BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Elxan Şahinoğlu: Tehran ermənilərlə yenə curlaşıb

10:37 / 04-02-2017   /   baxış - 2193

 

 

Elxan Şahinoğlu: “Müstəqil addımlarımızı İranın bəzi dairələrində həzm etmirlər”

 

Ermənistanın müdafiə naziri Vigen Sərkisyan İranda 3 günlük səfərdə olub. Özünü müsəlman ölkə sayan rəsmi Tehranın işğalçıya isti münasibəti isə ölkəmizdə ciddi etirazla qarşılanır. 
 
Politoloq Elxan Şahinoğlu erməni müdafiə nazirinin İrana dəvət olunmasını anlamadığını bildirdi: “İranlı rəsmilər və diplomatlar adətən Ermənistanla əlaqələrin qonşuluq prinsipinə uyğun olduğunu deyirlər. İranlı diplomatlar qeyri-rəsmi söhbətlərdə Ermənistanla müqayisədə Azərbaycanla əməkdaşlığa üstünlük verdiyini bildirirlər. Ancaq həm bu səfər, həm də İran prezidentinin İrəvana səfəri Azərbaycanda xoş qarşılana bilməz. Rəsmi Tehran görür ki, cəbhə bölgəsində vəziyyət gərgindir, Ermənistan iki azərbaycanlını və bir hərbçimizin nəşini geri qaytarmır. Belə bir vaxtda işğalçı Ermənistanın müdafiə nazirinin Tehranda səmimi qarşılanması Azərbaycanın siyasi dairələrinin və cəmiyyətinin haqlı narazılığına səbəb olur. İrandakı hakim dairələr nə düşünür? Elə bilirlər ki, biz bunu normal qəbul edəcəyik? Axı son zamanlar Azərbaycanla İran arasında siyasi və iqtisadi təmaslar yoğunlaşıb, ortaq layihələr həyata keçirilir. Bu əməkdaşlığa niyə kölgə salmaq lazımdır? Əgər Tehran Ermənistanla əməkdaşlığı genişləndirmək yolu ilə Azərbaycana nəsə mesaj yollamaq istəyirsə, bu, uğursuz siyasətdir. Azərbaycan İranın Ermənistanla təmaslarına o halda normal yanaşardı ki, İran rəsmiləri Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlının və hərbçimizin nəşinin geri qaytarılması vacibliyini Ermənistan rəsmilərinin diqqətinə çatdırardı və ya deyərdilər ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması sülhə aparan yoldur. Bunun əvəzinə İranın müdafiə naziri erməni həmkarıyla görüşdə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Bunu İranın şeytan adlandırdığı ABŞ rəsmiləri və diplomatları da deyir. Onda İranın bəyənmədiyi Amerikadan nə fərqi oldu ki?”
 
Politoloqa görə, Netanyahu Azərbaycana səfər etməsəydi belə, Ruhani gec-tez Ermənistana gedəcəkdi və ya Ermənistanın müdafiə nazirini İrəvana dəvət edəcəkdilər: “Biz İsraillə əməkdaşlıqdan niyə imtina etməliyik? Biz onlardan müasir silahlar alırıq və bu silahlar işğalçı qarşıya mübarizədə bizim karımıza çatır. Axı belə keyfiyyətli silahlar İranda yoxdur ki, onu qonşu dövlətdən alaq. Digər tərəfdən, Azərbaycanın İsraillə tərəfdaşlığına baxmayaraq, rəsmi Bakı Fələstin dövlətinin müstəqilliyinin tərəfdarıdır. Əgər İran Netanyahunun Azərbaycana səfərindən belə narahatdırsa və bizim acığımıza Ermənistanla əlaqələrini yoğunlaşdırırsa, onda eyni məntiqlə Tehran Rusiyanın acığına Ukrayna ilə də əməkdaşlığını genişləndirməlidir. Axı Tehran bunu etmir. Halbuki Netanyahu Rusiyaya da intensiv səfərlər edir və Tel-Əvivlə Kreml arasında sıx münasibətlər var. Deməli, söhbət heç də İsrail-Azərbaycan münasibətlərindən getmir, sadəcə, bizim müstəqil addımlarımızı İranın bəzi dairələrində həzm etmirlər”.
 
E.Şahinoğlu rəsmi Bakının İranla əlaqələrdən imtina etməsinin mümkünsüzlüyü barədə də danışdı: “İranın Ermənistanla sıx təmaslarına baxmayaraq, Tehranla əlaqələrdən imtina etmək olmaz. Ortada konkret iqtisadi layihələr var. Həm də biz İranla əməkdaşlıq edərkən Arazın o tayında yaşayan soydaşlarımızı da nəzərə almalıyıq. Biz küsüb İranla əməkdaşlığı zəiflətsək, bu İrandakı soydaşlarımızın zərərinə olacaq. Belədə isə uzun illərdən sonra Təbrizdə konsulluğumuzun açılmasına nail olduq, iki dövləti birləşdirən dəmir yolu xəttinin istifadəyə verilməsinə az qalıb, İran Bakı ətrafında bir neçə zavod tikəcək. Onu da nəzərə almaq lazımdır ki, İranda bu hakimiyyət əbədi deyil. Digər tərəfdən, İranla əməkdaşlıqda həssas məqamı da nəzərdən qaçırmamalıyıq. İran hakimiyyəti içində, siyasi və hərbi dairələrində, hətta tanınmış din xadimləri arasında xeyli soydaşımız var. Əlbəttə, onların bir qismi mühafizəkardır və Azərbaycanın müstəqil siyasətini qəbul etmir, hətta Ermənistanla əməkdaşlığa önəm verirlər. Ancaq bu şəxslərin içində gizli də olsa azərbaycançılığa, türklüyə, bir sözlə, millətə bağlılıq da var. Onlar bu hissləri daxillərində gəzdirirlər və bir gün İranda durum dəyişsə, həmin şəxslər bu hisslərini açığa çıxaracaqlar. İndi biz İranla əməkdaşlığımızı azaltsaq, onların mübarizəsinə də zərbə vurmuş olacağıq”.
 
Cavanşir ABBASLI
musavat.com