BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Şeyx Məhəmməd Xiyabani

00:23 / 22-12-2014   /   baxış - 34778

Şeyx Məhəmməd Xiyabani  (1879, Xamnə–.1920, Təbriz) 1917-20-ci illərdə Qacarlar dövlətində milli-demokratik və antiimperialist hərəkatın lideri, görkəmli siyasətçi, alim, mütəfəkkir və milli ideoloq.

Həyatı

Şeyx Məhəmməd Xiyabani 1879-cu miladi tarixdə Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olmuşdur.

O, Xamnədəki məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına getmiş, az müddətdən sonra Təbrizə qayıdaraq din elmlərini öyrənməyə başlamışdır. Xiyabani Təbrizin tanınmış ruhanisi Əngəcinin yanında oxumuş, onun ən görkəmli tələbələrindən olaraq, müctəhidlik dərəcəsinə yüksəlmişdir. Bundan əlavə, Xiyabani nücum, heyət və hesab elmlərini məşhur münəccim Mirzə Əbdüləlinin yanında mənimsəmiş, kəlam - islam fəlsəfəsi və ədəbiyyat üzrə məşhur alim olmuşdur. Şeyx Məhəmməd Xiyabani fəsahətli və gözəl danışığı ilə Təbriz əhalisinin hüsn - rəğbətini qazanmış, Təbrizdə məşhur ruhani və inqilabçı Siqətülislamın tövsiyəsi ilə Xiyaban məhəlləsində Hacı Kərim xan məscidində imam və vaiz olmuşdur.

Siyasi fəaliyyəti

Xiyabani öz çıxışlarında insan hüququndan və azadlıqdan danışaraq, Təbriz əhalisinin dünyagörüşünü inkişaf etdirir və həmişə deyirdi: "Haqqı verməzlər, haqqı almaq lazımdır". Həqiqətdə Xiyabani minbəri azadlıq və demokratiyanı yaymaq üçün təbliğat kürsüsünə çevirmişdir. 1907-1911-ci illərdə Xiyabani İran totalitar və şahlıq rejimi əleyhinə hərəkatda fəal iştirak etmiş və mücahidlər sırasında mübarizə aparmışdır. İctmaiyyun-amiyyun Sosial-demokrat partiyası onun elmi və ictimai cəhətdən yüksək dərəcəyə malik olmasını dərk edərək, Azərbaycan əyalət əncüməninə üzv seçmişdir. Xiyabani Azərbaycan tarixində ən ağır və böhranlı zamanda inqilabi hərəkata qoşulmuş, həm daxili irticaçı qüvvələr, həm də xarici dövlətlər: Rusiya, İngiltərə, Almaniya və Osmanlı dövlətləri əleyhinə fəal mübarizə aparmışdır. O, Güney Azərbaycan və İran tarixində ilk dəfə Demokrat Firqəsini və demokratik recimi yaratmışdır. Hətta, xarici tarixçilərin fikrincə, onun başçılıq etdiyi demokrat recimi dövründə, qısa olsa da, Təbriz əhalisi bu kimi rifah və əmin-amanlıq görməmişdir.

İrandakı məşrutə rejiminə bir neçə zərbələr endirilmişdir.

  • Birincisi, 1907-ci ildə məşrutə qanunu imzalandıqdan sonra Müzəffərəddin şahın yerində oturan Məhəmmədəli Mirzə rus çar hökumətinin köməyi ilə məşrutəni aradan aparmağa çalışdı.
  • İkincisi, çar hökuməti ilə İngiltərə arasında 1907-ci il müqaviləsi bağlandı. Bu müqavilə üzrə İran iki nüfuz məntəqəsinə bölündü: şimalda Rusiya və cənubda İngiltərə hökm sürdülər.
  • Üçüncüsü, rus kazakı Lyaxov İran Məclisini top atəşinə tutdu.
  • Dördüncüsü, Məhəmmədəli Mirzə və daxili irticanın təhriki ilə rus kazakları Təbrizdə ümumi qırğın və faciə törətdilər.
  • Beşincisi, çar hökuməti 1907-ci ildə bağladığı müqaviləni İran hökumətinə qəbul etdirmək üçün ona ultimatum verdi.

