BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Güney üçün edə bilmədiyimiz

22:10 / 13-11-2015   /   baxış - 724

İranın bir televiziya verilişində türklərin (azərbaycanlıların) rəzil bir təhqirə tuş gəlməsi Güney Azərbaycanı hərəkətə gətirdi. Oradakı etiraz aksiyalarında səslənən sərrast şüarlar dərhal Quzey Azərbaycanın da gündəmini tutdu. O cür təhqirə reaksiya necə olmalıdır? Söyüş də olacaq, qəzəb də, adekvat ifadə olunan və Iranın təməlini sarsıdacaq tələblər də. O ağır təhqirin arxasında bir xalqın əsrlərdir tapdanan haqları da var axı!

…Və sanki unutmuşduq Güneyi. Reaksiyalara baxdıqca çoxlarına sual vermək istəyirsən: bəs necə bilmişdiniz, elə sanırdınız ki, Güney problemi yoxdur və  bu, Elçibəyin şəxsi duyğuları gücünə gündəmə gətirdiyi bir mövzudur? Düşünürdünüz ki, biz Güney Azərbaycan problemini pafos üçün yada salırıq hər zaman?

Heç zaman farslara yuxarıdan aşağı baxmamışam, hər zaman bu xalqı qədim mədəniyyəti və dövlət gələnəyi olan bir xalq kimi dilə gətirmişəm. Amma  20 milyondan çox təmsilçisi  ilə öz tarixi vətənində yaşayan bir xalqa ana dilində oxumaq haqqı verməyən şovinist bir dövlətə “viran olsun” demərikmi?  O dövlət ki, fars xalqının özünü də uğursuz bir taleyə düçar edib.

Azadlıq farsın da, azərbaycanlının da haqqıdır. Güney Azərbaycan problemi isə hər şeydən öncə parçalanmış xalq problemidir. Güney Azərbaycan məsələsi bir azadlıq və insan haqları problemidir. Nəhayət, totalitar Iran məsələsinin tərkib hissəsidir. Bu problem bizim də problemdir. Onu Güneyi öz dərdi kimi hayqıran, anladan Elçibəy uydurmamışdı, gün kimi gerçəkdir və bir TV verilişində təhqirin səslənməsi qədər də sadə deyil.

Güneydə bu problemin qəbul edilməsində ciddi ayrılıq olmayıb, hiyləgər recimin qarşısında və çıxış yolunda param-param olublar, amma əsasən millətçisi də, solçusu da, dindarı da Güney türklərinin kölə hala salınması fikrində bir olub. Azadlıqdan isə heç biri vaz keçmək istəməyib.

Bəs biz necə, Güneyə azadlıq istəyindən vaz keçə bilərikmi?!

Təəssüflər ki, son illərdə bu istəyi çox unutduq, bu istəyə xor baxdıq, ya ikinci-üçüncü dərəcəli hesab etdik və ən başlıcası, Güney üçün edə biləcəyimiz ən vacib vəzifənin öhdəsindən gələ bilmədik!

Nə idi bu vəzifə?

Təəssüflər ki, Güneyin mayakı olacaq Quzey Azərbaycanı qura bilmədik. Bütün dəstəklərdən üstün olanı Azərbaycan Respublikasını azad, ədalətli, demokratik, haqların qorunduğu, çağdaş bir ölkəyə çevirmək idi və bu, Güneyə ən böyük motivasiya olardı. Əvvəla, bu, Azərbaycan Respublikasını  Güneyə qahmar çıxmağa qadir olacaq dərəcədə güclü edəcəkdi, ikincisi, molla nağıllarının və fitnələrinin əleyhinə olaraq, doğru, rifahlı həyatın necə olduğunu və mümkün olduğunu göstərəcəkdi oradakı soydaşlarımıza. Biz Azərbaycan Respublikasını güneylilər üçün uğur hekayəsinə çevirə bilmədik…

Totalitar teokratik recimi cümhuriyyət elan etməklə deyil, gerçək cümhuriyyətin azərbaycanlılara nələr verəcəyini əyani olaraq göstərmək şansı onların doğru yol və doğru hədəf seçməsi, bu hədəfə güclü səfərbər olması deməkdir. Biz isə bunu edə bilmədik.

Azərbaycanın demokratik, azad və ədalətli olması tək onun üzərində yaşayanlara gərək deyil, bu, Güney qarşısında da borcumuzdur. Bura onların da sevgili yurdudur və onların da bura ilə bağlı arzuları, sevgisi, hisləri, fərəhi var…

Nəhayət, hər şey bir yana, demokratiya və azadlıq sərhədlərdən boylana-boylana bütün dünyaya yayılmalıdır.

Şahvələd Çobanoğlu

Azadliq.info



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022