Ərdəbil şəhərinin cümə imamı və İranın ali lideri Seyidəli Xamneyinin nümayəndəsi Seyid Həsən Amuli Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə həmrəylik nümayiş etdirib.
O, Allahşükür Paşazadənin Qarabağın azad olunmasında Xamneyinin fətvasının rolu barədə dediklərini təkrar edib və bunu Azərbaycanın qələbə qazanmasında əsas amıl adlandırıb.
“Qafqaz Müsəlmanları İdarəsinin başçısı Allahşükür Paşazadə inqilabın ali rəhbərinin fətvasının Dağlıq Qarabağın azad edilməsinə təsiri ilə bağlı çox layiqli bir çıxışla şübhələrə son qoydu və Ayətullah Xamneyinin fətvasını Azərbaycanın qələbəsinin carçısı adlandırdı”-deyə, Amuli Allahşükür Paşazadənin çıxışını təqdir edib.
S.H.Amuli A.Paşazadənin Azərbaycan və Türkiyədə tənqidlərə tuş gəlməsinə də toxunub.
"Özüm və əyalət əhalisi adından Allahşükür Paşazadəyə minlər dəfə təşəkkür edir. Onu alqışlayıram”-deyə, Qafqaz Müsəlmanları İdarəsinin başçısına dəstək verdiyini ifadə edib.
Ərdəbilin cümə imamı bildirib ki, bu məsələyə etiraz edənlər mərcəi təqlid və müctəhidin fətvasının gücündən xəbərsiz adamlardılar.
“Ali rəhbərin Dağlıq Qarabağın azad edilməsi ilə bağlı fətvası düşmənlərə qalib gəlməkdə Azərbaycan qüvvələrinin mənəviyyatının möhkəmlənməsinə kömək edən əsas strateji amillərdən biri idi”-deyə, Amuli çıxışını bitirib.
Qeyd edək ki, Qarabağın azad edilməsi uğrunda aparılan əməliyyatlar zamanı İran hökuməti son günlərə kimi rəsmi münasibət bildirmədi. Ermənistana yanacaq və başqa lojistik dəstəyini davam etdirdi.
İran rəsmiləri, o cümlədən prezident Həsən Ruhani və Xarici işlər naziri Məhəmməd Cavad Zərif dəfələrlə Azərbaycan Respublikasını “xarici ölkələrdən silahlı terrorçu qruplaşmaları” bölgəyə gətirməkdə günahlandırdılar.
Azərbaycan ordusunun Araz qırağı boyu işğal olunmuş torpaqları azad etdiyi günlərdə İran ordusunun çox sayda canlı qüvvəsi və ağır hərbi texnikası sərhəd bölgəsinə yerləşdirildi.
İranın Nurduz gömrüyü vasitəsilə Ermənistana yardım etməsinə qarşı Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarının genişlənməsindən sonra Şərqi, Qərbi, Zəngan və Ərdəbilin cümə imamları bəyanat verdilər.
Cümə imamları adından yayılan bəyanatda Ermənistanın işğalçı olduğuna toxunulmadı, sadəcə "Qarabağ islam torpağıdır” fikri qeyd olundu.
Seyid Əli Xamneyi də çıxış edərək Azərbaycandan ad çəkmədən, işğalçı tərəfin Ermənistan olduğunu söyləmədən Qarabağı “islam torpağı” adlandırıb və hər iki tərəfin öz sərhədlərinə qayıtmasının vacibliyini bildirdi.
Qeyd edək ki, iyulun 22-də Qafqaz Müsəlmanları İdarəsinin başçısı Allahşükür Paşazadənin “Ayətullah Xamneyinin fətvası Qarabağın azad edilməsində qələbənin carçısı oldu” ifadəsi Arazın hər iki tayında, bütün türk dünyasında təəccüb və qəzəb doğurub.
Seyid Həsən Amulunin A.Paşazadəyə dəstək və alqış mesajı, şeyxin Xamneyinin fətvası ilə bağlı təbliğatının haradan qaynaqlandığını göstərir.
Qeyd edək ki, iyulun 30-da çıxış edən Seyid Həsən Amuli İranın cənub qərbində yaşayan ərəblərin su çatışmazlığı ilə bağlı etiraz aksiyalarından da bəhs edib. O, aksiyaları başda Amerika olmaqla qərb ölkələrinin və onların bölgədəki əlaltılarının fitnəsi adlandırıb.
O, Həsən Ruhani hökumətini tənqid edib, son 8 il ərzində İran düşmənlərinin əlinə çox fürsətlər verdiyini, İran xalqının qürurunu sındırdığını deyərək, bunları bağışlamayacaqlarını deyib.
Gunaz.tv