Xiyabani Tehranın Səbzə meyddanında böyük mitinq təşkil edərək, müqavilə bağlayan dövlətlər və onu qəbul edən İran hökumət başçıları haqqında kəskin çıxışlar etdi. Tehranın polis başçısı Yeprem onu tutmaq istədisə də tapa bilmədi. Xiyabani Tehrandan Məşhədə, oradan Aşqabad və Bakı yolu ilə Mahaçqalaya getmiş, az müddətdən sonra Təbrizə qayıtmışdı.

Xiyabani 2-ci Məclis dövründə vəkil olduğu zaman Tehranda təşkil edilmiş iran Demokrat Partiyasının üzvü olmuşdur. Xiyabani Təbrizə qayıtdıqdan sonra Təbrizdə Güney Azərbaycan Demokrat Partiyasını təşkil etmiş və gizli fəaliyyətə başlamışdır. 1917-ci ildə Rusiyada inqilab olan zaman Güney Azərbaycan Demokrat Firqəsi açıq fəaliyyətə başlamış, 1917-ci il aprelin 9-da "Təcəddüd" qəzetinin ilk sayı nəşr edilmiş və aprelin 30-da Xiyabaninin "Həqiqət nur saçacaqdır" başlığı ilə ilk məqaləsi çıxmışdır. Orada o deyirdi: "Artıq məşrutə qanunlarını icra etmək vaxtı gəlib çatmışdır. Həqiqəti açıq demək lazımdı". Xiyabaninin 2-ci məqaləsində deyilirdi: "Dünyada ən mürtəce və totalitar dövlət olan çar rusiyası artıq dağılmışdır. İndi İran xalqları qanı hesabına alınmış məşrutə qanununu qoruyub icra etməlidir". Xiyabani məşrutə qaqnununa uyğun seçkilərin həyata keçirilməsini tələb edirdi. Uzunmüddətli böhrandan sonra üçüncü məclisə İranın digər nöqtələrindən vəkillər seçilmiş, lakin Azərbaycanda hakim olan Eynüd Dövlə və mürtəce dairələr seçkilərdə təxribat törədərək, seçki vərəqələrini cırmışdır. Buna görə də Məclisin bu dövründə Azərbaycan vəkilləri iştirak etməmiş, Məclisin 3-cü dövrü ancaq 39 gün davam edib, uzun sürən böhran dövrü başlanmışdır. Xarici dövlətlərin əlaltısı olan Rzazadə kimi provokatorlar məşrutə və Azərbaycan Demokrat Firqəsi ədeyhinə təşəbbüs yeritməyə başladılar. 1918-ci ildə Azərbaycan Demokrat Firqəsi olduqca mürəkkəb vəziyyətdə fəaliyyətini davam etdirdi. O zaman rus qoşunları inqilab nəticəsində İrandan çıxarıldılar. Ruslar boşaldan yerləri ingils qoşunları tutdular. Rzazadə kimi ingilis casusları Təbrizə göndərildi. Digər tərəfdən, Almaniya ilə müttəfiq olan Osmanlı dövlətinin qoşunları şimal-qərb tərəfdən Azərbaycana soxuldular. Bundan əlavə, Ürmiyədə aşur və erməni silahlı dəstələri bütün şəhəri və bazarı yandırdılar.

Müstəqillik uğrunda mübarizə aparan xalq birinci növbədə ölümə hazır olmalıdır. Qorxu millətin, azadlığın və bəşəriyyətin əsaslarını pozursa, əksinə igidlik həmin əsasları sarsılmaz edir, qoruyur və möhkəmləndirir. Xalqın hüququnu qəsb etmiş adamlara rəhm etmək kütləyə xəyanətdir. Biz Azərbaycan xalqının sədaqətini, İranın səfalət və fəlakətdən xilas olmasını istəyirik. Hər bir millətin şərafətinin birinci şərti onun istiqlalıdır. Bir məsləkli iki adam, qardaş kimidir.

