BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Paşa Həsənli: Qarabağ zəfəri, mövcud durum və perspektivlər

15:23 / 09-12-2020   /   baxış - 2428

Paşa HƏSƏNLİ,

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)

Tarix İnstitutunun əməkdaşı,

Bütöv Azərbaycan Ocaqları (BAO) Mərkəzi Şurasının sədri

 

44 günlük Qarabağ müharibəsinin mahiyyəti, gedişatı, xüsusiyyəti və nəticələri şübhəsiz ki, hələ uzun müddət danışılacaq, çoxsaylı yazılar, çıxışlar və elmi tədqiqat əsərlərinin mövzusu olacaqdır. Təbiidir. Millətimizin son iki əsrdən artıq bir dövr üçün ən əhəmiyyətli, dönüş mərhələlərinin birindən söhbət gedir. Həm də bu dövrün əvvəlki əhəmiyyətli dövrlərimizdən fərqli bir xüsusiyyəti var.

1813 və 1828-ci illər Vətənimizin parçalanması, Arazdan şimalda, Cənubi Qafqazda yerləşən ərazilərimizin Rus imperiyası tərəfindən işğalı milli dövlətciliyimizə son qoymaqla yadda qaldı, tariximizin mənfi mənada dönüş mərhələsi oldu. Bu dövrdən başlayaraq, regionun aparıcı və dövlət quran xalqı olmağımıza baxmayaraq, tədricən rus siyasəti nəticəsində təsirimiz azalmağa başladı.

Növbəti əhəmiyyətli mərhələ 1918-ci ildir. Bu il mayın 28- də işğal olunmuş Quzey Azərbaycanda milli dövlətciliyimiz böyük qurucu babalarımızın səyləri, eləcə də, Osmanlı Türkiyəsindən yardıma gəlmiş Nuru Paşanın komandanlığı altında yaranmış Qafqaz İslam Ordusunun köməyi ilə rəsmən bərpa olundu, Azərbaycan Xalq Cümhuriyyəti təsis olundu. Lakin bu prosesdə millət olaraq İrəvan şəhəri və ətrafı olmaqla 9000 km2 ərazilərimizi, eləcə də, Borçalı, Qarayazı və Dərbənd şəhərini ətrafı ilə birlikdə itirdik. Həm də, dövlətimiz əlimizdə qalan 114000 km2 ərazilərimizə də əslində tam sahiblənə, öz suveren hüquqlarını təmin edə, güclü ordu və güclü cəmiyyət formalaşdıra bilmədi. Şübhəsiz ki,bunun çoxsaylı obyektiv və subyektiv səbəbləri var.

Nəticədə daha bir dönüş mərhələsi meydana gəlmiş oldu: 28 Aprel 1920- ci il. Bu hadisədə müstəqil dövlətimizi itirsək də, Rusiyanın bir vilayətinə çevrilmədik, Azərbaycan Sovet Sosialist Respublikası olduq. O dövr üçün əslində bunu da bir nailiyyət hesab etməliyik. Lakin, Sovet dövründə Vətən torpaqlarımız daha da kiçildi, Ermənistan ərazisi 29.8 min km2 qədər artırıldı, bizimki isə təbii olaraq 114000 km2-dən 86.6 min km2-ə qədər azaldıldı.

Növbəti əhəmiyyətli mərhələ 1988-ci ildə 17 noyabrdan başlanğıcını almış Milli Azadlıq Hərəkatı və SSRİ-nin dağılması nəticəsində müasir Azərbaycan Respublikasının yaradılmasıdır. Lakin bu prosesdə Dağlıq və hətta Aran Qarabağın xeyli hissəsi olmaqla, daha 18000 km2 ərazimizi də hüquqi olmasa da, faktiki itirmiş olduq. Bu durum 2020- ci il 27 sentyabr tarixinədək davam etdi.

Gördüyümüz kimi, yuxarıda sadalanan bütün əhəmiyyətli, tarixi mərhələlərdə hər nə qədər siyasi uğurlara imza atmış olsaq belə, torpaq itirmişiq. Həm də sadəcə torpaq sahəsi deyil, Vətən Torpağı. Bütün bu dönəmlər müharibələrlə müşayət olundu. Və biz bu müharibələri uduzduq. Sovet İttifaqının dağılması prosesində, İmperiyanın müxtəlif ərazilərində çoxsaylı milli münaqişə ocaqları meydana gəlsə də, minimal imkanlara sahib olmağına baxmayaraq, müqavimət göstərən, müharibə aparan, misilsiz qəhrəmanlıqlar göstərən və 20 000-dən artıq şəhid verən yalnız Azəbaycan xalqı oldu. Nə gürcü, nə Moldova, nə Ukrayna və Şimali Qafqaz (Çeçen Milli Hərəkatı istisnadır) bu miqyaslı müqavimətlə çıxış edə bilmədi. Bu xüsus mütləq ayrıca qeyd olunmalıdır. Lakin o müharibəni, yəni, I Qarabağ savaşını da uduzduq. Bu acı məğlubiyyət siyasi, iqtisadi və mədəni baxımdan millətimizə və dövlətimizə nə qədər böyük ziyanlar vursa da, ən böyük zərbə milli heysiyyatın tapdalanması, milli ruhun sındırılması, alçaldılması nəticəsində natamamlıq kompleksinin formalaşması, qəhraman insanımıza yaraşmayan təsəvvürlərin meydana gəlməsindən ibarət idi.

