Sülhəddin Əkbər,
Azad Demokratlar Partiyasının sədri
Bu gün dünyada ən çox müzakirə olunan məsələlərdən biri də Putinin Rusiya Federasiyasının Suriyadakı hərbi qruplaşmasının əsas hissəsinin oradan çıxarılması barədə gözlənilməz görünən əmrinin arxasında duran həqiqi səbəblərin nə olmasıdır.
Bəs həqiqi səbəblər hansılardı?
1. Başlıca geopolitik səbəb uzun müddətdən sonra ABŞ-ın yenidən dünya məsələlərinin, konkret olaraq, Suriya məsələsinin həllində Rusiyanı tərəfmüqabil kimi qəbul etməsi, onun maraqlarını nəzərə almasıdır. Putin Rusiyası, rus dərin dövləti bunu, kiçik olsa da, simvolik geopolitik qələbə hesab edir. Çünki soyuq müharibənin bitməsindən, SSRİ-nin və ikiqütblü dünya nizamının dağılmasından, xüsusən də postsovet məkanındakı məğlubiyyətlər seriyasından (Baltikyanı respublikaların, Gürcüstanın, Moldovanın, xüsusən də Ukraynanın itirilməsi, onların RF-nin geopolitik təsir dairəsindən çıxması) sonra ABŞ və Qərb RF-ni yalnız böyük regional dövlət hesab edir və qlobal məsələlərdə bərabərhüquqlu tərəfmüqabil kimi qəbul etmir.
Buna görə də RF-nin qlobal oyunçu kimi ABŞ-la bir yerdə atəşkəs barədə razılaşma əldə etməsi, geopolitik nəticələr baxımından, Kremldə yüksək qiymətləndirilir.
2. RF-nin, onun HKQ-nin Suriyada hərbi əməliyyatlara son verməsinin və Putinin hərbi qüvvələrin əsas hissəsinin ordan çıxarılması barədə əmr verməsinin başlıca geopolitik səbəblərindən biri də, onun geopolitik potensialının yetərsizliyi, eyni zamanda iki böyük regional qarşıdurma cəbhəsində – Avropada və Orta Şərqdə (Doğu) ABŞ və Qərblə uzunmüddətli geopolitik qarşıdurmada şansının olmamasıdır. Ona görə də, Rusiya Suriyada əldə etdiyi ilə qane olmalı və dərinə getməməli idi. Necə ki etdi.
3. Başlıca geostrateji, eyni zamanda hərbi-strateji səbəbsə, onun geopolitik potensialı ilə bərabər geostrateji potensialının da yetərsizliyi, ABŞ və Qərblə öz sərhədlərindən çox uzaqda uzunmüddətli strateji qarşıdurmada da şansının olmamasıdır.
Öz geopolitik və geostrateji durumunu nəzərə alan RF, Suriya başda olmaqla, “Orta Şərq cəbhəsi”nin tezliklə bağlanmasında və bütün strateji gücü, enerjisi və diqqətinin “Avropa cəbhəsi”nə yönəldilməsində maraqlıdır.
4. Əsas siyasi-diplomatik səbəb, RF-nin “gələcək Suriya” məsələsində – Suriyanın yenidən qurulmasında ABŞ-la prinsipcə gizli razılaşma əldə etməsi və öz maraqlarını – Tartus və Himeymim hərbi bazaları başda olmaqla – qoruya bilməsi, onların gələcəyinə ilkin təminat ala bilməsidir. Bunu həqiqətən də RF xarici və regional siyasətinin uğuru hesab etmək olar.
Bundan sonra RF-nin Əsəd məsələsində əvvəlki kimi dirəniş göstərməyəcəyi, əksinə Baas (Hizbul-Ba'ath) rejiminin Əsədsonrası Suriya quruculuğunda iştirak edəcək nümayəndələri və müxalifətlə daha sıx işbirliyinə gedəcəyi və ya ona səy göstərəcəyi gözləniləndir.
Yeri gəlmişkən, RF-İİR münasibətlərinin son dövrdə soyuma əlamətləri göstərməsinin əsas səbəblərindən biri məhz RF-nin ABŞ-la gizli anlaşması və Əsədi prinsipcə "gözdən çıxarması"dır.
5. RF-nin bu analaşmaya getməsinin əsas iqtisadi səbəbi dünya bazarında neftin qiymətinin düş(ürül)məsi və Ukrayna böhranına görə tətbiq edilən sanksiyaların getdikcə ağırlaşan iqtisadi və sosial-iqtisadi nəticələridir.
6. Heç şübhəsiz, əsas səbəbərdən biri də ictimai rəyin idarə edilməsi, radikallaşmaqda olan şovinist rus cəmiyyətinin növbəti “yeni böyük qələbə” ilə “yemlənməsi”dir.
Sonda onu da qeyd edək ki, Suriyada, eyni zamanda Böyük Orta Şərqdə oyun da, RF-nin bu oyundakı iştirakı da hələ uzun müddət davam edəcək. RF oyundan deyil, – yuxarıda göstərilən səbəblər üzündən – döyüşdən, ən başlıcası isə ABŞ-la qarşıdurmadan, əldə etdiyinə qane olaraq, vaxtında çıxmaq istəyir. Bu məsələdə həlledici amilsə, tərəflərin əldə edilən ilkin prinsipial gizli razılaşmaya nə qədər və nə vaxta qədər əməl edib-etməyəcəyi olacaq. Bu xeyli kövrək razılaşmanın pozulmasına səbəb olacaq amillərsə çoxdur. Ona görə də perspektivə çox ehtiyatlı yanaşılmalıdı.
strateq.az