İranda irqçi və panfarsist ünsürlər, o cümlədən sözdə ustad və müəllimlər digər millətlərə olan nifrətlərini müxtəlif formalarda brüzə verir.
“Yol Press” təhlil-xəbər saytının yaydığı məlumata görə, son günlərdə adı dərsliklərdə keçən sözdə fars dili və ədəbiyyatı üzrə universitet müəllimi Şəfii Kədkəniyə aid bir Səs Faylı yayılıb. Çıxışın mayın 22-i Tehran Universitetində qeydə alındığı ehtimal olunur.
Panfarsist müəllim fars dilindən başqa digər dillərin hüququndan danışılmasını gizli bir ssenari kimi qiymətləndirir. Müəllimin təbiri ilə desək, qövmlər birinci mərhələdə yerli dillərə doğru təhrik edilir, sonralar onların dili və kimliyi rahat şəkildə məhv edilir.
“İlk öncə qövmlərə deyilir ki, öz dil haqqınızı tələb edin. Onlar öz dillərində təhsil aldıqdan sonra bu dilin yerli bir dil olduğunu anlayır və başa düşürlər ki, bu dildə Hafiz, Mövlana və Firdovsi kimiləri yoxdur. Bundan sonra Şekspir, Puşkin və s. kimilərinin qarşısında təhqir hissi keçirirlər. Elə bu zaman deyillər ki, tüpürüm bu dilə (Şəfii Kədkəni burada etikadan kənar bir ifadə işlədib, onun işlətdiyi söz küçə söyüşü olduğu üçün yazmırıq) və başlayırlar Şekspir və Puşkinin dilinin izi ilə getməyə...”- deyə o öz çıxışında qeyd edib.
Fars dili və ədəbiyyatı üzrə sözdə universitet müəllimi iddiasını təsdiq etmək üçün Hindistanı misal göstərib. O bildirib ki, fars dilini Hindistanda sıradan çıxarmaq üçün bu üsuldan istifadə edilib. Onlara təlqin olundu ki, fars dilinin yerinə urdu dilində oxuyun. Onlar da elə etdilər. Lakin sonra anladılar ki, urdu dilində Şekspir və Puşkinə rəqib olacaq heç kim yoxdur. Ondan sonra urdu dilini də buraxıb, Şekspirin dilini öyrəndilər. Eyni siyasəti Rusiya Orta Asiya ölkələrində həyata keçirdi və rus dilini bu şəkildə gücləndirdi.
Qeyri-fars dillərinə qarşı “belə dilin atasına lənət”, “tüpürüm belə dilə” və daha səviyyəsiz küçə söyuşləri ilə çıxış edən panfarsist müəllim yerli adlandırdığı dillərin bir neçə dastandan başqa heç nəyə malik olmadığını deyib. Fars dilinin bütün zəif nöqtələrini gizlədən müəllimin sözlərindən belə çıxır ki, fars dili məhv olmamaq üçün bütün dillər müxtəlif yollarla sıradan çıxarılmalıdır. Müəllimin müdafiə etdiyi fars dilinin türk hökmranları, türk şairləri və islam dini sayəsində zəif də olsa bugünkü vəziyyətə çatması kimsədə şübhə doğurmur. Hətta Firdovsinin irqçilik zəminində yazdığı “Şahnamə” əsəri belə türk hökmranlarının demokratik yanaşması nəticəsində mümkün olub.
Şübhəsiz ki, Şəfii Kədkəni və ona oxşar çox sayda panfarsist ünsürlərin vaxtaşırı təhqir, təhdid və təhriflərinə rəğmən Azərbaycan türk milləti türk dilinin keşiyindədir, bu həqiqəti bir gün panfarsist qruplar da qəbul etməli olacaq və türk dili üçün inkişaf yolu açılacaq.
GünAz TV.