BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Mənim Norveç sevgim...

20:54 / 17-05-2018   /   baxış - 2442

Məhəmməd İSRAFİLOĞLU

BU GÜN NORVEÇİN MİLLİ BAYRAMIDIR.BU BAYRAM NORVEÇİN  17 MAY 1814-CÜ İLİNDƏ KONSTİTUSİYASINA QOVUŞMASININ ŞƏRƏFİNƏ QEYD OLUNUR.MİLLİ GÜNDƏ ƏN GÖZƏL PALTARLAR GEYİNİLİR.ÖZƏLLİKLƏ UŞAQLAR PARAD HALINDA ƏLLƏRİNDƏ NORVEÇ BAYRAQLARI GƏZDİRİR VƏ MAHNILAR OXUYURLAR.17 MAY EYNİ ZAMANDA UŞAQ BAYRAMI OLARAQ DA BİLİNİR.

ƏN GÖZƏL FİKİRLƏR,İDEYALAR NECƏ UCA TƏQDİR VƏ EHTİRAMLA QƏBUL OLUNURSA BU STANDARTLAR YÜKSƏK,İQTİSADİ-MƏDƏNİ CƏHƏTDƏN ŞƏN-FİRAVAN YAŞAYAN ÖLKƏLƏR ÜÇÜNDƏ KEÇƏRLİ HESAB OLUNUR.ÇOX VAXT BU ÖLKƏLƏR ,HAQQI OLA-OLA MƏSUD BİR HƏYAT QURA BİLMƏYƏN ÖLKƏLƏRİN,FƏRDLƏRİN,ELM-İNCƏSƏNƏT ADAMLARININ HƏSƏD YERİ OLUR.BU YAZIM DA YAXŞINI MODELLƏYİB HƏYATIMIZA ƏTBİQ ETMƏKA ADINA TƏSBİTLƏR VƏ PARALELLƏRDİR NORVEÇ VƏ BİZİM ADIMIZA...

QALANI YAZIDA...

Norveçi çox sevərəm. Bunu bütün məni tanıyanlar və dostlarım bilir. Hətta bu sevgini anladarkən Norveç mənim yuxularımın ölkəsi sözlərini içimdən gələn ən təbii duyğu və hislərimlə dilə gətirərəm,gözlərim işıqlanar...

Yəni bu təkcə sevməklə bitməz.Bu xalqın fəlsəfi dünyagörüşü,ədəbiyyatı,məşhur yazıçı və şairlərini mütaliə edərəm sevə-sevə.Bir vaxtlar sevə-sevə oxuduğum  Jostein Gaarderin “Sofinin dünyası” bestseller kitabı fəlsəfənin on beş yaşında bir qız uşağının təfəkkürüyllə ən mükəmməl idrakının əyani sübutudur.1887-ci ildə Norveçdə işindən ayrılnca ac qalan və bu aclığa bir il qatlanan Knut Hamsunun  “Aclıq” romanı dünya ədəbiyyatında bir şedevrdir,burada insan psixologiyasının aclıq və toxluq duyğularının savaşı və bundan doğan iç dialoqlar insan ruhunu,əsəblərini,cürbəcür hallara düşürən anların sözə tökülən təsviri möhtəşəmdir.Əsərdə insan aclığının yalvarışından doğan duanın da bu duaya qulaq verməyən  Tanrının da “gücsüzlüyünün” təsviri möhtəşəmdir:
“Ey yerin göyün sahibi! Mənə xoşbəxt olacağım bir saniyə ver; uğruna ömrümün bir gününü fəda edə bilim! Bir boşqab mərcimək yeməyinə isə bütün ömrümü.” Və Hamsun Kristiania şəhərində ac qaldığı bir il ərzində bu dua bir türlü gerçəkləşmədi ki gerçəkləşmədi... Ruhun, bədənin ac və susuz duyğularını özünün kurşun qələmiylə ən çılpaq,dramatik şəkildə iztiraba çevirir Knut Hamsun Kristiana şəhərinin heç cür sığınacaq bula bilmədiyi küçələrində yaşadıqlarını.

Əsərin axırı aclığın bitdiyi ən “xoş” sonluqdur: “Limandan ayrıldık. Hərarətdən, bitkinlikdən tərləmiş bir halda doğruldum, eləcə boylanıb quruya baxdım; şəhərə və Kristiania'ya indilik xoşça qal, dedim.

