BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Nə etməməliyik?!

10:03 / 27-04-2017   /   baxış - 1606

Duman Radmehr

“Qarabağda savaşan əsgərlərə dəstək, həm də şəhidlərimizi anmaq” hədəfi ilə İsveçin paytaxtı Stokholmun tam mərkəzində 100 nəfərə yaxın İsveçdə yaşayan türklərdən (türkiyəli, azərbaycanlı, iranlı və sairə) toplanıb. Aprelin 9-da keçirilən bir saatlıq mitinqdə müxtəlif türk bayraqları dalğalandırılıb, bir neçə nəfər danışıb, şüarlar səsləndirib.

Başqa vaxt keçirilən mitinqlərdən fərqli olaraq, bu dəfə nəinki İsveç qəzetləri, televiziyaları da bu mitinq haqqda xəbər yayıb, özü də ”Stokholmun mərkəzində irqçilik” başlığı altında. Adi vətəndaşdan ta rəsmilərə qədər olayı qınayıb, belə mitinəqlərin qarşısı alınmalıdır, deyirlər.

Bu arada Ermənistan səfirliyi də açıqlayıb ki, məsələ ilə bağlı məhkəməyə baş vuracaqlar.

Mitinqdə çıxışlar türkcə olsa da, İsveçdə çox populyar olan TV4 kanalı, altyazı ilə bir hissəsini yayınladı. Neçə gündür xəbərlərin başlıqlarında mitinqdə söylənilənlərdən sitatlar verilir:”…soydaşlar, türklər özlərini Avropaya göstərməlidi!”, ”Erməni köpəklərinə ölüm, ölüm, ölüm!”, ”Türk oyanır, qardaşlar!”, ”Biz qan sevmirik, amma qan tökərik!”.

Bu sözləri dilə gətirən İsveçdəki türk federasiyalarınından birinin başqanıdı. İş bura çatıb ki, İŞİD (DAEŞ) xəbərləri ilə bərabər, İsveçin mediyası, bu mitinqi örnək göstərib, ifratçı qruplarla mücadilə barədə danışır. Qarabağ, işğal, daşnaklar yerinə, kimin “bozqurdçu” olub olmadığı əsas suala çevrilib. Mitinqdə o sözləri deyən “soydaşımız” bu xəbərlərdən sonra istefa edib çəkilsə də, olaylar hələ də səngimək bilmir. Söylənənlərə təpkilər getdikcə böyüyür.

Bir neçə gün sonra İsveçin dövlət kanalı xəbər verdi ki, böyük ehtimalla həmin federasiyaya dövlət tərəfindən maddi yardım verilməyəcək. Söz qonusu olan federasiya məsulları, gərginliyi sakitləşdirmək üçün o çıxışı qınayıb, dəfələrcə ermənilərdən üzr diləyiblər. Amma olan olub artıq! Atalar demişkən, daldan atılan daş topuğa dəyər!

Torpağı işğal olan türk, soyqırıma məruz qalan türk, amma özünü bağışlatmaq üçün üzr istəyən yenə də türk! Niyə? Niyə belə olur?

Yanlış söyləm!

Orda deyilən sloqanlara baxdığımızda, yəqin bir çoxumuz təəccüb etmirik. Çünkü alışqanlıq halına gələn sözlərdilər. Bundan daha betərini dostlarımızdan hər gün eşidirik. Etiraz edənə də deyilir ki, yox, bu irqçilik deyil. Halbuki istənilən bir etnik və ya dini qrupun adını çəkib, ona qarşı söz demək, günümüzdə irqçilik kimi alqılanır.

Hansısa bir millətə ölüm istəmək, biz qəbul etsək də, etməsək də, kəlmənin tam anlamında irqçilikdi. İstər Urmiyada stadionda səslənsin, istər Stokholmun mərkəzində.

Papağımızı qoyub qabağımıza, gəlin bir də düşünək? Avropaya özümüzü belə göstərməkdənsə, göstərməmək daha yaxşı olmazmı?! Cəbhədə haqq yolunda savaşan əsgərlərimiz, bu cür “dəstək”lə dünya gözündə haqsız duruma düşmürmü? Buna tay irqçi söyləmlə (diskorsiya), şovinizmlə savaşırıq, yoxsa İran rejiminin asıb-kəsməsinə məşrüiyyət qazandırırıq!?

Bu səfər məsələnin üstü açılmağı səbəb olmaz ki, özümüzü kənara çəkib kasa-kusanı sadəcə o danışanın başında sındıraq. Çünkü təkcə bu mitinq deyil. Ümumiyyətlə, tələblərimiz nə qədər mədəni olsa da, söyləmimiz bəlli dərəcədə qeyri-mədənidir. Hədə, nifrət, zorakılıq, soyçuluq içərən şüarlar səslənir bəzən. Ağıllı düşmənlə ağılsız dostun ortaq məhsulu olan bu tip nümayişlər, təəssüf ki, getdikcə də çoxalmaqdadı. Düşmənlarin, rəqiblərin diqqətli gözündən uzaq qalmayan bu tip davranışlar gec-tez öz təsirin göstərir. Tərəfsiz bir medianın bizim xəbəri yaymadığında, ya bir rəsminin bizə görüş vaxtı vermədiyinə səbəb axtarırıqsa, ilk başda bu nümayişləri düşünməliyik.

