Şirvani Ədilli
10 noyabr 2020-ci il bəyanatı imzalanarkən Azərbaycan prezidenti artıq Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi. Lakin prezidentin bu mövqeyi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qəbul olunmur. Fikrimizcə, münaqişənin həmin tarixdə bitib-bitməməsi məsələsinə aydınlıq gətirmək üçün həmin münaqişənin 32 illik (1988-2020) inkişaf tarixçəsini təhlil etmək yerinə düşər.
Məlum olduğu kimi Birinci Qarabağ mühaqibəsindən (20.02.1988-12.05.1994) sonra Azərbaycan Respukblikasının təxminən 12 min kv. km. ərazisi işğal olundu. Bu ərazinin 4 min kv. km-dən çoxu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV), qalan 8 min kv. km.-ə yaxn hissəsi isə ətraf 7 rayonun payına düşürdü.
Münaqişənin tənzimlənməsi üçün 30 ilə yaxın bir dövrdə gedən beynəlxalq danışıqlarda və qəbul olunmuş sənədlərdə, o cümlədən BMT qətnamələrində ən yaxşı halda yalnız ətraf 7 rayonun ərazisi Azərbaycanın işğal olunmuş əraziləri kimi tanınırdı. Burada isə işğalçı dövlətin adı göstərilmirdi. Yəni, bu ərazilərin hansı dövlət və ya dövlətlər tərəfindən işğal olunduğu naməlum qalırdı. Ona görə də nə Azərbaycanın işğalçı dövlət kimi tanıdığı Ermənistana, nə də onun arxasında duran və əslində elə həqiqi işğalçı olan Rusiyaya heç bir beynəlxalq sanksiya tətbiq olunmamışdır.
Keçmiş DQMV ərazisi isə bəzi dost dövlətləri çıxmaq şərtiylə beynəlxalq ictimaiyyət tərəfindən heç vaxt işğal olunmuş ərazi kimi qəbul olunmamışdır. Lakin bununla belə keçmiş DQMV ərazisi rəsmən Azərbaycan ərazisi kimi tanınmış və orada qurulmuş qondarma rejimin müstəqilliyi BMT üzvü olan heç bir dövlət tərəfindən tanınmamışdır. Beləliklə, keçmiş DQMV ərazisi işğal olunmuş ərazi kimi yox, belə demək mümkünsə, daxili separatçıların (qondarma “Artsax Respublikası”) nəzarətində olan ərazi statusunda qəbul olunmuşdur. Ən yaxşı halda bu separatçıların Ermənistan və Rusiya tərəfindən himayə olunduğu etiraf edilmişdir.
Beynəlxalq aləmin yuxarıda izah etdiyimiz yanaşmasına uyğun olaraq münaqişənin ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll variantlarında ən yaxşı halda yalnız ətraf 7 rayonun Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Bu isə yalnız keçmiş DQMV ərazisində ermənilərə hansısa statusun və həmin ərazi ilə Ermənistanı birləşdirən koridorun verilməsi şərtiylə mümkün sayılırdı. Azərbaycan tərəfi hələ atəşkəs dövrünün ilk illərindən keçmiş DQMV ərazisində ermənilərə Azərbaycan tərkibində dünyada mövcud olan ən yüksək muxtariyyət (muxtar respublika) statusu verməyə hazır olduğunu dəfələrlə elan etmişdi. Halbuki heç sovet dövründə DQMV-nin belə yüksək statusu olmamışdı. Ermənistan tərəfi isə keçmiş DQMV ərazisində ermənilərə yalnız müstəqillik və ya başqa adla müstəqilliyə bərabər status tələb edirdilər. Həm də müharibədən qalib çıxmış tərəf kimi buna haqlı olduqlarını iddia edirdilər.
İkinci Qarabağ Müharibəsi (27.09.2020-10.11.2020) nəticəsində isə Azərbaycan ordusu 7 ətraf rayonu və keçmiş DQMV ərazisinin min kv.km.-dən çox hissəsini (Şuşa şəhəri, Xocavənd rayonunun böyük bir hissəsi (o cümlədən keçmiş Hadrut rayonunun bütün ərazisi) və keçmiş Ağdərə rayonunun bir hissəsi) işğaldan azad etdi. Bununla da işğal olunmuş 12 min kv. km. ərazinin təxminən 9 min kv. km.-i (Azərbaycanlı məcburi koçkünlərin təxminən 95%-i məhz bu ərazidəndir) Azərbaycanın tam nəzarətinə keçdi Qalan 3 min kv.km.-lik ərazidə isə 10 noyabr razılaşmasına əsasən Rusiya sülhməramlıları yerləşdirildi və orada qondarma separatçı rejim fəaliyyətini sürdürməkdədir. Yəni Azərbaycan hələ də ərazisinin bir hissəsində suverenliyini təmin edə bilmir və deməli problem Azərbaycan üçün hələ qalmaqdadır.
Hazırkı durumda problemin həlli üçün beynəlxalq danınışıqların, məsələn ATƏT-in Minsk qrupu formatında danışıqların aparılması Azərbaycana nə verə bilər? Aydındır ki, hazırda Azərbaycan dövlətinin nəzarətində olmayan ərazinin beynəlxalq ictimaiyyət tərəfindən işğal olunmuş ərazi (xarici təcavüz) kimi tanıdılması qeyri-mümkündür. Nəyə gorə?