Bitdi…”

Bu yazıçının qəribə bir taleyi olub həm də.Qələminin və şöhrətinin üfüqlərə dirənən ən möhtəşəm çağında içindəki iblisin oyuncağına çevrilib qızğın faşizm tərəfdarı olması,1920 ci ildə aldığı Nobel mükafatını 1943 cü ildə Gebbelsin aracılığıyla Hitlerə təqdimi,görüşməsi və ona büt kimi tapınmaq faciəsi Knut Hamsunun dahi yazıçılıq istedadına qara kölgə kimi çökdü nə yazıq ki... Hətta bu pərəstişin dərəcəsi o qədər çılğın idi ki,  ailə fərdlərinin basqısına rəğmən onu Hitlerin ölümünə nekroloq yazmaqdan belə çəkindirə bilmədi.

 Dahililkdən Hitlerin və faşizmin hüzuruna atılan bu sərsəm bir addımın ağır bədəli Knut Hamsunun ən kədərli və həzin bir faciəsidir...

Bu sətirləri yazarkən həm də dünyanın ən xoşbəxt ölkəsi olan Norveç xalqının  ruhunda yatan yüksək yaşam eşqinin ən dərin səbəbləri üzərində  qara-qara düşünür,bəzi ilginc qənaətlərə varıram. Bizdən fərqli olaraq bu ölkə insanları da,digər Skandinaviya xalqları da ucdantutma ədəbiyyatla,şer yazmaqla məşğul deyildir.Əksinə şer yazan barmaqla göstərilər,yəni  bunun kütləviləşməsi üçün bu xalqlarda əsla uydurulmuş bir bazis və üstqurum bula bilməzsən. Hətta gənclik illərimdə M.Ə.Rəsulzadənin “İstiqlal məfkurəsi və gənclik” məqaləsini oxurkən  müəllifin bizdəki şeriyyət ruhunu uca tutaraq  az qala bunu uşaq yaşından ifadə etmə qabiliyyətinin yüksəkliyini övə-övə bitirməyən fikirlərinə rast gəlmişdim.Təbii o zamanlar 1988-ci il milli-azadlıq hərəkatının verdiyi romantik-sentimental havasıyla yaşadığım üçün hətta bu fikir çox xoşuma  getmişdi.Eyni zamanda məqalədə M.Ə.Rəsulzadənin:”Finlandiyada şer yazanı barmaqla göstərirlər...” fikrini,bizdə az qala “bələkdəki körpələrin ağlamasından da şeriyyət yağar” məntiqiylə möhkəmləndirərək milli ruh zənginliyimizin ən dəyərli incləri kimi geninə boluna, təbliğinə doymadan izahlar verərdim həmin illərdə.

Amma sonralar bu qənaətimin doğru olmadığnı anladım və dedim ki,kaş bizdə də şer yazanı barmaqla göstərsəydilər,kaş ki hamımız fundamental-pozitiv elmlərdə külüng çalardıq,söz və ədəbiiyat cəbhələrində deyil.Çünki bizdəki ədəbiyyat nümunələrinin son nöqtəsi və istinadgahı padşah,sultan sarayıdır,mədhiyyəbazlıqdır.Bundan ötəsi yoxdur,orta əsrlərdən bu günümüzədək çox cüzi,kiçik istisnalarla bu dəyişməz olaraq qalır çox kədərli təəsüflərlə...

İnkişaf etmiş toplumlarda isə elmlə texniki-tərəqqiinin qarşılıqlı vəhdəti insan hüquqlarının ən ali səviyyədə qorunmasına xidmət edən maddi rifahı yüksək yaşam tərzinə çevrilən  quruluşlarla nəticələnir ki,bu da onların xoşbəxtliyiinin təməlidir.Bizim kimi toplumlar haqqındaysa vaxtilə Engelsin :”İngilislər XIII əsrdə parlament uğrunda mübarizə aparanda,ruslar XIX əsrin birinci yarısında “ədalətli” çar axtarırdılar” təsbiti nə yazıq ki öz aktuallığını saxlayır.Bu o deməkdir ki,Şərqdə iqtisadiyyat,mülkiyyət münasibətlərinin kökündə “hökmdar və onun sülaləsi”inin arzu və istəkləri durur,Qərbdə isə maddi,fikri,siyasi hürriyyətləri ehtiva edən qanunlar və prinsiplər.“Ədalətli” padşah axtarışımız deyəsən yenə yüz illərlə sürəcək,necə deyərlər görünən kənd bələdçi istəməz...

Yəni Norveç və digər Skandinaviya ölkələrinin şüraltılarının  ən dərin  qatlarındakı pozitiv şifrənin sirri “bildiyin və faydalı ola biləcəyin işin arxasınca get!” diqtəsinə hərfi-hərfinə uymaqdır bütün sahələrdə siyasət,ədəbiyyat ,kənd təsərrüfatı və s.sahələrdə.Qısası “atın qabağında otdur,itin qabağında ətdir.”Bəlkəsiz bu xalqların hal hazırda iqtisadi-mədəni yaşam tərzinə görə onlardan çox-çox geridə qalmış bizim kimi ölkələrə olduqca cazib görsənməsinin köklü səbəblərindən başlıcası məhz budur.

