İranın 25 əyalətinin 50 şəhərindən olan 231 siyasi-mədəni fəal mayın 17-də birgə bəyanatla xalqa müraciət edərək, onları ölkədə keçiriləcək prezident seçkilərini boykot etməyə çağırıblar.
Bəyanatı İranın müxtəlif din və millətlərindən və siyasi cərəyanlarından olan dissidentlər, jurnalistlər, siyasi ittihamlarla zindanlarda edam edilmiş məhbusların anaları, müstəqil vəkillər, hüquq müdafiəçiləri, müəllimlər, sabiq siyasi məhbuslar və digər siyasi-mədəni fəallar imzalayıb.
Bəyanatda bildirilir ki, diktator və səriştəsiz “Vəliyyi-fəqih” rejiminin repressiyalarının qurbanı olmuş ölkə əhalisi dinc yollarla korrupsioner islam respublikasından azad və demikratik bir hakimiyyətə keçmək üçün qarşıdan gələn prezident seçkiləri şousunu boykot etməlidir.
“13-cü prezident seçkiləri şousunu boykot etməkdə məqsəd, ölkəyə hakim “Vəliyyi-fəqih” sistemini dinc yollarla geridə buraxmaq, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi şərtlərinə əsasən, demokratik və sekulyar bir konstitusiyaya yiyələnməkdir.
Bugünkü dünya, son 42 ildə islam respublikasının üzdə dindar olan cinayətkar və oğru rəhbərlərinin repressiyalarına məruz qalmış İran xalqının bu zülmkar rejimə qarşı mübarizəsinin və onun demokratik və sekulyar bir konstitusiyaya yiyələnmək üçün göstərdiyi iradəsinin şahidi olub.
Hesab edirik ki, ölkə əhalisi qarşıdan gələn prezident seçkilərini boykot etməklə və seçkilər şousuna qatılmamaqla İranın üzdəniraq dini lideri ayətullah Əli Xamneyinin tutduğu vəzifədən kənarlaşdırılmasına, islam respublikası konstitusiyasının ləğvi üçün referendum keçirilməsinə, keçid dövründə BMT və digər beynəlxalq təşkilatların nəzarəti altında ölkədə Müəssislər Məclisinin təşkili üçün azad və ədalətli seçkilərin keçirilməsinə lazımi şəraitin yaradılmasına zəmin yaratmalıdır”, -deyə İranda 231 siyasi-mədəni fəalın prezident seçkilərinin boykot edilməsinin vacibliyi ilə bağlı xalqa ünvanladığı birgə müraciətində bildirilir.
Bəyanatı İmzalayanlar arasında, Məhəmməd Nurizad, Əkrəm Niqabi, Məhəmməd Nəcəfi, Firəngiz Məzlum, Cavad Ləl Məhəmmədi, Heşmətullah Təbərzədi, Məhnaz Sərabi Kədxudayi, Haşım Xastar və başqalarının adları var.
Qeyd edək ki, İranda 13-cü prezident seçkiləri iyunun 18-də keçiriləcək.
Gunaz.tv