Birincisi ona görə ki, həmin ərazi keçmiş DQMV ərazisinin bir hissəsinidir və orada daxili separatçı rejim fəaliyyət göstərir. Daxili separatçı rejimlərin nəzarətində olan ərazilər isə xarici təcavüzə məruz qalan ərazi sayıla bilməz. Yuxarıda da qeyd etdiyimiz kimi DQMV ərazisi Azərbaycanın məğlub durumda olduğu 30 ilə yaxın dövrdə belə işğal olunmuş ərazi kimi tanınmamışdır.
İkincisi ona görə ki, əraziyə Rusiya sülhməramlılarının nəzarət etməsinə Azərbaycan tərəfi özü razılıq verib.
Beləliklə, beynəlxalq danışıqlarla hazırda məlum əraziyə real nəzarət edən iki qüvvədən (Rusiya sülhməramlıları və separatçı rejim) heç biri işğalçı kimi tanına bilməz və buna görə də onların həmin ərazidən çıxarılmasına qərar da verilə bilməz. Bəs danışıqlarda müzakirə olunacaq məsələ nə ola bilər? Aydındır ki, yalnız Qarabağ ermənilərinin statusu. Bu isə Azərbaycanın mənafeyinə tamamı ilə ziddir. Həm də Azərbaycan qalib tərəf kimi status məsələsini rədd etməyə haqq qazanmışdır. Belə ki, Azərbaycan məğlub durumda olarkən məhz ətraf rayonların döyüşsüz qaytarılması müqabilində Azərbaycan tərkibində Qarabağ ermənilərinə ən yüksək muxtariyyət statusu verməyə hazır idi. İndi isə həmin ətraf rayonlar və hətta keçmiş DQMV ərazisinin də bir hissəsi hərbi əməliyyatlarla azad edilib. Bu əməlijyyatlarda Azərbaycan tərəlfi 3000-ə yaxın şəhid verib.
Bütün deyilənləri nəzərə aldıqda Azərbaycan prezidenntinin status məsələsini və Minsk qrupu formatında danışıqların davam etdirilməsini rədd etməsi Azərbaycanın mənafeyinə tam cavab verən, tam məntiqli bir mövqeditr. Dövlət başçısının “münaqişə artıq bitib, arxada qalıb” deməsi də məhz münaqişənin beynəlxalq danışıqlar üçün bitdiyi anlamına gəlir. Həm də bir növ problem artıq beynəlxalq münaqişə statusundan çıxaraq Azərbaycanın daxili problemi statusuna keçib.
Bəs bu daxili problemin həllinə, yəni Azərbaycanın məlum ərazidə suverenliyinin təmin olumnasına necə nail olmaq olar? 10 noyabr bəyanatı, xüsusən də bəyanatın 4-cü, 7-ci və 9-ci bəndləri həmin suverenliyin təmin olunmasına imkan yaradır. Belə ki, 4-cü bənd erməni silahlı qüvvələrinin ərazidən çıxarılmasına, 7-ci bənd Azərbaycanlı məcburi koçkünlərin keçmiş DQMV ərazisinə qayıtmasına, 9-cu bənd isə bölgədə, o cümlədən keçmiş DQMV ərazisində bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılımasına imkan verir. Bu müddəaların həyata keçməsi Azərbaycan dövlətinin həmin əraziyə nəzarətinin təmin olunması deməkdir.
10 noyabr bəyanatının müddəalarının tam reallaşdırılması isə Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə dövlətləri rasaında həll olunacaq məsələdir. Bunun üçün Minsk qrupu və ya başqa bir formatda danışıqların aparılmasına ehtiyac yoxdur.
10 noyabr bəyanatının müddəalarının tam reallaşdırılması istiqamətində artıq növbəti addım atılıb. Bu, 11 yanvar Moskva razılaşmasıdır. Həmin razılaşma 10 noyabr razılaşmasının məhz 9-cu bəndinin həyata keçirilməsini nəzərdə tutur. Burada çox önəmli məsələlərdən biri Naxçıvan koridoru ilə bərabər keçmiş DQMV ərazisindən keçən nəqliyyat marşrutlarının da açılmasına nail olmaqdır. Belə ki, Məsələn, Tərtər-Ağdərə-Kəlbəcər, Ağdam-Xankəndi-Şuşa və Füzuli-Qırmızıbazar-Şuşa yolları açılarsa bu artıq Azərbaycan dövlətinin məlum əraziyə nəzarətinin qismən bərpa olunması deməkdir. Başqa sözlə, Azərbaycan artıq indiyədək nəzarətində olmayan ərazidən qismən istifadə etməyə başlayacaq.
Növbəti mərhələlərdə isə 10 noyabr bəyanatının daha ağır proses olan 4-cü (erməni silahlı qüvvələrinin ərazidən çıxarılması) və 7-ci (Azərbaycanlı məcburi koçkünlərin keçmiş DQMV ərazisinə qayıtması) bəndlərinin həyata keçirilməsi üçün danışıqlar davam etdirilməlidir.
BAO.AZ, 18.01.2021.