Bu iki ölkə arasında mühüm paralellər aparmadan dinc dura bilməyəcəyəm. Norveç və Azərbaycan hər ikisi neft ölkəsi.Amma Norveç hal-hazırda Yer kürəsinin ən xoşbəxt yerlərindən biri hesab olunur.Dünyada öz milli mədəni ənənələrinə bağlı olan ölkələr sırasında Norveç xüsusi yer tutur.Dünyada ən uzunömürlü insanlar, ən az cinayətkarlıq və ən xoşbəxt yaşam səviyyəsində Norveç üç ölkənin sırasında durur. (Digərləri İsveç və Finlandiyadır).

Bizdə isə ölkəmiz kayıtdışı para,yəni vergidən,dövlət büdcəsindən “gizlədilən” oğurluq pulların miqdarına görə dünyada birinci yerdə gedir.

Hətta Norveçdə ən xoşbəxt yaşam səviyyəsindən intihar edənlər belə var fikri də mətbuatı işğal etmişdi bir müddət.Bu heç bir mənada ağlabatan gəlmədi mənə,çünki xoşbəxtlikdən və ya bədbəxtlikdən,motvi nə olursa olsun intihar istər ailə,fərdi,toplumsal baxımdan olduqca pis,psixolji-depressiv travmalara yol açan neqativ bir örnəkdir.

Amma ən azından Norveç vətəndaşlarının iqtisadi dolanışığın çətinliyinə,bir tikə çörək qazana bilməməyə görə intihar etməsi əsla təsəvvür edilə bilməz.Xoşbəxtliyin intihar həddi saçma bir fikir,amma bizdəki bədbəxtliyin-intihar həddiysə acı bir gerçəkdir. Qarabağ müharibəsində bir ayağını itirmiş qaziyə dövlət orqanları tələb edir ki,bəs get arayış gətir ki,sənin həqiqətən də bir ayağın yoxdur və həmin qazi bu “arayiş” təhqirinə dözməyərək öz canına qəsd,intihar edərək cavab verir,bir çətən külfətini ağır məhrumiyyətlər içərisində buraxaraq acı bir bədəl ödəyir.Bədbəxtlikdən doğan(xoşbəxtlikdən deyil-M.İ) intihar bir ailənin,bəlkə də bir soyun həzin sonunu gətirir ən qara və dramatik boyalarıyla.

Bu gün hər hansı bir sadə norveçliyə desən ki,neft olmazsa Norveç batar dönüb sənə ağlını itirmisən söylənər və yaxud da bu sözə gülüb əlini yelləyərək keçib gedər.Çünki bu ölkənin ən böyük milli sərvəti onun insanlarıdır,bu ölkə neftdən əldə olunan gəlirləri iqtisadiyyatı və öz xalqının rifahı,gələcəyi baxımdan o qədər ağıllı,sistemli bir biçimdə qeyri neft sektorlarına-sənaye,kənd təsərrüfatı,təhsil və s.önəmli sahələrə yatırıb çiçəklənib  ki,ölkənin hər hansı bir şəkildə solması,çökməsi xəyalən belə mümkün deyil.Neftdən əldə olunan gəlirin 765 milyard dollarını öz ölkəsinin pensiya fonduna,vətəndaşlarının xoş güzəranı və rifahına yatıran Dövləti təsəvvür etməyin nə olduğunu düşünəndə havalanırsan əməlli başlı.765 milyard dollar! Bu fantastik rəqəmlə bayağa uğraşmaq lazım riyazi və iqtisadi olaraq.Bizsə pulları sovrulub şəxsi cibləri dolduran dibinə daş atılmış neft quyularından hələ də mədət umur,bu sərvət xalqa xərclənərsə “torpağımız qızıldan olacaq” sayıqlamalarından doğan nağıllarla yaşayırıq.Hərçənd ki,bu nefti son damlasınadək pula çevirib cibini dolduranların torpaqları da,evlərindəki çilçıraqlarıda,qollarına taxdıqları saatları da şübhəsiz qızıldandır.Odur ki ölkə var Norveç kimi  “qara qızıldan” özünə ona ağ günlər gətirəcək yüksək yaşam standartları sağlayan həyat qurur,ölkə də var bizim kimi  insanları “qara qızılın” qara tüstüsünü ciyərlərinə çəkib ağ günə heç cür dönüşməyən qara günlərini, xımır-xımır yaşayırlar.

Və buna yaşamaq deyilərsə...

Bu qədər neqativ çox oldu deyəsən.

Bir az da nikbin Norveç ruhunun gözəl tərənnümçüsü olan Byörnsen haqqında.

