BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Zəhra Rəhnəvərd: “Bu həbs 2 min il sürsə də, bizim xalqın azadlıq və ədalətə qovuşmasından başqa arzumuz yoxdur”

21:47 / 06-08-2016   /   baxış - 2541

 İranda 5 ildən çoxdur ev dustaqlığında saxlanılan “yaşıl hərəkat”ın lideri Mirhüseyn Musəvinin xanımı Zəhra Rəhnəvərd, qızları ilə həftəlik görüşündə həbsinin 2000-ci gününün başa çatması ilə bağlı təəssüratından danışıb.

Musəvi qızlarının İrandakı jurnalistlərə bildirdiyinə görə, onların avqustun 4-də valideynləri ilə həftəlik görüşü ETTELAAT-ın nəzarətində idarə olunan evdə baş tutub və iki saat davam edib: “Valideynlərimiz, Mirhüseyn Musəvi və Zəhra Rəhnəvərd keçmişdə olduğu kimi ruh yüksəkliyini qoruyub saxlayıblar. Onlar həbslərinin 2000-ci günündə əvvəlkindən daha sakit, sağlam, dözümlü və nurani görünürdülər.

Görüşdə, ölkə gənclərinin həbsin  2000-ci günü ilə bağlı virtual aləmdə və sosial şəbəkələrdə yazılar paylaşmasından məmnun qaldığını bildirən anamız Zəhra Rəhnəvərd bunları deyib: “Həbsimizdən 2000 gün keçir, lakin bu həbs 2000 il də sürsə, bizim ölkənin başıucalığından, xalqın isə azadlıq və ədalətə qovuşmasından başqa arzumuz yoxdur”.

Xatırladaq ki, İrandakı “yaşıl hərəkat”ın liderləri Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubi, 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərində yol verilən geniş saxtakarlığa qarşı kütləvi etiraz aksiyalarından az sonra həbs ediliblər və həmin vaxtdan ev dustaqlığında saxlanılırlar.

 

 

İstinad: GünAz TV