44 günlük II Qarabağ Savaşı iki əsrdən artıq müddətdə, ilk dəfə dövlətimizin və vətəndaşımızın ərazi itkisi ənənəsinə son qoyaraq, Vətən torpağını geri qaytarmağa, milli ordu, milli zabit heyəti və Komandanlığı ilə birlikdə Vətən müharibəsinin qalibinə çevrildi, qələbə sevincini, onun verdiyi milli qürur, yüksək ləyaqət hissini bərpa etdi, natamamlıq kompleksindən qurtuldu, qələbə çalmış millət olduğunu təsdiqlədi, özü də bu qələbə nə siyasi danışıqlar, nə də qəfil keçirilən ani əməliyyat nəticəsində deyil, açıq meydan savaşlarında əldə olundu. Dövlətimiz genişmiqyaslı, ən müasir hərbi texnoloji yeniliklərlə silahlanmış, müasir tipli, Qafqazın ən güclü ordusuna sahib, hətta Qafqaz ölçülərini də aşa biləcək gücdə orduya malik bir dövlət olduğunu bütün dünyaya göstərdi. Şuşanın azad olunması əməliyyatı müassir dünya hərb tarixinin parlaq səhifələrindən biri olmaqla, bu müharibənin mahiyyətini özündə daşıyan əsas rəmzinə çevrildi. Həm də nəzərə alsaq ki, qəhrəman ordumuz təkcə Ermənistanla deyil, həm də havadarlıq edən bir sıra kifayət qədər güclü dünya dövlətlərinin də xüsusi bölmələri ilə, bir sıra xarici dövlətlərin hərbi və siyasi gücü və dünyada böyük təsirə malik olan dünya ermənçiliyi ilə döyüşürdü, qələbənin miqyasını təsəvvür etmək çətin deyil. İşğaldan azad edilmiş ərazilərin coğrafi mövqeyini nəzərə alaraq, ordumuzun təkcə Qarabağ uğrunda deyil, həm də bütövlükdə Türk Dünyasının birliyi, dünyanın geo-siyasi düzəninin ədalətli idarə edilməsi və iqtisadi təhlükəsizliyinin təminatı uğrunda böyük savaş aparması ayrıca yazının mövzusudur.

Xüsusi qeyd edilməlidir ki, 44 gün ərzində dünya ermənilərin öz xalqları, onun yüksək və qədim mədəniyyəti, yüksək döyüş ruhu və qabiliyyəti haqqında yaratdığı mif təmamilə məhv oldu. İşğal olunmuş ərazilərdəki barbarlıq əməlləri, insanlara, tarixi abidələrə, tikililərə və hətta təbiətə, flora və faunaya qarşı törədilən misilsiz cinayətlər dünyaya nümayiş etdirildi və bu toplumun hansı mənəvi, əxlaqi dəyərlərə malik olduğu haqqında təsəvvür yaratdı. Eyni zamanda, erməni toplumunun kənardan dəstək almadığı təqdirdə dövlət yaratmaq, ordu qurmaq, nizamlı cəmiyyət formalaşdırmaq qabiliyyətinin olmaması, mahiyyət etibarilə əslində Ermənistan adlanan qurumun bir terror təşkilatı olması haqqında bildiklərimiz bütün dünya tərəfindən də görsəndi. Bütün bunların nəticəsində ümumiyyətlə belə bir dövlətin mövcudluğunun mümkün olmayacağı artıq heç kəsə sirr deyil.

10 noyabr tarixində müharibənin dayandırılmasından sonra, cəmiyyətimizi narahat edən, həm də haqlı narahat edən əsas məsələ rus qoşunlarının ölkəmizin ərazisinə daxil olması və bundan sonra Qarabağın işğalda qalan hissəsində sərgilədiyi davranışlarından ibarətdir. Bu narahatcılıq ona görə təbiidir ki, yuxarıda göstərilən iki əsrlik bəlalarımızın səbəbkarı heç şübhəsiz, Rusiyadır. Azərbaycan torpaqlarında Ermənistan dövlətini yaradan, Qarabağ münaqişəsini törədən, ermənilərə işğal üçün şərait yaradan, eyni zamanda son savaşda da erməniləri hərbi, silah-sürsatla dəstəkləyən də şübhəsiz, Rusiyadır. 18 noyabr tarixində televiziyaya müsahibə verən Rusiya Prezidenti Vladimir Putin açıq etiraf etdi ki, 44 günlük müharibə müddətində Ermənistana hər cür dəstək verib. Dövlətimizin başcısı da xarici jurnalistlərə verdiyi müsahibələrdə açıq-aşkar bəyan etdi ki, əslində Minsk qrupunun həmsədri olan və bitərəf olmalı olan Rusiya Ermənistana yardım edir. Təbii ki, bu şərtlər altında Rusiyanın Qarabağa, Azərbaycan ərazisinə sülhməramlı adı altında daxil olmasına razılıq verərkən ölkə rəhbəri mövcud situasiyanı və Dövlətimizi gözləyə biləcək təhdidləri nəzərə almaq məcburiyyətində olub. Çox böyük ehtimalla, özünün iki yüz illik planının təhlükə altında olduğunu görən Rusiyanın 10 noyabr bəyanatı olmadığı təqdirdə ölkəmizə bilavasitə hərbi təcavüzə keçəcəyi də mümkün idi. Həmin gün vurulan helikopter və Bakı istiqamətinə atılan raket, və yaxud raketlər də sözügedən təhdidlərin üzdə görsənən elementlərindən hesab oluna bilər. Rusiya heç şübhəsiz ki, Qafqazda öz mövcudluğunu artırmağa, öz maraqlarına qarşı formalaşmaqda olan geosiyasi təhdidləri aradan qaldırmağa çalışır. Rusiya hətta Cənubi Qafqazı öz ərazisi hesab edir və onu əlində saxlamağa çalışır. Hesab edir ki, Xankəndini əlində saxlamaqla həm Azərbaycana, həm də Ermənistana təsirini artıracaq, öz siyasi orbitində saxlaya biləcək, sonradan bu təsiri Gürcüstana da transfer edəcək. Lakin bu mümkündürmü? Rusiya bu istəyinə nail ola biləcəkmi? Yoxsa bu istək Ruiyanın özünü zəiflədib, daha da tələyə salacaq, Cənubi Qafqazdan birdəfəlik çıxmalı olacaq?