Norveçin himni bilirsinizmi necə adlanır?-“Ja ,vi elsker dette landet”-yəni- “Bəli,biz bu ölkəni sevirik". Bu şeri 1859 cu ildə Norveç şairi,dramaturqu,nasiri və jurnalisti Byörnsterne Byörnsen (1832-1910) yazmışdır.Yəni öncə özü sevmiş sonra isə bu sevgi himn olaraq ümümxalaq məhəbbətinə çevrilmişdir.Bu ədib bütün varlığıyla Norveçin tərənnümüdür,çulu cırıq Norveç  kəndlisinin ağır və məşəqqətli həyatının bütün ürək ağrıdan mənzərələrinin doğru dürüst bir aynası şəklində.

1903 cü ildə Byörnson “ilhamının təravəti  və nadir mənəvi saflığı  ilə həmişə seçilən hərtərəfli,nəcib və yüksək poeziyasına,eləcə də epik və dramatik istedadına  görə Nobel mükafatına layiq görüldü.Yazıçının yaradıcılığı haqqında ən yaxşı araşdırmalardan birinin müəllifi Yalmar Boyersenin yazdığı kimi: “Byörnson cındırından cin ürkən Norveç kəndlisinin simasında xalqın əzəmətini görmüş,qulağını millətin sinəsinə dayayraq onun qəlb çırpıntılarının ən munis,gizli məqamlarını eşitmişdi.” Məncə Norveç fenomeninin ruhunda yatan real(mistik deyil-M.İ) gücün tək qaynağı məhz  budur.

Sonda  bu gözəl,köksündə əsl zərif şair ürəyi çırpınan Byörnsonun bir şerini paylaşıram,məncə yaşamaq yanğısı,hər zaman var olmaq istəyi bu misralardakı yaşıl işıq kimi işıqlı Yollara səsləyir hamımızı,həm bəşər olaraq həm də fərd olaraq...(Tərcümə Türkcədir-M.İ). Yəni şerin pozitiv ruhu fövqəladə heyran edici.Barmaqla göstəriləcək bir şair ruhunun şerə yansıması kimi...

Selam olsun sana

            Her şeyin başı ömrün ilk baharı!

Yaradılış sabahı her şey ordadır,

             Yalnızca biçimdir yokolan.

             Yoksa soy doğar soydan,

Daima yücelerek;

              Tür doğar türden

Milyonlarca yıldır.

Dünyalar gelir,dünyalar geçer.

 

Hayatın neşesine karış,sen

              Bu baharda çiçek olabilen,

Sonsuzluk şerefine tadına var bügünün

             Insanlık adına;

Kendi payına düşenin tadına var

Bu sonsuzluk denizinde

            Küçük ve gücsüz

Çek her bir nefeste,

Bu sonsuz günün havasını içine!



İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:01 / 06-12-2020
““Barış pınarı” Hərakatı regionun geosiyasi təlatümləri fonunda” mövzusunda növbəti diskussiya keçiriləcək
10:33 / 26-10-2019
İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb
23:09 / 13-07-2019
Kərkük terror hücumuna məruz qaalıb
22:57 / 01-06-2019
“ABŞ - İran qarşıdurmasında Azərbaycan” mövzusunda növbəti diskussiya keçiriləcək
21:21 / 16-05-2019
Dünya Türklərinin İttifaqının BİLDİRGƏSİ - 27.04.2019
00:27 / 13-05-2019
“Azərbaycan – Avropa Birliyi zərurəti və təhlükələri” mövzusunda növbəti diskussiya keçiriləcək
00:21 / 19-04-2019
“Genişlənən NATO və Cənubi Qafqaz” mövzusunda növbəti diskussiya keçiriləcək
23:34 / 27-03-2019
BAO-nun Türkiyə təmsilçisi Babək Türkoğlu İYİ partiyası yetkililəri ilə görüşüb
17:31 / 20-03-2019
“ABŞ-İran münaqişəsində Azərbaycan məsələsi” mövzusunda növbəti diskussiya keçiriləcək
01:56 / 08-11-2018
BAŞSAĞLIĞI
15:33 / 02-08-2018
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
19:55 / 19-06-2018
Bozqurd işarəsi Güney Azərbaycanda türk kimliyini göstərmək anlamına gəlir – Türkiyənin keçmiş millət vəkili
19:46 / 19-06-2018
Güney Azərbaycan əhalisi Türkiyə və Azərbaycan kanallarına baxır – İran televiziyasının rəhbəri şikayətləndi
23:56 / 13-06-2018
Xamaneinin yaxın qohumları ölkəni tərk etdilər
17:29 / 13-06-2018
Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
21:32 / 07-06-2018