yaxınlara qədər ABŞ Türkiyənin ən yaxın partnyoru hesab olunurdu və Türkiyə məhz ABŞ-ın iradəsi əsasında NATO sıralaraına daxil olmuşdu. Yani bir daha aydın olur ki, dövlətlər arasındakı münasibətlər siyasi meydanın tələblərinə uyğun qurulur. Bu baxımdan fikrimcə rəsmi Ankara öz əməkdaşlıq siyasətini məhz bu şərtlər çərçivəsində quracaqdır. Yani ilk növbədə öz dövlətinin və millətinin maraqlarını güdəcək və həmişə olduğu kimi yenə də daha çox müstəqil siyasət yürütməyə çalışacaqdır.

Mənim fikrimcə hər üç dövlətin burada üst-üstə düşən maraqları var və bu maraqlar onların bir araya gəlməsinə səbəb olub. Düşünürəm ki,Türkiyə İrana qarşı istərsə də, Rusiyaya qarşı çox diqqətli davranmalıdır və öz maraqlarını gözlədiyi kimi onların da maraqlarına qarşı çıxmamalı,düşünülmüş,dəqiq ölçülüb-biçilmiş,uzun zamana planlaşdırılmış çox diqqətli şəkildə davranmalıdır.

 

Müsahibəni apardı: Oktay Hacımusalı