Hər hansı bir etkili, ya yetkili şəxs, heç bir məsul, yaxud jurnalist, ifratçılığa şübhəli olan cərəyanın (hərəkatın) yanında olmağı istəməz. Misal üçün, İsveç parlamentində olan türk nümayəndəsinin bu günlər təkcə bir dərdi var: o mitinqi təşkil edənlərlə ilgisinin olmadığıını sübut eləmək. Başqa sözlə desək, “bozqurdçu” olmadığını İsveç mediasına qəbul elətdirməkdi.

Bilməyinizdə fayda var ki, bu günlər Suriya kürdlərinin nümayəndə heyəti (oxuyun PYD) İsveçə səfər edib. Təsəvvür edin, Suriya, ya Qarabağı bəhanə edib, bir isveçli jurnalist PYD, yaxud Daşnaklar barədə müxalif bir şey yazmaq istəsəydi də, böyük ehtimalla daha yazmaz. Çünkü bu vəziyyətdə ”bozqurdçu”ları dəstəkləyir kimi alqılanmaqdan qorxacaq. İsveçli jurnalist ki səhldi, sanıram Türkiyə səfiri də belə “xınanın yeri deyil” deyib, PYD səfərinə etraz etməkdən çəkinəcək.

Uyğun Söyləm

Dünyada hər kəsin, hər dövlətin özünəməxsus mənfəətləri var. Buna baxmayaraq, sayılan dövlətlərin hamısı aşağı-yuxarı bir “dəyər sistemi”nə tabedirlər. Ən azından özlərini belə aparırlar. Mənfəətlər üst-üstə gəlmədiyi zaman hər kəs haqqlı olduğunu o dəyərlərdən yola çıxaraq sübut etməyə çalışır. Hansı dəyərlərdən danışıb, necə arqument gətirmək, “söyləm” (diskorsiya) deməkdir.

Günümüzün söyləmi isə insan haqqları, demokratiya, terrorizmə qarşı olmaqdı. İran və Rusiya kimi quldurluq edən ölkələr də belə, kimsə inanmasa da, özlərinin bu prinsiplərə bağlı olduqları iddia edirlər.

”Niyə bu prinsiplər gündəmdə?”, ”Kim bunu təyin edir?” kimi suallar başqa mübahisənin mövzusudu. Bilməyi gərəkən budur ki, dünyanın söyləmini dəyişmək heç də asan deyil. Xüsusən bizim səviyyə də olan millətlər üçün (siyasi, iqtisadi, nizami və media baxımından) faktiki olaraq imkansızdı.

Əslində bunlardan daha yaxşısı da yoxdur. İnsan oğlu nasionalizm, kommunizm, islamizm və sairəni təcrübə edib, bugünə qədər bunlardan yaxşısın tapa bilməyib. Yuxarıda sadaladığım dəyərlərin dünyada dominant söyləm olduğunu görmək o qədər də çətin deyil. Yalnız Suriya örnəyində tərəflərin iddialarında bu kəlmələrə diqqət etsək, yetərlidir. Daha diqqətli baxmağımız gərəkən, İŞİD-ə qarşı dünyada olan baxışdı. Bir haldakı, Suriyada olan tərəflər əməl etibati ilə az-çox eyni vəhşiliyi ortaya qoyurlar, ancaq başqalarından fərqli olaraq heç kəs  İŞİD-in yanında adının çəkilməsini istəmir. Çünkü İŞİD o birilərdən fərqli olaraq, öz şüarlarında dünyanın standard söyləm yerinə radikal islam söyləmi qullanmaqdı.

”Söyləm” zəmanənin silahıdı. Təkcə savaşlar yox, istənilən dəyişikliyə uyğun söyləm gərəkir. Söyləm hər bir mücadilənin öncəsi, üzəri və sonrası qullanılan başlıca silahlardan biridi. Amma mədəni hərəkat üçün təkcə və təkcə silah, onun ortaya qoyduğu söyləmidir.

Yazılan hər cümlə, səslənən hər şüarın bədəlini milli mücadiləmizin bütünü ödəməkdədi. İllər boyu bu yolda fəda olan canlar, dustaqlanan gənclərin əməyi kimsənin cəhaləti ücbatından boşa çıxmamalıdı. İsveç olayı süyün üzündə görsənən buzdağının kiçik hissəsi olsa da, dərs almaq üçün yetərincə böyükdür.

Jöteborq, İsveç

Aprel 2016