Şeyx Məhəmməd Xiyabani[1]

1919-cu ilin avqust ayında Xiyabani və sirdaşları: İsmayıl Növbəri, Hacı Məhəmmədəli Badamçı Osmanlı qoşunları tərəfindən həbsə alındılar. Bu qoşunlar Təbrizi tərk etdikdə onları da özləri ilə apardılar. 1919-cu ildə ingilislərlə Vüsuqüd dövlə arasında 1907-ci il müqaviləsini əvəz edən bir müqavilə bağlandı. Azərbaycan Demokrat Firqəsi bu müqavilə əleyhinə kəskin mübarizəyə başlayıb, bəyaniyyə nəşr etdi. Bəyaniyyədə deyilirdi: "İran dövlət başçıları məşrutə qanunlarını ləğv edirlər, xalqın tələbatını qəbul etmirlər". Bəyaniyyədə xəbərdarlıq edilir ki, biz qiyam odunu bütün İranda alovlandıracağıq. Azərbaycan Demokrat Firqəsi daha kəskin taktika qəbul edərək Tehran hökumətinə qarşı daha ciddi mübarizəyə başladı. Nəticədə Tehrandan Təbrizə göndərilmiş Biorink və yoldaşları geri qaytarıldı. Təbriz hakiminin müavini Əminülmülk və maliyyə rəisi Tərcümanüddövlə Azərbaycandan gedib, Demokrat Firqəsi tərəfindən inanılmış, pak şəxsiyyət təyin edildi. 1920-ci ilin may ayında Təbrizdə Demokrat Firqəsinin rəhbərliyi ilə böyük mitinq təşkil edildi. Mitinqdə imperialistlərin və İran irticaçı qüvvələrinin əleyhinə mübarizəni daha gücləndirməyə çağırdılar. Bu mitinqdə iştirak edənlər təklif etdilər: "Azərbaycan bütün İran tarixi boyu həmişə azadlıq uğrunda qabaqcıl olmuşdur. Bu münasibətə görə də onun Azərbaycan əyaləti yerinə "Azadisitan" (azadlıq sevən) adlanması daha düzgündür". Bu təklif mitinq iştrakçıları tərəfindən qəbul edilmişdir.

Bu mitinqdən sonra qiyam hərəkatı Azərbaycanın digər şəhərlərinə: Zəncan, Marağa, Miyana, Əhər, Xoy və daha sonra Ərdəbilə də yayıldı. 1920-ci il 22 iyunda Azərbaycan Demokrat Firqəsi ümumi səslə milli hökumətin quruluşu haqqında qərar qəbul etdi və Şeyx Məhəmməd Xiyabani milli hökumətin sədri seçildi. 1920-ci il iyunun 22-də hökumət başçısı kimi Xiyabani Alaqapıya köçdü. Bu, Güney Azərbaycan tarixində yaranmış ilk demokratik milli hökumət idi. " Azərbaycan" sözü yerinə bütün lövhələrdə, dövlət vərəqələrində "Azadisitan əyaləti" yazıldı. Xiyabaninin əleyhinə olan bir sıra şəxslər, o cümlədən doktor Zenəlabidin xan, Mirzə Bağır Təliə, Hüseynağa Fişəngçi ("Təbriz" qəzetinin redaktoru) , Sultanzadə və başqaları qiyam əleyhinə fəaliyyətə başlayıb, gizlincə Eynüddövlənin yanına gedirdilər. Digər bir dəstə isə alman "Kart Vispço" təşkilatının əlaltısı, "Klidi-nicat" qəzetinin redaktoru Q.Rzazadənin rəhbərliyi ilə Sosial-demokrat Partiyası ünvanı altında Azərbaycan Demokrat Partiyası əleyhinə fəaliyyət göstərməyə başladı. Təbrizin vəziyyətini öyrənmək üçün buraya gəlmiş İngiltərə siyasi idarə rəisi Xiyabani ilə görüşərək onunla söhbətləşmiş və Azərbaycanın tələblərinin nə olduğunu soruşmuşdur. Xiyabani demişdir: "Azərbaycan İranın ayrılmaz əyalətidir. Azərbaycan əhalisi öz qanları bahasına aldıqları konstitusiyanın icrasını və əməldə məşturə recimini qoruyub, bütün ölkədə islahat aparılmasını istəyir".

