BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Nəcəfalı Cahangirli: “İnanmıram ki, Qabil Hüseyinli belə müsahibə versin”

22:26 / 09-09-2017   /   baxış - 1874

(Nəcəfalı Cahangirlinin 22.08.2017. tarixində Turkustan.info saytında getmiş məqaləsi)

Hörmətli Turkustan.info!

Saytınızda politoloq Qabil Hüseyinlinin adından Nazir Əhməlinin “Haqq-nahaqq seçilər Haqq divanında” (Bakı-2017) kitabı haqqında verdiyiniz  fikirlər diqqətimi çəkdi. Qabil Hüseyinlini yaxından tanıyıram, onunla müəyyən müddət eyni təşkilatın üzvi də olmuşam. Savadına da böyük hörmətim var. Yazılarını da diqqətlə oxuyuram. Sizin saytda (25.07.2017) verilmiş “Aşıq Ələsgəri kürd çıxaran Nazirin məqsədi nədir?” yazısını  da  Qabil Hüseyinliyə istinadla vermisiniz. Ona görə də diqqətlə oxudum və  maraq məni bürüdü ki,  nədən Nazir Əhmədli belə yanlışılqlara yol versin?  Nədən vətənimizin belə çətin günlərində sifarişlə yazılmış bir kitabı nəşr etdirsin?

Ona görə kitabı oxumağı qərara aldım. Açığını deyim, kitabı tapmaq o qədər də asan olmadı. Əvvəlcədən nifrət və qəzəb üzərində kökləndiyimdən, çox əsəbiliklə oxumağa başladım. Oxuduqca da hirsim soyudu. Kitabı bitirdikdən sonra Sizin saytda Qabil Hüseyinlinin adından verilmiş fikirləri bir də oxudum. Kitabda orada deyilənlərə rast gəlməmişdim. Fikirləşdim ki, hirsli olduğumdan bəlkə kitabı diqqətsiz oxumuşam. Təkrar diqqətlə oxudum. Orada istər Aşıq Ələsgərin, istər Aşıq Alının kürd olduğuna dair bir eyham belə tapa bilmədim. Əksinə, kitabda bir neçə dəfə Ələsgərin qarapapaq, Alının isə ayrım türkü olduğu göstərilir. Özü də bu fikir sənədlərə dayanaraq yazılır.

Qabil Hüseyinlinin adından yazırsınz ki, “Guya bu kənd 1831-ci ildə Gürcüstan ərazisindən bura köçən qarapapaqların məskunlaşması nəticəsində meydana gəlib. Mən hiss etdim ki, bu adamın qarapapaqlar haqqında ciddi məlumatı yoxdur. Qarapapaqların kökü Özbəkistanın Qarakalpakya muxtar vilayətindən gəlir”.

Əvvəla, Qabil Hüseyinlinin adından yazırsınız: “Mən Nazir Əhmədlinin “Haqq nahaq seçilər haqq divanında” kitabını oxumuşam”. Kitabı mən də oxumuşam. Orada Ağkilsə kəndinin 1831-ci ildə Gürcüstan ərazisindən köcürüldüyü fikrinə rast gəlmədim. Qarapapaqların indiki İran İslam Respublikasının Sulduz(Nəqədey) bölgəsindən gətirilərək Göyşədə yerləşdirildiyini oxumuşam.

İkincisi, Qabil müəllim kimi savadlı birisinin  Özbəkistandakı Qarakalpak Muxtar Respublikasına heç zaman muxtar vilayət deməz. Politoloq o terminlərin fərqini gözəl bilir.

Üçüncüsü, Qabil Hüseyinliyə də tarixdən az çox başı çıxanlara da məlumdur ki, qarapapaqlar kütləvi surətdə Güney Qafqaza indkiki Kuban və Stavropol ərazilərindən Gürcü çarları Qurucu Davidin və Tamaranın dəvətilə gəliblər. Burada məskunlaşdıqdan sonra  bölgəni özlərinə vətən ediblər. Yəni min ilə yaxındır burada məskunlaşıblar. Savaşlar zamanı yaşadıqları bölgənin bəzi hissələrini tərk etmək məcburiyətində qalsalar da, sonradan oraya dönüblər.