Gürcüstan nəinki Rusiyanın təsiri altında deyil, hətta münasibətləri düşmənçilik həddindədir, Amerikanın və Qərbin geosiyasi təsiri altındadır. Cənubi Osetiya və Abxaziya dünya birliyi tərəfindən Gürcüstanın ərazisi hesab olunsa da, Rusiya tərəfindən müstəqil dövlət kimi tanınıb və faktiki işğal olunub, iki ölkə arasında sərhədlər bağlıdır. Gürcüstanda NATO birgə təlimlər keçirir, qeyri- rəsmi şəkildə müəyyən bir miqdarda hərbi kontingentinin bu ölkə ərazisində daimi dislokasiya olunduğu deyilir, hətta bu hərbi bloka daxil olmaq ehtimalının da yüksək olduğu söylənilir. Beləliklə, Rusiyanın Gürcüstana qayıtmaq, onu öz siyasi orbitinə daxil etmək ehtimalı real görünmür.

Ermənistanda Paşinyan hakimiyyəti Qərbə meyllidir, Qərb institutları tərəfindən hakimiyətə gəlişi dəstəklənib, Rusiyanın təsiri altından çıxmağa, hətta ərazisindən Rusiyanın Gümrüdəki hərbi bazasını da çıxartmaq əzmindədir. Rusiyanın Qarabağa daxil olub, ora sahib çıxdığını, erməniləri tam biabırçı məğlubiyyətdən qurtarması və Dağlıq Qarabağda erməni mövcudluğunu saxlaması faktını Ermənistanın daxili siyasətinə təsir mexanizmi kimi istifadə etmək niyyətindədir. Ermənilərə “sizi mən xilas etdim”, “qondarma rejimi hələ ki saxlayıram”, Paşinyanı devirib, “mənə lazım olan insanlardan birini hakimiyyətə gətirsəniz və Qərbdən uzaqlaşıb, yenidən mənim tam şəkildə orbitimə daxil olsanız, sizə kömək də edə, bu torpaqlarda dəstəkləyə bilərəm” mesajını verir. Məhz bu səbəbdən də Qarabağın statusu məsələsinə baxıla biləcəyini səsləndirir. Lakin hələlik Ermənistanda baş verən hadisələr göstərir ki, hətta olduqca biabırçı məğlubiyyətə baxmayaraq, Paşinyan əleyhinə, onun istefası tələbilə keçirilən mitinqlərdə Rusiya 1 telekanalının müxbirinin də dediyinə görə iştirakçılrın sayı 5-6 mindən artıq olmur. Bunun əsas səbəblərindən biri həm də odur ki, Paşinyan Qərb tərəfindən hakimiyyətə gətirilməklə yanaşı, ölkənin dolanışığı da əsasən Qərbdəki erməni lobbisinin yardımlarına əsaslanır. Rusiyanın Ermənistana maddi yardım etmək imkanı çoxdan yoxdur. Rusiya ermənilərə yalnız təhlükəsizliyini təmin etmək, Qarabağın və ətraf ərazilərin işğalda qalmasını təmin etmək üçün lazım idi. Lakin şanlı Azərbaycan ordusu bu ərazilərin böyük əksəriyyətini artıq öz rəşadəti hesabına işğaldan azad edib, mərkəzi hissələrin erməni əhalisi də əsasən oranı tərk edib və gələcəkdə də daha da güclənməkdə olan, qardaşı Türkiyənin də dəstəyinə əmin olan Azərbaycan dövlətinin qalan hissəni də geri qaytaracağı şübhə doğurmur, o cümlədən ermənilər də. Ermənilər Qarabağda yaşaya biləcəklərinə inanmırlar, yaşaya bilsələr belə, Azərbaycan qanunlarına tabe olmalı olacaqlarını artıq əsasən bilirlər. Hətta bir sıra erməni siyasətçiləri hesab edirlər ki, Qarabağla bağlı arzularının perspektivi belə daha çox qərbin yardımına əsaslana bilər. Bu da Rusiyaya ehtiyacı xeyli dərəcədə azaldır. Eyni zamanda zəngin və aparıcı dünya dövlətlərinin əksəriyyəti Rusiya və satellitlərini də özlərinə rəqib düşərgədə görürlər. Bu baxımdan Rusiya Ermənistana bir yükə çevrilməkdədir. Və belə görünür ki, Paşinyanı devirmək elə də asan olmayacaq, olsa da onun yerinə daha qərbpərəst, antirusiya siyasətçilərindən birinin gəlməsi ehtimalı böyükdür. Beləliklə, yuxarıda deyilənlərin üzərinə ABŞ-da Baydenin hakimiyyətə gələcəyini və onun administrasiyasının Putin Rusiyasına münasibətini də əlavə etsək, Rusiyanın çox yaxında Ermənistanı da itirməsi ehtimalı olduqca yüksəkdir.