Qeyd etmək lazımdır ki, 1941-ci ildə "Azərbaycan Jəmiyyəti"nin və 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin də istədiyi bundan ibarət idi. Azərbaycan Demokrat Firqəsi məşrutə qanununda qeyd edilmiş əyalət, vilayət, şəhər və kənd əncümənlərini həyata keçirmək və İran çərçivəsində muxtariyyət əldə etməyi qarşısına məqsəd qoymuş, qiyam qələbə çaldıqdan sonra gələcəkdə İranın respublika və Azərbaycanın İran daxilində müxtar ərazi olması fikrini irəli sürmüşdür. Xiyabani 1919-cu ilin sentyabrında demişdir: "Biz istəyirik ki, ölkədə həqiqi millət hökm sürsün, müəssisələr və idarələr milli olsun". O demişdir: "Hələlik bizdə məşrutə recimi vardır. Bu məşrutə recimini həyata keçirmək ilk addımdır ki, biz atmalıyıq. Biz sözü işə çevirməliyik, məşrutəni dilimizdə yox, bütün idarələrimizdə yerləşdirməliyik. Biz Təbriz şəhərindən başlayaraq tədricən bütün İranda arzularımızı yerinə yetirəcəyik".

Xiyabani Alaqapıda milli hökumət başçısı olduqda az müddətdə Təbrizdə bir çox islahatlar aparmağa başladı. O cümlədən: candarm təşkilatını genişləndirərək, öz başçılığı ilə Milli Qvardiya yaratdı. Məşhur azərbaycanlı maarifpərvər Əbülqasım Füyuzatı maarif rəisi təyin etdi. "Məhəmmədiyyə" və "Hikmət" adlı iki qadın məktəbi açdı. Məktəblərdə təhsilin Azərbaycan dilində keçilməsinə göstəriş verdi. Bakıdan "İttihadiyyeyi-iraniyan" məktəbindən bir neçə müəllim çağırdı. Məktəblərdə fars dilni Azərbaycan dilində öyrənməyə göstəriş verdi. Tehrandan göndərilmiş maliyyə rəiisi və hakim müavini Tehrana qaytarılıb, yeni şəxslər təyin edildi. Xiyabani əyalətdə əmin-amanlığın bərpa edilməsinə çox əhəmiyyət verirdi. Təbrizə gələn xaricilər Xiyabani milli hökumətin başçısı olduğu zaman əyalətdəki yüksək dərəcədə olan əmin- amanlıq haqqında danışırdılar. Bütün idarə işləri, nəşriyyat, mitinqlər və çıxışlar türk dilində aparılırdı. Şeyx Məhəmməd Xiyabani öz xalqına və vətəninə vurğun idi. O, xalqının azadlığı və rifahla yaşaması uğrunda canını qurban verdi.

Şeyx Məhəmməd Xiyabaninin ölümü

Şeyx Məhəmməd Xiyabaninin ölümü haqqındda onun ən yaxın dostu Hacı Şeyx Həsənəli Miyanəcinin nəvəsi belə nağıl edirdi: "Müxbirüssəltənə qiyam və qiyamçıları məhv etmək üçün Təbriz Milli Qvardiyasının rəisi Bağır xan Salarimillinin oğlu Mirzə Hüseyn xan Haşimini (sərtib Haşimi) və Təbriz kazak rəisini razı etdikdən sonra Alaqapıya hücum etməyi əmr etmiş və Xiyabaninin ölüsünü, ya dirisini onun yanına gətirməyi istəmişdir. Onlar belə bir vaxtdan istifadə etmişlər ki, candarm və hərbi qüvvələrin çoxu Qaradağda Əmir Ərşədlə müharibəyə göndərilmişdir və Təbrizdə hərbi qüvvələr yoxdur. Kazaklar Alaqapıya hücum etdikdə Xiyabani gizlənməyə məcbur olmuş və evinə gəlmişdir. Xiyabaninin yaxın dostlarından biri Sərtibzadə "mən gəlməyincə evdən çıxma" demişdir. Lakin o gəlməmişdir. Xiyabani dörd saat evdə gözlədikdən sonra evdən getməyi qərara almışdır". Şeyx Miyanəcinin nəvəsi deyir: Xiyabani bizim evə gəldikdə nağıl etdi ki, Sərtibzadə məni dörd saat müntəzir qoydu, yoxsa mən dörd saatda şəhərdən çıxardım. Xiyabani dedi ki, mən çarəni bunda gördüm ki, evin damına çıxıb, dal küçəyə düşəm. Həyat yoldaşım tüfəngimi və bir qatar patronu damdan mənə atdı və sizə gəldim.

