İsrail ordusunun keşmiş snayperi Nadav Vayman ordunun Qəzza sektorunda dinc nümayişçilərə qarşı davranışını sərt şəkildə tənqid edib.
Keçmiş əsgər Almaniyanın “Sueddeutsche Zeitung” qəzetinə verdyi müsahibədə tənqidlərini sıralayıb və bir sıra faktların üstünü açıb.
“Nadav Vayman 2005-2008-ci illərdə elitar snayper bölüyündə qulluq edib və əsasən İordan çayının qərb sahilində keçirilən əməliyyatlarda aktv fəaliyyət göstərib.
Bu gün isə o, İsrail dövlətinin zorla məskunlaşdırma siyasətini tənqid edən “Breaking the Silence” adlı qeyri-hökumət təşkilatının tədris bölməsinə nəzarət edir”,- müsahibəni götürən jurnalist Yana Antslinger yazır.
Nadav Vaymanın sözlərinə görə, o heç vaxt etiraz edənlərə atəş açmayıb. “İnanana bilmirəm ki, onlara qarşı snayperləri işə salıblar. Silahsız nümayişçilərə qarşı adətən adi əsgərlərdən istifadə olunur. Biz snayperləri isə etiraz aksiyalarını durdurmaq deyil, birbaşa öldürmək üçün öyrədiblər. Bizim işimiz uzanaraq gözləyib hədəfi dəqiq vurmaqdan ibarət olub”, - Vayman deyib.
Müsahibin sözlərinə görə, onun üçün tapşırığı yerinə yetirmək iş vəzifəsi həyata keçirmək kimi bir şeydir. “Görünür, qadınlara və uşaqlara atəş açmağı özünə rəva bilən üçün bu işdən də artıq bir şeydir”, - Vayman deyib.
“Həmişə kiminsə həyatına son verdiymi dərk etmişəm. Optik nişangahdan öldürüləcək adama baxdıqda mən həmin insanın həyatının son anlarını görürdüm. Tətiyə basdıqda isə bu səhnələrin ömür boyu gözlərimin önündən çəkilməyəcəyi mənə aydın idi”, - keçmiş hərbi qulluqçu bildirir.
Snayper etirazlar zamanı snayperlərin öncə ayağa xəbərdarlıq atəşi açdığını qeyd edir: “Dizdən yuxarı olduqca təhlükəlidir.Çünki buradan qan arteriyaları keçir. Öldürməyi və ya yaralamağı öncədən hesab etmək mümkündür. İndi isə tam 60 ölü var - bu isə dəhşətli rəqəmdir”.
"SZ" müsahibinin sözlərinə görə, snayperlər qadın və ya uşaq fərqi qoymurlar. “Hər hansı fələstinlidən təhlükə gəldiyini hiss etdiyin zaman onu öldürməlisən. Bunun üçün 3 sadə qayda var: səni təhdid edən şəxs bunun üçün vasitəyə, niyyətə və imkana malik olmalıdır”.
Nadav bu qaydaların yalnız fələstinililər üçün keçərli olduğunu deyir.
Keçmiş hərbi qulluqçu həmin gün Qəzza sektorunda etiraz edənlərin həyat ciddi təhdid törətmədiyini bildirir: “İnsanları oradan gözyaşardıcı qaz, rezin güllələr və ya başqa vasitələrlə qovmaq olardı”.
Vayman bu müharibədə öz ölkəsini tənqid edən tək-tük insanlardan biri sayılır:
“Mən Qərb sahilində olanda mənə nifrətlə seyr edən fələstinlilərin sırf yəhudi olduğum üçün bu cür münasibət göstərdiyini fikrləşdirdim. İndi isə mənə onların torpaqlarını işğal edən əsgər kimi baxdığını bilirəm. Bunların heç biri gözümün önündən getmir. Biz insanların evlərinə basqın edir, onları çarpayılarından çıxarır, bir otağa toplayırdıq ki, başqa otaqların pəncərələrindən atəş aça bilək”.
Nadav Vayman gördüklərindən sonra hərbi xidmətə nifrət etdiyini söyləyir: “Bizim bölükdə 12 atıcı var idi. Heç kim hərbi xidmətini davam etdirmək istəmədi...”.
Musavat.com