Azərbaycan dövləti millətimizin ikinci dövləti olan, həm də NATO üzvü Türkiyə ilə birlikdə müstəqil siyasət aparır, o cümlədən Rusiya ilə normal, hətta mehriban münasibətləri davam etdirmək istəyindədir. Lakin Rusiyanın Qarabağdakı davranışı bu dövlətə qarşı dövlətimizin münasibətlərinə təsirsiz ötüşməyəcək. Rusiya bu faktoru nəzərə almaq məcburiyyətindədir. Rusiya Qarabağda manipulyasiya etmək imkanından məhrum olacaq, çünki “təmas xəttinin” ətrafı kifayət qədər gücü olan Azərbaycan ordusu ilə yanaşı, Türkiyə ordusu hissələri tərəfindən də dövrəyə alınacaq. Eyni zamanda, Rusiyanın Qarabağda və ya hər hansı başqa yerdə Azərbaycanın milli maraqlarına qarşı törədə biləcəyi hər hansı təhdid, ölkəmizdə antirusiya əhvallarını gücləndirəcək, hətta düşmən ranqına da gətirmək ehtimalını yaradacaq. Nəticədə xarici siyasətdə edilə biləcək dəyişikliklərlə yanaşı, daxili siyasətdə də Rusiyanın təsir imkanlarını azalacaq, “beşinci kolon” adlandırılan dairələri bütün hakimiyyət strukturlarından tamamilə sıxışdırılacaq, indiyə kimi Qarabağı işğal edən Ermənistan tərəfdarları ölkəmizdə hər hansı şəkildə dövlət strukturlarında açıq şəkildə təmsil olunması nə dərəcədə mümkün idisə, Qarabağ vasitəsilə dövlətimizə təhdid və təsisr etdiyi halda Rusiya tərəfdarlarına da eyni münasibət sərgilənməli olacaq. Və əslində artıq belə olmalıdır ki, tarazlıq yaransın. Qarabağda, əlində birbaşa ölkəmizə təsir etmək imkanı əldə etmək istəyən bir dövlətin təmsilçilərinin hakimiyyət strukturlarında da hər hansı həcmdə təmsil olunması milli və dövlət təhlükəsizliyimiz üçün real təhdiddir.

Beləliklə, Rusiya həm Ermənistana, həm də Azərbaycana təsir etmək imkanlarından məhrum olacaq və Qarabağ manipulyativ alət kimi aktuallığını itirəcək.

Lakin sual oluna bilər ki nəticə necə olacaq? Rus ordusu Qarabağdan məlum bəyannamədə deyildiyi kimi, beş ildən sonra rahatca çıxacaqmı? Qarabağı ermənilərin idarəçiliyində saxlayacaqmı? Və ya özü bu ərazimizi sahiblənmək, öz ölkəsinin idarəçiliyini əbədiləşdirmək fikrinə düşəcəkmi?

Bu suallara cavab vermək üçün həm də regionda maraqlı olan dövlətlərin maraqlarına nəzər salmaq gərəkdir. Bunların başında əlbəttə ki, Türkiyə gəlir. Türkiyə Azərbaycanla regionda eyni siyasi xəttə malikdir, hədəflər də eynidir. Tək millətin iki dövləti statusundadırlar. Hər addımda, o cümlədən 44 günlük müharibənin gedişində də bu siyasət özünü hər kəsə göstərdi. Həm də bu birliyin kökü çox dərindədir, tək siyasi rəhbərlərin münasibətlərindən asılı deyil, həm də millətimizin tarixi və etnik köklərinə, milli və dövlət maraqlarına əsaslanır. Ərazimizdə Türkiyə ordusu da var və olacaq. Bu ordu dünyanın ən qüdrətli ordularından biridir, get-gedə də qüdrəti artmaqda davam edir. Bu ərazidə, o cümlədən Qarabağ uğrunda Türk ordusu və milləti müharibəyə hazır olduğunu təkcə dövlət yetkililərinin bəyanatları ilə deyil, real hərəkətlərlə də nümayiş etdirmişdi. Türkiyə və Azərbaycanın dövlət maraqları Rusiyanın bu coğrafiyada əsas sahibi olmamasını, Cənubi Qafqazda və Xəzər hövzəsində məhz Türkiyənin güclənməsini və Xəzərin o biri tayına adlamasını tələb edir. Həm də Türkiyə NATO dövlətidir. Bu blokun bəzi ölkələrində Türkiyə dövlətnin yeritdiyi müstəqil siyasətə hər nə qədər etirazlar olsa da, dəfələrlə blok yetkililərinin bəyanatlarında da səsləndiyi kimi, Türkiyə NATO-ya lazımdır, həm də çox. Leqal şəkildə Türk ordusunun Azərbaycanda yerləşməsi əslində NATO ordusunun da yerləşməsi hesab olunur. Təbii ki müharibə halında da bütövlükdə şimali atlantika blokunun prosesə qoşulmasına gətirib çıxarda bilər. Düşünmürəm ki Rusiyaya belə perspektiv lazımdır.

Müharibə dövründə ölkəmizə həm hərbi-texniki, həm də siyasi dəstək göstərmiş, və bunu qətiyyən gizlətməyən daha bir ölkə İsraildir. İranın şimal sərhədlərində yerləşən, İranın bir sıra sahələrdə embarqodan xilas koridoru olan Ermənistanı əzmiş güclü Azərbaycan İsrailə lazımdır. Həm də İran, Rusiya və Fransanın siyasi, strateji təsiri altında olmayan, Avrasiya enerji dəhlizinin əhəmiyyətli hissəsinə çevrilmiş, böyük siyasi- iqtisadi gələcəyi proqnozlaşdırılan, hətta Türkiyə kimi vacib güc mərkəzi ilə münasibətləri daha yüksək səviyyəyə çatdırılmaqda etibarlı tərəfdaş və vasitəçi ola biləcək Azərbaycan və bütövlükdə Cənubi Qafqaz lazımdır. Bu müharibədən sonra İsrailin bütövlükdə Cənubi Qafqazda fəallığı artmaqda davam edəcək.