Yaradıcılığı

Xiyabani deyirdi: "Yad qüvvələrə arxayın olun, ancaq öz qüvvənizə güvənin. Xarici dövlətin əlaltısı olmayın, çünki onlar ancaq öz mənafeyi üçün çalışırlar". O dönə-dönə deyirdi: "Şərafətlə, namusla ölmək şərafətsiz diri qalmaqdan yaxşıdır". Xiyabani şərafətli ölümü ilə dediyinə sadiq olduğunu göstərdi. Şeyx Məhəmməd Xiyabani öz mübarizə dövründə bir çox böhranlarla üz-üzə gəlmiş, töhmətlərə məruz olmuşdur. Tehranda nəşr edilən "İran" qəzeti Xiyabaninin 2-ci qiyamı haqqında yazırdı: "Ey azərbaycanlı, qorxuram öz Kəbənə çatmayasan, bu yol ki gedirsən, səni Türküstana çıxarar". Qəzet bununla demək istəyir ki, Xiyabani Rusiya inqilabı təsiri altına düşərək, Azərbaycanda sovet respublikasına oxşar bir respublika yaratmaq istəyir. Xiyabani "İran" qəzetinə kəskin cavab verərək demişqdir: "Bizim Kəbəmiz Türküstan yox, öz vətənimizdir". Digər tərəfdən, Xiyabani xarici agentlərin də cürbəcür töhmətlərinə məruz qalmışdır. O cümlədən məşrutə inqilabı, eləcə də 1941-46-cı il inqilabi hərəkatı dövrlərində xarici dövlətlərin agenti olan "Klidi-nicat" qəzetinin redaktoru Q.Rzazadə yazırdı: "Xiyabani ingilislərdən altmış min tümən pul almışdır ki, İran Məclisində 1919-cı il İran-İngiltərə müqaviləsinə səs versin". Muxbirüssəltənə Təbrizə gəldikdə Xiyabanini biabır etmək məqsədilə o da qəzet müxbirləri qarşısında həmin töhməti təkrar etmişdir. Burada qeyd etmək lazımdır ki, Xiyabaninin ictimai, siyasi, fəlsəfi görüşləri layiqincə öyrənilməmiş və təhlil edilməmişdir.

Mənbə: www.wikipedia.org

 

 



Erməni millət vəkili İranın dəstəyindən danışdı
22:00 / 25-09-2023
Səid Mətinpur: Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq
12:39 / 16-03-2023
Güneyli Nobel mükafatı laureatı: SEPAH-ı terror təşkilatı kimi tanıyın
12:23 / 16-03-2023
Zənganda etiraz aksiyası keçirilib
13:36 / 14-02-2023
Güney Azərbaycan şəhərlərində tətil aksiyası keçirilir
22:02 / 07-12-2022
"İran hakimiyyətinə aldanmayın, zorakılıq və qadınlara qarşı qəddarlıq davam edir"-Beynəlxalq Əfv Təşkilatı
21:47 / 07-12-2022
İranda etiraz aksiyalarının 52-ci günündə nümayişlər davam edib
16:48 / 08-11-2022
Zahidan şəhərində izdihamlı aksiya keçirilir
22:39 / 28-10-2022
Ekspress qəzeti: "İran rəsmilərinin ailələri bağlı reyslərlə ölkədən qaçır"
22:35 / 28-10-2022
İran rəsmiləri ölkədən qaçır
12:37 / 27-10-2022
İranda qiyamın 40-cı gecəsi nümayişlər davam edib-Hökumət əleyhinə şüarlar səsləndirilib
12:35 / 27-10-2022
Təbriz və Marağada etiraz aksiyaları keçirilib
12:18 / 26-10-2022
Ərdəbil və Kürdüstan əyalətlərində məktəb və universitetlər bağlandı
12:16 / 26-10-2022
İran Ermənistana birgə hərbi təlimlər keçirmək üçün təklif edib 26.10.2022, 10:44
12:14 / 26-10-2022
İran gündəmi: 21 universitetdə öyrəncilər nümayiş keçirib
14:41 / 25-10-2022
Oktyabrın 23-də İranda nümayişlər keçirilib- Öyrəncilər aksiyalarını davam etdiriblər
13:34 / 24-10-2022