Mayın 14-də ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi hadisəsi özüylə birlikdə böyük faciə gətirdi. Fələstinin əliyalın etirazçıları İsrail əsgərlərinin hücumuna məruz qaldı: Fələstin Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, Qəzza zolağı ilə sərhəd boyunca İsrail hərbçilərinin açdığı atəş nəticəsində 61 nəfər ölüb.
Bu hadisədən sonra dünya əhalisi iki yerə bölündü: İsraili lənətləyənlər və Fələstini günahlandıranlar, daha doğrusu, “fələstinlilər elə buna layiqdir” deyənlər.
Ümumiyyətlə, dövrümüzün insanını güclünü müdafiə etməyi çoxdan adət edib. Amma mövqe nümayiş etdirməyin də bir abrı, bir çərçivəsi, bir vicdanı olmalıdır.
Mən qətiyyən bu dünyayüklü problemi həll etməyə və ya fələstinliləri müdafiə etməyə çalışmayacam.
Mövzu tamam ayrıdır.
Məlum faciəvi hadisədən sonra sosial şəbəkələrdə gülməli səslənsə də, müxtəlif uzunqulaq fotoları yayılmağa başladı. Üzərinə İsrail bayrağı asılmış uzunqulaq, tüklərinə İsrail bayrağı çəkilmiş uzunqulaq və bu uzunqulaqların “faciəvi sonu” – yandırılan bir uzunqulaq cəsədi.
Fotonu paylaşan sosial şəbəkə istifadəçiləri fələstinlilərin İsrail bayrağına “bürüdükləri” uzunqulağı yandırdığını iddia edərək, adıkeçən xalqı lənətləyir. Fotonun altında isə bir-birindən tükürpərdici rəylər...
Sadə məsələ kimi görünə bilər, amma günümüzün faciəsi məhz bu uzunqulaq fotosunda özünü ehtiva edir.
Müasir dövrdə media, sosial şəbəkələr, lobbilər kütləni üzərində İsrail bayrağı əks olunan uzunqulaq kimi istədiyi tərəfə sürükləyir, arzuladığı yönə istiqamətləndirir.
Sözügedən foto – yandırılan uzunqulaq fotosu – 2014-cü ilin 6 mayında Rafahda çəkilib. Heyvan fələstinlilər tərəfindən diri-diri yandırılmayıb, İsrailin hava hücumu nəticəsində tələf olub. Eyni dönəmdə uzunqulaqla birlikdə 1875 fələstinli də qətlə yetirilib.
1875 insan həyatı, dörd il vaxt... və yad edilən, gündəmə gətirilən uzunqulaqdır, həyatını itirən ərəblər yox. Hitlerlə bağlı olan lətifə yadınıza düşdümü?
Nyu York nəşri olan “Onlayn Maqazin” fotonun Qəzzada son günlərdə lentə alındığını iddia edir.
Tragikomikdir.
Hadisənin mahiyyətinə varmaq üçün böyük bir araşdırma tələb olunmur. Günümüzün texnologiyası bu cür primitiv yalanları aşkarlamaq üçün bizə hər cür şərait yaradır. Lakin insanların çoxu gördüyünə inanmağa üstünlük verir.
Halbuki Quqlda bir neçə saniyənizi ayırıb “burning donkey” (yanan uzunqulaq) axtarışı versəniz, 2014-cü ilin fotosu dərhal qarşınıza çıxar.
Başa düşürəm, çoxlarının buna nə həvəsi, nə vaxtı var. O halda, belə iyrənc yalanları tirajlamağa, yayılmasında vasitəçilik etməyə, primitiv təxribatın ayaq açıb yeriməsinə töhfə verməyə nə lüzum var?
Bir xalq ki, pilotsuz aparatlarla, göydən yağan bombalarla eşşəyin belinə bayraq asaraq, onun üzərinə İsrail bayrağı çəkərək mübarizə aparır, itirilən torpaqların, həlak olan günahsız xalqın təsəllisini uzunqulaq üzərinə çəkilmiş bayraqda axtarır, bu xalq acınacaqlı durumda deyilmi, zatən?
Bir az elə özümüzə oxşamadımı? Bir neçə gün bundan öncəyə qədər Feysbuk istifadəçilərimizin çoxunun profilində Ermənistanın eks-prezidenti Serj Sərkisyanın toyuq vücudu ilə, uzunqulaq görkəmində aşağılayıcı fotoları yox idimi?
Niyə erməni lobbisinin güclü olmasından, öz faciəvi həqiqətlərimizi dünyaya çatdıra bilmədiyimizdən şikayətləndiyimiz zaman empatiya duyğusundan belə uzağıq?
Bu kimi yalanlara İraqda, Əfqanıstanda, Suriyada şahidlik etmədikmi?
Güclü dövlətlər (bu sözdən istifadə etməyi xoşlamasam da) İsrail dövlətini də, mediasını da, lobbisini də dəstəkləyir. Fələstinin faciəsi ondan ibarətdir ki, o, bu gün İsrailə təkcə səngərdə uduzmur, həm də informasiya müharibəsində uduzur – lap bizə oxşadı, elədirmi?
Məsələ konkret Fələstin-İsrail savaşında deyil.
Dünyanın istənilən tərəfində gözüyaşlı analar varsa, günü-gündən artan körpə cəsədləri varsa, ana yurdundan didərgin salınan insan varsa, hansı dindən, irqdən, millətdən söhbət gedə bilər?
Ağlayan körpələr, uşaq cəsədləri, hava zərbələri ilə dağıdılan məktəblər, yerlə yeksan edilən xəstəxanalar dünyamızın cəhənnəmi deyilmi? Bundan faciəvi nə təsəvvür etmək olar?
Bu kimi hadisələri özündə əks etdirən videoları izləmək belə istəmirik. Çoxumuz təsir göstərə bilmədiyimiz neqativ hala üzülməkdənsə, gözümüzü yummağa üstünlük veririk. Uzunqulağa isə göz yuma bilmədik.
Ramiz Rövşənin dediyi kimi: faciələr kütləviləşəndə hisslər kütləşir.
O zaman Xocalıya ədalət tələb etməyə haqqımız varmı? Ümumiyyətlə, ədalət anlayışından danışmağa haqqımız varmı?
İnsanları dövlət adlandırılan süni sərhədlərə, bayraq adlandırılan rəngli parçalara, din adlandırılan tanrıyla ünsiyyət vasitəsinə görə bölmək ən böyük bəşəri ədalətsizlikdir.