Cənubi Qafqazda və xüsusilə Azərbaycanın yanında çox da üzdə görsənməyən, amma varlığını görməmək mümkün olmayan daha bir dövlət İngiltərədir. Ingiltərənin Cənubi Qafqazda, xüsusilə Azərbaycanda maraqlı olması XIX-cu əsrdən məlumdur. Eyni maraqlar İrana da aiddir. 1979-cu il inqlabına qədər İngiltərə ABŞ-la birlikdə İranın əsas idarəçisi idi, dərin qatlarda bu gün də İranda xeyli sayda gücü var. Lakin Xomeyni inqlabından sonra öz mövqelərini Fransa və Rusiyaya güzəştə getməli olsa da, revanş arzusundadır və mövcud rejimin əleyhinə fəaliyyət göstərməsi şəksizdir. Bu məsələdə İsraillə müttəfiqdir və İsrailin Azərbaycandakı maraqları haqqında dediklərimiz İngiltərəyə də aiddir. Xəzər dənizi hövzəsində möhkəmlənmək və Orta Asiya regionuna çıxış əldə etmək, eləcə də Xəzər dənizi və Mərkəzi Asiyanın neft-qaz ehtiyatlarının Azərbaycan və Türkiyə vasitəsilə Avropaya nəqlində, Avropanın Rusiya qarşısında enerji asılılığının tamamilə aradan qalxmasında olduqca maraqlıdır ( BP- nin Azərbaycandakı fəaliyyəti hər kəsə məlumdur), Rusiya ilə tarixin dərinliklərindən gələn rəqabəti var. Bu istiqamətlərdə də Türkiyə ilə müttəfiqdir. 44 günlük müharibədə ortada görsənməsə də, əslində varlığı aşkar hiss olunurdu. Tovuza hücumdan sonra, eləcə də müharibədən bir neçə gün əvvəl Britaniya Parlamentinin Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatı, həmçinin Azərbaycanı durdurmaq məqsədilə BMT Təhlükəsizlik Şurasının qərarının qarşısının alınmasındakı fəaliyyəti hər kəsə məlumdur. Ümumiyyətlə, Türkiyənin hazırkı hədəflərində İngiltərənin müttəfiqliyi haqqında kifayət qədər məlumatlar dünya və rus mətbuatında yayımlanmaqdadır.

Yuxarda sadalanan bütün istiqamətlər üzrə olduqca dərin maraqları olan, Rusiyanı öz milli və dövlət maraqlarına əsas təhdid elan etmiş, Rusiyanı sanksiyalarla əhatələmiş, onu sarsıtmağı, zəiflətməyi, öz qınına çəkilməyi qarşısına məqsəd qoymuş Amerika Birləşmiş Ştatlarını da nəzərə almalıyıq. Eyni zamanda Orta Asiya regionunda Rusiyanı sıxışdırmaqda ən böyük marağı olan dövlət də məhz ABŞ-dır, həm də təkcə geosiyasi səbəblərdən deyil, həm də iqtisadi maraqlardan (Amerika şirkətlərini Çindən çıxardıb bu regiona gətirilməsini təmin etmək istəyi bunlardan yalnız biridir). Gürcüstanı antirusiya istiqamətində dəstəkləyən, Ermənistanda sözün əsl mənasında nəhəng, postsovet məkanında ən iri səfirliyi qurmuş və Rus maraqlarına zidd məxməri inqlabı dəstəkləyən də məhz Amerikadır. Bayden administrasiyasının hakimiyyətə gəlişi ilə antirusiya fəaliyyətinin daha aqressiv xarakter alması gözlənilir.

 

Regionumuzda Rusiya ilə eyni dərəcədə maraqlı olan və eyni geosiyasi hədəflərə malik, heç də ondan az təhlükəli olmayan İranı da nəzərdən qaçırmamalıyıq. İran Rusiya ilə strateji müttəfiqdir. Heç kəsə sirr deyil ki, Ermənistanı 30 ildə ayaqda tutan, hər cür hərbi, siyasi, iqtisadi dəstək olan İran, Azərbaycan dövlətinin varlığını öz mövcudluğuna təhlükə hesab edir, hər cür vasitələrlə bu təhlükəni aradan qaldırmağa çalışır. Təbii ki, Rusiyanın Qafqazda güclənməsi, daha doğrusu gücünü qoruyub saxlamasında İran da maraqlıdır. Həm İsrail, İngiltərə, ABŞ və xüsusilə Türkiyənin regionda möhkəmlənməsinin qarşısını almaq, həm də əhalisinin ən azı yarısının türk olduğunu və bu insanların hər keçən gün daha çox Türkiyə və Azərbaycanı örnək götürərək İranın milliləşməsi və ya İstiqlal uğrunda mübarizəyə qoşulmalarına mane olmaq məqsədilə. Üstəlik sözügedən türklərin əksəriyyəti Azərbaycan türkləri olduğu halda. 44 günlük müharibədə də İranın mövqeyinə qarşı öz xalqının dirənişi bütün dünyaya problemlərin nə dərəcədə dərində olduğunu bir daha nümayiş etdirdi. Rusiyadan gələn silahları hər zaman öz ərazisindən Ermənistana nəql edən İran dövləti əhalinin kütləvi etirazlarından, silah daşıyan maşınların qarşısının kəsilməsi, hətta yandırılması aksiyalarından sonra, məcbur olub sərhədi bağladığını rəsmən elan etdi. Lakin Azərbaycan ordusu sərhədboyu rayonları düşməndən azad edib, Zəngəzura yaxınlaşdığında, sərhəd boyu ərazilərə ordu yığmağa başladı, həm də bu ordu cənub rayonlarından gətirilirdi. Azərbaycan ərazilərində dislokasiya olunmuş qüvvələrə etibar olunmadı. Hətta mövcud rejimin dayağı olan İnqlab keşikçilərinin də türklərdən ibarət hissələrində rejimin mövqeyinə qarşı etirazlar haqqında mərbuatda xeyli məlumatlar dolaşmaqdadır. Müharibənin sonuna yaxın İranın Ali Dini Rəhbərinin bəyanatı da olduqca maraqlı idi. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edəndən sonra, davamında guya müharibəyə cihadçı terrorçuların gəldiyini bəyan etdi və sərhədlərin dəyişməyini istəmədiyini dedi. Yəni Azərbaycan tərəfində guya hansısa Suriyadan gətirilmiş terrorçuların döyüşdüyü haqqında ermənilərin dediyi və Rusiya ilə Fransa mətbuatının tirajladığı dezinformasiyalara qoşulur və Azərbaycanın Naxçıvanla Zəngilan arasını birləşdirmək fikrinə düşdüyü halda sərhədə yığdığı ordu ilə ermənilərin köməyinə gələcəyini bəyan edir.

