BAO.az GünAz TV-yə istinadən bildirir ki, Azərbaycanın və dünyanın ən qədim şəhərlərindən olan Təbriz neçə onilliklərdir ki, dövlətin ayrı-seçkilik siyasəti ilə üzləşib və lazımi qədər inkişaf edə bilmir. Lakin buna baxmayaraq mədəni sahələrdə yenə də bir çox şəhərlərdən fərqlənir.
Məlumata görə, Təbriz 6-cı Məntəqənin Bələdiyyə İdarəsi əhali arasında kitab oxumaq mədəniyyətini daha çox yaymaq məqsədi ilə “Şənb qazan” parkında kitabxana yaradıb.
6-cı məntəqənin bələdiyyə başqanı Saman Əhmədzadə kitab və kitab oxumağın əhəmiyyətini vurğulayaraq bildirib ki, Bələdiyyə İdarələrinin əsas vəzifələrindən biri şəhərdə ümumi mədəniyyətin inkişafına çalışmaqdır. Bizə görə, kitab oxumaq və mütaliə mədəniyyətini yaymaq bu istiqamətdə atila biləcək mütərəqqi addımlardan biridir.
“Kitab ruhun qidasıdır. Kitab oxumaq mədəniyyətinin yayılması cəmiyyətə hüzur gətirər. Ona görə də kitabxana yaratmaq Bələdiyyə İdarəsinin vəzifəsindən kənar iş deyil. Bələdiyyə İdarəsi bir ictimai orqan olmalıdır”- deyə o bildirib.
Saman Əhmədzadə təmsil etdiyi məntəqənin digər parklarında da oxşar kitabxanaların yaradılacağını açıqlayıb.