Yazıda tez-tez Qabil Hüseyinlinin adından “ermən mənbələri” ifadəsini bir həqarət kimi işlədirsiniz. Əslində arxiv sənədi, qaynaq hansı dildə, harada olsa da,  araşdırıcılar üçün arxiv sənədi və maraqlı mənbəədir. Ermənistan arxivlərindən, eləcə də erməni dilində orta yüzillərdə yazılmış  mətnlərdən Azərbaycan araşdırıcıları dəfələrlə istifadə ediblər. Son dövrlər isə bu mənbələrdən günümüzün erməni saxtakarlıqlarını ifşa etmək üçün istifadə edirlər. Buna görə də inanmıram ki, Qabil Hüseyinli kimi bir alim erməni mənbələrindən istifadə etməyi kiməsə qüsur kimi göstərsin. Nazir Əhmədli istinad etdiyi qaynağın çar Rusiyasının tərtib etdiyi Kameral siyahı olduğunu dəfələrlə vurğulayır. Belə olan halda onun“erməni mənbəyi” deyərək kimlərisə qıcıqlandırmağın kimə və hansı məqsədə xidmt etdiyini də başa düşə bilmədim.

Açığını deyim ki, Qabil Hüseyinlinin  adından verdiyiniz  aşağıdakı fikir də mənə inandırıcı görünmədi: “Guya İrəvan xanlığının istilasından sonra ruslar əhalinin siyahıya alınması üçün Fransadan bir nəfər çağırıblar… Əvvəla, fransızın erməni və ya Azərbaycan dilini bilməsi çox müəmmalı iddiadır. İkincisi, rusun fransıza əhalinin siyahıya alınması ilə bağlı tapşırıq verməsi də inandırıcı səslənmir”. Qabil Hüseynliyə də, tarixdən az-çox xəbərdar olan hər birimizə də məlumdur ki, 18-19-cu yüzilliklərdə Rusiyanın ordusunda, dövlət aparatında onlarla fransız, alman, Avstrya və b. mənşəli hərbçi, mühəndis, dövlət qulluqçusu olmuşdur. İvan Şopen də onlardan biri idi.

Mən kitabı oxuyandan sonra içimdə bir şübhə yarandı. Düşündüm ki, bəlkə kitab bir dəfə çap olunub, səs küyə səbab olduğunda ikinci dəfə nəşr ediləndə həmin yerlər dəyişdirilib. Amma kitabda təkrar nəşr haqqında heç bir qeydə rast gəlmədim. Sizdən xahiş edirəm əlinizdəki kitabda Aşıq Ələsgərin, Aşıq Alının kürd olduğu haqqında qeydlər olan səhifələri çap edin, qoy hamı görsün.

P.S. Mən politoloq Qabil Hüseynlinin adından verilmiş fikirləri oxuduqdan sonra kitabı da oxudum. Səbirsizliklə gözlədim ki, Qabil Hüseyinli onun adından yazılanlara etirazını bildirəcək. Elə bir etiraza rast gəlmədim. Düşündüm ki, yəqin Qabil müəllim məzuniyyətdədir, yazılanlardan xəbərsizdir. Qabil müəllimin adından verilən yazının yayılmasından xeylıi keçsə də, ona heç bir cavab vermədiyini gördükdə fikrimi oxucularınızla bölüşməyi qərara aldım

Hörmətlə,

 

 Nəcəfalı Cahangirli,

Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurasının üzvü

 

Redaksiyadan: Bildiririk ki, həmin yazı Teleqraf.com saytından götürülmüşdü. Bir sıra dəqiqləşdirmələrdən sonra yazı başlığında düzəliş edildi. Linklə buradan tanış ola bilərsiniz:

“Aşığı kürd çıxaran Nazirin məqsədi nədir?” – ETİRAZ