BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Rusiyanın anti-Azərbaycan siyasəti

14:05 / 10-05-2017   /   baxış - 1244

Rusiya ard-arda Azərbaycan əleyhinə addımlar atır.

1. Rusiyada ən böyük diaspor təşkilatımızın taleyi tükdən asılı vəziyyətdədir, hər an Rusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edə bilərlər.

2. Mayın 9-da Moskvada parad keçirilir və meydanda Dağlıq Qarabağın “bayraqları” dalğalanır. Moskva polisi bu təxribatın qarşısını almaq əvəzinə buna etiraz edən azərbaycanlıları yürüşdən uzaqlaşdırır.

3. Rusiya Ermənistandakı hərbi bazasını genişləndirməyə qərar verib. Sual olunur kimə qarşı? Bu sualın cavabını 4-cü bənddə aydınlaşdırmaq olar.

4. Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı Andranik Makaryan bildirib ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşması Qarabağda vəziyyətin gərginləşməsi halında ləngimədən tətbiq edilə bilər (?!).

Bəs Rusiya rəsmiləri deyirdilər, birgə hərbi qruplaşma yalnız Ermənistanın təhlükəsizliyinə cavabdeh olacaq. Belədirsə, Rusiya rəsmilərindən və XİN-dən niyə kimsə erməni generalın açıqlamasına münasibət bildirmir? Demək elə erməni generalın dediyi kimidir.

Biz Gürcüstan və Ukrayna kimi NATO-ya üzvlük hədəfini illərdir ona görə dilə gətirmirik ki, birdən Rusiyanın xətrinə dəyərik. Moskva isə necə lazımdır Azərbaycanın xətrinə dəyir, biz isə susuruq. Moskva bu cür anti-Azərbaycan siyasəti ilə bizə
1) Türkiyənin Naxçıvanda hərbi bazasını formalaşdırmaqdan; 
2) NATO ilə əməkdaşlığı genişləndirməkdən başqa alternativ qoymur.