Beləliklə, Azərbaycan Respublikasının strateji maraqlarına qarşı cəbhə açmış, Qarabağ probleminin həllinin qarşısını almağa çalışan və Rusiyanın ərazimizdə hərbi mövcudluğunda maraqlı olan Rusiya, İran və Fransa ( Fransa Rusiya ilə yanaşı, öz qüvvələrinin də iştirakında, o cümlədən Ermənistan siyasi hakimiyyətində öz tərəfdarlarının aparıcı rol almağında maraqlıdır) ittifaqı mövcuddur.

Maraqlı bir məqamı da qeyd etmək yerinə düşər ki, Fransa senatının Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı qərarı üçlü ittifaqda (Fransa, Rusiya, İran) çat yarandığını göstərir. Fransa Ermənistanda hakimiyyət böhranından faydalanmaq istəyir. Ermənistan cəmiyyətinin Rusiyanı satqınlıqda ittiham etdiyi, bu ölkənin nüfuzunun bəlkə də tarixdə ən aşağı düşdüyü şəraitdə, Ermənistanda hakimiyyəti devirib öz tərəfdarlarını yerləşdirmək, o mümkün olmasa Paşınyanı özündən asılı vəziyyətə salıb hakimiyyətdə saxlamaq niyyətində olan Rusiya Fransanın müqaviməti ilə rastlaşa bilər. Fransa Rusiyanın zəif iqtisadi və geosiyasi vəziyyətindən istifadə edərək, Ermənistana reverans etməklə regionda Rusiyanın yerini tutmaq, mümkün olsa Gümrüdəki hərbi bazanın çıxarıldığı təqdirdə onu öz ordu hissələri ilə əvəz etmək və bəlkə də Qarabağda “sülhməramlıların” təkibinə daxil olmağa cəhd edir. NATO üzvü olduğunu nəzərə alsaq, Fransanın bu işdə ABŞ-ın dəstəyinə ümid etdiyini güman edə bilərik. Yəni, Cənubi Qafqaz siyasətində hətta Fransa da müəyyən şərtlər daxilində Rusiyanın əleyhinə gedəcək kimi görsənir.

Beləliklə, regiondan rus qoşunlarının çıxmasında, bütövlükdə Cənubi Qafqazda və xüsusilə Azərbaycanda Rusiya və İranın təsiri və təhdidinin aradan qalxmasında maraqlı olan ABŞ, Britaniya, İsrail və xüsusilə qardaşımız Türkiyə var. Ermənistanda Rusiyanın təsirinin azalması və qoşunlarının çıxarılmasında isə bu dövlətlərə Ermənistan və erməniçiliyə real təsir göstərmək iqtidarında olan Fransanı da əlavə etmək lazımdır. Və ən nəhayət, bütün maraqların da üstündə duran Vətən eşqi, dövlət müstəqiiyi və ərazi bütövlüyümüzün qarantı olan Azərbaycan xalqı. Bir dəfə daha böyük kontingentə malik rus qoşununu artıq ərazimizdən çıxartmaq təcrübəsinə malik, minlərlə şəhid vermiş və yenə də verməyə hazır olan, tək yumruq halında birləşmək qabiliyyətini dəfələrlə nümayiş etdirmiş, 44 günlük müharibənin qalibi və qəhrəmanı olan şərəfli millətimiz!

Bu dövlətlərin Rusiyanın maraqlarına qarşı fəaliyyəti Cənubi Qafqazla kifayətlənmir. Belorusiyada antirusiya qüvvələri dəstəklənir, hətta Lukaşenko belə tədricən Rusiyanın əlindən alınır. Moldovada Amerika yönümlü, Dnestryanı əraziləri qaytarmaq və Rusiya qoşunlarının ölkəsindən çıxartmağı hədəfləyən hakimiyyət formalaşır. Ukrayna Donbas və Krımı qaytarmaq məqsədilə müharibəyə hazırlaşır, ərazisində Türkiyənin hərbi bazalarını yaratmaq istiqamətində fəaliyyətdədir. Rusiya özü iqtisadi sanksiyalara məruz qalıb, büdcəsi hər gün azalır, daxildə çoxsaylı iqtisadi və siyasi problemlərin həllinə çalışsa da, uğursuzluğa duçar olur, hər gün daha da zəifləyir və kasıblayır. Enerji daşıyıcılarının qiymətlərinin kritik səviyyədə ucuzlaşması durumu daha da dramatikləşdirir. Dünyanın müxtəlif yerlərinə səpələnmiş hərbi bazaları saxlamaq, hərbi əməliyyatları və qüdrətli ordunu isə həm də maliyyələşdirmək lazımdır.

