Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkədə baş verən son hadisələrlə bağlı maraqlı açıqlamalar verib.
Davudoğlunun sözlərinə görə, Qəndil dağındakı PKK quldurbaşıları artıq Abdullah Öcalanı saya salmır və onu dinləmirlər. Onun hadisələrə təsir imkanları demək olar ki, tükənib.
Davudoğlunun açıqlamasına və Türkiyədə baş verən siyasi proseslərə politoloq Fərhad Mehdiyev Ölkə.az-da verdiyi açıqlamasında münasibət bildirib.
Fərhad Mehdiyev: "Davudoğlunun bu bəyanatına etibar etmək mümkün deyil. Biz bilmirik Abdullah Öclan əmr veribmi ki, hücum olsun, ya olmasın. Davudoğlu bu açıqlamanı verərək, birincisi, gələcəkdə Abdullah Öcalanı danışıq prosesindən çıxarmaq istəmir. O istəyir ki, Apo danışıq prosesinin içərisində qalsın. Xalqın gözündə də, Abdullah Öcalanı danışıqlar prosesinin içərisində saxlaya bilmk üçün bu sözləri deyib. Onun sözündən belə çıxır ki, indi tökülən qanda Abdullah Öcalanın əli yoxdur. Bunu indi deməsə, bir müddət sonra Abdullah Öcalan əgər danışıqlara getmək istəsə, ond xalq etiraz edəcək ki, qan tökən insanla niyə danışıqlara gedirsiniz? Bu açıqlama ilə Davudoğlu Abdullah Öcalanı indi baş verənlərdən kənarda saxlamaq niyyəti güdür.
İkinci bir versiya o ola bilər ki, Abdullah Öcalanın kürdlər arasında çox önəmli bir ağırlığı var. Bu bəyanat eyni zamanda Abdullah Öcalanın kürdlərin içərisindəki nüfuzunun azaldılmasına hesablana bilər.
Üçüncü variant isə həqiqətən Qandillə Aponun arasında əlaqə olmaya bilər və kürdlər Öcalandan əmr ala bilmdikləri üçün bu cür özbaşına addım atırlar. Murad Karailan PKK-nın başında olan şəxslərdən biridir. Karailan Ocalandan təlimat ala bilmədiyi üçün özü qərar verə bilər".
- Əvvəllər bu tip hadisələr olanda, kürdlərin siyasi qanadı İmralı ilə əlaqəyə girərdi, ancaq bu hadisələr zamanı HDP Apo ilə görüşməyə cəhd belə etmədi. Bunun səbəbi nədir?
- Son hadisələrdə HDP prosesdən çıxarıldı. Halbuki, Abdullah Öcalanın PKK ilə əlaqəsini HDP yaradırdı. HDP öncə Apo ilə görüşürdü, sonra gedib hökümət nümayəndələri ilə görüşürdü. Hal-hazırda HDP-nin özü hökumət tərəfindən danışıq proseslərindən uzaqlaşdırılıb. HDP AKP tərəfindən etibarsızlaşdırılıb. HDP istəyir ki, danışıq prosesi davam etsin.
- Baş verən olayların təkrar seçki üçün edildiyi deyilir...
- Hal-hazırkı müharibə və siyasət təkrar seçkilər üçündür. MHP koalisiya şərtlərini açıqlayanda "Çözüm sürci"nin dayanacağını bildirdi. AKP "Çözüm sürəci"n dayandırıb, ancaq koalisiyaya getmək üçün dayandırmayıb. AKP bunu MHP-dən səs qoparmaq üçün edib. AKP-nin iki məqsədi var, MHP-dən bir qədər səs qoparmaq, ancaq MHP-dən səs qoparda bilməyəcək. AKP-nin əsas məqsədi HDP-nin səslərinin yarısını almaqdır. AKP HDP-nin səslərinin yarısını alsa təkbaşına hökümət ola biləcək. Son seçkilərdə müsəlman kürdlər HDP-yə səs verdi. AKP-nin məqsədi odur ki, müsəlman kürdlərin səsini HDP-dən qoparsın. Bunu da HDP-ni PKK ilə qarşı-qarşıya qoymaq hesabına edir.
- Sizcə AKP-nin bu planı baş tutacaq?
- "Çözüm sürəci" yenidən başlayacaq. Əks halda PKK silahı yerə qoyan deyil. "Çözüm sürəci" o zaman başlayacaq ki, AKP yenidən tək hökümət olacaq. AKP tək hökümət ola bilməsə Türkiyədə çox ciddi siyasi böhran yarancaq. Türkiyəni dərin siyasi böhran gözləyir. Partiyalar təxminən yenə eyni səsləri alacaqlar. Ərdoğan hal-hazırda koalisiyanın qurulmasını istəmir. Çünki həm CHP-nin, həm də MHP-nin irəli sürdüyü şərtlərdən biri budur ki, 17-25 dekab korrupsiya qalmaqalı məsələsinə yenidən baxılsın. AKP-də buna qətiyyən getməyəcək.