Elə mövcud vəziyyətin göstəricisidir ki, iki yüz ildən artıq bir dövrdə Qafqazın mütləq hakimi olan, heç bir şəkildə Türkiyənin və hər hansı başqa dövlətin bu coğrafiyada mövcudluğunu həzm etməyən Rusiya, bu günki reallıqları nəzərə almağa, bütövlükdə regionu Türkiyə ilə bölüşməyə, Azərbaycanın öz təsiri altından çıxması ilə barışmağa məcburdur artıq. Dünən bütövlükdə işğal olunmuş əraziləri əlində saxlayan Rusiya, artıq həmin ərazilərin kiçik bir hissəsi, həm də Türkiyə ilə şəriklikdə əlində saxlamağa çalışır. Həm də Azərbaycanı deyil, Ermənistanı bu vasitə ilə əlində saxlamaq məqsədilə. Bunun özü belə kifayət qədər müəmmalıdır. Bizcə, 10 noyabr bəyanatına dövlət başçısının imza atmağı da elə məhz yuxarıda göstərilən təhlilin nəzərə alınması ilə mümkün olub. Divara dirənməkdə olan Rusiyanı zor müstəvisinə çəkməkdən, açıq konfrontasiyaya getməkdən, həm Qarabağda əldə olunan nəticələri, həm də bütövlükdə ölkəmizi risk altına atmaqdansa, problemin siyasi müstəvidə həllinə, “sülhməramlıların” müddətli olmasına və çıxardılma mexanizminin mövcudluğuna, ən əsası isə Türkiyə dövlətinin də razılaşdırılmış şəkildə sülhməramlı fəaliyyətdə iştirakına, yəni regionda hərbi mövcudluğuna nail olmaq, eləcə də “etnik təmizləmə” və sair buna bənzər ittihamlardan qurtulmağa hesablanmış addım atılmışdır. Hələ nəzərə alsaq ki, yuxarıda sadalandığı kimi, dünyanın əksər qüdrətli dövlətlərinin Rusiyanın bu ərazilərdən qoşunlarını çıxartmaq istiqamətində addımları bizsiz də davam edəcək, zərbəni üzərimizə götürməmək, əksinə, dividentlərdən yararlanmaq istəyimiz təbiidir. Həm də 26 il ərzində mövcud olmuş status kvonun dağıdıldığı, işğal olunmuş ərazilərimizin əksəriyyətinin, o cümlədən Şuşanın əlimizdə olduğu halda.

Bizcə, bütün qonşularla dinc və mehriban münasibətlər saxlamaqla yanaşı, dövlətimizin strateji maraqlarını təmin etmək, İran və Rusiyanın geosiyasi təsirindən qurtulmaq, ərazimizdən Rus qoşunlarının siyasi yolla çıxarılmasına və Qarabağ üzərində tam süverenliyimizin bərpasına nail olmaq və mövcud risklərdən sığortalanmaq məqsədilə dövlət rəhbərliyi və ictimaiyyətimiz bir sıra tədbirlər görməlidir:

1. Türkiyənin həm Qarabağda, rus qoşunları ilə eyni xəttə, həm də ümumiyyətlə Azərbaycan ərazisində hərbi mövcudluğu təmin edilməli və gücləndirilməlidir.

2. Rus qoşunlarının Qarabağın mərkəzi hissələrində mövcudluğunu və bu amildən istifadə edərək ölkə daxili situasiyaya təsir etmək imkanı əldə etdiyini nəzərə alaraq, Rusiyanı daxili təsir alətlərindən məhrum etmək məqsədilə, qanunverici və icraedici hakimiyyətində təmsil olunan rus 5-ci kalonunun tutduğu mövqelərindən tamamilə məhrum olunmasına nail olunmalıdır.

3. 27 sentyabrdan başlayaraq, müharibə fonunda formalaşmış, analoqu olmayan milli birliyin qorunub saxlanmasını, hətta daha da güclənməsi təmin edilməlidir.

4. Ölkənin iqtisadi qüdrətinin artırılması, biznes mühitinin güclənməsi istiqamətində zəruri addımlar atılmalıdır.

5. Türkiyə ilə münasibətləri tənzimləyən münasibətlər sistemi dəqiqləşdirilməli və müqavilə ilə möhkəmləndirilməlidr.

6. Ermənistan və dünya erməniçiliyi ilə münasibətlərdə təmas xətlərinin axtarışlarına başlanmalı, iki xalq arasında düşmənçiliyin əslində regionun iqtisadi, sosial, mədəni tərəqqisində maraqlı olmayan dövlətlərin siyasətinə şərait yaratdığını və bunun qarşısının alınmasında ilk növbədə region ölkələrinin maraqlı olduğu istiqamətində marifçilik işinə başlanmalıdır.

7. Ermənistan ərazisindən zorla qovulmuş əhalinin dinc yolla, beynəlxalq təşkilatlar və məhkəmələr, eləcə də birbaşa danışıqlar vasitəsilə öz yurdlarına qaytarılması prosesinə start verməyin yollarını araşdırıb yol xəritəsi tərtib edilməlidir.

8. Dövlətin və cəmiyyətin ictimai- siyasi resurslarını, bu işə Türkiyəni də geniş şəkildə cəlb etməklə cənub istiqamətində dərin milli konsepsiya hazırlanıb həyata keçirilməlidir. İran dövləti ilə münasibətlərin keyfiyyətcə yeni üsulları ilə yanaşı, bu ölkədəki Azərbaycan və ümumiyyətlə türk toplumu, onların istək və arzuları, təşkilat və birlikləri ilə geniş əlaqələrin qurulması, milli şuur və hədəflərin müəyyənləşməsində, iqtisadi güc və imkanlarının artırılmasında önəmli addımlar atılmalıdır.

9. Bu istiqamətdə mümkün ola biləcək təhlükələrin qarşısının alınması istiqamətində fəaliyyəti gücləndirərək, İsrail dövləti ilə münasibətlərin yüksək səviyyədə saxlanması ilə yanaşı, Pakistanla münasibətləri daha da dərinləşdirmək, strateji müttəfiqlik səviyyəsinə çatdırmaq və Səudiyyə Ərəbistanı ilə əlaqələri daha səmərəli, üstün səviyyəyə yüksəltmək istiqamətində zəruri addımlar atılmalıdır.

10. Mərkəzi Asiya dövlətləri ilə əlaqələr ən yüksək səviyyəyə qaldırılmalı, xüsusilə Özbəkistan Azərbaycan-Türkiyə birliyinin, əməkdaşlıq və qardaşlığının üçüncü elementinə çevrilməli, Ankara-Bakı-Daşkənd geosiyasi xətti möhkəmlənməli, keyfiyyətcə yeni səviyyəyə yüksəlməlidir.

11. Mərkəzi Asiyanın digər dövlətləri ilə də xüsusi, yaxın iqtisadi, siyasi, ideoloji əməkdaşlıq münasibətləri qurulmalıdır.

12. 44 günlük müharibənin qalibi, milli birliyin yaradıcısı və ümumiyyətlə mili dövlətimizin qurucusu və mövcudluğunun qarantı olan Azərbaycan Xalqı və Vətəndaşı dövlətimizin həqiqi sahibi kimi tanınmalı, sosial rifah, ədalətli məhkəmə, halal seçki və sair bu kimi mexanizmlərin təmin olunması məqsədilə islahatlara start verilməli və sürətlə həyata keçirilməlidir.

Bu deyilənlərin təmin edildiyi halda, eləcə də bütövlükdə dünyada və regionda baş verən geosiyasi prosesləri nəzərə alsaq deyə bilərik ki, Rusiya Gürcüstan və Azərbaycanı olduğu kimi, Ermənistanı da itirəcək. Bu isə Rusiyanı bütövlükdə Cənubi Qafqazdan kənarlaşmağa məcbur edəcək.

Rusiya qarşısında yuxarda göstərilən ssenaridən fərqli nəzəri cəhətdən iki variant mövcuddur:

1. Genişmiqyaslı, böyük müharibəyə getmək. Qarşıdurmanı artırmaq, hərbi eskalasiyanı son həddə çatdırıb Türkiyə və digər müttəfiqlərlə toqquşmaq.

2. Türkiyə ilə ən azı situativ müttəfiqliyini davam etdirmək, hətta bir qədər də dərinləşdirib, regionda Azərbaycanın maraqları ilə ziddiyyət təşkil etməyən siyasi xətt yeritmək.

Yuxarda göstərilənlərdən məlum olur ki, birinci variant yaxın gələcəkdə Rusiya üçün mümkün omayacaq.

İkinci variant da şübhəli olsa da, bütün hallarda Azəbaycan ərazisindən rus qoşunlarının dinc yolla çıxması ilə nəticələnəcək.

Moldova, Ukrayna, Belorus, Suriya və Liviyada baş verən və verəcəyi proqnozlaşdırılan hadisələri, eləcə də Rusiyanın daxilindəki iqtisadi, sosial, siyasi situasiyanı da əlavə etsək deyə bilərik ki, Rusiya burada əslində məğlubiyyətə məhkumdur. Sovet İmperiyasının dağılması Qarabağdan başladığı kimi, Rusiyanın da çöküşü buradan başlanır. Bu isə Azərbaycanımızı Türkiyəmizlə birlikdə bütövlükdə regionun ən əhəmiyyətli güc və cazibə mərkəzinə çevirəcəkdir. Belə də olmalıdır. “Artıq tamah baş yarar” deyiblər. Rus millətinin faciəsi dövlətinin yürütdüyü imperialist siyasətdədir. Əslində dünyanın ən böyük ərazisinə malik, hər cür faydalı qazıntılarla zəngin, intellektual səviyyəsi yüksək və bu imkanları qarşısında olduqca az saylı əhaliyə malik olan Rusiyanın vətəndaşları əbədi olaraq dünyanın ən zəngin və xoşbəxt insanları olmalı idilər. Lakin yarandığı gündən bəri bu dövlətin insanlarının əksəriyyəti yoxsulluq və səfalət içində yaşayır, üsyanlar və müharibələrlə məhv olur.

Əlbəttə ki, konkret sözü gedən “tələyə salma” (çöküşə məhkum etmə) əməliyyatında Rusiyanın “artıq tamahına” qida verən, tələyə pendir qoyan dövlətlər də var. Və onların fəaliyyəti bizcə əhəmiyyətli oldu. Bu dövlətlərin içində iki qardaşın duruşu xüsusilə möhtəşəm görsənir.

P.S. 1 dekabr 2020- ci ildə dünya agentliklərinin verdiyi məlumata görə, Türkiyənin Milli İstihbarat Təşkilatı ilə İsrailin Mossad (Milli Kəşfiyyat Xidməti) sıx əməkdaşlıq barədə saziş imzalayıb. Və bü saziş Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin vasitəçiliyi ilə baş tutub. MİT, Mossad və Mİ-6 sıx əməkdaşlığı, yəni Türkiyə, İsrail və İngiltərə strateji əməkdaşlığı! Həm də, və bəlkə də ilk növədə Cənubi Qafqazda! Və Qarabağda!

 

BAO.AZ.